Hekayələr. Cəlil Məmmədquluzadə

Читать онлайн книгу.

Hekayələr - Cəlil Məmmədquluzadə


Скачать книгу
Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Bir tikə un gətirmişdim. Hələ indiyə kimi də qalıb burda. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtdı, qoy nökər gəlsin bu çuvalları götürək qoyaq evə, yağış-zad yağar, un islanar.

      – Yox, Noruzəli, sənin işin yoxdu… De, de, sonra necə oldu?

      – Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim durdum bir az kənarda. Əvvəl istədim qayıdıb gəlib səndən soruşum, sonra, doğrusu, qorxdum mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Noruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz, çömbəldim divarın dibində ki, bir az yornuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım, soruşum ki, desin görək, bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi, heç zalım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmışdı, bir urus arvadı tez-tez gəlib qutuya yavuqlaşıb, bir kağız saldı, qoydu getdi. Ta indi mən bir az ürəkləndim, ta dedim vallah görükən budu ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib cürətnən getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm, gəlim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istiyir qutuya kağız salsın. Amma gördüm, xeyr, lotunun fikri özgədi, qutunun yanından sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın… Xan çox başağrısı verirəm, məni bağışla, oğlana buyur, gəlsin məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm.

      – A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm, sonra necə oldu?

      – Bəli, başına dolanım, xan, qurban olsun sənə mənim yetim-yesirim! Sənsiz mənim bir günüm olmasın!.. Bəli, gördüm ki, hərif utanmaz-utanmaz kağızları qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna! Qutunun qapısını örtüb, istədi, düzəlsin yola. Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötrü kağızları bura salmıyıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim, Noruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı? Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır.

      – Hələ tələsmə, gedərsən… Sonra necə oldu?

      – Qoy görüm harada qaldım… Ədə, qoyma, qoyma, ulağ tənəkləri sındıracaq.

      Noruzəli istədi, qaçsın ulağın yanına, xan qoymadı.

      – Noruzəli, getmə, hələ getmə. De görüm, sonra necə oldu?

      – Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim, barı mənim xanımın kağızını ver. İllah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzüüstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından soldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın, məni indi çoxdan göndərmişdilər Sibirə, çünki damda məndən savayı bir neçə dustaq vardı, mənə dedilər ki, o urus qulluq adamıdı. Ta… mən neyləyim? Xan, başına dolanım, di gör günah kimdədi?

      Xan çox güldü, çox qah-qah çəkib güldü.

      Hava qaranlıqlaşmışdı. Noruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə.

      Üç gündən sonra xana İrəvandan teleqraf çıxdı ki, kağızın yetişib və otaqlar hazırdı. Xan yığışıb getdi İrəvana.

      Ay yarımdan sonra Noruzəlini divana gətirib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər, amma Noruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi, ancaq bu xəbər İrəvanda Vəli xana çatdı. Xan bir qədər fikir elədi.

      Saqqallı uşaq

      Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir. Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu, ondan ötrü ki, həyə sən yaxşı uşaqsan və könlün məşq eləmək istəyir, götür kağız-qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.

      İndi keçək nağılımıza.

      Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyillər, çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib; deyəsən, bir heyvan başıdır, qulaqları da, deyəsən, var, bir-iki ayağı da var, altında beş dəfə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı, kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz.

      Xoşuma gəlmədi, çağırdım uşaqları:

      – Ədə, genə divarları yazırsınız?

      Üçü gəldi durdu yazının qabağında.

      – Hansınız yazmısınız?

      Üçü də dandı.

      – Elədə pəs şeytan yazıb?

      – Dədə, vallah, mən yazmamışam.

      – Dədə, mən də yazmamışam.

      Balaca Qurban da: “Mən yazmamışam” – deyə-deyə əllərini üzünə qoyub ağlamağa başladı.

      Mən deyinə-deyinə bir əsgi tapıb yazını təmizlədim və deyinə-deyinə çəkildim getdim. Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi: – Sən yazmısan, Teymur da Heydərə deyirdi: – Sən özün yazmısan.

      Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki bir böyük xəbər gətirib.

      – Dədə, o yazını Heydər yazıb, vallah, dədə, Heydər yazıb.

      Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-ata elə hirsnən cavab verdi ki, az qalırdı, əllərini soxa uşağın gözünə. Mən acıqlandım və üçü də sakit olub istədilər gedələr, mən onları saxladım və bunu dedim:

      – Mən sizdən o qədər divarı yazmağınızdan ötrü incimirəm, nə qədər ki sizin danmağınıza inciyirəm, sizin qorxudan yalan danışmağınıza inciyirəm. Ona inciyirəm ki, söz yox, divarı yazan üçünüzdən birinizdi, amma üçünüz də and-aman eləyirsiniz ki, siz yazmamısnız. Pəs sizdən


Скачать книгу