Drakula. Брэм Стокер

Читать онлайн книгу.

Drakula - Брэм Стокер


Скачать книгу
ion>

      I hissə

Conatan Harkerin gündəliyi

      3 may, Bıstrits

      Qatar Münheni axşam 8:35-də tərk etdi. Mayın ikisi tezdən Vyanaya çatdım. Oradan başqa qatarla Klauzenberqə yollandım. Gecəni bir hoteldə keçirdim. Axşam yeməyinə qırmızı istiotlu toyuq əti verdilər. Toyuq çox dadlı idi, amma istiot məni yandırdı.

      Gecəni yaxşı yata bilmədim. Bir tərəfdən pəncərəmin ağzında ulaşan itlər, o biri tərəfdən susuzluq məni rahatlanmağa qoymadı. Yenicə yuxuya getmişdim ki, qapım döyüldü.

      Qatara çatmaq üçün səhər yeməyimi tələm-tələsik yedim. Amma stansiyada bir saat da gözləməli oldum. Mənə elə gəlir ki, şərqə getdikcə qatarlar daha çox gecikir. “Bu hesabla, görəsən, Çində vəziyyət necədir?” – deyə başımı buladım.

      Axşamtərəfi Bıstritsə çatdım. Qədim və maraqlı şəhər idi, xoşuma gəldi. Qraf Drakula mənə bir mehmanxananın ünvanını vermişdi, oraya üz tutdum. Köhnə üslubda tikilmiş mehmanxana uzaqdan adama gəl-gəl deyirdi.

      Hoteldə məni gülərüz, sadə geyimli, yaşlı bir qadın qarşıladı. Təzim edib soruşdu: “Herr1 ingilisdir?”

      "Bəli", – dedim və özümü təqdim etdim.

      Qadının yanındakı qoca kişi mənə bir məktub uzatdı. Məktubu qraf Drakula mənim üçün qoymuşdu.

      “Əziz dost, Karpatlara xoş gəlmisiniz. Sizi səbirsizliklə gözləyirəm. Sabah saat 3-də Bukovinaya yola düşən fayton hotelin qabağından keçəcək. Borqo keçidində isə sizi mənim faytonum gözləyəcək. Ümid edirəm ki, buralar xoşunuza gələcək.

Dostunuz Drakula”.

      4 may

      Hotel otağımdan çıxmağa hazırlaşırdım ki, yaşlı qadın qabağımı kəsdi: “Herr, mütləq getməlisiniz?” Həyəcandan yazığın dili dolaşırdı. Dedim, getməliyəm, çünki vacib işim var. Yenə soruşdu: “Bilirsinizmi, bu gün hansı gündür?” Mayın dördü olduğunu dedim. Başını buladı:

      – Bu gün müqəddəs Corc gününün ərəfəsidir. Gecə bütün şər qüvvələr hərəkətə gələcək. Bəs hara getdiyinizi, nə etdiyinizi başa düşürsünüzmü?

      Qadını sakitləşdirməyə çalışdım, xeyri olmadı. Axırda qarşımda diz çöküb məni bu səfərdən çəkindirmək üçün yalvarmağa başladı. Onun niyə belə etdiyini anlamadım, amma, düzü, narahat oldum.

      Qadının qolundan tutub ayağa qaldırdım və getməli olduğumu bir daha söylədim. O, gözlərinin yaşını sildi, boynundan asdığı xaçı çıxarıb mənim boynuma saldı.

      – Tanrı özü sizi qorusun, – dedi və otağı tərk etdi.

      Gündəliyimin bu səhifəsini boynumda həmin xaç, hotelin həyətində oturub fayton gözləyə-gözləyə yazıram. Nədənsə narahatlığım artır. Əgər sevimli Minanı görmək bir daha mənə müyəssər olmayacaqsa, qoy gündəliyim son salamımı ona çatdırsın. Budur, fayton gəlir!

      5 may

      Mənim üçün saxlanmış yerdə əyləşdim.

      Faytonçu mehmanxanadakı yaşlı qadınla həyətdə söhbət edirdi. Başlarına xeyli adam yığışmışdı. Onlar gah öz aralarında pıçıldaşır, gah da dönüb yazıq-yazıq mənə baxırdılar.

      Fayton yola düşəndə adamların xaç çəkdiklərini gördüm, özü də nədənsə onların iki barmağı mənə tərəf tuşlanmışdı. Yanımda oturanlardan biri bu işarənin insanı şər qüvvələrdən qorumağa xidmət etdiyini dedi.

      O səhnəni heç vaxt unutmayacağam.

      Pəncərədən təbiətin gözəlliyini seyr edirdim, bayaqkı qorxumu unutmuşdum. Yol kənarında yerə böyük xaçlar basdırılmışdı, hərəsinin yanında bir dəstə adam ibadət edirdi.

      Faytonçu yaman tələsirdi, əyri-üyrü yollarda atılıb-düşürdük.

