Mən, nənəm, İliko və İllarion. Нодар Думбадзе

Читать онлайн книгу.

Mən, nənəm, İliko və İllarion - Нодар Думбадзе


Скачать книгу
le>

      Mən, nənəm, İliko və İllarion

      Nənəm, mən, İliko, İllarion və itim Murada gözəl Quriya kəndində yaşayırıq.

      Məktəbdə altı dərs keçirik. Dörd dərsi oturmağa hövsələm zorla çatır. Parta yoldaşımdan soruşuram:

      – Romuli, zəngi niyə vurmurlar?

      Romuli dişlərini ağardır. Müəllim məni göstərib deyir:

      – Dur rədd ol burdan! Valideynsiz də gəlmə!

      …Ertəsi gün nənəmi məktəbə aparıram, sonra nənəm məni evə gətirib danlayır:

      − Oxu, yaramaz, oxu, yoxsa bisavad qalarsan!

      Demək olar ki, orta məktəbi nənəmlə bitirmişəm.

      Mən adicə kasıb kənd uşağıyam, adım Zurikodur.

      Məktəbdə davranışım haqda rəsmi sənəd – “N” saylı orta məktəbin pedaqoji şurasının 1940-cı il 18 mart tarixli iclasının protokolu təxminən belə tərtib edilib:

      İştirak edirlər: müəllimlərin hamısı.

      Eşidildi: Vl sinif şagirdi Zurab Vaşalomidzenin əxlaqı barədə sinif rəhbərinin məlumatı.

      Mülahizələr:

      Fizika müəllimi: “Təbiətdə elə bir qüvvə yoxdur ki, Vaşalomidzeni hərəkətə gətirə bilsin!”

      Riyaziyyat müəllimi: “Mənim nəzərimdə Vaşalomidze yüz məchulu olan, həll edə bilmədiyim tənlikdir”.

      Kimya müəllimi: “Heç nəyə reaksiya vermir, əsəblərimlə oynayır”.

      Rus dili müəllimi : “Məncə, o, səfehdir”.

      Coğrafiya müəllimi: “Vaşalomidze ya kütbeyindir, ya da cılız və zəif doğulub”.

      Tarix müəllimi: “Bu, iyirminci əsrin mədəni nümayəndəsinə yox, daha çox daş dövrünün adamına bənzəyir. O, bütün sinif üçün ləkədir”.

      Məktəb gözətçisi: “Bu qədər gicdirsə, onu sinifdən-sinfə necə keçirirsiniz?”

      Dərs hissə müdiri: “Səndən soruşan yoxdur! Sənin işin məktəbə vaxtında gəlib zəngi vurmaqdır!”

      Gürcü dili müəllimi (yaxın qohumum): “Belə çıxır ki, bütün işlərinizi korlayan Vaşalomidzedir! Sizin sinifdə ondan yaxşısı kimdir? Bəlkə, direktorun oğlu yaxşıdır? Düzdür, əlaçıdır, amma özü kimi səfeh yer üzündə yoxdur”.

      İdman müəllimi: “Elə isə nə üçün ona “beş” verirsən?”

      Gürcü dili müəllimi: “Hünərin var, vermə!”

      Dərs hissə müdiri: “Kəsin səsinizi! Vaşalomidze, bəs sən nə deyirsən?”

      Vaşalomidze: “Gürcü dili müəllimi haqlıdır”.

      Dərs hissə müdiri: “Ay kütbeyin, özün haqda soruşuram.”

      Vaşalomidze: “Bu dəfə bağışlayın, səhvlərimi düzəldərəm!”

      …Qarğıdalı toxalayanda dərs buraxdığım üçün xəstəlik haqqında arayış aparmalı idim. Saxta arayış almaq mümkün olmadığından, məni yatağa uzadıb həkim çağırdılar. Həkim çarpayımın yanında oturub soruşdu:

      – Haran ağrıyır?

      – Hər yerim.

      Bu zaman İliko və İllarion gəldi. İllarion dedi:

      – Son vaxtlar çox zəifləyib. İştahası pozulub. Dünən üç boşqab lobyanı və bir mçadini1 uşağa zorla yedirdim.

      – Düz deyir, doktor, lobya görəndə ürəyim bulanır.

      – Daha nədən şikayətin var?

      – Hm! Bir az… – İliko barmağı ilə gicgahını göstərdi.

      – Eləmi? – həkim barmağının beşini də araladı və az qala, gözümə soxub soruşdu: – De görüm bu neçədir?

