Şauşenkdən qaçış. Стивен Кинг

Читать онлайн книгу.

Şauşenkdən qaçış - Стивен Кинг


Скачать книгу
Heyvort

      Rass və Florens Doppa ithaf olunur.

      I fəsil

      Mən lazım olan hər şeyi yerin altından da olsa tapa bilən yaxşı oğlanlardanam. İstisnasız olaraq hər şeyi, lap cəhənnəmin dibindən şeytanın özünü də taparam. Belə oğlanlar Amerikanın istənilən federal həbsxanasında var. Ürəyinizdən xarici siqaret keçir? Buyurun! Oğlunuz, ya qızınızın buraxılış imtahanlarını, yaxud ad gününüzü, Milad bayramını qeyd etmək üçün, bəlkə də, elə-belə, heç bir səbəb olmadan bir şüşə brendi istəyirsiniz? Buyurun!

      Mən Şauşenk həbsxanasına iyirmi yaşım yenicə tamam olanda düşmüşəm və bizim gözəl ailəmizin tək-tük üzvlərindənəm ki, tutduğum əmələ görə zərrə qədər də peşman deyiləm. Mən qətl törətmişəm. Əvvəlcə məndən üç yaş böyük olan arvadımın həyatını iri məbləğdə sığortaladım, sonra da onun atasının bizə hədiyyə etdiyi “Şevrole”nin əyləcini sıradan çıxartdım. Hər şeyi dəqiq ölçüb-biçmişdim. Bircə onu düşünməmişdim ki, arvadım yarıyolda dayanıb Kastl Hillə gedən qonşu qadını və onun balaca oğlunu maşınına mindirə bilər. Lazımi anda əyləc tutmayıb və maşın böyük sürət yığaraq avtobusları da vura-vura yoldan çıxıb, təpədən üzüaşağı şığıyıb. Şahidlər sonra iddia edirdilər ki, maşının sürəti saatda səksən kilometrdən az olmayıb və müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin özülünə çırpılan kimi məşəltək alovlanıb.

      Əlbəttə, məni tuta biləcəkləri heç ağlıma da gəlmirdi, amma təəssüf ki, belə oldu. Və budur, mən burdayam. Meyn ştatında ölüm hökmü yoxdur, ancaq prokuror üç dəfə ölümə layiq olduğumu deyib mənə üç ömürlük həbs cəzası istədi. Bu məni amnistiya imkanından məhrum edirdi. Hakim mənim əməlimi “dəhşətli, misli görünməmiş dərəcədə alçaq və iyrənc cinayət” adlandırdı. Bəlkə, bu, həqiqətən belə idi, amma indi artıq hər şey arxada qalıb. Siz “Castle Rock Call” qəzetinin saralmış səhifələrini vərəqləyə bilərsiniz. Orada birinci səhifədə mənə iri başlıqlı yazılar həsr edilib, fotoşəkillərim çap olunub. Amma, vallah, Hitler və Mussolininin törətdiklərinin və prezident Ruzveltin “əlifba hörrəsi” agentliklərinin1 vurduğu ziyanın yanında bu, uşaq əyləncəsinə bənzəyir.

      Soruşa bilərsiniz ki, mən günahımı yumuşammı? Özümə bəraət qazandırmışammı? Düzü, bu sözlərin tam mənasını anlamıram və həbsxana, yaxud koloniyada günahı necə yumaq mümkün olduğunu da bilmirəm. Məncə, bu, siyasətbazların söz oyunudur. Bəlkə, mənim azadlığa çıxmaq ehtimalım olsaydı, həmin sözlərin bir mənası olardı. Ancaq bu, gələcəyin işidir. Gələcək isə elə bir şeydir ki, məhbuslar onun barəsində düşünməyi özlərinə qadağan edirlər. Başqa bir neçə belə şey də var.

