Hekayələr. Ömər Seyfəddin

Читать онлайн книгу.

Hekayələr - Ömər Seyfəddin


Скачать книгу
Qəsəbəyə həkim dalınca at göndərildi. Həkim Həsəni müayinə edib "Difteriya" dedi. Tarlada çalışan kəndli qadınlar evə tökülüşdülər. Cürbəcür quşlar gətirir, kəsib qardaşımın boynuna sarıyırdılar. Atam yastığın yanından heç ayrılmırdı.

      Dadaruh çox susqun, fikirli idi. Pərvin hönkür-hönkür ağlayırdı.

      – Niyə ağlayırsan? – deyə soruşdum.

      – Qardaşın xəstədir.

      – Yaxşılaşar da.

      – Yaxşılaşmayacaq.

      – Bəs nə olacaq?

      – Qardaşın öləcək! – dedi.

      – Öləcəkmi?

      Mən də ağlamağa başladım. O, xəstələnəndən bəri Pərvinin yanında yatırdım. O gecə gözümə yuxu getmədi. Mürgü aparar-aparmaz Həsənin xəyalı gözümün önünə gəlir, "İftiraçı! İftiraçı!" deyə qarşımda ağlayırdı.

      Pərvini oyatdım.

      – Mən Həsənin yanına gedəcəyəm, – dedim.

      – Nə üçün?

      – Atama bir şey söyləyəcəyəm.

      – Nə söyləyəcəksən?

      – Qaşovu mən qırmışdım, onu söyləyəcəyəm.

      – Hansı qaşovu?

      – Keçənilki. Həsənə atamın acığı tutmuşdu…

      Sözümü tamamlaya bilmədim. Dərin hıçqırıqlar içində boğulurdum. Ağlaya-ağlaya Pərvinə danışdım. İndi atama söyləsəm, Həsən də eşidəcək, bəlkə, məni bağışlayacaqdı.

      – Sabah söylərsən, – dedi.

      – Xeyr, indi gedəcəyəm.

      – İndi atan yatıb, səhər açılanda söylərsən. Həsən də yatıb. Onu öpərsən, ağlarsan, səni bağışlar.

      – Yaxşı!

      – Di yat!

      Səhərə qədər yenə gözlərimi yuma bilmədim. Səhər açılar-açılmaz Pərvini oyatdım. Qalxdım. Mən içimdəki vicdan əzabını yüngülləşdirmək üçün tələsirdim. Amma heyhat… Nə yazıq ki, zavallı, günahsız qardaşım o gecə ölmüşdü. Divanda oturmuş molla ilə Dadaruhu ağlarkən gördük. Atamın otaqdan çıxmasını gözləyirdilər.

      FON SƏDRİŞTAYNIN ARVADI

      O gün İstanbulda qalsam da, heç bir iş görə bilməyəcəkdim. Müdhiş, acı, izahı mümkün olmayan növbəti bir sinir yorğunluğu yenə məni yerimdə qıvrıldırdı. Bu qorxunc halı bilməyənlər nə qədər məsuddurlar! İnsanın birdən-birə bütün ümidləri, bütün zövqü, bütün sevinci qeyb olur. Gözünün önündə həyat, hava, üfüq, hər şey qaranlığa bürünür. Dostlar düşmən gözündə görünür. Sevgililərdən nifrət edilir… Mən bax bu sinir yorğunluğu deyilən atəşsiz cəhənnəmin içinə düşüncə özümü çöllərə atıram. Tənha kolluqlar, sevinc dolu keçmişə bənzəyən kölgəli yollar, ötən bir səadətin canlı xatirələri kimi budaqlarda uçuşan quşlar mənə ilahi bir təsəlli verir; yüngülləşirəm. Beynimdəki ağırlıq yumşalır. Gicgahlarımın atəşi sönür.

