Yosxul insanlar. Федор Достоевский

Читать онлайн книгу.

Yosxul insanlar - Федор Достоевский


Скачать книгу
oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…

      Həmid Piriyevin tərcüməsində

      Fyodor Dostoyevski. Yoxsul insanlar.

      Bakı, “Köhlən” nəşriyyatı, 2021.

      © Фёдор Достоевский / 1846

      © Köhlən Nəşriyyatı / 2021

      Ah, bu hekayəçilər! Bu qədər xeyirli, xoş, gözəl şeylər qala-qala, harda gizli şeylər varsa tapıb çıxartırlar!.. İmkanım olsaydı onlara yazmağı qadağan edərdim! Bu nədir axı: oxuyursan, istəmədən düşünürsən, – axırda hamısı beyninə hopur; doğrudan da, qadağan etmək lazımdır; sadəcə qadağan etmək.

      Knyaz V.F.Odoyevski

      1-ci məktub – 8 aprel

      Çox dəyərli Varvara Alekseyevna!

      Dünən xoşbəxt idim, çox xoşbəxt idim, hədsiz dərəcədə xoşbəxt idim! Həyatınızda bircə dəfə də olsa, mənə qulaq asdınız. Axşam saat səkkizdə oyandım (işdən sonra bir-iki saat yatdığımı bilirsiniz), şamı yandırdım, kağız hazırladım, qələmi götürəndə birdən gözlərimi qaldırdım və ürəyim atlandı! Mənim nə istədiyimi, qoca ürəyimin nəyi arzuladığını başa düşmüşdünüz! Pəncərənizdəki pərdənin bir ucu qatlanıb dibçəyin dalına sıxışdırılmışdı, eynən o dəfə eyham vuruğum kimi; elə bil ordan sizin simanızı da gördüm, siz də otağınızdan mənə baxırdınız, mənim haqqımda düşünürdünüz. Amma xoş çöhrənizi yaxşı görə bilmədiyim üçün elə kədərləndim ki! Vaxtikən mənim də gözlərim yaxşı görürdü. Qocalıq sevinc gətirmir, əzizim! Elə indi də gözlərim bulanıq görür, gecə bir az işləyirəm, yazı-pozuyla məşğul oluram, səhərsə gözlərim qızarır, elə sulanır ki, adam içinə çıxmağa utanıram. Amma sizin təbəssümünüz nəzərimdən qaçmadı, mələyim mənim, gülümsədiyinizi görərkən sizi öpəndə hiss etdiyim duyğuları yenə hiss etdim, Varenka, – o öpüş yadınızdadırmı? Bilirsiniz, hətta mənə barmaq silkələdiyinizi də gördüm. Elədir, şıltaq qız? Əlbəttə ki, bütün bunlar haqda məktubunuzda yazacaqsınız.

      Bəs sizin pəncərəniz haqda düşündüyümüz oyun necədir, Varenka? Çox hiyləgərcəsinədir, elə deyil? İşləyəndə də, yatanda da, duranda da bilirəm ki, siz mənim haqqımda düşünürsünüz, məni xatırlayırsınız və özünüz də gümrah və şənsiniz. Pərdəni saldınızsa, demək bu – Yatmaq vaxtıdır, Makar Alekseyeviç, gecəniz xeyrə qalsın! – deməkdir. Açsanız – sabahınız xeyir, Makar Alekseyeviç, necə yatdınız; və ya özünüzü necə hiss edirsiniz? Mənə gəlincə, şükür yaradana, yaxşıyam, sağlamam! Görürsünüz, incəqəlblim, necə də ustalıqla düşünülüb; məktub da lazım deyil. Bunu axı mən düşünüb tapmışam. Çox kələkbazam, hə, Varvara Alekseyevna?

      Sizə deyim ki, anam, Varvara Alekseyevna, bu gecə çox rahat yatmışam. Düzdür, çox vaxt təzə mənzillərdə rahat yatmaq olmur. Amma mən bu gün çox şən oyandım. Nə gözəl səhərdir, anam! Pəncərəm aydınlanmışdı, günəş nur saçır, quşlar cikkildəyir, havadan bahar təravəti duyulur, təbiət oyanır – qalan hər şey də öz qaydasındadır, baharda olduğu kimi. Mən hətta xoş xəyallara da daldım, Varenka, mənim xəyallarım sizin haqqınızda idi. Sizi insanlara təsəlli və təbiətə gözəllik vermək üçün yaradılan səmavi quşla müqayisə etdim. Düşündüm ki, Varenka, işlər və həyəcanlarla yaşayan biz insanlar, səmavi quşların səbəbsiz və günahsız xoşbəxtliyinə qibtə etməliyik. Məndə balaca kitabça var, Varenka, bütün bunlar orda ətraflı yazılıb. Fikirlər cürbəcür olur, Varenka, ona görə bütün bunları yazıram. İndi bahardır, fikirlər də elə xoşdur ki, incə arzular gətirir – çəhrayı rəngli incə arzular! Buna görədə bütün bunları yazdım; əslinə qalsa, hamısını o kitabçadan götürmüşəm. Yazıçı eynən belə arzular diləyir və yazır: Nə üçün mən quş deyiləm, vəhşi quş deyiləm!

      Və s. və i. a. Orda müxtəlif fikirlər var.

      Bu səhər hara gedirdiniz, Varvara Alekseyevna? Mən hələ heç işə də hazırlaşmırdım, sizsə bahar ağacdələni kimi otağınızdan çıxıb sevincək halda həyətdən keçdiniz. Sizi görəndə elə sevindim ki! Ah, Varenka, Varenka! Qüssələnməyin. Göz yaşlarıyla əzabı yüngülləşdirmək olmur; bunu təcrübəmdən bilirəm, anam, yaxşı bilirəm. İndi siz çox rahatsınız, səhhətiniz də yaxşıdır. Bəs sizin Fedoranız necədir? Ah, nə mehriban qadındır! Varenka, siz mənə necə yaşadığınızı yazın, hər şeydən razısınızmı? Fedora bir az deyingəndir. Siz ona baxmayın. Varenka, tanrı sizi qorusun! O çox mehriban qadındır!

