Qorxu vadisi. Артур Конан Дойл
Читать онлайн книгу.title>
1
– Mənə elə gəlir…
– Fikirləşin, fikirləşin, – Şerlok Holms mənə baxmadan dedi.
Nə qədər səbirli adam olsam da, onun etinasızlığı mənə toxundu.
– Qulaq asın, Holms, mənim də səbrimin bir həddi var.
Ancaq o məni eşidəsi halda deyildi, başı poçtla gələn məktuba qarışmışdı. Əvvəl zərfdən çıxardığı vərəqi, sonra zərfin özünü diqqətlə gözdən keçirdi.
– Porlokun xəttidir, – fikirli-fikirli dedi. – Ancaq məktubu Porlok yazıbsa, burda nəsə mühüm xəbər olmalıdır. Gərək yubanmadan oxuyaq.
– Porlok kimdir?
– “Porlok” onun ləqəbidir, Uotson, bu adamın arxasında isə çox hiyləgər, zirək bir şəxs dayanır. Əvvəlki məktubunda Porlok adının uydurma olduğunu bildirmişdi, xahiş etmişdi ki, onu axtarmayım. Mənə onun arxasındakı adam lazımdır. Moriartinin peşəsi haqqında sizə dəfələrlə danışmışam.
– Elədir. Həm alim, həm də cinayətkar və məkrli planlar qurmağın ustası…
– Ona məğlub olmağımı hələ də unuda bilmirəm… Ancaq Moriartini cinayətkar adlandırmaqla siz də qanunu pozursunuz. Buna iftira atmaq deyirlər. Əslində, bu adam ən qorxulu canilərdən biri, az qala bütün cinayətlərin təşkilatçısıdır. Əsassız ittihama görə sizi hətta məhkəməyə verə bilər. Bu adam dahidir, Uotson! Ancaq gec-tez biz də qələbəni bayram edəcəyik!
– Həmin günü görməyi çox istəyərdim! – dedim. – Ancaq siz Porlokdan danışırdınız…
– Ah, hə… Porlok bu qeyri-adi insanın yaratdığı uzun zəncirin yalnız bir halqasıdır. Həm də ikincidərəcəli halqadır. Pul qarşılığında o mənə iki dəfə mühüm məlumat ötürüb. Bunun sayəsində də cinayətin qarşısı alınıb. Əgər şifrin açarını tapa bilsək, bu məktubun da elə məlumatlardan biri olacağına inanıram.
Holms məktubu açıb stolun üstünə qoydu. Kağızda aşağıdakılar yazılmışdı:
534 S2 13 127 36 31 4 17 21 45
Duqlas 109 293 5 37 Birlstoun.
26 Birlstoun 9 18 171
– Bu haqda nə fikirləşirsiniz, Holms?
– Yəqin, hansısa məxfi məlumatı xəbər vermək istəyir.
– Amma açar yoxdursa, şifrli məktubun nə faydası?
– Aydın məsələdir ki, şifri hansısa kitabın səhifələrində çözmək mümkün olacaq. Ancaq kitabın adını bilməyincə mən gücsüzəm.
– Bəs “Duqlas” və “Birlstoun” sözlərinin mənası nədir?
– Görünür, həmin sözlərin mənası bu kağızda yoxdur, əziz Uotson. Çünki şifrli məktubla açarı heç vaxt eyni zərfdə göndərməzlər. Tezliklə ikinci məktubu almasaq, çox təəccüblənərəm.
Doğrudan da, bir neçə dəqiqədən sonra Billi ikinci məktubu gətirdi. Ancaq Holms məktubu oxuyub başını buladı:
– Bizim ehtimalımız özünü doğrultmadı. Qulaq asın, Uotson!
“Hörmətli mister Holms, artıq sizə kömək eləyə bilməyəcəyəm. O məndən şübhələnib. Zərfin üstünə ünvanı yazanda qəfil otağıma girdi. Zərfi gizlətməyə çalışsam da, şübhələndiyini hiss etdim. Şifrli məktubu yandırın, indi onun sizə heç bir faydası yoxdur.
Holms əlində məktub bir müddət dinməzcə oturdu.
– Onun qorxduğu şəxs, yəqin ki, professor Moriartidir?
– Buna şübhə yoxdur. Dəstənin başında “O” durur.
– Bəs Porlok qorxduğu halda niyə məktub göndərib?
– Ondan izahat tələb edib pis vəziyyətdə qoyacağımdan qorxub.
– Doğrudur, – deyib şifrli məktubu əlimə götürdüm. – Fikirləşəndə ki bu bir parça kağızda mühüm sirr var, sən də onu oxuya bilmirsən, az qalır adam havalana.
