Hekayələr. İsi Məlikzadə

Читать онлайн книгу.

Hekayələr - İsi Məlikzadə


Скачать книгу
“Əziz ata, sənə bu qədər də ömür arzulayıram. Hədiyyəni göndərəcəm. Səni hədsiz sevən qızın Maya”. Oğlan teleqramı oxuyandan sonra atasının sualına cavab verdi:

      – Lida növbədədir, papa, xəstəxananı qoyub gələ bilməz. İndi nizam-intizam məsələsinə ciddi fikir verirlər, həkimin həddi nədir ki, növbəni buraxıb beşcə dəqiqəliyə harasa getsin.

      Mirzə gözlərini televizorun ekranına zilləsə də, orda heç nə görmürdü, elə hey başını yelləyirdi. Qəbri nurla dolsun Ninanın, özü həkim idi, istəyirdi ailədə hamı həkim olsun. Arzusuna çatdı: oğlunu da həkim elədi, qızını da… Xoşbəxtlikdən gəlin də həkimdir. Həkim çox, amma dərd-sər yenə azalmır, Mirzənin canı yenə ağrıyır, Mirzə günü-gündən qocalır.

      Kişi köks ötürüb pıçıltı ilə dedi:

      – Belə-belə işlər, Anatoli Mirzəyeviç.

      Anatoli atasının sözlərini başqa yerə yozdu.

      – Sən Lidadan incimə. – dedi. – Lida sənin xətrini çox istəyir. Sabah növbədən çıxan kimi gələcək səni təbrik eləməyə. – Deyəsən, atasının bugünkü ovqatı, xəstə görkəmi, tənhalığı Anatolinin qəlbini ağrıtdı. Oğlan kişinin ağarmış qaşlarına baxıb, yüngülcə ah çəkdi, onun çiynini sığallaya-sığallaya, uşaq ovundururmuş kimi, mülayim səslə danışdı: – Elə bilmə ki, övladların qədirbilməzdilər. Yox, papa, biz sənin yolunda ölümə də gedərik. Neynəyək ki, hamının başı qarışıqdı, hərənin öz qayğısı, vacib işləri var. Sən heç Mayadan da küsmə; bu qarda-boranda üç yüz kilometr yolu necə gəlsin? Körpə uşaqları var, əri hərbçidir, buraxmırlar, axı.

      Oğlunu mütəəssir eləməmək üçün Mirzə gülümsəmək istədi, ancaq təbəssümü dodaqlarının cəvcəsində3 donub qaldı və Anatoliyə elə gəldi ki, atası ağlamsınır. Oğlu atasının çiynini qucaqladı. İstədi desin ki, “ayıb deyil?”, ancaq bircə kəlmə:

      – Papa! –dedi.

      Mirzə toxtaq səslə:

      – Get, doktor, – dedi, – uşaqlar evdə təkdirlər.

      Anatoli atasının o üzündən-bu üzündən üç dəfə öpüb getdi.

      Otaq soyuq olmasa da, Mirzə hiss elədi ki, üşüyür, çiynindəki yun şala bərk-bərk büründü. Təzədən baş qaldırıb uğultu-çığırtı ilə özünü daş binalara çırpan hikkəli-qəzəbli küləyin səsinə qulaq asa-asa fikirləşdi ki, bu dünyada insanın yaşamaq, yaratmaq, əlləşib çarpışmaq borcundan savayı bir məcburi, mütləq borcu da var: ölmək! Deyəsən, vaxtdır axı…

      Mirzə qalxıb televizoru söndürdü, ayaqlarını parket döşəmədə sürüyə-sürüyə pəncərənin önünə gəldi. Alaqaranlıq çöldə ağ toz kimi sovrulan qarı görəndə yun şala daha da bərk bürünüb fikirləşdi ki, belə havada ölüb camaata əziyyət vermək heç insafdan, kişilikdən deyil. Bu an elə bil ürəyinin hansı guşəsindəsə bir şam yandı və bu şam onun yaddaşının zülmətində qalmış uzaq illərin üstünə şəfəq saldı. Mirzə “inqə” çağırıb dünyaya göz açdığı, nə vaxtsa torpağında ayaqyalın gəzdiyi, çəməninin şehində, göyünün yağışında islandığı, bağ-biyabanlarında gəranayladığı diyarı yüngül, işıqlı bir yuxu kimi xatırladı. İndi martın axırıdır, yəqin orada ağaclar çiçək açıb, havadan ətir qoxusu gəlir, quşlar budaqdan-budağa qonub cəh-cəh vururlar, gecələr çaylarda, gölməçələrdə qurbağalar tənbəl-tənbəl quruldayıb adama mürgü gətirirlər.

