Polyanna. Элинор Портер
Читать онлайн книгу.Kimsəsiz qalmış bacısı qızını himayəyə götürməyə də buna görə razılıq vermişdi. Amma bu qızcığazın nazını çəkmək, onu böyütmək Polli Harrinqtona məşəqqətli bir iş kimi gəlirdi və kefinə əməlli-başlı soğan doğrayırdı.
Polli Harrinqtonun hekayəti
Nensi artıq malikanənin çardağındakı kiçik otağın təmizliyinə başlamışdı. Künc-bucağı silib təmizləyərkən ürəyində deyirdi: “Kaş Polli Harrinqtonun qəlbindəki kini, nifrəti də beləcə silib-süpürmək mümkün olaydı… Çox vicdansız qadındır! Sanki bu boyda malikanədə bacısı qızına ayıracaq başqa otaq yoxdur. Qışda burada soba yandırmaq mümkün deyil. Yayda isə istidən az qalır ki, adam boğulsun. Əslində, bura o qızcığazın yox, Polli Harrinqtonun yeri olmalıdır!”
Nəhayət, təmizlik işi bitdi. Nensi beləcə, donquldana-donquldana otaqdan çıxdı. Artıq nahar vaxtından xeyli keçmişdi.
Xidmətçi qız aşağı – bağçaya düşdü. Ev sahibəsinin onu görüb-görmədiyinə əmin olmaq üçün malikanənin bağçaya baxan pəncərələrini diqqətlə gözdən keçirdi. Sonra çiçəkləri sulamaqda olan bağban Tomun yanına gəldi. Tomun xeyli yaşı vardı. Uzun illər idi ki, Harrinqton ailəsinin bağçasına qulluq edirdi.
Nensi malikanənin pəncərələrini bir daha diqqətlə gözdən keçirdikdən sonra qoca bağbana dedi:
– Cənab Tom, xəbəriniz varmı, xanım Polli Harrinqtonun bacısı qızı onunla birgə yaşamaq üçün malikanəyə gəlir.
Tom əsəbi tonda dedi:
– Sabah günəşin qərbdən doğacağını söyləsən, bəlkə də, sənə inanardım.
– Siz nə danışırsınız, cənab Tom?! Bəyəm mən zarafat eləyirəm. Mənə xanım özü söylədi. Bacısı qızının adı Polyanna imiş. On bir yaşı varmış.
Qoca bağbanın heyrətdən gözləri böyüdü, ağzı açıq qaldı. Bir qədər fikrə getdi. Sonra nə isə xatırlayıbmış kimi diksindi və dedi:
– Hə, deyəsən, söhbətin nədən getdiyini başa düşdüm. Yəqin ki, haqqında danışdığın xanım Cenninin qızıdır. Onsuz da ondan başqa bu ailədə heç kim ailə qurmayıb. Şübhəm yoxdur ki, gələn məhz Cenninin qızıdır. Əgər Polli Harrinqton onu himayəsinə götürməyə razılıq veribsə, deməli, artıq dünyanın sonu gəlib!
– Xanım Cenni kimdir, cənab Tom? – xidmətçi qız təəccüblə soruşdu.
Bu sualı eşidən qoca bağbanın gözlərinə dərin kədər çökdü. Tom bir müddət nəzərlərini uzaq nöqtəyə dikib susdu. Sonra ahəstə səslə dilləndi:
– Xanım Cenni mələk kimi bir qız idi. Anasının və atasının etirazlarına baxmayaraq, sevdiyi gənc bir oğlanla ailə qurub bu malikanədən ayrılanda vur-tut iyirmi yaşı vardı. Bir neçə övladının dünyaya gəldikdən az sonra öldüyünü eşitmişdim. Sonra sonuncu qızının doğulduğu barədə xəbər gəldi. Əgər yanılmıramsa, indi haqqında danışdığın Polyanna məhz odur.
Nensi çevrilib malikanəyə baxaraq dedi:
– Qızcığaz çardaqdakı kiçik otaqda qalacaq. Sanki bu boyda evdə ona otaq qəhət idi. Belə də xala olar? Heç utanmır!
Qoca bağbanın əvvəlcə qaşları çatıldı. Sonra gülümsəyərək dedi:
– Maraqlıdır, xanım Polli Harrinqton bu malikanədə on bir yaşlı qız uşağı ilə necə yaşayacaq?
