İtmiş dünya. Артур Конан Дойл
Читать онлайн книгу.olmasa, siqar götürün, – dedi, – əsəbləriniz sakitləşəcək… İndisə rahat oturub diqqətlə mənə qulaq asın. Sualınız olsa, yadınızda saxlayın, hər şeyi danışıb qurtarandan sonra sualınızı verərsiniz. Əvvəlcə sizi buradan qovub təzədən evə dəvət etdiyimin səbəbini deyim. Səbəbi odur ki, siz həmkarlarınızdan fərqlənirsiniz, mehriban və xeyirxah adamsınız, həqiqətpərəstsiniz. Fikirləşdim ki, bir-birimizlə daha yaxından tanış olaq.
Sonra stolun üstündəki kağızların, kitabların və cədvəllərin arasında eşələndi. Nəhayət, əzilib yöndəmsiz şəklə düşmüş, vərəqlərinin kənarı yeyilmiş bir rəsm dəftərini mənə göstərib dedi:
– Sizə Cənubi Amerika haqda danışacam. Sözümü axıra çatdırana qədər səbirlə dözün. Heç nə soruşmayın. Onu da deyim ki, burada eşitdiklərinizi qəzetə verməyəcəksiniz. Bunu sizə qadağan edirəm. Aydındır?
– Aydındır, söz verirəm.
– Çünki haqqında danışacağım məsələ hələlik tam öyrənilməyib. Zənnimcə, iki il əvvəl Cənubi Amerikaya getdiyimi artıq bilirsiniz. Uolleslə Beytsin nəzəri müddəalarının doğruluğunu yoxlamaq üçün onlar kimi Cənubi Amerikaya gedib orada xüsusi təcrübə aparmalıydım. İş elə gətirdi ki, tədqiqat obyektim birdən-birə dəyişdi. Heç kimin görmədiyi, tanımadığı xırda çayların töküldüyü Amazon çayının hövzəsi və ona bitişik sahələr hələ ki tam öyrənilməyib. Odur ki yazdığım kitabın bir neçə fəslini oradakı heyvanlar aləminə həsr etmək istədim. Uzun müddət orada qalaraq mənə lazımlı şeyləri öyrənib geri qayıtdım. Geri qayıdarkən bir hindi kəndində gecələdim. Çayboyu yuxarı qalxarkən Kyukama tayfasından olan həmin hindilərdən bəzisini müalicə etmişdim, odur ki qayıdanbaş intizarla yolumu gözlədiklərini biləndə təəccüblənmədim. İşarələrindən belə başa düşdüm ki, xəstələri var. Qəbilə başçısının arxasına düşüb bir komaya girdim. Lakin artıq gec idi, xəstə keçinmişdi. Ən təəccüblüsü budur ki, o, hindi deyildi, ağdərili idi. Əynindəki paltar cırılıb əsgiyə dönmüşdü. Hiss olunurdu ki, başına çoxlu müsibətlər gəlib, hədsiz məşəqqətlərə sinə gərib. Məlum oldu ki, yerlilər onu tanımırlar.
Bu adamın yol kisəsi taxtın böyründə, yerdə idi. Mən kisəni açıb içinə baxdım. Kisənin iç tərəfinə, boğaza yaxın hissəsinə aşağıdakı sözlər yazılmışdı: “Mepl Uayt, Leyk-avenyu meydanı, Detroyt, Miçiqan”.
Kisənin içindəkilərdən məlum oldu ki, o, səyyar rəssam imiş. Mərhumun kisəsində rəng qutusu, bir neçə fırça, mürəkkəbqabının üstündə gördüyün əyri sümük, rəngli təbaşirlər, çayın ümumi mənzərəsi çəkilmiş rəsmlər, revolver, bir neçə güllə və Baksterin “Güvələr və kəpənəklər” adlı kitabı var idi.
Çevrilib getmək istəyirdim ki, amerikalının cibindəki bir şey diqqətimi cəlb etdi. Bu, əzilib yöndəmsiz hala düşmüş, qırışmış rəsm dəftəri idi. Bax, budur… O vaxtdan bəri dəftəri göz bəbəyi kimi qoruyuram. Buyurun, baxın, içində nə olduğunu öz gözlərinizlə görün.
