Meymun qəbiləsindən Tarzan 1. Эдгар Райс Берроуз
Читать онлайн книгу.üçün ayaq saxladı və qara dəyənəyin hələ də əlində olduğunu gördü. Onu tələsik yerə atdı, sanki ovcuna qızmış dəmir basmışdılar.
Antropoidlər yalnız bir saatdan sonra özlərinə gəlib yenidən daxmanın ətrafına yığışdılar. Amma qapını bağlı gördülər. Nə qədər əlləşsələr də, onu aça bilmədilər. Axırda Kerçak bezib dəstəyə geri qayıtmaq əmri verdi.
Kala yolun bir hissəsini ağaclardan düşmədi, xeyli getdikdən sonra Kerçakın daha onunla və qucağındakı köprə ilə işi olmadığını başa düşüb aşağı endi, başqa meymunlara qoşuldu. Amma yolun sonunadək heç kimi uşağa yaxınlaşmağa qoymadı.
Dişi antropoidlər balalarını dallarına alıb gedirdilər. Balaca meymunlar uzun qollarını analarının boyunlarına dolamışdılar. Təkcə Kala körpəsini sinəsindən aralamırdı. Belə yerimək, budaqdan yapışıb ağacdan-ağaca tullanmaq çox narahat idi, amma səhər balasının boynundan sürüşüb yerə dəyməsi Kalanın yadından çıxmırdı.
İngilis lordunun yeganə övladının meymun qəbiləsində həyatı belə başlandı.
V fəsil
Ağ meymun
Kala öz körpəsini vaxtlı-vaxtında yedizdirir, korluq çəkməyə qoymurdu və uşağın niyə belə zəif inkişaf etdiyinə təəccüblənirdi. Onun yaşıdları ağaclara dırmaşanda Kalanın oğlu hələ yeriməyi təzə öyrənirdi. Başqa meymun balalarından fərqli olaraq o heç nə bacarmırdı, hətta özünə yemək tapmağı da öyrənməmişdi.
Kalanın ağ meymun balasını daxmadan götürdüyü vaxtdan 20 ay keçmişdi. Əgər antropoid bilsəydi ki, həmin vaxt o artıq bir yaşını haqlamışdı, yəqin ki, bu uşaqdan birdəfəlik ümidini üzərdi.
Tublat ağ meymun balasına nifrət edirdi, əlinə imkan düşsəydi, onun başını bədənindən ayırardı.
– Kala, o heç vaxt böyüməyəcək. Onu ömrün boyu özünlə gəzdirəcəksən? Ondan bizə nə xeyir gələcək? At getsin. Bizə güclü, qocalanda qayğımıza qala biləcək övlad gərəkdir.
– Yox, Tublat, ömrüm boyu özümlə gəzdirməli olsam da, atmayacağam!
Onda Tublat Kerçakın yanına şikayətə getdi, istədi ki, qəbilə başçısı arvadını bu “tar-zan”dan əl çəkməyə məcbur etsin. “Tar-zan” meymunların dilində “ağ dəri” demək idi. Balaca lordun adı belə qoyuldu.
Kerçak Kalanı söhbətə çağırdı. Kala meymunların şahına dedi ki, onu və balasını rahat buraxmasalar, qaçıb qəbilədən gedəcək. Bununla da Kerçak söhbətə son qoydu. Meymunların şahı belə gözəl, ağıllı və güclü bir qəbilə üzvünü itirmək istəmirdi.
İllər keçir, Tarzan böyüyürdü. On yaşında o artıq cəldliyinə görə dostlarından seçilmirdi, başqa meymunlarla bəhsə-bəhs ağaca dırmaşırdı, yerdə isə hamını ötürdü. Düzdür, boyu yaşıdlarından balaca, gücü nisbətən az idi. Onyaşlı insanabənzər meymunun boyu böyük adamın boyuna çatır, Tarzan isə hələ uşaq idi. Amma ağlı və fərasəti ilə hamını qat-qat üstələyirdi.
Tarzan xoşbəxt və qayğısız həyat sürürdü. Kala heç kimi onu incitməyə qoymurdu. Bununla belə, bəzən Tarzan başqa meymunların yanında dərisinin ağlığından və tüksüzlüyündən utanırdı. Hətta bir dəfə bütün bədənini başdan-ayağa palçıqlamışdı da. Amma gün vuran kimi palçıq quruyub yerə töküldü.