      Keçən dəfə sizə burdakı Tereza haqqında yazmışdım, – o da çox mehriban və etibarlı qadındır. Məktublarımızdan ötrü necə də narahat idim! Onları necə göndərəcəyik? Bir də bu Tereza! Onu bizə tanrı özü göndərib. O mehriban, dinməz qadındır. Amma sahibəmiz çox vicdansız qadındır. Terezanı nökər kimi işlədir, boş dayanmağa qoymur.

      Heç təsəvvür etməzsiniz ki, necə oyuna düşmüşəm, Varvara Alekseyevna! Əcəb evdir! Əvvəllər elə sakit yaşayırdım ki… Özünüz bilirsiniz, sakit və tənha; hərdən olurdu ki, milçək uçurdu, səsini eşidirdim. Burda isə səs-küy, qarışıqlıq! Sizin axı buranın necə olduğu haqda təsəvvürünüz yoxdur. Gözünüzün önünə uzun, tamamilə qaranlıq və çirkli koridor gətirin. Sağ əldə boş divardır, sol əldəsə qapılar, ancaq qapılar, nömrələnmiş qapılar. Hər nömrə cəmisi bir otaqdır. Həmin bu nömrələri kirayələyirlər. Buralarda tək, ikilikdə və ya üçlükdə yaşayırlar. Səliqə-səhmanı heç soruşmayın! Ümumiyyətlə, deyəsən yaxşı adamlardır, hamısı oxumuş, savadlı. Bir müfəttiş var (nəsə ədəbiyyat sahəsindədir), oxumuş adamdır; Homerdən də danışır, Brambeusdan[1] da, başqalarından da, hər şeydən danışır, – ağıllı adamdır! İki zabit var, bütün günü kart oynayırlar. Miçman var, ingilis müəllim var. Dayanın, anam; növbəti məktublarda onlar haqqında satirik şeylər yazaram, yəni necə adamdırlar, nəylə məşğuldurlar. Sahibəmiz balaca və pinti qarıdır, bütün günü gəzir və Terezanın üstünə qışqırır. Mən mətbəxdə yaşayıram, ya da daha dəqiq deməli olsam, mətbəxdən sonra balaca bir otaq var (burasını da qeyd edim ki, mətbəximiz təmiz və işıqlıdır, çox yaxşıdır), balaca və səliqəli otaqdır. Rahatdır, pəncərəsi də var, bir sözlə, yaxşı otaqdır. Bura mənim guşəmdir. Sizcə, anam, gəlib bura düşməyimdə nəsə sirrli və sehirli bir şey yoxdur ki, – birdən-birə mətbəxin yanı! – amma sizə deyim ki, bu daha yaxşıdır, sakitcə yaşayıram özüm üçün. Bura çarpayı, stol, komod, iki stul qoymuşam, ikona asmışam. Düzdür, bundan yaxşı evlər var, hətta çox yaxşıları var, amma əsas rahatlıqdır; mən axı bütün bunları rahatlıq üçün edirəm, ağlınıza başqa şey gəlməsin. Sizin pəncərəniz qarşı tərəfdədir, aramızdakı həyət də balacadır, hər şey aydın görünür, – bu mənim xoşuma gəlir, həm də ucuzdur. Burdakı ən ucuz otaq otuz beş rubladır. Cibimə görə deyil! Bu otaq üçünsə cəmisi yeddi rubl verirəm. Əvvəllər otuz rublluq evdə yaşayırdım, buna görə də çox şeyi özümə rəva görmürdüm; məsəlçün, çayı həmişə içə bilmirdim, amma indi çayım da var, qəndim də. Bilirsiniz, əzizim, çay içməyəndə də olmur. Burda adam doludur, hamısı da içir. Onu çox vaxt başqalarına görə içirəm, görüntü üçün; əslində, mənim üçün fərqi yoxdur, çay var, yoxsa yox. Təsəvvür edin ki, mənə cibxərcliyi də lazımdır, – bir də görürsən çəkmə almalı oldun, ya da paltar – nə qədər pul lazımdır. Bu da mənim maaşım! Düzdür, şikayətlənmirəm və maaşımdan razıyam. Mənə çatır; artıq neçə ildir ki, çatır, hərdən mükafat da olur.

      Hələlik bu qədər bəsdir, mələyim mənim. Mən iki dibçək gülü almışam, çox da baha deyil. Bəlkə bunları bəyənmədiniz, bəlkə başqasından xoşunuz gəlir, onu yazın. Siz bacardığınız qədər ətraflı yazın, hər şeyi yazın. Siz, anam, bu otağı kirayələdiyim üçün pis fikrə düşməyin və heç nədə tərəddüd etməyin. Bütün bunlar rahatlıq üçündür, rahatlığı xoşuma gəlib. Mən axı pul yığıram, anam, qənaət edirəm. Mənim belə sakit olmağıma baxmayın. Mən iradəli adamam və nə etdiyimi bilirəm. Sağ olun, mələyim mənim. Artıq iki vərəq yazmışam, işə getmək vaxtı çatıb. Barmaqlarınızdan öpürəm, anam.

      Sizin sadiq nökəriniz və dostunuz Makar Devuşkin.

      P.S.


Скачать книгу

<p>1</p>

Brambeus və ya Baron Brambeus – jurnalist, tənqidçi və belletrist O.İ. Senkovskinin təxəllüsü.