Mən dəftəri çox möcüzəli bir şey görmək ümidi ilə açdım, lakin ümidim doğrulmadı, ilk səhifəyə kök kişi şəkli çəkilmişdi. Şəklin altında “Cimmi Kolver poçt gəmisində” sözləri yazılmışdı. Sonrakı şəkillər heyvanlar aləminə aid idi; məsələn, “Lamantin suyun içində”, “Tısbağalar və onların yumurtaları”, “Qara aquti palma ağacının altında” adlı şəkilləri yada salmaq kifayətdir. Nəhayət, xarici görkəmləri ilə adamda ikrah oyadan sürünənlərin şəkillərini gördüm. Bir şey başa düşməyib dedim:
– Bəyəm bunlar timsah deyil?
– Yox! Alliqatorlardır! Cənubi Amerikada timsahlar yaşamır.
– Siz məni başa düşmədiniz. Dediyim budur ki, burada heç bir qeyri-adilik görmürəm.
O sakitcə güldü.
– Digər səhifəni aç, – dedi.
Növbəti səhifəni açdım. Həmin səhifəyə rəngli boyalarla təbiət mənzərəsi çəkilmişdi. Şəkildə al-qırmızı silsilə qayalar və enli, uzun yarpaqlı kola bənzər ağaclar təsvir olunmuşdu. Başında nəhəng ağac bitmiş sıldırım qayanı yerdə qalan qayalar silsiləsindən dərin uçurum ayırırdı. Sonrakı səhifədə həmin mənzərə sulu boyalarla və daha yaxından çəkildiyinə görə bəzi xırdalıqları görmək mümkün idi.
– Qəribə qayalıqdır, – dedim.
– Qəribə nədir, möcüzədir! – deyərək ucadan qışqırdı. – Ağlasığmazdır! O biri səhifəni aç.
O biri səhifəni açanda özümdən asılı olmadan qışqırdım. Ömrümdə bu qədər dəhşətli, bu qədər heybətli heyvan görməmişdim. Bədəni elə bil şişmiş kərtənkələ bədəni idi, xırda iynələrlə örtülmüş nəhəng quyruğu arxasınca sürünürdü. Başı xoruz başına oxşayırdı, boynu isə hind quşunun hülqumuna bənzər çıxıntılarla örtülmüşdü. Bu heyvanın qənşərində durub ona baxan adam olduqca kiçik görünürdü.
– Bu barədə nə deyə bilərsiniz? – professor əllərini bir-birinə sürtərək məndən soruşdu.
– Görünür, şəkil təxəyyülün məhsuludur.
– Bəs bu şəkli çəkməkdə o nə məqsəd güdüb?
– Sadəcə olaraq müştəriləri maraqlandırmaq istəyib.
– Başqa izahınız yoxdur?
– Xeyr, ser. Bəs siz bunu nə cür izah edirsiniz?
– Bir şey aydındır ki, həmin heyvan həqiqətən yaşayır. Onu naturadan çəkiblər.
Bir az qabaq savaşdığımızı, yumruq davasına çıxdığımızı lap vaxtında xatırladım, yoxsa şaqqanaq çəkib ucadan güləcəkdim.
– Elədir, elədir, – deyə başalladan sözlərin köməyindən istifadə etdim, – siz haqlısınız. Təkcə kiçicik insan şəkli məni çaşdırır. Hindi olsaydı, deyərdik ki, liliputlar tayfasının bir nümayəndəsidir. Di gəl ki başındakı silindrdən məlum olur ki, avropalıdır.
Professor hirslənib öküz kimi fısıldadı.
– Həddini aşma, – dedi, – yoxsa mənə inanmırsan? Kəmsavad!
Mən onun sözlərinə məhəl qoymadım. Acı-acı gülüb dedim:
– Nə bilim, dedim, bəlkə, liliputdur.
– Bura bax! – deyə qışqırıb irəli əyildi və baş barmağını şəklə vurdu. – Yırtıcının arxasındakı ağacları görürsən? Bu, 50-60 futa qədər ucalan palma ağacıdır. İndi bildin rəssam həmin adamı niyə çəkib? Amerikalı rəssam heyvanın iriliyini, nəhəng boyunu göstərməkdən ötrü öz şəklini çəkib, çəkib ki, baxan adam onunla həmin yırtıcını müqayisə etsin.
– İlahi! – deyə qışqırdım. – Demək, yırtıcı… Heç Çerinq-kross vağzalına yerləşməz.
– Bəli, elədir, – professor özündənrazı halda dedi.
Axı, – dedim, – bir rəsm əsərinə görə insanlığın bu günədək qazandığı təcrübəni lazımsız əşya təki kənara tullamaq düzgün deyil. Bəlkə də, maraq xətrinə çəkib bu şəkli? Zənnimcə, sizin kimi istedadlı