      – Yeddi! – mən səfehcəsinə gülümsədim.

      – Hmm…Yaxın adamlarını tanıya bilir? – deyə soruşdu.

      – Çox çətinliklə! – İllarion ah çəkdi.

      – Bu adam kimdir? – həkim İlikonu göstərdi.

      Mən üzümü elə axmaq şəklə saldım ki, İllarion da mat qaldı.

      İliko kədərlə soruşdu:

      – Zuriko, məni də tanımadın?

      Başımı buladım. Nənəm ikiəlli başından yapışdı.

      – Uşağın vəziyyəti ağırdır, təcili əməliyyat olunmalıdır!

      – Nə əməliyyat? – deyə yerimdən sıçradım.

      – Kəlləni yarmaq lazımdır…

      – Onun başı sənin üçün balqabaqdır? – nənəm çığırdı. – Uşaq sağ-salamatdır, sən xəstəxanadan danışırsan!

      – Hə, bax bu, başqa məsələ! Deyirsiniz sağ-salamatdır? Lap yaxşı! – həkim gülümsədi. Hamı ilə xudahafizləşib: – Bütün kənddə belə sağlam uşaq tapılmaz! – dedi və atın belinə sıçrayıb çapdı.

      Ov

      Həmin gündən bir həftə sonra İllarion bizə gəldi. Armud ağacının altındakı yaşıllıqda uzanıb papirosunu yandırdı və soruşdu:

      – Ay itbaz, əməliyyatın necə keçdi?

      – Eh, sizə nə var ki, mən, az qala, ölmüşdüm!

      – “Ölmüşdüm”ə bir bax a! Sənin o boş kəlləni yarsaydılar, o saat örtərdilər.

      – Bəsdir, sən Allah! Görürəm sən də, dostun İliko da ağıl dəryasısınız!

      Susduq…

      – İtin görünmür? – İllarion soruşdu və elə bu zaman itin zingiltisi eşidildi.

      – Öldürəcəyəm bu murdar heyvanı, öldürəcəyəm! Yaramaz Zurikela, bu nacins heyvanı haradan tapmısan? Belə də şey olar? Əvvəllər toyuğun altından yumurtaları aparırdı, indi də cücələrə dadanıb, – qonşumuz Yefrosine əlindəki ağacı yelləyə-yelləyə çığırırdı. Zavallı Murada zingildəyə-zingildəyə onun qabağınca qaçırdı.

      Yefrosinenin əri həyətdən bağırırdı:

      – Tut onu!

      – Nə çığır-bağır salmısan, ay arvad, nə olub? – deyə nənəm evdən çıxdı. – Kimə nacins deyirsən? Bizim Muradaya? Hələ ki, gec deyil, rədd ol burdan! Nacinsə bir bax!

      Yefrosine döngədə yox olana kimi Murada zingildədi.

      – Ay səni, tülkü! – İllarion itin ağzına ilişmiş cücə tükünü götürüb gülümsədi, – səni nə üstə döyüblər?

      Murada öz dilində dedi:

      – Cücələri küçəyə buraxdıqları bəs deyil, hələ üstəlik inciyirlər də…

      – Çox əzişdirdilər?

      Murada:

      – O ki var, – deyib əzilmiş ayağına baxdı.

      – Bunun ağzına nə olub? – İllarion məndən soruşdu.

      – Dünən tavadan mçadi aparmaq istəyəndə yandırıb.

      – Eləmi, Murada?

      – Eh, bu dəfə bəxtim gətirmədi, bir az tələsdim, – Murada köksünü ötürdü.

      –İt deyilsən e, xəzinəsən, xəzinə! – İllarion ehtiramla dilləndi, – ancaq yadında saxla ki, oğurluq etmək olmaz! Oğurluq mal – haramdır. Bax bizim anbar müdiri acgöz Datikoya. İndi yataqda çırpınır, lazımsız əşya kimi atılıb qalıb bir küncdə…

      İllarion papirosunu sümürüb dedi:

      – Dovşanlar kolxoz tarlalarında paxla zoğlarını başdan-başa gəmiriblər; izlərini gördüm. Sabah səhər tüfəng götürüb oralarda hərlənmək pis olmaz.

      – Keçən dəfə də məni hərifləyib apardın, amma baxıb gördüm ki,


Скачать книгу

<p>1</p>

mçadi – qarğıdalı qoğalı