Dəfinələr adası. Роберт Льюис Стивенсон

Читать онлайн книгу.

Dəfinələr adası - Роберт Льюис Стивенсон


Скачать книгу
>

      Skvayr1 Treloni, həkim Livsi və başqalarının təkidi ilə Dəfinələr adası haqqında bütün bildiklərimi yazmağı qərara aldım. Amma adanın dəqiq yerini söyləməyəcəyəm. Çünki dəfinənin bir hissəsi hələ də oradadır.

      Beləliklə, qələmi əlimə alıb xəyalən atamın "Admiral Benbou" mehmanxanasını saxladığı vaxta qayıdıram.

      Qoca dəniz canavarı

      Mehmanxanamıza üzü günəşdən yanmış, yanağında qılınc çapığı olan yaşlı bir dənizçi sığınmışdı. Dənizçinin ağır addımlarla qapımıza yaxınlaşmağı indi də gözümün qabağındadır. Gözü əl arabasında gətirilən sandığında idi. Bu, ucaboylu, yekəpər, yaşlı bir kişi idi. Tünd-qara saçlarının yağlı hörüyü kirli mavi kaftanın yaxalığına düşmüşdü. Əlləri yara izləri ilə dolu, dırnaqları kirli və didik-didik idi. Bu yad adam fit çala-çala ətrafı gözdən keçirirdi. Birdən yoğun və xırıltılı səslə köhnə bir dənizçi mahnısı oxumağa başladı.

      Bir ölünün sandığına on beşi getdi qurban.

      Ho-ho-ho, bir şüşə də rom.

      Yaxınlaşıb lingəbənzər əlağacı ilə qapımızı itələyib açdı, atamı görən kimi kobud sözlərlə içki istədi. Gətirilən romu içə-içə ətrafı gözdən keçirməyə başladı.

      – Gözəl bir liman, xoş bir mehmanxana. Müştəriniz çoxdurmu, dostum?

      Atam cavab verdi ki, xeyr, təəssüf ki, çox deyil.

      – Nə olar… bura mənə əl verir.

      – Hey, dost! – əl arabasını gətirən adamı çağırdı.– Bura gəl, sandığı yuxarı çıxarmağa kömək et. Bir müddət burada qalacam… Adımı soruşursunuz? Məni eləcə "kapitan" deyə çağıra bilərsiniz… Hə, nə istədiyinizi bilirəm. Alın! – deyə piştaxtanın üstünə üç, ya dörd qızıl pul atdı.

      Sonra da yüksəkrütbəli adam kimi atamı süzərək kobud bir tərzdə:

      – Qurtaranda gəlib yenə istəyə bilərsiniz, – dedi.

      Pal-paltarının köhnə olmasına baxmayaraq, davranışından adi bir dənizçiyə deyil, doğrudan da, kapitana, ya şturmana bənzəyirdi.

      O bütün günü mis durbini ilə dənizin kənarında və ya qayaların üstündə dolaşardı. Axşamlar da böyük otaqda ocağın qırağında oturub rom içərdi. Gəzintidən qayıdan kimi hər hansı bir dənizçinin gəlib-gəlmədiyini soruşardı. Əvvəlcə elə bilirdik ki, o özünə yoldaş axtarır, sonra başa düşdük ki, dənizçilərin gözünə görünməməyə çalışır. Hər hansı bir dənizçinin yolu bu tərəflərə düşdükdə onu pərdənin arxasından izləyərdi. Onların yanında siçan kimi sakit durardı.

      Mən kapitanın təşvişinin səbəbini bilirdim. O özü mənə danışmışdı. Hər ay mənə dörd pens gümüş pul verirdi ki, gözdə-qulaqda olum, bu ətrafda tayqıç dənizçi görsəm, gəlib ona xəbər verim. Mən də tayqıç dənizçini dörd gözlə axtarırdım. Gecələr yuxuma da girirdi. Yuxuda o, dəhşətli divə bənzəyirdi. Bu div bədəninin ortasına yapışmış tək ayağı ilə çəpərlərin, arxların üstündən hoppanaraq məni qovurdu.

      Kapitan aşxanada oturar, çoxlu içki içər, dənizçi mahnıları oxuyardı. Arabir adamları öz stoluna dəvət edər, onlara qorxunc dəniz hekayətləri danışardı. Adamlar həm onun özündən, həm də danışdıqlarından qorxub tir-tir əsirdilər. Dar ağacından asılan adamlar, dənizdəki fırtınalar, tısbağa adaları, Şimali Amerikadakı quldur yuvaları haqqında hekayələri adamları dəhşətə gətirirdi.

      Hamı onu diqqətlə dinləməli, sözünü kəsməməli idi, yoxsa özündən çıxırdı. Sual verməyəndə də əsəbiləşirdi, deməli, onu dinləmirlər. Ancaq keflənib yuxuya getdikdən sonra adamlar yavaş-yavaş durub dağılışırdılar.

