On beş yaşlı kapitan. Жюль Верн

Читать онлайн книгу.

On beş yaşlı kapitan - Жюль Верн


Скачать книгу
e>

      I HİSSƏ

      I fəsil

      “Səyyah” gəmisi

      “Səyyah” gəmisi San-Fransiskoda cənub dənizlərində balina ovlamaq üçün hazırlanmışdı. Gəminin sahibi Cems Ueldon idi. Bir neçə il idi ki, ona mahir dənizçi və bacarıqlı nizəçi hesab edilən Qul kapitanlıq edirdi.

      Gəmidə beş matros və bir şagird çalışırdı. Amma balina ovu ilə məşğul olan gəmi üçün bu, çox az idi. Odur ki Cems Ueldon Yeni Zelandiyada istədiyi qədər matros və nizəçi tapmağa ümid edirdi.

      Gəmi şimal-qərb istiqamətində yola çıxaraq 1873-cü il yanvarın 15-də Yeni Zelandiyanın şimal adasına çatdı. Qulun burada yeni işçilər tapmaq ümidi boşa çıxdı. Dənizçilər artıq başqa balinaovlayan gəmilər tərəfindən işə götürülmüşdülər. “Səyyah” geri qayıtmağa hazırlaşdı. Bu zaman gəmi sahibinin həmin vaxt adada olan həyat yoldaşı xanım Ueldon kapitandan onu, beşyaşlı oğlu Ceki, hamının “Benedikt əmioğlu” adlandırdığı qohumunu və vaxtilə xanımın dayəsi olmuş Nan adlı zənci qadını gəmiyə götürməsini xahiş etdi. Onlar buraya bəzən işləri ilə əlaqədar Yeni Zelandiyaya baş çəkən Cems Ueldonla birlikdə gəlmişdilər. Qayıtmaq üçün yola çıxmazdan bir qədər əvvəl balaca Cek xəstələnmiş, Cems Ueldon isə ailəsini adada qoyub təcili Amerikaya getməli olmuşdu.

      Üç ay keçdikdən sonra balaca Cek sağaldığından xanım Ueldon yola çıxmağa hazırlaşırdı. “Səyyah” da adaya elə bu vaxt çatmışdı. Qul yolçuları gəmiyə qəbul edərək onlar üçün rahat şərait yaratmağa çalışdı.

      Xanım Ueldon təcrübəli səyyah və cəsur bir qadın idi. O, “Səyyah”ın təhlükəsizliyinə də, kapitan Qula da etibar edirdi. Odur ki məhz bu gəmi ilə yola çıxmaq istəyirdi.

      Xanımı müşayiət edən Benedikt əmioğlunun əlliyə yaxın yaşı vardı. Olduqca arıq və uzun, pırtlaşıq saçlı başı və qızıl eynəyi olan bir gənc idi. Tələbkar deyildi. Üzüyola idi. İstiyə və soyuğa qarşı dözümünə söz ola bilməzdi. Günlərlə yeməksiz və susuz qalmağı bacarırdı. Xanım Ueldon onu öz oğlu, Cekin böyük qardaşı kimi qəbul edirdi.

      Benedikt əmioğlunun ən böyük həvəsi təbiət tarixinə idi. Bu elm sahəsi zoologiya, botanika, mineralogiya və geologiya sahələrini özündə birləşdirir. Ancaq Benedikt nə botanik, nə mineraloq, nə də geoloq idi. Onu zooloq da adlandırmaq olmazdı. O, entomoloq idi – həyatını bədəni baş, döş və qarıncıq hissələrindən ibarət olan, bir cüt bığcığı və üç cüt ayağı olan həşəratları öyrənməyə həsr etmişdi.

      Benedikt elmi araşdırmalar üçün çıxdığı gəzintilərdən qayıdanda şlyapası müxtəlif həşəratlarla dolu olurdu. Onları sancaqla içəridən və bayırdan şlyapasına bərkidərdi. Xanım və cənab Ueldonlarla birlikdə Yeni Zelandiyaya gəlməyinin səbəbi də entomologiya sahəsində yeniliklər axtarması idi. O, burada öz kolleksiyasını bir neçə nadir nümunə ilə zənginləşdirə bilmişdi. İndi isə San-Fransiskoya qayıdan kimi onları çeşidləmək fikrindəydi.

      Üç gün hazırlıqdan sonra – yanvarın 22-də Cek, Benedikt və Nanla birlikdə xanım Ueldon “Səyyah”a mindi. Qul ona yaxınlaşaraq soruşdu:

      – Xanım Ueldon, yəqin ki, okeanı məhz “Səyyah”la keçmək məsuliyyətini öz üzərinizə götürürsünüz?

      – Bu nə deməkdir, Qul?

      – Bunu soruşmağa məcburam, xanım Ueldon. Çünki cənab Ueldondan heç bir tapşırıq almamışam. Bir də ki bizim gəmi sərnişin gəmisi deyil, ona görə də xeyli narahatdır.

      – Necə fikirləşirsiniz, ərim burada olsaydı, yola “Səyyah”la çıxardımı?

      – Şübhəsiz! Mən özüm düşünmədən ailəmi “Səyyah”la aparardım. Ancaq sizin alışdığınız rahat şəraiti təşkil edə bilməyəcəyimə görə narahat oluram.

      – Mən şıltaq sərnişinlərdən deyiləm. Odur ki yolçu yolda gərək, kapitan!