      Mən cavan və yaraşıqlı, özüm də kasıb məhəllədən idim. Karbin-stritdəki ən dəbdəbəli evlərdən birində yaşayan gözəl və ağıllı bir qızı “ovlamışdım”. Qızın atası bircə şərtlə evlənməyimizə razı idi: gərək mən onun sahibi olduğu optika şirkətində işləyə və qocanın yolunu davam etdirəydim. Əslində isə qızın atasının məqsədi məni daim nəzarətdə saxlamaq idi – yaxşı təlim keçməmiş və hər an yiyəsini dişləyə biləcək vəhşi kimi. Bütün bunlar məndə elə böyük ikrah hissi oyadırdı ki, axırda törətdiyimə görə indi peşmanlıq çəkmədiyim işi gördüm. Ola bilsin, hər şeyi yenidən təkrar yaşamaq imkanım olsa idi, ayrı cür hərəkət edərdim. Ancaq bunun mənim “günahımı yumağım” və “günahımı dərk etməyim” anlamına gəldiyinə əmin deyiləm.

      Nə isə, məqsədim özüm yox, Endi Düfresn adlı bir oğlan haqqında danışmaq idi. Amma onun haqqında danışmazdan qabaq gərək özüm barədə bəzi şeylərə aydınlıq gətirim. Bu, vaxtımızı çox almayacaq.

      Dediyim kimi, mən Şauşenkdə bu lənətə gəlmiş qırx il ərzində ürəyiniz istəyən hər şeyi tapa bilən adamam. Söhbət təkcə anaşa, yaxud əla növ siqaret kimi qaçaqmallardan getmir, hərçənd onlar sifariş verilənlərin siyahısında birinci sırada durur. Mən vaxtını burada keçirən adamlar üçün minlərlə növ başqa mallar da tapıram, özü də sifarişlərin çoxunda qeyri-qanuni heç nə yoxdur. Onlar hər yerdə açıq satılır, sadəcə, cəzaçəkmə müəssisəsində onları tapmaq çox çətindir. Olduqca qəribə bir məhbus var idi. O, balaca bir qızı zorlamışdı, xeyli başqa uşağa da bədənini, cinsi orqanlarını açıb göstərmişdi. Mən onun üçün çəhrayı Vermont mərmərinin üç balaca parçasını tapdım. O da üç kiçik, gözəl heykəlcik düzəltdi: balaca oğlan uşağı, təxminən on iki yaşında oğlan uşağı və saqqallı cavan oğlan. Əsərlərinin adını belə qoydu: “İsanın üç yaş mərhələsi”. Hal-hazırda bu heykəlciklər ştatın qubernatorunun qonaq otağını bəzəyir.

      Bu ad isə, əgər şimalda yaşamısınızsa, sizə yaxşı tanış olmalıdır – Robert Alan Kout. O, 1951-ci ildə Birinci Dövlət Bankını yarmağa cəhd etmişdi. Onun bu cəhdi qanlı qırğına səbəb olmuşdu, nəticədə altı adam ölmüşdü. İkisi quldur dəstəsinin üzvü, üçü bankın müştərisi, biri isə burnunu lazım olmayan vaxt bankın qapısından içəri soxduğu üçün alnına güllə çaxılmış polis idi. Koutun penni2 kolleksiyası vardı. Ona kolleksiyasını həbsxanada saxlamağı qadağan etmişdilər. Amma mən Koutun anasının və sürücü işləyən bir yaxşı oğlanın köməyi ilə – həmin oğlan bizim camaşırxanamıza xidmət göstərirdi – ona yardım edə bildim. Mən ona dedim:

      – Bobbi, əgər sən pul kolleksiyanı oğru və fırıldaqçılarla dolu olan bizim bu daş çuvalda saxlayırsansa, deməli, ağlını itiribsən.

      O, üzümə baxıb gülümsündü və dedi ki, malını necə saxlamaq lazım olduğunu bilir:

      – Narahat olma, hər şey salamat qalacaq.

      Elə də oldu. Bobbi 1967-ci ildə öldü, amma həbsxana rəhbərliyi onun kolleksiyasını aşkar etmədi.

