Xatirələr. Nağı bəy Şeyxzamanlı
Читать онлайн книгу.22 / 304 səh
Üz qabığının dizayneri / Teymur Fərzi
“Azərbaycan Cümhuriyyəti tarixini yazacaq, müvərrix bu üsyanı tədqiq edəcək və təfsilatı ilə əlbəttə incələyəcəkdir."
“Xalqımızın beyninə yerləşdirdiyimiz istiqlal məfhumundan mənəvi varlığımıza hopmuş hürriyyət ruhunu söküb atmaq mümkün deyil."
“Bütün müqəddəs ideyalara inandığım kimi buna da əminəm ki, nə rus, nə də başqa bir yad rejim köklü olaraq Azərbaycanda nə dayana biləcək, nə də yaşayacaqdır. İstiqlal fikrini və imanını bütün inanclarımızdan üstün tutan Azərbaycan xalqı yenidən öz istiqlalına qovuşacaqdır. Mənim fani vücudum və həsrət dolu gözlərim o xoşbəxt günləri görməyə bilər. Ancaq buna inanıram ki, keçmişdən daima iftixar payı almış xalqımız bu əsərimi ölkəmdə şəkillərlə bəzəyib, yenidən nəşr etdirəcəkdir. Onlar bu dastan dolu şanlı keçmişi öyrənəcək və yurdunun istiqlalı uğrunda fədakarcasına çalışmış atababalarını ehtiramla yad edəcəklər."
I hissə
Nağı bəy Şeyxzamanlının xatirələri
Nağı bəy Şeyxzamanlı haqqında bir neçə söz
Sovetləşmə illərində azərbaycanlıların bir çoxu mühacir həyatı yaşamaq məcburiyyətində qalmışdılar. Bunlar arasında Azərbaycan Demokratik Respublikasının rəhbərləri, müxtəlif vəzifələrdə çalışmış şəxslər az olmamışdır. Belə görkəmli ziyalılardan biri, indiki Milli Təhlükəsizlik Nazirliyinin sələfi sayılan "Əks-inqilab ilə mübarizə təşkilatı"nın rəisi Nağı bəy Şeyxzamanlı olmuşdur.
1883-cü ildə Gəncə şəhərində anadan olan N. Şeyxzamanlı hələ gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Belə ki, o, əvvəlcə Gəncədə fəaliyyət göstərən "Difai" təşkilatının (bu təşkilatın əsası Əhməd bəy Ağayev tərəfindən 1905-ci ildə Bakı şəhərində qoyulmuşdu), sonra isə "Türk Ədəmi-Mərkəziyyət firqəsi" nin fəal üzvlərindən biri olmuş və Azərbaycanın müstəqilliyi uğrunda yorulmadan mübarizə aparmışdır. "Türk Ədəmi-Mərkəziyyət firqəsi" ilə "Müsavat" partiyası birləşdikdən sonra da Nağı bəy siyasi fəaliyyətini davam etdirmişdir.
Nağı bəy ADR elan olunduqdan sonra ən çətin və mürəkkəb sahə sayılan təhlükəsizlik orqanına – əkskəşfiyyata rəhbərlik etmişdir. Belə ki, 1919-cu ilin avqustundan 1920-ci ilin martına kimi "Əks-inqilab ilə mübarizə təşkilatı"nın rəisi olmuş, Azərbaycanın dövlətçiliyi və müstəqilliyinin keşiyində dayanmış, eləcə də bu təşkilatın formalaşmasında böyük işlər görmüşdür.
XI Qızıl Ordunun Azərbaycanı işğalı zamanı onun böyük qardaşı, "Əks-inqilab ilə mübarizə təşkilatı"nın ilk rəisi, parlamentin üzvü Məmmədbağır Şeyxzamanlı (1880–1920) bolşeviklər tərəfindən güllələnmiş, Nağı bəy isə vətən xaini elan edilmiş, həbs olunması haqda qərar çıxarılmışdır. Beləliklə, axtarışda olan Nağı bəy Azərbaycandan getmək məcburiyyətində qalmışdır. O, Bakıdan Gəncəyə, Gəncədən Tiflisə, Tiflisdən isə Türkiyəyə keçmişdir.
Mühacir ömrü yaşayan Nağı bəy Türkiyədəki həmvətənləri ilə sıx əlaqədə olmuş, onların yaratdığı "Azərbaycan" kültür dərgisinin işində fəal iştirak etmişdir. Azərbaycanın azadlığı uğrunda mübarizə aparan və onun dövlətçiliyinə daim sadiq qalan Nağı bəy Türkiyədə olduğu zaman da Vətəni unutmamış, həmişə onun taleyi ilə maraqlanmışdır. O, Azərbaycanda baş verən ictimai-siyasi hadisələr haqqında düşüncələrini məqalə və kitab halında çap etdirmişdir. Onun "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə" (1957), "Dərdləşmə" (1963) və "Azərbaycan istiqlal mücadiləsinin xatirələri" (1964) əsərlərinə Azərbaycanda baş vermiş hadisələrin bir az uzaqdan – Türkiyədən təhlili və qiymətləndirilməsi kimi baxmaq olar.
