Spartak. Рафаэлло Джованьоли
Читать онлайн книгу.və onun dostlarına baxırdı. Birdən onun rəngi kətan kimi ağardı, qışqıraraq Spartaka sarı yürüdü:
– Spartak, bu sənsən?!
Spartak böyük həyəcanla qıza baxıb qışqırdı:
– Necə?.. Sənsən? Mirtsa?.. Mənim bacım!
Qardaşla bacı bir-birini qucaqlayıb bağrına basdı. İlk mehribanlıq həyəcanından sonra Spartak birdən bacısını özündən kənara çəkdi. O, həyəcanla dilləndi:
– Sən?.. – O, qızı nifrətlə itələdi: – Sən ki…
Mirtsa ağlayaraq çığırdı:
– Mən qulam!.. Ağam əclaf adamdır!.. O, közərmiş dəmirlə mənə işgəncə verirdi… Başa düş, Spartak!..
– Bədbəxt bacım! Gəl, yaxına gəl! – bacısını özünə sarı çəkib onu bərk-bərk öpdü.
Bir azdan başını qaldırdı: onun gözləri yaşla dolmuşdu. Spartak qəzəblə çığırdı:
– Yer üzündə azad insanlar və qullar törədən ilk adama lənətlər olsun!
Dördüncü fəsil
Spartak azad olduqdan sonra nə etdi
Bu hadisələrdən iki ay keçmişdi.
Roma küçələrində şiddətli şimal küləyi əsirdi. Palçıqlı yollara xırda qar yağırdı. Yuxarı qalereyada duran bikar adamlar aşağıda vurnuxan adamları müşahidə edirdilər. Spartak da onların arasında idi. Ondan bir az kənarda üç vətəndaş qızğın söhbət edirdi. Spartak qəmgin fikirlərə daldığından onların söhbətini eşitmirdi. Öz bacısını biabırçı vəziyyətdə tapdığı gündən yeganə dərdi Mirtsanı onu alçaldan adamın əlindən xilas etmək idi. Katilina səxavətli olduğundan o gün Dolabelladan udduğu pulun yerdə qalan hissəsini – səkkiz min sestertsini də Spartaka verdi. Spartak elə o saat bacısını köləlikdən qurtarmaq üçün onu qul kimi saxlayan adamın yanına getdi.
Mirtsanın ağası qızın qiymətini əlli min sestertsiyə qaldırdı. Spartak özündən çıxıb əclafın boğazından yapışdı. Sonra özünə gəldi və bənizi ağarmış ağanı yenidən dilə tutmağa başladı. Onlar razılığa gəldilər: “Spartak bu saat ona iki min sestertsi verir. Bu şərtlə ki, o öz evində Mirtsaya başqa bir otaq ayırsın, Spartaka da onunla bir yerdə yaşamağa icazə versin. Spartak bir aydan sonra pulun hamısını verməsə, onda Mirtsa yenidən onun qulu olsun”.
Spartak sonra Treboninin yanına gedib əhvalatı ona danışdı. Treboni onu sakitləşdirməyə çalışdı, kömək edəcəyinə söz verdi. Spartak da Treboninin vədindən bir qədər arxayın halda Katilinanın evinə getdi. Ona təşəkkür edərək səkkiz min sestertsini qaytardı.
Spartak azad edilən gündən Aksian onun zəhləsini aparırdı. Onu yenidən qladiator olmağa çağırır, əvəzində çoxlu pul vəd edirdi. Spartak əvvəlki ağasının təklifini rədd elədi.
Treboni Spartakın xətrini çox istədiyindən Mirtsanın taleyi ilə məşğul olmağa başladı. O, Valeriyaya Mirtsanı almağı məsləhət gördü. Valeriya qızı qırx beş min sestertsiyə aldı. Başqa kənizlər kimi onu da Sullanın evinə apardı. Valeriya keçən ilin on beş dekabrında Sullaya ərə getmişdi.