      Biz Borqo keçidinə çatanda hava qaralmışdı. Faytonçu atların yüyənini çəkdi, bir o yana, bir bu yana baxıb sərnişinlərə nə isə dedi. Sonra sözlərin qol-qabırğasını sındıra-sındıra alman dilində mənə müraciət etdi: “Burada sizi gözləyən yoxdur. Biz indi Bukovinaya gedirik, sabah mən qayıdacağam. Məsləhət görürəm, siz də gedəsiniz, sabah gələrsiniz”. Hamı məni dilə tutmağa başladı. Bu vaxt at kişnərtisi eşitdim. Lampanın işığında dörd gözəl, qapqara at və ucaboy bir kişi gördüm. Kişinin uzun saqqalı, iri papağı sifətini gizlədirdi. Başını qaldıranda bir cüt qırmızı göz parıldadı.

      – Bu gün yaman tez çatmısan, dostum.

      Faytonçumuz kəkələdi:

      – İngilis herr tələsirdi.

      – Buna görə onu aradan çıxarıb Bukovinaya aparmaq istəyirdin? Aldada bilməzsən, dost.

      Kişinin sifətində qorxunc bir təbəssüm yarandı. Qıpqırmızı dodaqları aralandı, iti ağ dişləri bayırda qaldı. Sərnişinlər tələsik üzlərini çevirib xaç çəkdilər.

      – Herrin baqajını ver.

      Faytonçu tez baqajımı verdi. Özüm də o biri faytona keçdim.

      – Bu gecə hava soyuqdur, herr. Qraf Drakula qayğınıza qalmağı tapşırıb, – deyə ucaboy kişi dizlərimin üstünə şal saldı. Yola düşdük.

      Diqqətlə ətrafa baxırdım. Uzaqda itlər ulaşırdı. Getdikcə yaxınlaşan və güclənən bu səs məni qorxudurdu. Az qalırdım faytondan tullanıb qaçım.

      Hava getdikcə soyuyurdu. Axır ki, fayton dayandı. Sürücü düşüb heç nə demədən getdi. Haradansa itidişli canavarlar peyda oldu. Bir neçə dəfə bərkdən faytonçunu səslədim, cavab çıxmadı. Qorxudan əsirdim. Nəhayət, o qayıtdı, canavarlar dərhal zingildəyə-zingildəyə qaranlıqda yox oldular.

      Sürücü faytonu böyük bir qəsrin həyətinə çəkdi.

      II hissə

Conatan Harkerin gündəliyinin davamı

      5 may

      Ay işığında qəsrin həyəti çox böyük görsənirdi.

      Sürücü mənim faytondan enməyimə kömək etdi. Baqajımı yanıma qoydu, özü isə faytona minib qaranlıqda gözdən itdi. Mən qapının ağzında tək qaldım.

      Səssizcə gözləyirdim. Nə edəcəyimi bilmirdim. Qapının nə zəngi, nə dəstəyi vardı. Hər şey mənə yuxu kimi gəlirdi.

      Nəhayət, addım səsləri eşitdim. Açar buruldu və qapı açıldı.

      Qarşımda qara geyimli ucaboy bir kişi dayanmışdı. Əlində qədimi çıraq var idi. Yüngülcə baş əyib əlini sinəsinə qoydu. Təmiz ingilis dilində, amma qəribə tələffüzlə dedi:

      – Xoş gəldiniz! Buyurun, öz istəyiniz və iradənizlə daxil olun!

      – Qraf Drakula? – tərəddüdlə soruşdum.

      – Bəli, mister Harker. Gəlin. Bu gecə çox soyuqdur. Qulluqçuları buraxmışam, sizə özüm qulluq edəcəyəm.

      Etirazıma baxmayaraq, qraf baqajımı götürdü. İşıqlı və isti bir zala daxil olduq. Ortada böyük yemək masası var idi. Qraf qonşu otağın qapısını açdı, baqajı yerə qoydu.

      – Yorğunsunuz. Bir qədər dincəlin, şam yeməyiniz burada hazır sizi gözləyir.

      Bir azdan zala qayıtdım. Qraf mənə yer göstərdi.

      – Siz yeyin, yəqin, məni bağışlayarsınız: heç vaxt şam etmirəm.

      Cibimdən mister Houkinsin verdiyi zərfi çıxarıb qrafa uzatdım. O, məktubu açıb oxudu, gülümsədi və özümə qaytardı. Mən də oxudum, bir yeri xüsusilə xoşuma gəldi:

      “Təəssüf ki, artrit xəstəliyi mənə uzun səfərə çıxmağa imkan vermir. Əvəzimə tam etibar etdiyim müavinimi göndərirəm. O, çox istedadlı gəncdir. Sizə istədiyiniz köməyi göstərəcək. Peter Houkins”.

      Mən yeyərkən qraf yol təəssüratlarım


Скачать книгу

<p>1</p>

Herr – almanlarda imtiyazlı cəmiyyətə mənsub şəxslərə nəzakətlə müraciət forması (həm də soyad və ya vəzifənin əvvəlində işlənir); cənab