– Əslində, uşağın xanım Polli ilə necə yaşayacağı çox maraqlıdır.
– Deyəsən, Polli Harrinqtonu əsla sevmirsən, eləmi?
– Məgər onu sevən, heç olmasa, bircə nəfər tapmaq mümkündür?
Bu vaxt Tom yenə qəribə bir tərzdə gülümsədi. Sonra isə yavaş səslə soruşdu:
– Deyəsən, sən xanım Pollinin eşq hekayəsini hələ eşitməmisən.
– Siz nə danışırsınız, cənab Tom?! Kimsə xanım Pollini sevib? İnanmıram. Bu ola bilməz!
– Hələ çox gənc olduğun üçün sən bu haqda eşitməmisən. Halbuki həmin eşq hekayəsindən xəbəri olmayan adam çətin tapılar.
– Cənab Tom, söyləyin, xanım Pollini sevən kim idi?
– Bunu sənə deməyə haqqım yoxdur. Hər halda, Polli Harrinqtonu mənim qədər tanısaydın, belə təəccüblənməzdin. O, vaxtilə çox gözəl idi. Hətta istəsə, bir vaxtlar olduğu kimi, indi də gözəl görünə bilər!
– Xanım Polli gözəldir? Siz nə danışırsınız, cənab Tom?!
– Bəli, qızım, o çox gözəldir. Sadəcə, geyim-keciminə əvvəlki kimi diqqət yetirmir. Üstəlik, o heç sənin zənn etdiyin qədər yaşlı da deyil.
Xidmətçi qız təəccüblə soruşdu:
– Elə isə niyə əvvəllər olduğu kimi, gözəl görünmək istəmir?
– Hər şey nişanlısı ilə arası dəydikdən sonra başladı. Xanım Polli çox dəyişdi, sanki tamam başqa bir adam oldu. Yalnız geyim-keciminə qarşı laqeydləşmədi. Həm də acıdilli, qəzəbli bir insana çevrildi…
Tom sözünü bitirməmişdi ki, evdən acıqlı bir səs yüksəldi:
– Nensi!
– Gəlirəm, xanım! – deyə xidmətçi qız təlaşla malikanəyə qaçdı.
Polyannanın gəlişi
Aradan bir neçə gün keçdi. Polli Harrinqton növbəti teleqram aldı. Teleqramda Polyannanın yola düşdüyü yazılırdı.
Qızcığaz – sabah, iyunun 25-də çatacaqdı.
Teleqramı oxuyub qurtardıqdan sonra Polli Harrinqtonun qaşları çatıldı. Çardağa qalxıb Polyannaya ayrılan kiçik otağı gözdən keçirdi.
Otaqda kiçik çarpayı, iki stul, güzgüsüz əlüzyuyan, bir də balaca masa vardı. Divarlar boş, pəncərə isə pərdəsiz idi. Günəşin isti şüaları bütün günü damı qızdırdığından içəri təndir kimi idi.
Polli Harrinqton aşağı enib Nensini çağırdı:
– Bacım qızı sabah saat 4-də gəlir. Onu stansiyada sən qarşılamalısan. Sən Timoti ilə gedəcəksən. Teleqramda yazıldığına görə, saçları sarıdır, əynində isə qırmızı zolaqlı don və həsir papaq olacaq. Məncə, sənin onu tanımağın üçün bu qədər əlamət kifayətdir.
– Arxayın olun, xanım. Amma siz…
Xanım Polli xidmətçi qızın nə demək istədiyini havada tutdu. Sərt bir səslə onun sözünü kəsdi:
– Mən getməyəcəyəm, Nensi. Buna ehtiyac yoxdur.
Ertəsi gün saat dördə iyirmi dəqiqə qalmış Nensi və qoca Tomun oğlu Timoti qızcığazı qarşılamaq üçün üstüaçıq araba ilə stansiyaya gəldilər.
Bu vaxt uzaqdan qatarın fit səsi eşidildi. Bir qədər sonra qatar stansiyada dayandı. Nensi qatardan düşənlər arasında Polyannanı dərhal tanıdı. Qırmızı donlu qızcığaz hədsiz zərif idi. Sarı saçları hörülmüş və iki tərəfdən çiyinlərinə atılmışdı. Çilli üzündə təbəssüm vardı. Polyanna kimisə axtarırmış kimi, həyəcanla sağa-sola