Bomba. Абдурагим-бек Ахвердов
Читать онлайн книгу.m bəy Haqverdiyev hər şeydən qabaq “Molla Nəsrəddin” məcmuəsinin ibtidasından… məcmuənin ən yaxın əməkdaşlarından və məsləhətçilərindən hesab olunur. Qoca əməkdaşımızın bu günlərdə təhiyyə olunan yubileyini “Molla Nəsrəddin” öz bayramı kimi alqışlayacaqdır,”
“Əbdürrəhim bəy Haqverdiyev xalqını böyük məhəbbətlə sevən, onun övladlarını daim tərəqqidə görmək istəyən alovlu vətənpərvər yazıçı və ictimai xadim idi,”
ÖN SÖZ
Azərbaycan maarifçi və realist ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Əbdürrəhim bəy Haqverdiyevdir. XIX əsrin sonlarında ədəbiyyata gələn Əbdürrəhim bəy Haqverdiyev dramaturq, nasir, pedaqoq, publisist, tərcüməçi kimi tanınmış, Azərbaycanın mədəni həyatında ictimai xadim kimi mühüm rol oynamışdır.
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində bəy ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin yay məktəbində, sonra isə Şuşa realni məktəbində alır. Ə.Haqverdiyev 1890-cı ildə Şuşa realni məktəbinin 6-cı sinfini bitirib Tiflis realni məktəbində təhsilini davam etdirir. Hələ Şuşada oxuduğu illərdə teatrla ilk tanışlıq Əbdürrəhim bəyin hədsiz marağına səbəb olmuş, Tiflis həyatı isə bu marağı daha da artırmışdır. O, burada rus və Avropa klassiklərinin yaradıcılıqları ilə tanış olur, mütəmadi olaraq teatr tamaşalarında iştirak edir. 1891-ci ildə Tiflis realni məktəbini bitirib Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olur. İnstitutda təhsil aldığı dövrdə tələbə sifəti ilə Şərq fakültəsində dinləyici kimi dil və ədəbiyyat problemləri ilə məşğul olur. O, dramaturji fəaliyyətə də həmin dövrdən başlayır. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan ədib müəllim kimi fəaliyyətə başlayır, eyni zamanda teatr üçün repertuar hazırlayır, rejissorluq edir. “Molla Nəsrəddin” jurnalı nəşrə başladıqdan sonra “Ceyranəli”, “Xortdan”, “Lağlağı”, “Həkimi-nuni-səğir”, “Süpürgəsaqqal”, “Mozalan” və başqa imzalarla jurnalda hekayə, felyeton və publisist məqalələrini çap etdirir. Əbdürrəhim bəy Haqverdiyev 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, kadr hazırlığında, gənc mütəxəssislərin yetişməsində fəal iştirak edir.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Ə.Haqverdiyev yaradıcılığa dram əsəri yazmaqla başlamışdır.1
XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında realist hekayə janrının inkişafında Ə.Haqverdiyevin xüsusi xidmətləri olmuşdur. “Molla Nəsrəddin” mətbu orqanının nəşri ədibin yaradıcılığında hekayə janrına maraq göstərməsinə səbəb olmuş, jurnalın üslubuna uyğun olaraq yazıçı birbirindən maraqlı realist hekayələr yazmışdır. Yazıçının dramaturgiyasında olduğu kimi hekayələrində də realizm güclüdür. Xüsusilə müsəlman həyatı, köhnəliklə yeniliyin qarşılaşması, cəhalət, nadanlıq, geriliyə kəskin tənqidi münasibət bəsləmişdir. Kamil hekayə ustası olan Ə.Haqverdiyev ən adi hadisəni, əhvalatı geniş süjetə çevirməyi bacaran sənətkardır. Bu cəhətdən ədibin topluda yer alan “Bomba”, “Şeyx Şəban”, “Söhbət”, “Müsibət” əsərləri maraqlı nümunələr sırasındadır. Kiçik hadisəni böyük süjetə çevirən ədib yalnız təsvir və təfərrüat genişliyinə deyil, hadisənin ictimai səbəblərini canlandırmaqla oxucunu düşündürməyə çalışır. Mənəvi-əxlaqi, tərbiyəvi mahiyyət daşıyan problemlər öyüd və nəsihətlə, didaktika yolu ilə təlqin edilmir, həyat faktına əsaslanır, müəyyən