Qılınc və qələm. Мамед Саид Ордубади

Читать онлайн книгу.

Qılınc və qələm - Мамед Саид Ордубади


Скачать книгу
lınc və qələm

      (roman)

      BİRİNCİ HİSSƏ

      XƏRABAT

      Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar.

      Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən, aranlıları səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi.

      Bu gün Atabəyin qasidi Gəncəyə gəlmişdi. Eyni zamanda illər uzunu cəbhələrdə yaşayan Aran ordusu Arana qayıdırdı. Gəncə hakimi Əmir İnanc bu qələbənin böyük bir şadlıqla qarşılanması üçün Gəncə xalqına qəti fərman vermişdi. Xalq cəbhədən qalib bir surətdə qayıdan ordunu qarşılamaq üçün küçələrə çıxmışdı. Lakin çoxları öz oğul və qardaşlarını qalib qayıdan ordunun cərgəsində görmürdü. Mizraqdan, nizə və qılıncdan salamat qurtaranların çoxu aclıqdan və xəstəlikdən məhv olmuşdu. Matəm və kədəri qələbənin saxta və aldadıcı pərdəsi ilə gizlətməyə çalışanlar küçələrdə böyük bir fəaliyyət göstərirdilər. Nə ağlamağa, nə də ölənlərdən danışmağa imkan var idi. Bu barədə Gəncə hakimi qəti tapşırıq vermişdi. Gəncə xalqına ancaq küçələrə çıxmaq və ‘‘Yaşasın Atabəy Məhəmməd! Yaşasın zəfər!” − deyə qışqırmaq icazəsi verilmişdi.

      Qəlbində ağlayanların hamısı yuxarıdakı kəlmələri təkrar edir və qışqırırdı, çünki bu kəlmələri təkrar etməyənlər təqib edilir və adları siyahıya alınıb hökumətə təqdim olunurdu.

      Evindən çıxmayanlar ağac və qamçı zərbələri altında küçələrə çıxarılırdı. Əyinində təzə paltarı olmayanlar geri qaytarılır və təzə paltar geyindikdən sonra təkrar küçələrə çıxarılırdı. Ruhanilər, xətiblər dəstələrin qabağına düşüb Quranda yazılan zəfər ayələrini bir-birinin dalınca oxuyurdular. Hər kəs hökumət məmurlarının yanından keçdiyi zaman özünü şad göstərməyə və kədərini gizlətməyə çalışırdı, lakin hər kəs ‘‘yaşasın zəfər” sözünü ancaq hökumət məmurlarının və hökumətə casusluq edənlərin yanından keçəndə qışqırırdı.

      Minlərcə Azərbaycanlının məhvi üzərində qurulmuş olan bu qələbənin bütün xalqın yox, ancaq bir nəfərin qələbəsi olduğunu xalqın simasından sezmək olurdu.

      Küçələrə çıxanların içərisində iki gənc − İlyasla Fəxrəddin də var idi. Gəncə mühitini titrədən bu süni şadlığı görüncə bu iki yoldaşın ürəyində Atabəy Məhəmmədə və onun Gəncə hakimi Əmir İnanca qarşı dərin bir nifrət oyandı. Gənc İlyas küçələrdən sel kimi axıb Məlikşah meydanına tərəf gedən xalqı Fəxrəddinə göstərib dedi:

      − Sən mənə boğazdan yuxarı ‘‘yaşasın” deyən bu xalqın içərisində bir nəfər də olsun xoşbəxt olan və Atabəy Məhəmmədin xoşbəxt olmasını istəyən adam göstərə bilərsənmi?

      Fəxrəddin çox yavaşdan cavab verdi:

      − Öz hökmranlığını möhkəmlətmək üçün onlar nə iraqlılardan, nə də iranlılardan istifadə edə bilərdilər. Buna görə də hər bir müharibədə azərbaycanlılar iştirak etməli və məhv olmalıdırlar.

      Gənc İlyas ətrafını gözdən keçirərək yavaşdan dedi:

      − Azərbaycan xalqı qırılıb azaldıqca məmləkətdə ərəb-fars nüfusu çoxalmaqdadır.

      İlyasla Fəxrəddin bu sözləri danışa-danışa Toğrul bəy küçəsindən El Arslan və Məsudiyyə küçələrinə girir və Sultan Səncər camesinin qarşısındakı Məlikşah meydanına yaxınlaşırdılar.

      Əhali meydanda durub Gəncə xətibinin gəlməsini gözləyirdi. İlyasla Fəxrəddin də məscidin qapısı qarşısındakı hovuzun yanında dayandılar və xətibi gözləməyə başladılar.