Şerlok Holms dərin düşüncələrinin yol yoldaşı olan qəlyanını yandırdı.
– Həmin adam hansısa kitaba işarə edir, çıxış nöqtəsi budur. Şifrləmə böyük rəqəmlə – beş yüz otuz dördlə başlayır. Güman edək ki, söhbət şifrin açarı olan səhifədən gedir. Deməli, kitab qalındır. Növbəti işarə – S2-dir. Bu barədə nə deyə bilərsiniz?
– “İkinci fəsil”.
– İnandırıcı deyil, Uotson. Əgər beş yüz otuz dördüncü səhifə ikinci fəslə aiddirsə, onda birinci fəsil xeyli böyük olmalıdır.
– Sütun! – tələsik dedim.
– Əhsən, Uotson! Deməli, söhbət iki sütunda çap olunan qalın kitabdan gedir, üstəlik də sözlərdən biri 293 rəqəmi ilə göstərilib. İndi belə fərziyyə irəli sürək. Əgər nadir tapılan kitab olsaydı, Porlok onu mənə dərhal göndərərdi. Bu isə o deməkdir ki, həmin kitabı asanlıqla öz evimdə də tapa bilərəm. Uotson, söhbət geniş yayılan kitabdan gedir.
– Bibliya! – sevincək dedim.
– Yaxşı fikir olsa da, bu fərziyyə aradan qalxır. Moriartinin tərəfdarlarından birini əlində Bibliya təsəvvür etmək çətindir. Bundan başqa, Bibliyanın həddindən çox nəşrləri var, səhifələri eyni cür nömrələnmiş nüsxə məndə olmaya da bilərdi. O, adətən, hamıda olan kitaba işarə edir.
– İllik məcmuə.
– Əhsən, Uotson! Götürək “Uaytekerin illik məcmuəsi”ni. O çox yayılmış məcmuədir. Onda lazımi qədər səhifə var, həm də iki sütunla çap olunur. – Holms kitab rəfindən məcmuəni götürdü. – İndi görək beş yüz otuz dördüncü səhifədə nə yazılıb. On üçüncü söz – “məlumat”, yüz iyirmi yedinci söz – “var”. Bu çox şeydən xəbər verir. – Holmsun gözləri həyəcanla parıldadı. – “Çox tezliklə”. Əla! Uotson, yazın: “məlumat var – çox tezliklə – hansısa – varlı mülkədar”. Sonra “Duqlas” adı gəlir. İndi də “Birlstoun qəsri” – “təhlükə gözləyir”.
Mən Holmsun diktəsi ilə yazdığım kağızdan gözümü çəkə bilmirdim: “Məlumat var, çox tezliklə Duqlas adlı mülkədarı Birlstoun qəsrində təhlükə gözləyir”.
Şerlok Holms öz şedevrinə heyranlıqla baxan sənətkara oxşayırdı. Bu vaxt Bill Skotland-Yarddan inspektor Makdonaldın gəldiyini xəbər verdi.
Alek Makdonald o vaxt hələ indiki kimi məşhur deyildi. Polisdə işlədiyi zaman Holms artıq iki dəfə onun dadına çatmışdı. Şotlandiyalı Holmsa hörmətlə yanaşır, çətinliyə düşəndə onunla məsləhətləşirdi.
Holms onu görüb gülümsədi:
– Çox erkən gəlmisiniz, mister Mak. Görünür, qeyri-adi hadisə baş verib.
Gənc inspektorun gözü birdən stolun üstündəki kağız parçasına sataşdı.
– “Duqlas…” – mızıldadı. – “Birlstoun”! Bu nə deməkdir, bu adları hardan götürmüsünüz?
– Doktor Uotsonla indicə şifrini çözdüyümüz məktubdan. Nə olub ki?
İnspektor hələ də heyrətlə bizə baxırdı:
– Birlstoun malikanəsində yaşayan mister Duqlas bu gecə vəhşicəsinə öldürülüb.
2
– Əla! – Holms bir as susandan sonra dedi. – Çox gözəl!
– Sizi, deyəsən, bu xəbər heyrətləndirmədi?
– Mənə maraqlı gəldi, cənab Mak. Bir şəxsi təhlükə gözlədiyi barədə xəbər almışdım. İndi isə onun qətlə yetirildiyini eşidirəm.
Holms inspektora şifrli məktub haqqında danışdı. Makdonald ona diqqətlə qulaq asırdı.
– Mən Birlstouna yola düşməyə hazırlaşıram. İstəyirəm mənə