Hekayələr. Cəfər Cabbarlı
Читать онлайн книгу.Aslana verdi ki, orada öz qardaş və bacısını sakin eləsin. Hacı həmişə də xörəkdən artıq qalanları və bəzi bu tövr şeylərlə onları saxlayırdı. Aslan isə can-dildən Hacıya xidmət edirdi. Yeməklərindən əlavə ayda beş manat da Aslana verirdi ki, özü üçün gizlətsin. Aslan gecə-gündüz səy edir, çalışırdı, Hacı isə bunu görüb onlarla daha da gözəl müamilə edirdi. Fərhad və Züleyxa balaca Aslanın zəhməti sayəsində dolanırdı.
Bu vaxtdan on il keçdi. Aslanın məvacibi bir qədər artmışdı. Fərhadı isə Hacı məktəbə qoymuşdu; iki il qalmışdı ki, gimnaziyanı qurtarıb instituta girsin, oxuyub mühəndis olsun. Aslan isə əziz və bu qədər zəhmətlə saxladığı qardaşının dörd və ya beş ildən sonra mühəndis olub gələcəyini xəyalına gətirəndə şadlığından ağlayırdı və həmişə dua edirdi ki, ilahi, hər bəla ki ona gələcək, mənə gəlsin, çünki o, anamın əmanətidir…
Züleyxa böyüdükcə gözəlləşirdi; yanaqlarında olan qızartı, səhər vaxtı gün çıxmamış şərqdə göy üzünü bürüyən zərif qızartıdan daha gözəl, daha xoş idi. Hələ qızılgül yarpaqları kimi təravətli və ondan daha qırmızı olan, qanı axar dərəcəsinə qədər zərif olan dodaqları insanı badeyi-məhəbbət kimi bihuş edirdi.
Hacı Saleh qızı böylə camal sahibi görüb, oğlu Əsgərə təklif etdi ki, Züleyxanı alsın. O isə Züleyxanın sərvi-qamətinə, bulud kimi bürünən qara saçlarına çoxdan vurulmuşdu. Züleyxanın iri, qara gözləri kimin üzünə gülsəydi, onu əfsunlamazdı? Amma Əsgərin Aslandan çox acığı gəlirdi: o, çalışqan olduğuna görə atasının ona olan məhəbbətinə həsəd edirdi. Hər tövrlə olursa çalışırdı ki, onu evdən rədd etsin. Lakin atası onun sözünə baxmırdı. Züleyxanın da məhəbbəti qoymurdu ki, Aslana bir söz desin. Aslan nə qədər səy eləyirdi ki, Əsgərin hüsn-rəğbətini qazansın, mümkün olmurdu. Hacı Saleh çox çalışırdı ki, oğlunu oxutsun, ancaq Əsgər şarlatanlıqdan əl çəkib oxumadı. Nəhayət, Hacı, Züleyxanı almağı ona təklif etdi. Əsgər məmnuniyyətlə razı oldu. Hacı bu işi Aslana söylədikdə, Aslan bacısının dövlətli evində bəlkə xoşbəxt olacağını zənn edib, bacısına xəbər verdi. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis rəftarını görüb, Əsgəri sevmirdi. Lakin qardaşının xahişinə əməl etməyə məcbur oldu; zira, görürdü ki, qardaşının hər bir işi Hacının əlindədir. “Bəlkə bu, qardaşımın da dolanacağına təfavüt elədi”, – deyə xah-naxah razı oldu.
Bir az keçmədi ki, Züleyxa gəlin gedib Əsgərin arvadı oldu. Hacının Aslana olan məhəbbəti daha da artdı. Amma Əsgərin Aslana olan münasibəti get-gedə pisləşirdi. Ola bilsin ona görə ki, qorxurdu bəlkə atası Aslanı da onunla öz malına şərik elədi.
Çox keçmədi, Hacı vəfat etdi. Əsgər iki gündən sonra Aslanı evindən çıxartdı. Aslan isə naçar öz qardaşını götürüb bir balaca ev tutub, orada sakin oldu. Züleyxa ərinə nə qədər yalvardısa da Aslana kömək etsin, Əsgər deyinib ona acıqlanırdı. Züleyxa bir tərəfdən ərinin rəftarını, digər tərəfdən qardaşının zəlalətini görüb, gün-gündən sınıxırdı. Aslanın indi bir qədər pulu var idi, Fərhad oxuduğu üçün ona xərcləyirdi.
Lakin bir qədər pulla alış-veriş etdi. Amma get-gedə pulu azalırdı: o qədər ki, Fərhad ondan pul alırdı, o gərək dövlətli olaydı ki, buna davam gətirəydi, ancaq Aslan deyirdi: “Canımı da istəsə, onun yolunda qoyaram. Oxuyur, qoy oxusun, qurtarsın, sonra o mənə kömək edər”.
