Seçilmiş əsərləri. Абдурагим-бек Ахвердов
Читать онлайн книгу.xahiş edərsən.
Xəlil cavab verdi ki, əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə ona əmi deyirdi), o yaxşılıq ki indiyə qədər mənim haqqımda edibsən, məni sənə həmişəlik qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe edirəm ki, məni özünə öz puluma görə şərik edəsən, ta yenə bir yerdə ticarət edək.
Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi:
– Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək. Başqa adam səkkiz min adı eşitsə idi o saat azıb yolundan çıxardı.
Haman il Xəlil bacısını ərə verib, özü də evlənmək fikrinə düşdü. Fikrini anasına izhar etdi və anası gedib Mirzə Nəsibin nəvəsini ona istəyib aldı (haman o qızı ki, bu saat Hacı Xəlilin yanında oturub ağlayır). Mirzə Nəsib vəfat etmişdi və külfəti həmişə Ağa Hüseyndən və Xəlildən ianə alıb dolanırdı. Xəlilin toy xərcini Ağa Hüseyn öz öhdəsinə götürüb əlavə yaxşı peşkəşlər özünə və övrətinə verdi.
Bundan sonra yeddi il Xəlil və Ağa Hüseyn bir yerdə alış-veriş etdilər. Səkkizinci il Ağa Hüseyn vəfat etdi və onun var-yoxu keçdi qardaşının əlinə, çünki Ağa Hüseynin özünün zürriyyəti yox idi.
Ağa Hüseynin vəfatından sonra Xəlil ayrılmaq istədi, hesab çəkdilər. Xəlilin payına yetmiş iki min manat pul düşdü.
Bu gündən Xəlil həm ev və həm alış-veriş sahibi olub, özü üçün məxsus bir dükan açıb başladı İranla ticarəti. Bir neçə ildən sonra Xəlilin alış-verişi böyüdü və Xəlil İrandan başqa Buxara və İstanbulla əlaqə bağladı. Əlli yaşına yetişəndə Məkkeyi-mükərrəməni ziyarət edib hacı ləqəbi ilə müləqqəb oldu. Hacı Xəlil öz qabiliyyətinin, bacarığının və kəmalının səbəbinə şəhərdə, tacirlər arasında əvvəlinci şəxs hesab olurdu. Axirüləmr öləndə iki böyük evi və milyondan ziyada pulu var idi.
Hacının zikr olan günləri necə ki, ərz olundu, bir-bir gözünün qabağından keçirdi. Zamani ki, hacı öldüyünü hiss etdi, yerindən hövlnak gözün açıb, yastıqdan başını qovzayıb üzünü tutdu oğluna, dedi:
– Bala, Əkbər, yaxınıma gəl.
Əkbər kürsünün üstündən düşüb atasının yanında əyləşdi. Hacı Xəlil Əkbərin əlin əlinə alıb bir basdı ürəyinə, dedi:
– Oğul, mənim ömrümdə Allah mənə neçə oğul və qız verib, yenə məsləhət bilib əlimdən alıb. Mənim və bu yazıq ananın ümidi və gözünün axır dikəcəyi dünyada sən olubsan. Yüz zəhmətlə səni mən bu boya yetirmişəm, lazım olan tərbiyəti sənə vermişəm. Hərçənd işqoladan yarımçıq çıxıbsan, amma yenə heç olmasa sənin savadın və qabiliyyətin işqola qurtarmış adamların savadından və qabiliyyətindən az deyil idi. Bala, mənim ömrüm qurtarıb, ölürəm. Ona görə istəyirəm sənə bir neçə vəsiyyət eləyim. Mənim vəsiyyətim qoca, dünya görmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Əgər əməl eləyəsən ziyan çəkməzsən.
Əvvəl, bala, bu qoca anan ki, burada oturub, sənin çox zəhmətini çəkib, sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə dikib və rahat olmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü keçib, əldən düşüb, sən də onu axır günündə gözdən qoymuyasan, həm mənim ruhum səndən razı olar, həm Allah. İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən mənim ruhum səndən razı olsun, bu qoca Kərbəlayı Qulaməlidən muğayat ol. Çünki onun ömrü bu qapıda nökərçilikdə keçib. Bu kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Hörmətəlayiq kişidir. Necə ki mən onu indiyə qədər saxlamışam, sən də onu elə saxla, Allah səndən razı olar.
Kərbəlayı Qulaməli hacının bu sözlərini eşidəndə uca sövt ilə hönkürüb bihal dizi üstə çökdü: “Ağa, Allah məni səndən sonra dünyada qoymasın” – deyib qışqırtı ilə ağladı. Hacı əli ilə ona işarə edib guya sakit ol, dedi və sonra yenə üzünü çöndərdi oğluna tərəf və söylədi: “Bala, mən həştad beş il dünyada ömr etmişəm. Bu tul ömrümdə çox vilayətlər gəzib cürbəcür adamlara rast gəlmişəm: deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Ona görə bir neçə nəsihət də sənə eləyəcəyəm. Amma dürüst qulaq açıb, dürüst də qulağında saxlayasan. Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən səvay, dünya xoşbəxtliyi də səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış xəta etmə. Əgər, xudanəkərdə, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir.
Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan.
Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən!
Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəsi bilmərrə qət olub yavaş-yavaş dodaqları tərpənirdi. Yəqin nəsihəti qurtarma-mışdı, hərçənd səsi gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini boşaldırdı. Axırüləmr nəfti qurtarmış çıraq tək Hacı Xəlil söndü, əli boşalıb Əkbərin əli xilas oldu.
Hacının evindən nalə bülənd olub, məhəllə əhlinə onun vəfatını bildirdi. Hacı Xəlil vəfat etdi. Yəni dünyadan bir şəxs rehlət etdi ki, neçə füqəra əlini tutmuşdu, ac qarınlar doydurmuşdu. Çılpağa libas vermişdi.
Ona görə bu şəxs nəinki öz xiş və əqvamının, bəlkə cəmi şəhər əhlinin əlindən getdi.
Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala və ehtiram və rəhmətlə yad ola:
Dövləti-cavid yaft hər ki, nigunam zist,
Kəz əqəbəş zikri-xeyr zində künəd namra1.
Əhli-şəhr Hacı Xəlilin vəfatından müxbir olub, cəm oldular onun evinə. Aparıb nəşini dəfn etdilər və el adəti ilə üç gün baqaidət təziyə saxlayıb, üçüncü gün Əkbəri gətirib, atasının dükanını açıb əyləşdirdilər və xeyir-dua verib, “Allah səni atayın yurdunda qayim və qədim eləsin” deyib hər kəs öz evinə getdi. Bu gündən Əkbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil mərhumun məsnədində əyləşdi.
Əkbər dükanda əyləşib başladı alış-verişi. Bir neçə aydan sonra bir gün Əkbər dükanda ikən gördü onun qədim şkola yoldaşı
1
Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz.