“Martiroloq” və Tarkovski haqqında xatirələr . Коллектив авторов
Читать онлайн книгу.Xatirə Ədəbiyyatı” silsiləsindən 45-ci kitab
Andrey Tarkovskinin “Martiroloq”u
Andrey Tarkovski “Martiroloq”u 30 aprel 1970-ci ildə dörd il durğunluqdan sonra “Solyaris” filminin çəkilişinə hazırlıq dövründə yazmağa başlayıb. Sonuncu qeydini ölümündən (29 dekabr) iki həftə qabaq – 15 dekabr 1986-cı ildə yazıb.
Tarkovski “Martiroloq”da işindən az yazırdı, bunun üçün hər filmə həsr etdiyi iş gündəliyi vardı. Amma bu qeydləri oxuyarkən daha çox özünütənqid və iztirablara rast gəlmək olur. “Martiroloq”da həm fəlsəfi düşüncələr, həm hazırda oxuduğu, yaxud bitirdiyi kitablardan sitatlar, həm rəsmlər, həm də kənddə evin tikintisinə, Romadakı evin daxili quruluşuna, borclara və s. aid məişət qeydlərinə rast gəlmək mümkündür. Qeydlərdə həmçinin, yaradıcı planlar, çəkməyə vaxtı tapmadığı filmlər haqda səhnələrin təfərrüatlı məlumatları qeyd olunub.
Görəsən, Tarkovski öz gündəliklərində tamamilə səmimi idimi? Bəlkə də, yox. Bilirdi ki, bunları oxuyacaq və yəqin, nəşr edəcəklər, ona görə də bəzi məqamlarda eyhamla danışır, bəzilərindəsə sanki nəyisə özü-özündən gizlədirdi. Amma bəzən özünü saxlaya bilməyib ürəyindəkiləri “Martiroloq”un səhifələrinə tökmüşdü.
“Martiroloq” ilk dəfə 1992-ci ildə Almaniyada, sonralar Fransa və İtaliyada nəşr olunub. Vətəni Rusiyada xeyli gec – 2006-cı ildə ixtisarla işıq üzü görüb. Bu kitabda gündəlikdən seçmələr təqdim olunacaq.
“Martiroloq”1
30 aprel, 1970. Moskva
Yenə Saşa Mişarinlə “Dostoyevskilik” haqda danışırdıq. Bu, əlbəttə, birinci növbədə yazmaq deməkdir. Rejissura barədə fikirləşməməlisən. Dostoyevskini ekranlaşdırmağın çətin ki, bir mənası olsun. Fyodor Mixayloviçin özü barədə film çəkmək lazımdır. Xarakteri, Allahı, şeytanı, ümumiyyətlə, yaradıcılığı haqda.
Tolya Soloniçın yaxşı Dostoyevski ola bilərdi. İndi oxumaq lazımdır. Dostoyevki nə yazıbsa, hamısını. Onun, eləcə də rus fəlsəfəsi haqda yazılan hər şeyi – Solovyev, Leontev, Berdyayev və s. və il. Dostoyevski mənim kinoda etmək istədiklərimin vahid mənası ola bilər.
İndisə “Solyaris”. Hələ hər şey əziyyətli və gücün hesabına baş verir, sanki “Mosfilm” tamamilə böhran ərazisinə keçib. Sonra “Ağ gün”2.
23 fevral, 1972
Yoxsa illərlə oturub “Solyaris” filminin nə vaxt çıxacağını gözləməliyik?3 Bu, nə qəribə ölkədir, beynəlxalq aləmdə incəsənətimizin, yaxşı film və kitablarımızın qalibiyyətini görmək istəmir? Əsl incəsənət onları qorxudur. Bu da əlbəttə, təbiidir; şübhə doğurmayan incəsənət onların əleyhinədir. Görünür, o humanistdir, onların təyinatısa bütün canlı olanları, humanizmin istənilən təzahürlərini məhv etməkdir, sanki insanın azadlığa cəhd etməsi və ya bizim solğun axında qərar tutması incəsənətin əlamətləridir. Onlar özfəaliyyətin bütün cəhdlərini diri-diri basdırmayınca, şəxsiyyəti ev heyvanına döndərməyincə sakitləşən deyillər. Bununla da həm özlərinin, həm də Rusiyanın süqutunu tezləşdirirlər.
Sabah düz Sizovun4 yanına gedəcəyəm, qoy “Solyaris”lə nə baş verdiyini mənə izah eləsin. Yəqin ki, dilə tutmağa, yola verməyə, nəyəsə inandırmağa çalışacaq. Hə də, mən vərdişkaram axı…
Deyəsən, Fridrixin haqqında danışdığı Korolenkonun povestini oxumalı olacağam – orada Sibir kəndlilərinin kar həyatından, önmühakimələrdən və s. söhbət gedir. Ya da təxminən “Aukalok”5 əhval-ruhiyəsində bir şey. Ekranlaşdırma əvvəl-axır asan yoldur.
Nəyə görəsə mənə elə gəlir ki, ədəbiyyatın tərtib etdiklərini yox, öz bacarıqlarını müəyyənləşdirdikdən sonra filmi sünbülə çevirəcək buğdanı ekranlaşdırmaq lazımdır.
