İbtidai oğlanın macəraları. Эрнст Д'Эрвильи

Читать онлайн книгу.

İbtidai oğlanın macəraları - Эрнст Д'Эрвильи


Скачать книгу
tion>

      I fəsil

      Çayın sahilində

      Soyuq, tutqun və yağışlı bir gündə çayın sahilində doqquzyaşlı balaca bir oğlan oturmuşdu.

      Güclü axın budaq və ot qalaqlarını, kökündən qopardığı ağacları və içində ağır daşlar donub-qalmış iri buz parçalarını ağuşuna alıb sürətlə irəliləyirdi.

      Oğlan tək idi. O, təzəcə kəsib düzəltdiyi bir dəstə qamış bağlamasının qabağında çöməlib oturmuşdu. Arıq bədəni soyuğa öyrəşmişdi, buz parçalarının dəhşətli səs-küyünə, gurultusuna məhəl qoymurdu.

      Çayın maili sahilini sıx qamış basmışdı. Bir az aralıda isə təbaşirli təpələrin çay sularıyla yuyulmuş sıldırım yamacları hündür ağ divar kimi qabarırdı. Bu sıra təpələr dumanlı ala-toranda gözdən itənə qədər uzanır, keçilməz meşələrə bürünürdü.

      Oğlanın yaxınlığında, çayın təpəni yuduğu yerdən bir az yuxarıda qara bir dəlik geniş açılmış nəhəng ağıza bənzəyirdi; bu dəlik mağaranın lap dərinliklərinəcən uzanırdı.

      Oğlan doqquz il bundan əvvəl burada doğulmuşdu. Onun əcdadlarının əcdadları da ta qədimdən burada daldalanmışdılar. Mağaranın sərt təbiətli sakinləri yalnız bu qaranlıq dəlikdən girib-çıxır, havanı, işığı onun vasitəsilə alırdılar. Alovu sönməsin deyə gecə-gündüz səylə qorunan ocağın tüstüsü də buradan bayıra çıxırdı.

      Bu dəliyin ətəyində nəhəng daşlar vardı; onlardan pilləkən kimi istifadə olunurdu.

      Mağaranın girəcəyində ucaboy, arıq, gündən yanmış, qırış-qırış dərisi olan bir qoca göründü. Uzun, ağ saçları yuxarı qalxmış, əmgəyində yığılmışdı. Tez-tez qırpdığı göz qapaqları mağaranı daim bürüyən tüstüdən qızarmışdı. Qoca əlini qaldırdı, qalın, sallaq qaşlarının altındakı gözlərini qaldırıb çaya tərəf baxdı. Sonra:

      – Krek! – deyə qışqırdı. Bu xırıltılı, kəsik qışqırtı ürkmüş yırtıcı quşun çığırtısına oxşayırdı.

      Krek “quştutan” demək idi. Bu ləqəbi oğlana elə-belə verməmişdilər: lap uşaqlığından gecələr quş tutmaqda qeyri-adi cəldliyi ilə seçilirdi. Onları yuxulu-yuxulu yuvalarındaca tutur, təntənəylə mağaraya gətirirdi. Elə hallar da olmuşdu ki, onu xüsusi nahara – çiy ilik parçası yeməyə qonaq etmişdilər. Bu, qəbilənin ataları və ağsaqqalları üçün qorunub saxlanan mötəbər yemək idi.

      Krek öz ləqəbi ilə fəxr edirdi. Bu ona öz gecə qəhrəmanlıqlarını yada salırdı.

      Oğlan qışqırtıya çevrildi, bir andaca sıçrayıb qalxdı, qamış bağlısını götürüb qocaya tərəf qaçdı.

      Daş pilləkənin yanında öz yükünü yerə qoydu, hörmət əlaməti olaraq əlini alnına qaldırıb dedi:

      – Mən buradayam, Ağsaqqal! Mənə görə bir qulluq!

      – Mənim balam, – qoca cavab verdi, – bizimkilər ta obaşdan meşəyə maral və iribuynuzlu öküz ovlamağa gediblər. Ancaq axşama qayıdacaqlar, çünki yadında saxla: yağış heyvanların ayaq izlərini yuyur, qoxularını məhv edir, ağacların əyri gövdələrinə, budaqlarına ilişib qalmış tüklərini aparır. Ov tapana qədər ovçular xeyli əziyyət çəkməli olacaqlar. Deməli, düz axşama qədər öz işlərimizlə məşğul ola bilərik. Qamışını bir kənara qoy. Nişan almaq üçün ağacımız çoxdur, amma daş ucluğumuz, tiyəmiz, bıçağımız azdır. Hamısı sınıb, yeyilib, yonulub.

      – Mənə nə göstəriş verirsən, Ağsaqqal?

      – Qardaşlarını da götürüb mənimlə birlikdə Ağ təpələr boyunca gedəcəksən. Biz böyük çaxmaqdaşları yığacağıq; onlar sahil qayalarının ətəklərində çox olur. Bu gün onları necə yonmağın sirrini sənə açağam. Daha vaxtdır, Krek. Sən böyümüsən, güclüsən, gözəlsən, öz əlinlə düzəltdiyin silahı daşımağa layiqsən. Gözlə, gedim, o biri uşaqları da gətirim.

      – Eşidir və itaət edirəm, – Krek qocanın qarşısında baş əyib sevincini güclə saxlayaraq dedi.