      Fəxrəddin fikirli halda başını qaldırıb İlyasa dedi:

      − Bəli, indi bu saat gələcək, Təbriz və Marağa fəthini elan edəcək, əvvəlcə xəlifənin, sonra da Toğrul və Atabəy Məhəmmədin adına xütbə oxuyacaqdır. Eyni zamanda təzə bir müsibətin elanını da verəcəkdir.

      İlyas Fəxrəddinə əyri bir nəzərdə baxıb soruşdu:

      − Nə kimi müsibət?

      − Atabəy Rey məmləkətinə hücum etməyə hazırlaşır. Rey hakimi səlcuqilər zamanından bəri Atabəylərə verdiyi vergidən boyun qaçırıbdır. Lakin bu müharibə qorxulu bir müharibədir. Çünki Rey hakimi öz ağzı ilə yox, Xarəzm şahlarının ağzı ilə danışır. Gec-tez onlar Rey məmləkətini öz əllərinə alacaqlar.

      İlyas yenə də ona sual verdi:

      − Sən buna nə cür baxırsan?

      − Nə cür baxacam? Azərbaycan torpağı deyil ki, müdafiə edək.

      İlyas etiraz edərək dedi:

      − Mən səndən bir qardaş kimi rica edirəm, bu fikrini başqalarının yanında demə, çünki tamamilə yalnış bir fikirdir.

      Fəxrəddin təəccüblə soruşdu:

      − Bu fikrin yalnışlığı harasındadır?

      − Doğrudur, Rey bizimki deyil, Həmədan necə? Bizimdir, ya yox?

      − Bizimdir, Azərbaycanın qədim paytaxtıdır.

      − Elə isə onu bilməlisən ki, Rey Azərbaycan atabəylərinin əlində olmazsa, Həmədanı saxlamaq mümkün deyil, çünki bir çox hadisələrdə reylilərin Qəzvini əldə etdiyi və Təbrizlə Həmədanın əlaqəsinə maneə törətdiyi görülmüşdür. Heyif ki, mən qılınc və mizraq işlətmək işində savadsızam. Buna görə də sənə bir məsləhət görəcəyəm. İndi ki qılınc və mizraq işlətməyə, ox və kaman işlərilə məşğul olmağa həvəsin vardır, onları yaxşı öyrən. Mən də qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi də bizə lazımdır.

      İlyasla Fəxrəddin bu söhbətləri edərkən Gəncə xətibi öz müridləri ilə Gəncə hakimi Əmir İnanc da öz əsgər və qulamları ilə bərabər Məlikşah meydanına daxil oldular. Lakin bunlar xalq tərəfindən çox da təntənə ilə qarşılanmadı.

      İlyasla Fəxrəddin də əhaliyə qoşulub Səncər məscidinə daxil oldular. Xətib minbərə çıxıb birinci növbədə, Atabəy Məhəmmədin Marağa və Təbriz altındakı müharibələrdə qazandığı qələbənin xəbərini verdi. Lakin bu xəbər xalqı tərpədə bilmədi; əhali bu xəbəri çox soyuqqanlıqla qarşıladı. Xətib xəlifə və Atabəy Məhəmmədə dua etdiyi zamanda da xalqın bu iki ada qarşı bəslədiyi mənfi münasibət bir daha özünü göstərmiş oldu. Dualara qarşı deyilən “Amin… Amin!” kəlmələri də ürəkdən yox, boğazlardan çıxırdı. “Amin” səsləri o qədər zəif idi ki, camenin mərmər sütunları və qövsi tağları altında itib gedirdi. Ürəkdən “amin” deyənlər ancaq xətibin müridləri və Əmir İnancın nökərləri idi.

      Bu vəziyyət həm Gəncə xətibinə, həm də Əmir İnanca çox pis təsir bağışladı.

      Əmir İnanc xalqın soyuq münasibətini hiss edincə başını uzadıb Gəncə xətibinin qulağına nə isə pıçıldadı. Bu anda Fəxrəddin də ağzını İlyasın qulağına uzadıb:

      − Müvəffəqiyyət! Müvəffəqiyət! Xalqdakı dönüşü hiss edirsənmi? Bunu haramzadə hakimdə də hiss etdi. Xətibin qulağına, şübhəsiz ki, bu barədə pıçıldadı, – dedi:

      Əmir İnanc xətibin qulağına pıçıldadıqdan sonra xətib təzə səfərbərlik haqqında bir söz danışmayaraq xütbəsini bitirdi.

      Xətib minbərdən yerə düşməmiş əhali hakimi və xətibi gözləməyərək məsciddən çıxdı. Bu hadisə Əmir İnanca və


Скачать книгу