Müşfiqli günlərim. Dilbər Axundzadə
Читать онлайн книгу.="#b00000033.jpg" alt="screen_3_102_56"/>
Hörmətli oxucular, “Müşfiqli günlərim” kitabının necə yaranması haqda sizə yazmaq istəyirəm. Müşfiqin ölümündən uzun illər keçirdi. 1958-ci ildə mən Bakıya köçdüm. Müşfiqin 50 illiyi idi. Müşfiqə həsr olunmuş bir neçə xatirə və şeirlərlə televiziya studiyasına getdim. Komitənin sədri hörmətli şairimiz Teymur Elçin idi. Mən onun qəbulunda oldum. Mənim Müşfiq haqqında kiçik xatirəmi, ona həsr olunmuş şeirlərimi oxudu. Oxuya-oxuya həyəcan keçirdiyini hiss edirdim. Teymur müəllim verdiyim yazıları oxuyub qurtarandan sonra dedi:
– Dilbər xanım, sizdən bir xahişim var. Müşfiqin həyatı haqqında öz xatirələrinizi yazın.
Mən fikrə getdim. Teymur Elçin öz xalqını, ədəbiyyatını sevən mehriban bir insan idi. Teymur müəllimə dedim, bilmirəm yaza bilərəmmi? O, yazarsan, çətinliyə düşsən köməklik edərəm, çap olunmasından da nigaran qalma, dedi. Mən elə o gündən onun sözlərindən ruhlanıb, başladım yazmağa.
Müşfiqin 50 illiyində onun haqqında radio və televiziyada çıxış etdim. Şairin 50 illiyi Azərbaycan Dövlət Universitetində təntənəli qeyd olundu.
Mən tez-tez Yazıçılar İttifaqına gedirdim. Gənc şairlərdən Cabir Novruz, Rəfiq Zəka, Əlağa Kürçaylı başıma toplaşırdılar. Müşfiqi xatırlayıb onun haqqında söhbətlər edirdik. Gənc şairlər hərdənbir bizə gəlir, mənim xatirələrimlə maraqlanırdılar.
Bir gün mən yenə Yazıçılar İttifaqına getdim. Gənc şair, Müşfiqi böyük məhəbbətlə sevən, onun haqqında şeirlər, kitablar yazan Rəfiq Zəka məni Mustafa İsgəndərzadə ilə tanış etdi. O, Yazıçılar İttifaqında klub müdiri işləyirdi. Gənc şairimiz Mustafa İsgəndərzadənin həyat yoldaşı Mənzərə xanım da həmin klubun işçisiydi. Bu gənc qadın elə mehriban, cazibəli idi ki… Biz xeyli söhbət etdik. Mustafa da gəldi. Mən onlara ev ünvanımı, telefon nömrəmi verdim. Onlar da ünvanlarını mənə verdilər. O gündən bizim dostluğumuz başladı, indi də bu dostluq davam edir. Bir gün onlar bizə gəldilər. Bir-birimizdən hal-əhval tutduq. Mən onlara xatirələrimi danışdım. Sevindilər. Mən xatirələrlə bərabər şeirlər yazırdım. Mustafa dedi: “Dilbər xanım, yazın, mən də sizə köməklik edərəm”. O öz sözünə əməl etdi. Onlar ailəlikcə bizə gəlir, məni ruhlandırırdılar. Mən də onlara gedirdim. Onlar mənim yazılarımın qüsurlu yerlərini düzəldirdilər. Mənzərə xanım da bədii ədəbiyyatın vurğunu idi. özü də uşaqlar üçün hekayələr yazırdı. Gənc şairlərdən Ağasəfa, Nüsrət Kəsəmənli, Səyavuş Sərxanlı və başqaları vaxtaşırı bizə toplaşırdılar. Şeir məclisi qurulurdu. Mənim xatirələrimi, şeirlərimi, öz şeirlərini oxuyurdular. Mən öz yazdıqlarımı çapa verməyə utanırdım. Bir dəfə hörmətli alimimiz, tənqidçi Qulu Xəlilov bizə gəlmişdi. Mən xatirələrimi ona verdim ki, oxusun. Qulu müəllim oxudu və yaxşı rəy söylədi. Mən bundan daha da ruhlandım. Kitabın birinci nəşrində “Gənclik” nəşriyyatı çox hissəsini ixtisar etmişdi. Mən bu haqda Qulu müəllimə dedim. Kitabın ikinci nəşrində əsərin redaktorluğunu öz üzərinə götürdü. Əsər haqqında “Ədəbiyyat və incəsənət” qəzetində “Sevib sevilən şair” başlığı altında böyük məqalə yazdı. Qulu müəllim mənə deyirdi ki, Müşfiq haqqında nə qədər yazırdılar, Müşfiqi yaxşı tanıya bilmirdik. Sənin xatirələrini oxuyandan sonra elə bil ki, günəşin üzündən buludları qovub bizə təqdim edibsən.