      Kapitan Qul dərhal lövbəri qaldırmağı əmr etdi və gəmi yola düşdü. Lakin üç gündən sonra güclü şərq küləyi qalxdı. Ona görə də “Səyyah” yolundan çıxaraq sol tərəfə dönməli oldu.

      II fəsil

      Dik Send

      Hava yaxşı idi. Yolun uzanmasını nəzərə almasaq, səyahət pis keçmirdi.

      Xanım Ueldona gəmidəki ən yaxşı yeri – kapitan Qulun kayutunu vermişdilər. O, Cek və Nanla birlikdə burada qalırdı. Kapitan və Benedikt də yeməklərini burada onlarla yeyirdilər. Benedikt gəminin burnundakı kiçik otaqda yerləşmişdi. Qul isə köməkçisi üçün nəzərdə tutulmuş kayutda qalırdı.

      “Səyyah”ın işçilərinin hamısı uzun illər bir yerdə işlədiklərindən yaxşı yola gedirdilər. Onlar xanım Ueldona qarşı da kifayət qədər diqqətli davranırdılar.

      İşçilərin arasında yalnız bir nəfər əslən amerikalı deyildi. Bu, gəminin aşpazı Neqoro idi. O, Portuqaliyada anadan olmuşdu. İngilis dilini mükəmməl bilir, qaradinməz olsa da, işini yaxşı bacarırdı.

      Kapitan Qul isə yeni aşpazın keçmişini araşdıra bilmədiyi üçün təəssüflənirdi. Portuqaliyalının zahiri görünüşü, daha dəqiqi, gözlərini qaçırması kapitanın xo- şuna gəlmirdi.

      Təxminən qırx yaşı olan Neqoronu hamı qəribə insan hesab edirdi. Çünki nə keçmişindən, nə də ailəsindən danışmazdı. O heç dənizçi də deyildi. Bütün gününü gəminin mətbəxində keçirirdi. Göyərtəyə nadir hallarda çıxırdı. Gecə sobanı söndürüb otağına çəkilir və dərhal yuxuya gedirdi.

      Gəminin ən kiçik – on beş yaşlı matrosunun kimin övladı olduğu məlum deyildi. O, uşaq evində böyümüşdü. Adı Dik Send idi. Deyilənə görə, Nyu-Yorkda doğulmuşdu. Qara saçları və mavi gözləri vardı. Ortaboylu idi, kənardan çox güclü görünürdü.

      Cəmi on beş yaşı olsa da, qərar qəbul edə və qərarlaşdırdığı işləri tamamlaya bilirdi.

      Kapitan Qul kiçik yaşlarından gəmilərdə işləyən Diki ticarət gəmilərindən birində tanımışdı. Cəsarətini bəyənmiş və San-Fransiskoya qayıdanda onun haqqında Cems Ueldona məlumat vermişdi. Ueldon Dikin taleyi ilə maraqlanmış, onu San-Fransiskodakı məktəbdə oxutmuşdu.

      Dik biliklərə acgözlüklə yiyələnirdi. Əsasən, coğrafiya və səyahət tarixi ilə maraqlanırdı. O, məktəbi bitirdikdən sonra Cems Ueldonun gəmisində işləməyə başladı. Dik bu işin onun əsl dənizçi olmasına çox fayda verəcəyini bilirdi.

      Gənc matros Ueldon ailəsinə çox bağlı idi. Odur ki onun üçün ana əvəzi olmuş xanım Ueldonu və doğma qardaşı kimi sevdiyi Ceki gəmidə görəndə çox sevindi. Dik ona təhsil vermiş bu ailəyə hədsiz minnətdar idi. Onların yolunda tərəddüd etmədən canını verərdi. Xanım Ueldon da Diki yüksək qiymətləndirir, oğlunu arxayınlıqla ona etibar edirdi. Balaca Cek isə Diki “böyük qardaş”ı kimi sevirdi.

***

      Səyahət yaxşı keçsə də, şərq küləyinin güclənməsi kapitan Qulu narahat edirdi. Gəmini heç cür daha əlverişli səmtə yönəldə bilməyən kapitan ən çox xanım Ueldona görə narahat idi. Əgər “Səyyah”ın yaxınlığından Amerikaya gedən hər hansı gəmi keçsəydi, o, xanım Ueldonu həmin gəmi ilə getməyə razı salacaqdı. Ancaq “Səyyah” elə en dairəsində üzürdü ki, orada belə bir gəmiyə rast gəlmək çətin məsələ idi.

      Kapitana ancaq havanın düzəlməsini gözləmək qalırdı. Amma fevralın 2-də gözlənilməz bir hadisə baş verdi.

      Hava günəşli və aydın idi. Təxminən səhər saat 9-da Dik Sendlə Cek gəminin göyərtəsinin və okeanın göründüyü bir yerə dırmaşmışdılar. Birdən üfüqün qarşısı üçbucaqlı yelkən tərəfindən kəsildi. Dalğaların altından üç tarım çəkilmiş yelkəni olan gəmi tiri yüksəlməyə başladı.

      Cek:

      – Bu nədir?! – deyə qışqırdı.

      – Nə isə gördün?

      – Hə! Bax orada!

      Cekin göstərdiyi tərəfə baxan kimi Dik var gücü ilə bağırdı:

      – Gəmi qalıqları!

Скачать книгу