      Mən müqəddəs Valentin günü “xalq” üçün şokolad tapıb gətizdirmişdim. Melley adlı tamam başdanxarab bir irlandiyalı üçün “Makdonalds”da verilən südlü kokteyllər əldə etməyi bacarmışdım. Hətta pul “atışıb” seansın haqqını ödəyən iyirmi kişi üçün “İri ağız” və “İblis miss Consun içindədir” filmlərinin gecə nümayişini təşkil etmişdim. Düzdür, bundan sonra təxminən bir həftə təkadamlıq kamerada istirahət edəsi oldum. Amma eybi yoxdur. Necə deyərlər, könlü balıq istəyənin quyruğu suda gərək. Mən siyasət və seks mövzularında kitablar tapırdım. Ömürlük və ya uzun müddətə azadlıqdan məhrum edilənlər dəfələrlə məndən arvadlarının, yaxud tanış qadınlarının alt paltarlarını tapmağı xahiş etmişdilər. Sonra onların gecələr yatmayıb nə ilə məşğul olduqlarını, yəqin ki, özünüz anlayırsınız. Mən bütün bunları quru “çox sağ ol” qarşılığında etmirəm, hərdən qiymət çox baha olur. Ancaq mən təkcə pul xatirinə özümə əziyyət verməzdim. Burada pul nə deməkdir? Mən özümə “Kadillak” ala, yaxud Yamaykaya istirahətə gedə bilmərəm. Bəs mən bunları nə üçün, nəyə görə edirəm? Yaxşı qəssab nə üçün sizin evinizə həmişə təzə ət göndərməyə çalışır? Bax elə ona görə. Səbəb eynidir. Mən özümə ad qazanmışam və onu qoruyub saxlamağa çalışıram. Mən yalnız ikicə şeylə məşğul olmuram: silah və güclü narkotiklərlə. Mən heç kimə özünü, yaxud özünə oxşarını öldürməkdə kömək etmək istəmirəm. Həyatımda kifayət qədər qətl olub, doymuşam.

      Bəli, mən işgüzar adamam. Endi Düfresn də 1949-cu ildə mənə yaxınlaşıb soruşanda ki Rita Heyvortu3 tapmaq mümkündürmü, mən cavab verdim: “Heç bir problem yoxdur!”. Həqiqətən də belə idi.

      II fəsil

      Endi 1948-ci ildə Şauşenkə düşəndə onun 30 yaşı var idi. O, qum rəngli saçları və ensiz balaca ovucları olan bəstəboy, cazibədar bir adam idi. Qızıl sağanaqlı eynək taxırdı. Dırnaqları həmişə səliqə ilə kəsilmiş və tərtəmiz olurdu. Mənim kişi haqqında belə şeyləri xatırlamağım gülməli görünə bilər. Ancaq onun dırnaqları məndə çox güclü təəssürat yaratdı və Endi gözümdə qalxdı. O, həmişə elə gəzirdi ki, sanki əynində smokinq, boynunda qalstuk var. Həbsxanaya düşənə qədər Portlenddə iri bir bankın vitse-prezidenti vəzifəsində çalışırmış. Razılaşın ki, belə cavan adam


Скачать книгу

<p>1</p>

Franklin Ruzveltin (1882–1945) prezidentliyi (1933–1945) dövründə ABŞ-da yaradılan federal agentliklər uzun adlarının baş hərfləri ilə tanınırdılar. Buna görə onlara “Əlifba agentlikləri” deyirdilər. Agentliklərin sayının həddən çox olması idarəçilikdə qarışıqlıq törədirdi və “əlifba hörrəsi” ifadəsi də buna işarə olaraq meydana gəlmişdi.

<p>2</p>

Penni – ingilis funt-sterlinqinin yüzdə birinə bərabər pul vahidi

<p>3</p>

Rita Heyvort (ing. Rita Hayworth, 1918–1987) – Amerika kino aktrisası və rəqqasəsi, 1940-cı illərdə ən məşhur Hollivud ulduzlarından biri