Həyat yolu. Süleyman Rəhimov

Читать онлайн книгу.

Həyat yolu - Süleyman Rəhimov


Скачать книгу
Xatirə Ədəbiyyatı “silsiləsindən 54-cü kitab

      Əyin kəndi qartal qanadları yanlara gərilən tutaş meşəli “Səngər” dağının ətəyindədir, ətrafından duru, sərin bulaqlar, çeşmələr qaynayıb çıxmaqda, şırıltı ilə axmaqdadır… Bu kəndin meşələrində öz-özünə bitib boy atan meyvə ağaclarına, şırım-şırım uzanan almalığa, armudluğa, fındıqlığa, əzgilliyə, zoğallığa, alçalığa rast gəlmək olar. Əyinin meşələrində həm də irigövdəli palıd, ulas, vən, ağcaqayın ağaclarını görə bilərsən. Əyinin qışı sərt, yayı mülayim olur. Bu kəndin zəngin təbii mənzərələri mənim təsəvvürümdə məşhur rəssamların yaratdıqları sənət lövhələrindən daha artıq təsir buraxmışdır…

      Mən indiki Qubadlı rayonunun həmin Əyin kəndində, 1900-cü ilin mart ayının 22-də anadan olmuşam.

      Mənim sarışın atam Hüseyn valideynlərini erkən itirdiyindən ucaboylu, qollu-qanadlı əmisi Allahverdi Kərbəlayı Qəhraman oğlunun himayəsində qalmışdır. Allahverdi əmim kəndin yəhərli at minənlərindən, sayılıb-seçilən əlli-ayaqlı kişilərindən biri idi. O, XIX əsrin ikinci yarısında şöhrəti Qafqaz dağlarını bürüyən, çara, yerli mülkədarlara, bəylərə qarşı amansız mübarizə aparan Qaçaq Nəbinin yaxın dostlarından olmuşdur… Düzdür, əmim birbaşa Nəbi hərəkatına qoşulmamışdır, ancaq Nəbini də, onun igid xanımı Həcəri də çox zaman öz evində gizlicə saxlamışdır. Atam Hüseyn nağıl edirdi ki, o, bəzən evdə deyil, meşədə dayanan Nəbigilə çörək aparar, meşənin sərt-sıldırım yerlərində onlara çatdırardı.

      Yadımdadır, qış fəslində qapı-bacanı qalın qar alan zaman qonum-qonşu bizim dörddirəkli, hündür bacalı damda toplanar, baş-başa qoyulan tirlərdən gur-gur yanan orta ocağın qırağında kişilər dövrə vurar, arvadlar isə geridə bir-birinə söykək verib oturar, yavaş-yavaş söz-söhbət qızışar, Nəbi və Həcər barəsində qızğın nağıl başlanardı. Burada Nəbinin, Həcərin, onların atlılarının misilsiz döyüşləri, Nikolay qoşununu necə qırıb aradan çıxmaları barəsində müxtəlif rəvayətlər söylənərdi. (Bunların hamısı xalq yaradıcılığını öyrənmək mənasında indi də mənə xeyli kömək edir.) O vaxtlar mənim atam Hüseyn də, anam Gülsabah da ağsaqqal saydıqları Allahverdi əmimin hörmətini saxlar, onun dediklərinin birini iki eləməzdilər. Əmim arvadı Kərbəlayı Xatun bizim evin hörmətə layiq ağbirçəyi, mötəbər anası idi. Atam bu böyük evin təsərrüfat ağırlıqlarını öz arğaz omuzlarında çəkər, gecə də, gündüz də qan-tərə bata-bata işlərdi… Anamın nə vaxt yatdığını, nə vaxt durduğunu mən çətin görə bilərdim. Ucaboylu, iri alagözlü anam Gülsabah Kərbəlayı Məmməd qızı da evin tək gəlini kimi hər cür ağır işləri görər, hey çatma çatıb, nehrə çalxalayar, yağ-ayran elərdi. Yadımdadır, mən yoğun palıd gövdəsindən düzələn nehrənin üstünə minməyi, yelləncək kimi yellənən qatıq nehrəsinin üstündə yırğalanmağı çox xoşlardım. Buna görə də anam həmişə məni nehrənin üstünə mindirər, mən də sicimdən bərk-bərk tutar, o da mənimlə əylənə-əylənə işlərdi. O zaman bizim evin xeyli mal-qarası, inəyi, camışı vardı. Odur ki, yaz çıxıb, yay gələr-gəlməz, biz Əyindən çıxıb daha yuxarılara, otlu-çiçəkli dağlara qalxardıq. Mən evin tək oğlu kimi ərköyün böyüyür, bir cüt meşə göyərçini (alabaxta) balasını əzizləyib saxlayır, onlara dən-su verib, yavaş-yavaş əhliləşdirirdim. Bəzən də alaçığımızın çətənindən nazicək bir qamış çəkib, iti bıçaqla xəlvəti əlləşər, əlimi kəssəm də, özümə bir islıq düzəldər, ovurdlarımı şişirdə-şişirdə hey çalar, ətrafa səs salar, dağlardan qayıdan əks-sədalara qulaq asardım.