      Atam bu adamın axırda bizi müflis edəcəyini deyirdi. Olan-qalan müştərilərimizin də bizdən üz döndərəcəyindən qorxurdu. Atam, deyəsən, haqlı idi. Bu adam getmək haqqında düşünmürdü. Artıq həftələr, aylar keçmişdi, verdiyi pul çoxdan qurtarmışdı, o, əlavə bir şey vermir, atam isə istəməyə cəsarət etmirdi. Xərclik barədə söz salan kimi kapitan elə fısıldayırdı ki, atam onun qəzəbli baxışlarına davam gətirməyib otaqdan çıxırdı. Hətta atamın vaxtsız ölümünə də bu qorxu və vahimənin səbəb olduğunu düşünürəm.

      Heç vaxt nə məktub yazmazdı, nə də ona məktub gəlməzdi. Heç kimlə oturub söhbət etməzdi, ancaq bərk sərxoş olanda danışardı. Bir şey də diqqətimi cəlb etmişdi ki, heç vaxt başqalarının yanında sandığını açmazdı və heç kimə bu sandığa yaxın getməyə icazə verməzdi.

      Tək bircə dəfə kapitana etiraz bildirməyə cəsarət etmişdilər. Bu hadisə yazıq atamın vaxtsız ölümündən bir neçə gün əvvəl baş vermişdi.

      Bir axşam həkim Livsi xəstə atamı müayinə etdikdən sonra anamın təklif etdiyi naharı tələsik yeyib atının gətirilməsini gözləyirdi. Çubuq çəkmək üçün aşağı, ümumi otağa endi. Mən də onun ardınca getdim. Başında dümağ pariki olan şıq geyimli həkimin gözəl kübar davranışları məni həmişə heyran edirdi. O bizim aşxanaya gələn kənd camaatından kəskin fərqlənirdi. İndi mehmanxanamızda məskən salmış kirli, kobud, yekəpər dənizçi ilə isə tam təzad təşkil edirdi.

      Həkim atını gözləyərkən kapitan sərxoş halda stola söykənərək oturmuşdu. Birdən oxumağa başladı:

      Bir ölünün sandığına on beşi getdi qurban.

      Ho–ho–ho, bir şüşə də rom!

      İç, iç, onsuz da səni yıxacaq şeytan.

      Ho–ho–ho! Bir şüşə də rom!

      Həkim Livsi mahnını ilk dəfə eşidirdi və onun üzünə baxanda bundan heç də xoşlanmadığını hiss etdim. Həkim bağban Teylorla revmatizmin yeni müalicə üsulu barədə söhbət edir və tez-tez mahnı oxuyan kapitana tərs-tərs nəzər salırdı. Kapitan isə öz mahnısını mızıldayırdı. Birdən əlini masaya çırpdı. Demək istəyirdi ki, sakit olun, səsiniz çıxmasın. Hər kəs susdu. Tək həkim Livsi öz xoş söhbətini uca səslə davam etdirir və aramla çubuğunu çəkirdi. Kapitan qəzəblə ona baxdı, sonra yenə yumruğunu stola çırpıb qışqırdı:

      Qoca kapitan gәmiçi bıçağını açaraq hәkimi hәdәlәmәyә başladı.

      – Hey, oradakılar, səsinizi kəsin!

      Həkim soruşdu:

      – Ser, siz mənimləsiniz?

      Kapitan "bəli" dedikdə həkim:

      – Ser, sizə ancaq onu deyə bilərəm ki, sərxoşluğunuzdan əl çəkməsəniz, tezliklə yer üzü əclafların birindən azad olacaq.

      Qoca kapitan hirsindən sanki ağlını itirdi, yerindən sıçrayıb gəmiçi bıçağını açaraq həkimi hədələməyə başladı. Həkim isə halını pozmayıb qəti səslə dedi:

      – O bıçağı bu dəqiqə cibinizə qoymasanız, namusuma and içirəm ki, tezliklə dar ağacında yellənəcəksiniz.

      Onlar bir-birini baxışları ilə əzirdilər. Lakin kapitan geri çəkildi. Bıçağını gizlədib döyülmüş köpək kimi mırıldaya-mırıldaya yerinə qayıtdı. Həkim sözünə davam etdi:

      – Nəzərinizə çatdırıram ki, mən yalnız həkim deyiləm, həm də hakiməm. Burada belə bir rəzil insanın olduğunu bilmirdim. Əgər qulağıma sizdən kiçik bir şikayət belə gəlsə, namusuma and içirəm ki, bu yerlərdən sürgün olunacaqsınız. Bunu yaxşı bilin.

      Az sonra həkim Livsinin atını gətirdilər. O da minib getdi. Axşam kapitan çox içsə də, özünü sakit apardı. Heç bir hadisə baş vermədi.

      Qara Köpək

      Yanvar ayının şaxtalı bir səhəri idi. Kapitan həmişəkindən tez qalxıb sahilə yollanmışdı. Yeridikcə köhnə kaftanının altındakı xəncəri atılıb-düşürdü. İri addımlarla irəliləyərək böyük qayanın arxasında gözdən itdi.

      Anam yuxarıda atamın yanında idi. Mən


Скачать книгу

<p>1</p>

Skvayr – ingilis zadəgan titulu