      O gün yenə belə pərişan bir halda idim. Yüngülləşmək, beynimdəki qranit ağırlığı yumşaltmaq, başımın qaynayan hərarətini söndürmək üçün bir Boğaziçi vapuruna hoppanıb mindim. Bahar fəsliydi. Sərin külək əsir, vapur irəlilədikcə ağlım başıma gəlir, eynim açılırdı…

      Göyərtədəydim; bəyaz, çəhrayı, bənövşəyi rənglərlə boyadılmış imarətlərə, yaşıl kolluqlara, mavi təpələrə baxırdım. Gözlərimdəki qırmızı qaranlıq silindikcə qulağım da eşitməyə başladı. Dizlərimdə, biləklərimdə, çiyinlərimdə yorğun ağrılar hiss edir, sinədolusu gərnəşmək istəyirdim. Bir az dikəldim. Başımı sağa çevirdim; yanımda oturmuş iri, qıpqırmızı bir alman kişi qar kimi ağ, kətan dəsmalla tərini silirdi. Bir-birinin üstünə aşırdığı qıçlarına, iri dizlərinə, toxunulsa qan fışqıracaqmış kimi görünən kök əllərinə baxdım. Sonra gözlərimi saralmış əllərimə, spazm vermiş dizlərimə çevirərək:

      – Ah, gör nə gündəyəm!.. – dedim.

      Həm də qeyri-ixtiyari olaraq düşünməyə başladım. Bax, bu, damarları möhkəm, qüvvətli, irigövdəli bir bəxtəvərdi! Kim bilir necə gözəl yeyir, necə iştahla içir, nə qədər asanlıqla həzm edirdi. İncə jaketinin üzərindən iri vücudunun qabarıqlığı bəlli olur, sağ cibində bir neçə qəzetin burması görünürdü. Yaddaşımın bir röya qədər rabitəsiz, intizamsız səhifələrini vərəqləyərək Almaniyanı, almanların sağlamlığını, səadətini, fərəhlərini xatırlayırdım. Bu necə bir ölkədi! Xalqı da qüvvətli, intizamlı, məsuddur!..

      Bax, bu yanımdakı, eynilə növbə gözləyən bir əsgərdi. Mülki libas geymiş bir əsgər… Dəsmalını qatladı. Böyük bir intizamla iki qat, dörd qat, səkkiz qat, nəhayət, on altı qat etdi. Cibinə qoydu. Qəzetini oxumağa başladı. Vapur bir az sonra bir sahil körpüsünə yanaşırdı. Düşməyə hazırlaşanlardan bir türk bu can və qan abidəsinə doğru gəldi. Arsız bir türkcə ilə:

      – Vay, fon Sədriştayn!.. – deyə hündürdən səsləndi, – hara belə?

      – Tarabyaya…

      – Xeyir ola?

      – Almaniyadan bizimkinin bir qohumu gəlib. Onun ünvanını öyrənəcəyəm.

      – . . .

      Türkcə o qədər gözəl danışırdı ki, insan vücudunu, üzünü görməsə, adını eşitməsə, şivəsinə aldanacaq, türk sanacaqdı. Vapur təkrar qalxdı. Alman, qəzetini oxumaqda davam etmədi. Dəsmalı kimi diqqətlə qatlayıb cibinə qoydu. Sahilə baxmağa başladı. Bilmirəm necə oldu, nəzərlərimiz bir-birinə çarpdı. Mavi, iri, bir az qanlı alman gözləri… Fəqət o qədər sevimli, o qədər xoş ki…

      Mən arxamdan belə birisinin mənə baxdığını hiss edəndə, rahatsız oluram. Hər kəs mənim kimidirmi – bilmirəm! Artıq bənövşəyi təpəli, bəyaz zolaqlı, cənnət sahillərə baxa bilmir, almanın gözlərini üzərimdə hiss edirdim. Bəli, mənə baxırdı. Hissimdə yanılmamaq üçün yavaşca gözlərimi çevirdim. Dərhal onun gözlərini gördüm; gülürdü. Ağzıyla deyil, bütün üzüylə, bütün vücuduyla gülürdü:

      – Məni tanıya bilmədinizmi? – dedi.

      – Xeyr… – dedim.

      – Halbuki mən sizi tanıdım.

      – Yanılırsınız, cənab, – deyə gülümsədim, – mənim heç bir alman tanışım yoxdur.

      – Mən alman deyiləm.

      – Necə yəni?..

      – Türkəm…

      – Axı adınız…

      – Hə, adım, – deyə sözümü kəsdi, – bayaq mənimlə danışan gəvəzədən eşitdiniz. Fon Sədriştayn, deyilmi? Bu mənim adım deyil, ləqəbimdir. Mənim adım Sədrəddindir. Çox zəifləmisiniz, amma yenə sizi tanıdım. Mən sizin sinif yoldaşınızam.

      Diqqətlə təkrar üzünə baxdım. Xeyr, xeyr… Yanılırdı! Mən


Скачать книгу