Ürəyi daim Azərbaycanla döyünən Nağı bəy 1967-ci ildə dünyasını dəyişib.
Türkiyədə dərc olunan aylıq "Azərbaycan" kültür dərgisində onun ölümü ilə əlaqədar böyük bir nekroloq dərc edilmişdir. Nekroloqdan da aydın olur ki, o, Türkiyədə böyük nüfuza malik ziyalı kimi tanınıb. Nekroloqda oxuyuruq: "Nağı bəy bütün ömrü boyunca bu məsələdə heç bir kimsəyə və hər hansı cərəyana kiçik güzəştə belə getməmişdir. O, ağır xəstə olarkən də yurdunu və mübarizəsini bir an belə unutmamışdır. Elə bu səbəbdən də məzarı başına toplanan qohum-əqrəbası, tanışları, dostları onu göz yaşları içində, hörmət və sevgi ilə torpağa əmanət etmişlər".
Ömrünün sonuna kimi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan N.Şeyxzamanlının bu üç əsərini və onun ölümü ilə əlaqədar yazılmış nekroloqu ilk dəfə müstəqil Azərbaycanın geniş oxucu kütləsinə təqdim edirik. Fikrimizcə, bu əsərlər 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının tarixi və taleyini daha ətraflı öyrənmək baxımından tədqiqatçılar üçün faydalı olacaqdır.
Azərbaycan istiqlal mücadiləsinin xatirələri
Əziz oxuculara təqdim etdiyim xatirələrimin mühüm saydığım tərəfi Azərbaycan İstiqlal Mücadiləsi dövrüdür. Bu mübarizə dövrünün böyük hissəsi gizli olaraq cərəyan etdiyindən, təbii ki, mətbuatımızda əks olunmamışdır.
Söhbətimizin mövzusu olan bu mübarizə XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutundan sonra başlamışdır. Hər hansı dövlət və ya millətdən yardım və dəstək görmədən mədəni dünya qarşısında milli davamızı müdafiə edəcək nə bir müəssisə, nə də bir mətbuat orqanı olmadan aparılan bu mübarizə müəyyən bir proqram daxilində həyata keçirilmişdir. Bu fəaliyyət gizli aparıldığından həqiqi tarixi yazılmamışdır. Onun sürətli inkişafı 1905-ci il Birinci rus inqilabı illərinə təsadüf edir. Çarlığın müstəbid idarəsi altında olmasına baxmayaraq, Azərbaycanın gizli təşkilatı qüvvətli idi. Çarlıq ancaq orduya və məmur zümrəsinə arxalanırdı. Azərbaycan mübarizə təşkilatının dayağı isə xalq dövrünü arxada qoyub millət dövrünə girən və milli davasına sədaqətlə sarılan qüvvə idi. Xalq bir işarə gözləyirdi. Həmin bu işarə 1917-ci ilin fevralında verildi. Çar devrildi, imperiya dağıldı, rus milləti öz çarını ailəsi ilə birlikdə məhv etdi. Azərbaycan istiqlalçıları ildırım sürətilə hücuma keçdilər və rus qüvvələrini tərksilah edərək idarəetməni ələ aldılar. Gəncədə milli hökumət quruldu. Bu fövqəladə hadisələr şəraitə uyğun olaraq mətbuatda əks etdirilə bilmədi. Xatirələrimdən də göründüyü kimi, Gəncədə qurulan milli hökumət Bakıda qurula bilmədi. Bakıda iqtidarı və idarəni düşmənlərimiz öz əllərinə keçirmiş və Leninin Moskvasına bağlamışdılar. Bakıda milli davamızı müdafiə edən qəzetlər və jurnallar susdurulmuşdu. Milli mətbuat orqanlarını nəşr edən mətbəələrimiz dağıdılmış, işçiləri isə güllələnmişdi. İstiqlal Mübarizəsinin ağırlığı tamamilə Gəncənin üzərinə düşmüşdü.
Qısa bir zamandan sonra əmin-amanlıq təmin olundu və məmləkət milli kadrlar tərəfindən idarə edilməyə başlandı. İstiqlalçılar yalnız hərbi qüvvə baxımından özlərini zəif hiss etdiklərindən qardaş Türkiyədən yardım istədilər və aldılar. Onlar Türkiyədən gələn köməyə arxalanaraq Bakını düşmənlərdən təmizlədilər.
1906-cı ildə deputatlarımız azərbaycanlılardan da əsgər alınmasına dair rus ordusuna təklif vermişdilər. Çar hökuməti isə bizə etibar etmədiyi üçün bu təklifi rədd etmişdi. Əgər təklif qəbul olunsaydı, azərbaycanlılar da digərləri kimi hərbi təlim və tərbiyə görərək milli hərbi kadr kimi formalaşmağa nail ola biləcəkdilər.
Bütün müqəddəs ideyalara inandığım kimi, buna da əminəm ki, nə rus, nə də başqa bir yad rejim köklü olaraq Azərbaycanda nə dayana biləcək,