      O gecə Mirzənin yuxusu ərşə çəkildi. Mirzə gözlərini yuman kimi çiçək açmış ağacları, yamyaşıl çölləri gördü, quşların mahnısını, qurbağaların qurultusunu eşitdi. Ömrünün əlçatmaz, ünyetməz çağlarında qoyub gəldiyi torpağın ətri dəydi burnuna. Heç olmasa, bircə dəfə üzünü o torpağa sürtmək, canında o torpağın hərarətini duymaq arzusu ilə ürəyinin başı göynədi. Yadına bir bayatı düşdü:

      Əzizim, vətən yaxşı

      Geyməyə kətan yaxşı,

      Gəzməyə qərib ölkə,

      Ölməyə vətən yaxşı.

      Bu nədi, görəsən? Mirzənin ürəyinin hansı guşəsində yatıb qalmışdı bu bayatı? Qırx ildə bircə dəfə də dilinə gəlməmişdi. Bu sözləri kim qoşub, kim deyib belə? Yəqin ki, qürbətdə ölüm ayağında olanlar! Qürbətdə olmayan adam hardan bilər ki, “ölməyə vətən yaxşı!”

      Bu fikirlər də, bu fikirlərin gətirdiyi ağrılar da Mirzə üçün xoş idi. Mirzə xəyalən körpəliyinə, gəncliyinə, işıqla, günəşlə dolu çağlarına qayıdırdı və bu qaranlıq otaqda Mirzənin ovqatı yavaş-yavaş yaxşılaşırdı. O işıqlı, günəşli çağlarına dönəndə Mirzə tanış, doğma sifətlər içində cizgiləri güclə sezilən alatutqun bir sifət də gördü. Mirzənin gözlərinin qabağında sanki duman pərdəsi vardı. Bu ağımtıl pərdə get-gedə aydınlaşdı, durulaşdı və Mirzə kinə rəngində, dəmrovlu bir sifət gördü, iri, yorğun gözlər gördü: dipdiri Həsən idi, durmuşdu Mirzənin qarşısında. Bu Həsən kimdir belə, bu Həsən hardan çıxdı? Mirzənin yaddaşının hansı ilməsində qalıb bu Həsən?

      Həsən rayona bitişik kənddən idi, orda altı il oxuyandan sonra, nədənsə, çıxıb gəlmişdi rayon mərkəzindəki məktəbə, yeddincini burda, Mirzəgillə bir sinifdə oxuyurdu. Bəlkə ordan bezdirib qaçırtmışdılar, bəlkə də başqa səbəb vardı – bunu heç kim bilmirdi, heç kim də Həsəndən soruşmurdu. Həsən o qədər yolu hər gün piyada ölçərdi, dərsə bircə dəfə də gecikməzdi. Sakit, arıq oğlan idi. Əyin-başı nimdaş olsa da, təmiz idi. Qədək4 şalvarı, deyəsən, tez-tez yuyulduğundan həm soluxmuşdu, həm də daralıb gödəlmişdi. Çox vaxt tənəffüslərdə partanın arxasından çıxmırdı, elə bil şalvarının bozluğundan, yöndəmsizliyindən utanırdı. Həmişə yorğun, yuxulu görünürdü. Baxışlarında, nədənsə, bir ürkəklik vardı. Həsən pis oxuyurdu. Onun bircə dəfə də dərs danışdığını bu sinifdə görən olmamışdı. Heç kim Həsənlə yaxınlıq eləmirdi, o da heç kimin işinə, söhbətinə qarışmırdı. Sanki sinifdə Həsən adlı oğlan yox idi. Mirzənin arxasındakı partada oturardı Həsən. Mirzənin sağ yanındakı partada isə alagöz, sarışın bir qız oturardı; adı ya Çiçək idi, ya Göyçək… Bu alagöz, sarışın qız Mirzəyə yaman baxardı. Hərdən gülümsəyə-gülümsəyə elə baxardı ki, Mirzə lap utanardı.

      Bir gün coğrafiya dərsində Qeysər müəllim əlini xəritənin üstündə gəzdirə-gəzdirə uşaqlara nəyisə başa salmağa çalışırdı. Alagöz, sarışın qız ona qulaq asmırdı, qızın diqqəti Mirzənin yanında idi. Qeysər müəllim bunu görəndə danışığını kəsib qıza tərs-tərs baxdı. Həsən qızı xəbərdar eləmək istədi, “üzünü o yana döndər” dedi. Sarışın qızın qaşlarının ortası düyünləndi və Mirzə dilxor oldu. Həsən belə deməməliydi. Həsən heç cınqırını da çıxartmamalıydı, Həsən kimdir, nə karadır ki, bu göyçək qızı pərt eləyir? Mirzənin ürəyində qəribə bir hiss baş qaldırdı: təəssübkeşlik hissi deyildi bu, üstünlüyünü sarışın qıza və bütün sinfə bildirmək istəyi idi, Mirzənin ağlını yerindən oynadan yalançı qürur idi. Mirzə


Скачать книгу

<p>3</p>

Cəvcə– ağızın küncü

<p>4</p>

Qədək– pambıqdan toxunma sadə və ucuz parça, tünd göy rəngə boyanmış bez