      Yadımdadır, biz təkevli kimi, ayrıca düşərdik. Öz mal-qarasını yam-yaşıl otlaqlarda otaran tək alaçığın Sarıbaş adlı möhkəm zəncirdə saxlanan havalı bir köpəyi vardı. Bəzən mən bu köpəyə ehtiyatla yal tökər, tezcə də qaçıb bir kənarda dayanardım. Başqalarına azar verməsin deyə, gündüzləri Sarıbaş zəncirdə saxlanar, qaranlıq qovuşandan sonra açılıb buraxılardı. Bu havalı köpək bizim alaçığın həndəvərinə nəinki oğru-əyrini buraxmaz, az qala, bir quşun belə səkməyinə yol verməz, necə deyərlər, qurd basardı. Yalquzaqla üzləşən Sarıbaşın yaralı qayıtdığı vaxtlar da olardı…

      Bizim Əyində cəmi on-on iki ev-tüstü vardı. Buradakı evlər də, tüstülər də iki yana bölünmüşdü. Orta bulağın sağ yanında yoxsullaşan hacılı bəyləri, sol yanında isə rəiyyət tərəfi yaşayırdı. Bizlərin – rəiyyət tərəfin tutduğu torpaq bu ətrafın böyük mülkədarlarından sayılan Danzaver Sultanovlara məxsus idi. Sultanovların Əyindən başqa bir neçə kəndi, bir də Qafanda mis mədənləri vardı…

      Bir gün – təqribən mənim altı-yeddi yaşım tamam olar-olmaz əmim kəndin “qurd ağzı mollası”nı çağırdı, bizim qara damın böyründəki təkpəncərəli balaca otaqcanı göstərib:

      – Bax, Molla Kərim, – deyə öz qərarını bildirdi, – mən buranı bizim Süleymanın xətri üçün məktəbə verirəm. Süleymanı da oxut, bu obadan kim istəsə, onun uşağını da!..

      Yadımdadır, əmimin açdığı bu “mədrəsə”yə hər evdən bir nəfər olmaq şərtilə on-on iki baldırıaçıq uşaq toplandı. Molla Kərim dərsə başladı… Biz dizüstə höccələyə-höccələyə çərəkədən dərs keçir, sirinsəmiş gərməşov çubuğunun gücünə “Quran”ın cüzlərini – ayələrini əzbərləyirdik. Mən zehinli idim… Molla deyəni hamıdan tez alırdım. Bir neçə ilə “Quran”ı qurtarandan sonra Şeyx Sədinin “Gülüstan”ınından dərs keçməyə başladıq. Dörd il sonra bir gün molla mənim əlimə bir qarğı qələm verib, bu sözləri yazdırdı, daha doğrusu, şəklini çəkdirdi:

      “Məşq-biqond bi bina başəd,

      Gərçi övlad-Mustafa başod” – yəni qəndsiz, şirnisiz məşq binasız olar, gərçi peyğəmbər övladı olmuş olsa da…

      Molla mənim baş barmaqlarımı nazik sapla bir-birinə bitişdirib çataqladı, cızılan kağız parçasını da barmaqlarımın üstünə qoyub, məni əmimin yanına göndərdi. Əmim əlimin daha qələm tutduğunu başa düşüb, xeyli sevindi. Barmaqlarımı açdı, ovcuma bir göy beşlik qoydu. Mən də qaça-qaça gəlib beş manatı mollaya verdim. Axşamına əmim plov bişirtdirib molla Kərimi qonaq çağırdı. Söhbət mənim oxumağımdan, yazmağımdan getdi. Bir müddət sonra molla əmimə bildirdi ki, daha mən Süleymanın dərsini çatdıra bilmərəm.

      – Niyə, molla Kərim?

      – Düzü, Allahverdi, mənim bildiyim buracandı!

      Əmimi nigarançılıq götürdü. O, özgə molla axtarmağa başladı. Nəhayət, fars dilindən başqa, az-çox ərəbcə də bilən, ancaq rəsmi ruhanilik vəsiqəsi olmadığına görə, başqası kimi rəsmi ruhanilik eləyə bilməyən Səfər adlı ikinci bir müdərris tapdı. Mən bir ilə yaxın molla Səfərin yanında ərəb dilindən, daha doğrusu, sərf-nəhvə aid kitabdan, bir də Hafiz Şirazidən dərs keçdim. Bu dəfə daha öz otaqcamızda yox, bizdən yuxarılarda, dağlarda yerləşən Maç kəndində, əmimin Əsmər adlı bacısının evində qalmaqla oxudum. Əsmər mamanın oğul-uşağı çox idi. Ev qarma-qarışıqlıq idi. Ocağın üstündən sac düşməmiş çörək qurtarırdı. Kim davakardısa, keyfi sazdı, kim mənim kimi fağırdırsa, ac qalırdı. Mən nə ev sahibinin üzlü uşaqları içində baş çıxara, nə də özüm üçün qaçacaq yol tapa bilirdim. Bir gün necə oxuduğumu bilmək üçün əmim Maç kəndinə gəlmişdi. O, mənim korluq çəkdiyimi, ayaqüstə güclə durduğumu görüb acıqlandı, məni də götürüb birbaşa Əyinə döndü.

      – Səni Qubadlıya, rus şkoluna aparacağam! – deyə yolda – at üstündə fikrini bildirdi.

      1911-ci tədris ilinin payızında – sentyabrın axırı, ya oktyabrın əvvəlində əmim məni yeni səfərə hazırladı. İri, qırmızı xoruzu tutub ayaqlarını bağladı, yəhərin qaşından asdı, atına minib, məni də tərkinə aldı. Biz Əyin kəndindən çıxıb, Sangər dağının ətəyi ilə üzüaşağı düşdük, Bərgüşad çayının sol sahilində yerləşən Qubadlı kəndinə doğru yollandıq. Bu kənd aran olduğuna görə Əyin kimi sərin deyil, bürkülü və isti idi. Xırmanlarda çələklənmiş kehrə hərlənir, ağzı kəmli, yüngülayaqlı dana-dunaların mic dırnaqları sarı bəlimi əzir, arpa, buğdaya nisbətən gec yetişən çəltik tayaları da döyülürdü. Əmim atını ara yolla keçirib qonaqçısı Müseyib Mehralı oğlunun həyətində düşdü. Bizi ilk qarşılayan birçəyi hənalı, donqabelli bir qarı oldu. Hal-əhvaldan sonra əmim xoruzu qucağıma verdi. Biz xırmanların arasından


Скачать книгу