bir hadisənin, gerçəkliyin fonunda verilir. “Ata və oğul” hekayəsi bu cəhətdən topluda yer alan maraqlı nümunələrdəndir. Atasının oğlu Əkbərə vəsiyyəti nəsihət xarakteri daşıyır. Həyatın çətin sınaqlarından çıxmış, ömrünü zəhmətlə yaşayan, 15 yaşında atadan yetim qalıb ailənin bütün ağırlığını, ana və bacısını dolandırmaq məsuliyyətini daşıyan Ağa Hüseynin həyatı dünyayla vidalaşdığı zaman onun gözünün qarşısından kino lenti kimi keçir. Son nəfəsində oğluna vəsiyyət edən atanın sözləri hər bir gənci doğru, düzgün yaşamağa istiqamətləndirən nəsihətamiz sözlərdir. Ağa Hüseyn oğluna onu boya-başa çatdıran anasına dayaq durmağı, illərlə qarşısında nökərçilik edən Kərbəlayı Qulaməlidən muğayat olmağı tövsiyə etdikdən sonra bir neçə nəsihətini dilə gətirir. “Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. …Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış, xata etmə. Əgər, xudanəkərdə2, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə, heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar, dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə3, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir.
Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan.
Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlaya düçar olar, abrusu4 əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yoldaş əlindən!”. Lakin atanın nəsihətlərinə sona qədər əməl etməyən, dostu Rüstəmin Xəlili yolundan azdırması onun və ailəsinin faciəsi ilə sonuclanır.
Yığcamlıq, təsvir və surətlərin təbiiliyi, obrazı konkret cizgilərlə canlandırmaq, dilin oynaqlığı və lakoniklik Ə.Haqverdiyev hekayələrinin əsas xüsusiyyətlərindəndir. Ədibin hekayə dili, obrazı təsvir üsulu dolğun və hərtərəflidir. Bütün əsərlərində obrazı təsvir üsulunda bu dolğunluğu görmək mümkündür. Hər bir qəhrəmanın özünəməxsus geyimi və geyiminə uyğun da hərəkətləri, fərdi keyfiyyətləri var. “Cavad ucaboylu, başı, saqqalı ağarmış göyçək simalı bir kişi idi. Qocalığına baxmayaraq, cavanlığında geydiyi libasının tərzini dəyişməzdi. İpək arxalıq, mahud çuxa, boz və qiymətli Buxara dərisindən papaq, şevro5 çəkmə, belində qızıl kəmər, döşündə çarpaz asılmış qızıl saat zənciri… Onun libası həmişə bu idi”. (Qoca tarzən).
Satirik-realist gülüş Ə.Haqverdiyevin hekayələrinin çoxunda müəllif ideyasını, hadisəyə münasibətini reallaşdıran əsas tənqid üsulu idi. Ədibin “Mirzə Səfər” hekayəsində düzgünlüyün, dürüstlüyün qarşılaşdığı maneə və çətinliklər, cəmiyyətdəki nöqsanlar, xüsusilə milli mentalitetdə olan məqamlar satirik-realist gülüş hədəfinə çevrilir.
“Bomba” kitabına ədibin məktəblilər üçün seçilmiş hekayələri daxil edilib. Tariximizin müəyyən bir dövrünün əksi olan bu əsərlər realist ədəbiyyatımızın inkişafında xüsusi bir mərhələni təşkil edir.
HEKAYƏLƏR
AYIN ŞAHİDLİYİ
Ey gahi qədim kimi xəmidə6, Gahi pür7 olan misali-didə.
Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən8 bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə
1
Bu barədə ətraflı məlumat üçün TEAS Press Nəşriyyat evinin “3 alma” əmtəə nişanı ilə nəşr etdiyi Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” kitabını oxuya bilərsiniz.
2
Xudanəkərdə – Allah eləməsin! Uzaq olsun!
3
Məriz – burada: xəstə
4
Abru – abır, həya, şərəf
5
Şevro – keçi dərisindən hazırlanan yumşaq, zərif dəri növü
6
Xəmidə – əyri, əyilmiş
7
Pür – dolu, çoxlu
8
Kəsrət – çoxluq