      Qoca mağaraya girdi; birdən oradan qəribə boğaz səsləri eşidildi: bu səslər insan səsindən çox, ürküdülmüş heyvan səsinə oxşayırdı.

      Qoca Kreki gözəl, böyük və güclü adlandırmışdı. Yəqin, oğlanı ruhlandırmaq istəyirdi, axı Krek balacaydı, özü də çox balacaydı, həm də aparıq idi.

      Krekin girdə üzü gündə yanıb qızarmışdı, yağlı, kül və zir-zibil qarışmış dağınıq, kürən saçları alnına tökülmüşdü. Bu zavallı, ibtidai uşaq elə də gözəl deyildi. Amma gözlərindən ağıllı olduğu hiss edilirdi, hərəkətləri zirək və cəld idi.

      O yola düşməyə tələsir, iri ayaqlarını hövsələsizliklə yerə vurur, əlinin içi ilə dodaqlarını bərk-bərk tutub dartırdı. Nəhayət, qoca mağaradan çıxdı və yaşına uyuşmayan qeyri-adi bir cəldliklə hündür daş pillələrlə enməyə başladı. Arxasınca vəhşi oğlan uşaqlarından ibarət bütöv bir dəstə gəlirdi. Krek kimi onlar da heyvan dərisindən tikilmiş cırıq-sökük bürüncəkləri ilə soyuqdan güclə qorunurdular.

      Ən böyükləri Gel adlı oğlan idi. Onun on beş yaşı tamam olmuşdu. Səbirsizliklə ovçuların onu da özləri ilə birlikdə ova aparacaqları günün gəlişini gözləyir, misilsiz balıqçı kimi məşhurlaşmaq istəyirdi. Ağsaqqal ona çaxmaqdaşının ucuyla balıqqulağından iti qarmaqlar kəsib düzəltməyi öyrətmişdi. Belə iti, sümük ucluqlu nizələrlə Gel hətta böyük sığınları da vura bilirdi.

      Onun ardınca yekəqulaq Ryuq gəlirdi. Əgər insanlar Ryuqun yaşadığı dövrdə iti əhliləşdirsəydilər, o saat deyərdilər ki, Ryuqun it kimi eşitmə və iybilmə qabiliyyəti var. Ryuq meyvələrin sıx kolluqda harada bitdiyini, cavan göbələklərin yer altından harada baş qaldırdığını iydən bilirdi, yarpaqlarının xışıltısına görə ağacları gözübağlı tanıyırdı.

      Ağsaqqal işarə verdi, hamı yola düşdü. Gellə Ryuq qürurla qabaqda gedirdilər, qalanlar isə ciddiyyətlə və dinməzcə arxalarınca gəlirdilər. Ağsaqqalın balaca yoldaşlarının hamısı çiynində ağac qabığının nazik zolaqlarından toxunmuş səbət aparırdı. Bəziləri əllərində ağır başlı toppuz, bəziləri daş ucluqlu nizə, digərləri isə daş çəkicə oxşayan bir şey aparırdılar.

      Analar mağaranın girəcəyinə yaxınlaşıb gedənlərin arxasınca gülümsəyə-gülümsəyə baxırdılar.

      Orada Mab və On adlı qədd-qamətli, ucaboylu iki qız da dayanmışdı.

      Tüstülü mağarada yalnız ibtidai bəşəriyyətin ən kiçik nümayəndəsi qalmışdı. O, dizlərini yerə qoyub ocağın yanında oturmuşdu, burada – böyük kül və sönmüş kömür yığınının ortasında zəif od yanırdı. Bu balaca oğlanın adı Ojo idi.

      Onun kefi yox idi, arabir sakitcə köks ötürürdü. Ağsaqqalla getmək üçün ürəyi tökülürdü. Amma göz yaşlarını saxlayır, borcunu cəsarətlə yerinə yetirirdi. Bu gün dan söküləndən ta gecə düşənə qədər ocağın keşiyini o çəkməliydi.

      Ojo bununla fəxr edirdi. O bilirdi ki, od mağarada ən qiymətli şeydir, od sönsə, onu ağır cəza gözləyir. Ona görə də oğlan alovun kiçilib sönməyə başladığını görən kimi tez qatranlı ağacın budaqlarını oda atmağa başlayırdı ki, od sönməsin. Hərdənbir Ojonun gözləri yaşarırdısa, buna səbəb ocağın acı tüstüsü olurdu. Tezliklə qardaşları tamam yadından çıxdı. Ojonu başqa qayğılar üzürdü: o ac idi, axı altı yaşı təzəcə tamam olmuşdu…

      Fikirləşirdi ki, əgər ağsaqqallarla atalar bu gün meşədən əliboş qayıtsalar, o, şam yeməyinə vur-tut kömürdə qızardılmış iki-üç qıjı zoğu alacaq.

      II fəsil

      İbtidai dövrlərin bir günü

      Ojo bərk acmışdı, qardaşlarısa lap acından ölürdülər, axı soyuq küləkdə çox yol getmişdilər. Ağsaqqal bütün yolboyu onlara pıçıltı və işarələrlə sahildə bitmiş su bitkilərini necə tanımağı başa salırdı. Qış zamanı ət olmayanda bu bitkilərin ətli kökləri ilə ac mədəni birtəhər doydurmaq olurdu. O danışır, balaca yoldaşları


Скачать книгу