Cinayət və Cəza. Федор Достоевский
Читать онлайн книгу.da acdır. Ağır xəstə olan analığı da ona gün vermir ki, müftə yeyib-içirsən… Mən sərxoş idim, divanda uzanmışdım. Eşitdim, Sonya da ona deyir ki, Katerina İvanovna, yoxsa mən o işə gedim?
Saat altı olardı, Sonya qalxıb yaylığını bağladı, geyinib getdi. Saat doqquzda geri qayıtdı, içəri girən kimi Katerina İvanovnanın yanına gedib stolun üstünə otuz manat pul qoydu. Sonra divana uzandı, üzünü yaylıqla örtüb divara çevirdi. Onun bütün bədəni titrəyirdi. Katerina İvanovna yaxınlaşıb onun ayaqları altında oturdu, ayaqlarından öpdü, sonra qucaqlaşıb yatdılar. O vaxtdan bəri qızım bu yola düşdü. İndi Sonya evə ancaq gecələr gəlir, həm analığına kömək edir, həm də pul gətirir. Özü də çox kasıb və pəltək Kapernaumovun mənzilində bir otaq kirayələyib.
Mən növbəti dəfə İvan Afanasyeviçin yanına getdim. Bir dəfə onu aldatdığıma baxmayaraq, o məni yenə qulluğa götürdü. Çox yaxşı adamdır…Yenə işə girdiyimi, maaş alacağımı biləndən sonra hər kəs qulluğumda durur, mən yatanda barmaqlarının ucunda gəzirdilər. Səhər qaymaqlı qəhvə içirirdilər. Axşam gələndə görürdüm ki, Katerina İvanovna iki cür xörək hazırlayıb. Altı gün əvvəl ilk maaşımı ona verəndə mənə “əzizim” dedi, təsəvvür edirsiniz?
Eh, cənab, bəlkə də, bunlar sizə gülməli gəlir… Düşünürdüm ki, uşaqlara pal-paltar alacağam, qızımı o biabırçı durumdan xilas edib evə gətirəcəyəm. Ancaq gör neynədim? Hiylə işlədib sandığın açarını arvadımdan aldım, maaşdan qalan pulu götürdüm. Budur, beş gündür ki, evdən çıxmışam. İndi evdəkilər məni axtarır, qulluğum da əlimdən çıxdı. Hər şey məhv oldu. Bu gün Sonyanın yanına gedib ondan pul istədim. Olan-qalan otuz qəpik pulu vardı, gətirib verdi. Cənab, indi deyin görüm, mənə yazığınız gəlirmi?
Marmeladov birdən Raskolnikova dedi:
– Gedək, cənab, məni aparın, Katerina İvanovnanın yanına gedirəm, vaxtdır. Saçlarımı yolacağından qorxmuram. Mən onun yalnız gözlərindən qorxuram.
O, Raskolnikova söykənib yeriməyə başladı. Getdikcə onun qorxusu və təşvişi artırdı.
Onlar həyətdən keçib dördüncü mərtəbəyə qalxdılar. Pilləkənin sonundakı his basmış, balaca qapı açıq idi. Yanan şam qırığı uzunluğu on addım olan otağı güclə işıqlandırırdı. Otaq çox tör-töküntü idi. Otaqda cəmi iki stul, üzü cırıq-cırıq divan, qabağında şamağacından düzəldilmiş köhnə mətbəx stolu vardı.
Amaliya Lippevexzelin mənzili qəfəs kimi xırda-xırda otaqlara bölünürdü. Onun mənzilindən çığır-bağır, gülüş səsləri gəlirdi.
Boylu-buxunlu, yaraşıqlı, lakin xəstə simalı, üzgün və solğun Katerina İvanovna Marmeladovun tayı deyildi. Raskolnikovla ərinin gəldiyini görmədi. Sanki huşu özündə deyidli.
Marmeladov qapının astanasında dizləri üstündə yerə çökdü. Raskolnikovu isə qabağa itələdi. Katerina İvanovna ilk dəfə gördüyü adamın qarşısında dalğın halda dayandı. Elə zənn etdi ki, bu adam da o biri otaqlardan birinə keçir, çünki o biri otaqlara onun otağından keçirdilər. Ona fikir verməyib dəhlizin qapısını örtmək istəyəndə ərini görüb çığırdı:
– Qayıtdın? Bəs pul hanı? Paltar da o paltar deyil, hanı paltarın? Pullar hanı?
O, ərinin ciblərini axtardı. Bir qəpik də pul yox idi.
– Aman Allah! Pulların hamısını içkiyə vermisən? Axı sandıqda on iki manat pul qalmışdı!