Spartak Mirtsa barədə daha narahat olmurdu. İndi o, ciddi və gizli bir işlə məşğul idi. Keçmiş qladiator Katilina ilə görüşür, hər gün uzun-uzadı söhbətlər aparırdı.
O, nəyin arzusunda idi? Bunu oxucular tezliklə biləcək.
Bəli, Spartak Emili bazilikasının yuxarı qalereyasında durub dərin fikrə dalmışdı. Elə bu vaxt ona ortaboylu bir adam yaxınlaşdı. Əlini yavaşca frakiyalının çiyninə vurdu:
– Elə fikrə getmisən ki, ətrafında heç kəsi görmürsən.
Spartak ucadan dedi:
– Kriks! Səni görmədim! Nə oldu, tez bir danış?!
– Artorikslə görüşdüm.
– O, Kapuyaya getmişdi?
– Bəli.
– Heç bir adamla görüşüb?
– Enomay deyilən bir germanla görüşüb.
– Sonra?
– Enomayın qəlbi ümidlə doludu, o da biz istəyəni arzu edir. Buna görə də bizim planımızı qəbul elədi.
Qladiatorlar bir qədər susdular. Sonra Kriks Spartakdan soruşdu:
– Bəs Katilina?
– O bizə qoşulmayacaq.
– Deməli, onun yaxşı adam olması barədə deyilənlər yalandır?
– Yox, o, pis adam deyil, lakin deyəsən, o, vəhşi qanunları deyil, indiki hakimiyyəti dəyişmək istəyir. Bu axşam onun yanına gedəcəm. Ümumi hərəkət planı ilə bağlı razılığa gəlməyə çalışacam.
– Sirrimiz Katilinaya və dostlarına məlumdur?
– Onlardan bizə təhlükə gəlməz. Razılığa gəlməsək belə, bizi ələ verməzlər.
Kriks pıçıltı ilə dedi:
– Ah, Spartak, əgər özünü həsr etdiyin bu çətin işi sona çatdırsan, onda sirkdə xilas elədiyin həyatımdan daha artıq sənə minnətdar olacam.
Spartakla Kriks küçə ilə addımlamağa başladılar. Onlar birdən qəşəng geyimli bir cavan qadın gördülər. Kriks onu görüb mat qaldı, tanımadığı bu qadına baxıb dedi:
– Bax buna gözəl deyərəm!
Spartak da başını qaldırıb qıza baxdı. Qız Kriksin tərifini qulaqardına vurub yunanca dedi:
– Spartak, allahlar səni pənahında saxlasın!
Spartak bu sözdən karıxdı:
– Təşəkkür edirəm, ay qız!
Qız Spartaka yaxınlaşaraq pıçıldadı:
– İşıq və azadlıq, şanlı Spartak!
Frakiyalı bu sözü eşidib diksindi:
– Gözəl qız, bu nə zarafatdır…
– Bu, zarafat deyil, özünü bilməzliyə qoyma. Mən kurtizan Evtibidayam, mən də məzlumlardanam.
Qladiator diksinib pıçıldadı:
– Gizli parolumuzu bilir!..
Spartak bir az susub qızın üzünə baxdı:
– Allahlar səni hifz eləsin, – dedi.
– Mən Müqəddəs küçədə qalıram. Gəl bizə. Başladığın işə mənim də xeyrim dəyə bilər.
Spartak:
– Gələrəm, – dedi.
Kurtizan qız latınca dedi:
– Salamat qal!
Spartak da:
– Salamat qal, – deyə cavab verdi.
Kriks yerində donub-qalmışdı. Spartak onun çiynindən tutdu:
– Biz burdan gedəcəyik, ya yox?
Qall özünə gəlib frakiyalının yanınca yeriməyə başladı. Bu an Valeriyanın qullarından biri özünü onlara yetirib soruşdu:
– Spartak