27 yanvar 1973, şənbə
Bu dünyada yaşamaq necə də çətindir! Dövlətdən asılı olmadan öz işini sərbəst görən insanlara həsəd aparıram. Hə, praktik hər şeyə – kino və teatrdan başqa. (Televiziyadan danışmıram, çünki o incəsənət deyil.) Azaddırlar. Elə məvacibdən də azaddırlar, amma hər halda, işləyə bilirlər. Necə də qeyri-peşəkar hökumətdir! Məgər ona ədəbiyyat, poeziya, musiqi, rəssamlıq, kino lazımdırmı? Yox, əksinə, bunların mövcudluğu çətinliyi artırır. Axı Boris Leonidoviç (Pasternak) mənə həqiqəti demişdi ki, yenə dörd film çəkəcəyəm6. Birincini çəkdim, bu “Solyaris”dir, üçü hələ qalıb. Cəmi-cümlətanı! Mən iş istəyirəm, başqa heç nə. İş! Məgər İtaliyanın mətbuatında “dahi” adlandırılan bir rejissoru işsiz saxlamaq vəhşilik, cinayət deyilmi?!
Düzünü desəm, mənə elə gəlir, bu, sadəcə, istedadsızlığa düçar olmuş rəhbərliyin qisasıdır. Axı istedadsızlar yaradıcı insanları sevmirlər, bizim hökumətsə başdan-ayağa istedadsızlıqdır.
Əgər “Ağ gün”ü çəkə bilsəm, onda gərək Dostoyevski haqda film ssenarisi üçün arayış da təqdim edim, vaxtdır. Artıq…
Ya bəlkə, hər şeyə tüpürüm?
Ən gözəl ağac hansıdır? Qarağacdır, yəqin. Amma çox gec böyüyür. Bəs ən tez bitən hansıdır? Söyüd, ya da gümüşü çinar? Gümüşü çinar da gözəl ağacdır.
Maraqlıdır, görəsən, Fedyanın7 vasitəsilə maşın ala biləcəyəm? Bu, yeganə yoldur. Özümə qalsa, əlbəttə, heç vaxt maşın ala bilmərəm.
Köçüb kənddə yaşamağı elə istəyirəm ki!8
20 oktyabr 1973, şənbə. Moskva
Ən bədbin fikirlərdən biri: sən heç kimə lazım deyilsən, öz mədəniyyətinə tamamilə yadsan, onun üçün heç nə eləməmisən, sən heç nəsən. Bəlkə də Avropada və ya harada gəldi ciddi sual verirlər: “SSRİ-də ən yaxşı rejissor kimdir?” – Tarkovski. Amma bizdə susurlar. Mən yoxam, boşluqdan ibarətəm.
Bunu “zəiflik dəqiqələri” adlandırırlar. Heç kimə lazım olmamaq ağır dərddir. Beləliklə də, boşluqda bir məna görmürsən. Kiminsə həyatını, həyatları bütünlüklə doldurmaq istəyirəm. Sıxılıram, özüm öz qəlbimdə sıxılıram, mənə başqa sığınacaq lazımdır.
29 iyul 1974
Hə, filmin təhvilində yenə səliqəsizlik yaranır. Yermaş9 filmi qəbul etmir: ona heç nə çatmır (“Bir az aydınlaşdırın!”), hansısa hissələr xoşuna gəlmir (“Kəsin bunları! Nəyə lazımdır?”) və s. və i. Qalmaqal nəzakətsiz şəkildə və qəribə oldu. Sanki Yermaş ya pis məşq edilmiş rolu oynayırdı, ya da “prinsipiallıq”,“ciddilik” nümayiş etdirirdi. İstənilən halda vəhşi kimi görünürdü – xudbin və xeyli dayaz adam kimi. “Qoskino”nun rəhbərliyi üçün çox cılız adamdır.
T.Q.Oqorodnikova10 mənə televiziya üçün iki-üç ekran əsəri yazmağımı təklif etdi. İstəyirəm ona “Oblomov”, “Klim Samqinin həyatı”nı, Pomyalovskinin “Bursanın oçerki”ni məsləhət görüm. Gərək onunla bu haqda danışım və əgər alınsa, müqavilə bağlayıb kəndə gedim. Görəsən, “Güzgü”nün aqibəti necə olacaq?
Qısası, hər şey çətinləşir.
6 yanvar 1975, bazar ertəsi
Yermaşa məktub yazıb xahiş etdim ki, sonrakı işimdən irəli gələn məsələləri həll etsin. Bunların ikisindən birini nəzərdə tuturdum: ya “İdiot”, ya da Dosteyevski haqqındakı filmi. Yəqin, imtina edəcək, onda ona “İvan İliçin ölümü” və “Piknik”in11 arayışıyla birgə (studiya ilə paralel) yenə məktub yazaram. Amma Struqatskilərlə bəzi məsələləri aydınlaşdırmaq lazım gələcək.
Bu gün çovğundur. Gecə ərzində, ola bilsin, hər şey donar. Sabah da Yeni ildir.
7 yanvar 1975, çərşənbə axşamı
Nəyə görəsə məndə “Piknik”i “Solyaris”in quruluşuna oxşar etmək istəyi var. Artıq indi bunun səbəbini anlayıram. Bu hiss “dərkedilməzliyə” qanuni toxunmaq imkanıyla əlaqəlidir. Halbuki,