Katerina İvanovna ərinin saçından tutub sürüməyə başladı. Uşaqlar qorxudan tir-tir əsir, ağlaşırdılar. Yazıq arvad ümidsiz halda fəryad edirdi:
– İçkiyə qoyub hamısını! – Uşaqları göstərib: – Axı bunlar acdır! – dedi.
Birdən o, Raskolnikovun üstünə qışqırdı:
– Sən də bununla içirdin, hə? İtil buradan!
Raskolnikov heç nə demədən aşağı düşdü. Əlini cibinə salıb xırdaladığı son manatlıqdan qalan xırda pulları pəncərənin qabağına qoydu.
III
Gecə pis yatmışdı. Ertəsi gün yuxudan qanıqara ayılıb otağına göz gəzdirdi. Qəfəs kimi balaca otağı çox səliqəsiz idi. Son günlər çox pintiləşmiş, səliqədən düşmüşdü. Qulluqçu qadın otağı təmizləməyə gələndə acıqlanır, əsəbiləşirdi. Mənzil sahibəsi iki həftə idi ki, ona yemək vermirdi. Ev sahibəsinin yeganə aşpazı və qulluqçusu Nastasya, Raskolnikovun da ev işini görürdü. İndi də onu yuxudan qulluqçu oyatdı.
– Dur ayağa, saat ondur. Çay gətirmişəm.
O, ağır-ağır xəstə görkəmlə taxtdan qalxdı.
– Ev sahibəsi göndərib?
– Haradan!
Nastasya çatdaq çaydanı, iki parça da saralmış qəndi onun qabağına qoydu. Raskolnikov ona bir neçə qara pul verib dedi:
– Xahiş edirəm, get mənə bir sayka1 al, bir kolbasa, amma ucuzunu.
– Ev sahibəsi səndən polisə şikayət etmək istəyir, ev kirəsini vermirsən. Əvvəllər dərs deyirdin heç olmasa, indi heç bir iş görmürsən.
– Fikirləşirəm.
– Fikirləşəndə çox pul qazanırsan?
– Dərs deməyə qəpik-quruş verirlər. Cəhənnəm olsun hamısı!
– Qudurğanlıq eləmə! Sən birdən-birə varlanmaq istəyirsən? Hə, dünən sənə bir kağız gəlib. Kimdən olduğunu bilmirəm.
– Gətir görüm! – Raskolnikov həyəcanlandı.
Nastasya məktubu gətirdi, anasından idi. Nastasya gedən kimi o, məktubu öpdü. Sonra asta-asta açıb oxumağa başladı:
“Əzizim Rodya! İki aydır ki, səninlə məktublaşmıram. Məni günahlandırma, bilirsən ki, səni nə qədər istəyirəm. Sən bizim yeganə ümidimizsən. Biləndə ki imkansızlıqdan bir neçə aydır universiteti buraxmısan, dərs də demirsən, çox pis oldum. Təqaüdlə sənə kömək edə bilmirəm. Dörd ay bundan əvvəl sənə göndərdiyim on beş manatı Afanasi İvanoviç Vaxruşindən almışdım. Yaxşı adamdır, vaxtilə atanla dost olub. İndi borcumu qaytarmışam deyə sənə pul göndərirəm. Bacın əzablardan qurtulub, indi bir yerdəyik. Olanları səndən gizlədirdim, ancaq indi hər şeyi danışacağam. Əgər hər şeyi sənə yazsaydım, iş-gücünü atıb yanımıza gələrdin. Duneçka keçən il Svidriqaylovların evinə mürəbbiyə gedəndə qabaqcadan yüz manat almışdı. Borcunu hər ay aldığı maaşdan çıxırdılar deyə işdən çıxa bilməzdi. Aldığı pulun altmış manatını sənə göndərmişdi, ancaq sənə yazmışdıq ki, öz yığdığı puldandır. Cənab Svidriqaylovun arvadı və evindəkilər Dunya ilə nə qədər nəzakətli davranırdılarsa, özü bir o qədər kobudluq edir, qızı incidirdi. Demə, bu axmaq, qıza vurulubmuş, əslində, bunu gizlətmək istəyirmiş. Axırda dözə bilmir, alçaq niyyətini açıb qıza deyir. Ona cürbəcür hədiyyələr alır, onu başqa bir yerə aparacağını vəd edir. Bir gün bağda yalvara-yalvara Dunyaya öz alçaq niyyətini söyləyəndə Marfa Petrovna eşidib yanlış anlayır. Həngamə qopur, Marfa Petrovna
1