Frankenşteyn və ya müasir Promotey. Мэри Шелли

Читать онлайн книгу.

Frankenşteyn və ya müasir Promotey - Мэри Шелли


Скачать книгу
p>

      Birinci məktub

      İngiltərə, miss Sevillə,

      Sankt-Peterburq, 11 dek. 17..

      Eşidəndə, yəqin, sevinəcəksən: sənin şübhələrin özünü doğrultmadı və işimin başlanğıcı uğurlu oldu. Sevimli bacıma ərz etmək istəyirəm ki, dünəndən buradayam və planlarımın baş tutacağına getdikcə daha çox əmin oluram.

      Londondan uzaqlarda, Peterburq küçələrində oynayan şimal küləyi mənə gümrahlıq və sevinc gətirir. Bilmirəm, bu hislərimi başa düşəcəksənmi? Mənim can atdığım bir diyardan əsən küləklərdən o yerlərin buzlu nəfəsini duyuram. Amma yenə də Şimal qütbünü soyuğun və ölümün hökmranlıq etdiyi bir məkan yox, gözəlliklər məskəni sanıram. Orada, Marqaret, günəş heç zaman batmır. Əbədi işıq diyarından gözəl nə ola bilər! Orada mən maqnitin əqrəbini əsir etmiş qüvvənin sirrini öyrənəcəyəm, astro- nomik müşahidələr aparacağam, insan ayağı dəyməyən yerləri gəzəcəyəm. Ölüm qorxusuna üstün gəlib məni o tərəflərə çəkən də elə budur.

      Bu ekspedisiya mənim gənclik arzumdur. Şimala dəniz səyahətləri haqqında Tomas əminin kitablarını yeniyetmə çağlarında acgözlüklə oxuyardım. Ölümündən əvvəl atamın əmimə məni dənizə buraxmamağı möhkəm-möhkəm tapşırmasına təəssüf edərdim.

      Altı il idi ki, indi həyata keçirməyə başladığım planı beynimdə fırladırdım. Canımı möhkəmlədirdim, xəlvətcə gedib balina ovçularına qoşulmuşdum, onlarla dənizə çıxırdım, gecələr riyaziyyat, fizika oxuyurdum, təbabət öyrənirdim. Mənim həyatım zər-ziba içərisində də keçə bilərdi. Amma mən şöhrəti var-dövlətdən üstün tutdum.

      İndi Rusiyada səfərə çıxmaq üçün ən əlverişli vaxtdır. Burada qarda sürətlə gedən kirşələr var. Soyuq da adama təsir etmir, çünki başdan-ayağa xəzə bürünürlər. Mən də xəz paltar almışam: Peterburqdan Arxangelskə gedən yolda donub-qalmaq istəmirəm.

      Arxangelskdə gəmi kirayələyəcəyəm, balina ovunda təcrübəsi olanlardan komanda yığacağam. Səyahətə iyundan tez çıxmağı düşünmürəm. Nə vaxt qayıdacağımı isə bilmək olmaz. Hər şey istədiyim kimi alınsa, biz aylarla, bəlkə, illərlə görüşməyəcəyik. Yox, uğursuzluğa düçar olsam, tez görüşəcəyik, ya da daha heç vaxt məni görməyəcəksən.

Səni sevən qardaşınR. Uolton

      İkinci məktub

      İngiltərə, miss Sevillə,

      Arxangelsk, 28 mart 17..

      Məqsədimə doğru bir addım da atdım. Gəmi kirayələdim, indi cəsur dənizçilər axtarıram ki, komandanı formalaşdırım.

      Bir şey çatışmır – dostum yoxdur, Marqaret, sevincimi bölüşməyə, mənə həyan durmağa, məsləhət verməyə bir adamım yoxdur. Əlbəttə, ürəyimi kağıza boşaldıram, amma o, hislərimi başa düşmür. Mənə elə bir adam lazımdır ki, arzularımı bölüşüm, işlərimə təkan versin, lazım gəlsə, düzəliş etsin. Sənin qardaşın çox tələskəndir, çətinlik olanda hövsələsi daralır. Ən pisi də odur ki, yaxşı təhsilim yoxdur, nə bilirəmsə, özüm öyrənmişəm. 28 yaşım var, amma bəzi şeylərdən məktəb şagirdindən də az baş çıxarıram. İstərdim, elə bir ağıllı dostum olsun ki, boş xəyallardan çəkindirsin, mənə düz yol göstərsin.

      Hərçənd əbəs yerə şikayətlənirəm: okeanın ortasında, ya burada, Arxangelsk tacirlərinin və dənizçilərinin arasında necə dost tapmaq olar? Düzdür, kobud olsalar da, yaxşı insanlardır. Köməkçim, məsələn, cəsur və tədbirlidir. İngilisdir, bir gəmidə gördüm, yanımda iş təklif etdim, inandırdım, razılaşdı.

      Kapitan da yaxşı adamdır, yumşaq təbiəti var, eyni zamanda çox təmiz və cəsarətlidir. Mən sənin tərbiyəni görmüşəm, kobudluqdan zəhləm gedir, ona görə də belə bir alicənab dənizçi haqqında eşidəndə dərhal axtarıb onu tapdım.