Amma Fərhad daha əvvəlki kimi dərsinə səy edib həvəslə oxumurdu. Məktəbin axırıncı sinfində idi ki, yoldaşları bir-iki dəfə onu güclə bulvara, bağa və bəzi yaramaz yerlərə apardılar. Fərhadı bir neçə qızla tanış etdilər. Əvvəlləri Fərhad çox fikir verməyib qızları başından rədd etmək istəyirdi. Amma sonradan yavaş-yavaş ürəyində elə bir hiss oyandı ki, daha özünü saxlaya bilməyib, o hissə tabe olmağa məcbur oldu. Şəhvət hissi Fərhadın ürəyində bir dərəcəyə çatdı ki, tamam dərs, məktəb nəzərindən qeyb oldu.
Əvvəlləri Fərhad qardaşının çəkdiyi zəhmətləri, onun üçün çalışmasını görüb, ürəyində deyirdi: “Mühəndis olan kimi qardaşımın başının altına bir qu balış qoyub, heç bir işə onu əl vurmağa qoymayacağam. Mən qazanacağam, o yeyəcək. Bəlkə bu tövrlə onun xəcalətindən çıxam”. Qardaşının güzəran üçün çətinlik çəkdiyini görüb utanardı. Amma indi tamamilə dəyişmişdi. Qardaşının etdiyi yaxşılığı unutmuşdu. Fikrində bulvar qızlarından başqa bir şey yox idi. Məktəbə gəlir, bir tövrlə bir saat oturursa, az qala bağrı çatlayırdı. Tez durub özünü bulvara salır, gah o qızın, gah bu qızın dalınca düşürdü. Gündə də gəlib Aslana deyirdi ki, mənə filan şey lazımdır… bir beş manat ver, filan şey üçün də on manat lazımdır…
Aslan da hər gün öz fəhləliyində olub, Fərhadın işindən xəbəri yox idi. Ancaq dərs pulu, kitab pulu verirdi. Bir vaxt Aslan gördü ki, qəpik pulu qalmayıb. Lakin o, qardaşının başqaları yanında xəcalət çəkməsini istəmirdi. İndi o, daş işində işləyir, gecələri isə evə gəlib özünə və qardaşına xörək hazırlayırdı. Fərhadın isə ürəyi elə bərkimişdi ki, gündə qardaşının qazandığını, “Mənə filan şey lazımdır”, – deyə alıb xərcləyirdi. Ömründə bir dəqiqə rahatlıq görməyən Aslan Fərhada güldən ağır söz demirdi. Onu görəndə, ürəyində olan dərdlərə baxmayıb, yalandan da olsa gülümsəyirdi ki, qoy Fərhadın ürəyi şad olsun. Bu zəhmətkeş insan həmişə çalışır, amma Fərhad onun əməyini puç edirdi. Şəhvət hissi Fərhadı tamamilə çaşdırmışdı.
Bir gecə Fərhad bir başqası ilə bir qızın dalınca düşüb tanış olmaq istədilər. Qız onlara dedi ki: “Altmış manata bir üzük var, hansınız onu mənim üçün alsanız, onunla tanış olaram”. Fərhad tez evə gəldi. Bu vaxtı Aslan özü və qardaşı üçün xörək bişirirdi. Öz fəqirliyini düşünüb çəkdiyi zəhmətlərdən inləyirdi. Amma Fərhadın mühəndis olacağı yadına düşəndə, sanki gözlərinə işıq gəlirdi: “Barı o mənim kimi hambal olmaz, bir parça çörək sahibi olar”.
Aslanın bir fəxri vardısa, o da Fərhaddı. Hara getsə, kimi görsə, Fərhadı tərifləyirdi. Amma Fərhadın yaramaz hərəkətlərə qoşulması heç yuxusuna da girməzdi. O heç güman edə bilməzdi ki, Fərhad onun bu qədər zəhmətini görüb, belə pis işlərin yanından da keçsin.
Fərhad evə çatanda üz-gözünü turşudub, bir tərəfdə oturdu. Aslan Fərhadı pərişan görüb nə olduğunu soruşdu. Fərhad bilirdi ki, Aslan onun halını mütəğəyyir görüb tez soruşacaq. Ona görə də özü bir söz deməyə hacət görmürdü.
Fərhad Aslanın sualına cavab vermədi. Aslan dübarə soruşdu:
– Qardaşım, nə olub? Halın niyə pərişandır?
Fərhad yalandan üz-gözünü daha da yığıb dedi:
– Mənə bir mühəndis dəzgahı lazımdır ki, qiyməti altmış manatdır, hərgah bu gecə ondan alıb aparmasam, məni məktəbə qoymayacaqlar. İndi bu saat da məktəbdən gəlirəm.
Aslanın ürəyi inlədi. Bu saat heç bir qəpiyə də gümanı yox idi. Gündə bir manata işləyən adamın altmış manat pulu tapılarmı? Onsuz da bu qədər xərc-məxaric… Hələ 15 gün olmaz ki, Fərhad gəlib yalandan demişdi ki: “Məni sabah paltarsız məktəbə qoymayacaqlar, təzə qanun çıxıb ki, gərək paltarların