Tarzan suda öz əksini görəndə eybəcərliyindən dəhşətə gəlirdi: meymunların hamısının dodaqları uzun, ağızları yekə, dişləri böyükdür, onunsa dodaqları da, ağzı da, dişləri də balacadır; bütün dostlarının enli, sifətlərinin yarısı boyda burunları var, onunsa ağlığı və tüksüzlüyü azmış kimi, burnu da xırda və düzdür! Bəs gözləri? Qara dairənin ortasında boz ləkə, bütün ətrafı isə ağappaq! Heç ilan Histanın da belə ürəkbulandıran gözləri yoxdur!
Bir dəfə quraqlıq vaxtı Tarzan yenə göldə əksinə baxıb öz halına acıyır, yanındakı dostu isə ağzını marçıldada-marçıldada ləzzətlə su içirdi. Marçıltı səsindən arxadan yarpaqların xışıltısı eşidilmirdi. Nəhəng dişi şir – meymunların qənimi Sabor az qala yerə yatıb asta-asta onlara tərəf sürünürdü. Aralarındakı məsafə üç metrədək qısalanda Sabor dayandı. Arxa ayaqlarını yavaş-yavaş altına yığdı, bütün əzələləri gərildi, quyruğu tir kimi dik durdu. Bir anlıq şir bu vəziyyətdə donub-qaldı və qəflətən nərə çəkib yerindən sıçradı.
Sabor təcrübəli ovçu idi. Qulağının dibində guruldayan nərə səsi balaca antropoidi vahiməyə salmış, iflic etmişdi. Sabor pəncəsinin bir zərbəsi ilə onu yerə sərdi və ağ meymuna tərəf döndü. Amma Tarzan insan övladı idi. Şirin vahiməli nərəsi nəinki onu iflic etməmiş, əksinə, bütün əzələlərini və beyninin sinirlərini tarıma çəkmişdi. Tarzan başa düşürdü ki, şirə müqavimət göstərməyə gücü çatmayacaq, ancaq hara qaçaydı? Sabor ona sağa-sola bir addım belə atmağa imkan verməyəcəkdi. Arxa isə göl idi. Tarzan sudan qorxurdu, ona yalnız yanğısını söndürmək üçün yaxınlaşırdı. Anası Tarzana heç vaxt gölə girməməyi tapşırmışdı. Həm də dostu Pitanın gölə düşüb necə boğulduğunu bir neçə həftə əvvəl o öz gözləri ilə görmüşdü.
Sabor ağ meymuna başqa çıxış yolu qoymamışdı. Tarzan ani qərar qəbul etdi və özünü suya atdı.
O, üzə bilmirdi, gölsə dərin idi. Tarzan dərhal suyun dibinə getdi, amma çapalayıb üzə çıxdı. Sonra yenə batdı. Yenə çıxdı. Nəhayət, başa düşdü ki, suyun üzündə qalmaq üçün nə etmək lazımdır. İt kimi üzməyə başladı. Sabor sahildən çəkilmir, ağ meymunun sudan çıxmasını gözləyirdi. Tarzan qəbiləsini köməyə çağırmaq üçün qıyya çəkdi. Meymunlar dərhal bu çağırışa meşədən hay verdilər. Hamıdan bərk Kalanın qışqırığı eşidilirdi: o, balasını səsindən tanımışdı. Sabor bütün qəbilə ilə vuruşmaq fikrində deyildi, ona görə son dəfə nərə çəkib özünü kolluğa vurdu.
Şir gedəndən sonra Tarzan sahilə çıxdı. Üzməyin ləzzəti və Sabor kimi təhlükəli düşmənlə “qaçdı-tutdu” oyunu uzun müddət onun yadından çıxmadı. Belə macəralar olmadan isə həyat çox yeknəsəq keçərdi.
Bu əhvalatdan sonra Kala daha Tarzanı gözdən qoymurdu, gecələr də qucağında yatızdırırdı. Sözə baxmayanda bir-iki dəfə balasını yüngülcə şapalaqlamışdı da, amma həmişə onu nəvazişlə yola gətirməyə çalışırdı. Nəhəng vəhşi heç özünə oxşamayan, eybəcər oğlunu dərin məhəbbətlə sevirdi. Tarzan anasına eyni məhəbbətlə cavab verirdi.
Tublatın isə Kalanı ondan tamamilə soyutmuş bu yad uşağa nifrəti getdikcə artırdı. Əslində, Tarzanın da qoca meymundan zəhləsi gedirdi, atalığının kefinə soğan doğramaq üçün heç bir fürsəti əldən vermirdi.
Hələ lap balaca vaxtı Tarzan nazik, uzun otlardan kəndir hörməyi öyrənmişdi, onunla oynamağı xoşlayırdı. Bir dəfə Tarzan kəndirini qovaladığı dəcəl meymunun dalınca atdı. Yoğun ipin ucu təsadüfən meymunun boğazına dolandı və dartıb onu ağacdan yerə saldı.