      Qış çox kəskin keçdi, amma yaz tez gəldi və havalar qızdı. Bəlkə, səyahətə əvvəl nəzərdə tutduğumuzdan tez çıxa bildik.

      Tezliklə yola düşəcəyimiz haqda fikirləşəndə hislərim coşur. Tanımadığım yerlər, “dumanlı və qarlı” diyar məni özünə çəkir. Sənə bir sirr açım. Mən, əlbəttə, işgüzaram, inadkaram, konkret məqsədim var, amma həm də xəyalpərvərəm, tədqiqat aparmaq üçün yollanacağım diyarda məni möcüzə gözlədiyinə inanıram.

      İmkanın olanda mənə yaz.

Səni sevən qardaşınR. Uolton

      Üçüncü məktub

      İngiltərə, miss Sevillə,

      7 iyul 17..

      Əziz bacım!

      Mən sağ-salamatam və xeyli yol keçmişəm. Özüm gümraham, komandam möhkəm və cəsurdur. İndi yayın ortasıdır, çayla şimala doğru xeyli irəliləmişik, bir azdan dəniz sahilinə çatacağıq.

      Hələlik sənə yazılası maraqlı bir şey baş verməyib. Bir-iki dəfə möhkəm külək qalxıb, gəmimiz bir az zədələnib, vəssalam. Ümid edirəm ki, bundan ciddi çətinliklə üzləşməyəcəyik.

      Əmin ol ki, sənin xatirinə özümü gözüyumulu təhlükələrin içinə atmayacağam. Soyuqqanlı və ağıllı olacağam.

      Amma uğuru əldən buraxmayacağam. İnsan cəsarəti və iradəsinin qarşısında heç nə dayana bilməz!

      Tanrı mənim əziz bacımı qorusun!

R. U.

      Dördüncü məktub

      İngiltərə, miss Sevillə,

      5 avqust 17..

      Başıma elə bir qəribə əhvalat gəlib ki, mütləq sənə yazmalıyam. Hərçənd bəlkə, özüm Londona bu məktubdan qabaq gəlib çatdım.

      Ötən bazar ertəsi (31 iyul) gəmimiz buzluqlara daxil oldu, güclü duman düşdü, irəli getmək çox təhlükəli idi. Ona görə də lövbər salıb havaların düzəlməsini gözləməyə başladıq.

      Günorta duman dağılanda qarşımızda ucsuz-bucaqsız buz səhrası olduğunu gördük. Bu, əlbəttə, narahatlığımızı artırdı. Birdən gözümüzə bu səhra ilə hərəkət edən bir kirşə sataşdı. Aramızda 700–800 metr məsafə olardı. İtlər qoşulmuş kirşənin üstündə nəhəng bir adam oturmuşdu. O, sürətlə şimala doğru irəliləyirdi və tezliklə biz onu gözdən itirdik.

      Bu, çox gözlənilməz idi, çünki biz düşünürdük ki, insan məskəni olmayan bir yerə çatmışıq.

      Təxminən iki saatdan sonra dalğaların səsini eşitdik; buz ərimişdi, gəmi əsarətdən xilas olmuşdu.

      Səhər mən göyərtəyə çıxdım. Matroslar yığışıb öz aralarında nəyi isə müzakirə edirdilər. Sən demə, böyük buz parçasının üstündə gəmiyə bir kirşə yan alıbmış. Biz kirşədə oturmuş adama gəmiyə qalxmağı təklif etdik. O, görkəmindən avropalıya oxşayırdı, amma təklifimizi qəbul etməzdən əvvəl ingiliscə soruşdu ki, gəmi hara gedir? Sual məni çox təəccübləndirdi: hara getməyimizin nə fərqi var, o, indi öz xilası haqqında düşünməlidir. Bununla belə, cavab verdim ki, tədqiqatçılarıq, şimala üz tutmuşuq. Yalnız bundan sonra o, gəmiyə qalxmağa razılıq verdi. Əl-ayağını don vurmuşdu. Biz onu yorğana büküb mətbəxin isti borusunun üstündə uzandırdıq. Yavaş-yavaş özünə gəldi, şorba verdik, gözləri işıqlandı.

      Onu mənim otağıma aparmağı tapşırdım. Maraqlı adam idi. Gözləri qaynayırdı, amma dinib-danışmırdı, hərdən dişlərini elə bərk qıcayırdı ki, səsini eşitmək olurdu, sanki ağrısını ətrafdakılardan gizlətməyə çalışırdı. Bir dəfə köməkçim ondan bu yerlərə necə gəlib düşdüyünü soruşdu. Qaşqabağını sallayıb həvəssiz cavab verdi ki, bir nəfəri izləyirəm.

      – Deyəsən, biz onu görmüşük. Siz gəmiyə yan almazdan xeyli əvvəl buz səhrası ilə bir kirşə gedirdi, itlər onu şimala aparırdılar.

      Bu məlumat təzə tanışımızı çox maraqlandırdı. Soruşdu ki, buz parçalananda


Скачать книгу