Mustafa İsgəndərzadə mənim xatirələrimi oxuyandan sonra Müşfiq haqda dram yazmaq fikrinə düşdü. Yazdı da. “Səni kim unudar” pyesi Naxçıvanda, Bakıda mərhum Adil İsgəndərovun rəhbərliyi ilə “Aktyor evi”ndə oynandı. Dram əvvəlcə “Azərbaycan” jurnalında çap edildi. Sonra da 1980-ci ildə Mustafanın “Çinarım, baharım” adlı kitabında çapdan çıxdı. “Səni kim unudar” adlı dramatik poemanın tamaşası 1978-ci ildə Komsomolun 60 illiyinə həsr olunmuş Respublika xalq teatrına baxış müsabiqəsində birinci yeri tutmuşdur.
Mən həmişə dostlarıma deyirdim ki, nə yaxşı xeyirxah insanlar var. Onlar olmasa idi, bəlkə də mən indiyə kimi yaşaya bilməzdim. Günəş göy üzünü bəzədiyi kimi, xeyirxah insanlar da insan mənəviyyatını bəzəyirlər. Həyata məhəbbət oyadırlar.
Müşfiq elə nadir istedad idi ki, 7 il müddətində mən onu tamamilə dərk edə bilməzdim. Onun coşğun qəlbinin döyüntülərini, parlaq zəkasını bütünlüklə qavramaq üçün uzun illər lazım idi. Lakin Müşfiqlə keçirdiyim qısa həyatımı həmişə ömrümün bahar fəsli kimi xatırlayıram.
Hər il bahar fəsli gələndə, quşlar səs-səsə verib oxuyanda mən onu baharın qoynunda axtarıram.
Sanıram bülbülün cəh-cəhi səsindi,
Güllərin ətri də xoş nəfəsindi.
O coşğun ürəyin, de, Xəzərimmi,
Yoxsa şeirə olan ilk həvəsindi?!
1931-ci ilin bahar fəslinin son ayı idi. Məktəbdən yenicə gəlmişdim. Birdən qapı açıldı, əmim arvadı Fəramuş sevincək içəri girdi:
– Həcər, Dilbər, tez olun, yığışın, gedirik!
– Nə var, ay bacı? Bizi hara aparırsan? – deyə Həcər soruşdu.
– APİ-yə, bu axşam institutu qurtarmağımız münasibətilə buraxılış gecəsi olacaqdır. Getmək istəmirsiniz?
Bu xəbər bizi də çox sevindirdi.
– Niyə istəmirik? – dedik.
Tələsik geyinib instituta yollandıq.
Biz salona daxil olanda orada böyük canlanma var idi. Yığıncağın başlanmasına az qalırdı. Yoldaşlarımızın sevincinin həddi-hüdudu yox idi. Niyə də sevinməyəydilər! Axı bu gün dörd il qoynunda təlim-tərbiyə aldıqları doğma institutu bitirir, öz arzularının yeni pilləsinə qədəm qoyurdular.
Biz müsamirənin başlanmağına hələ bir qədər qaldığını görüb, foyedə gəzinməyə başladıq. Pəncərənin qabağında bir neçə gənc dayanıb söhbət edirdi. Onların yanından ötəndə ortaboylu, enlikürək, qaragöz, qaraqaş, iti baxışlı bir gənc yoldaşlarından ayrılıb bizə sarı gəldi. Əmim arvadı bu gənclə çox səmimi görüşdü və onu bizə təqdim etdi:
– Tanış olun, mənim tələbə yoldaşım Mikayıl Müşfiqdir.
Ona isə:
– Bu, mənim bacım Həcər, bu da qaynımın qızı Dilbərdir, – dedi.
Mən Müşfiqin adını eşitmişdim, ancaq onunla bu gün şəxsən tanış olurdum.
Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alnının üstünə düşən qara tellərini əli ilə tez-tez arxaya atırdı. Yoldaşlarından fərqli olaraq, Müşfiq həyəcanlı və tutqun idi. Elə bil bugünkü təntənə onu sevindirmirdi. Bunu hiss edən Fəramuş:
– Gözümə birtəhər dəyirsən, Müşfiq! Olmaya institutu bitirməyimizə sevinmirsən? – deyib onunla zarafat elədi.
Müşfiq:
– Yox, Fəramuş bacı, tələbəlik illərinin belə tez başa çatdığına heyfsilənirəm, – dedi. Bir anlıq sükutdan sonra əlavə etdi: – Çox şadam ki, sizin ailə üzvlərinizlə tanış oldum. Bəs İdris müəllim necədir, niyə gəlməyib?
Əmim arvadı əmimin axşam dərsi olduğunu söylədi.
Biz Müşfiqi ali məktəbi qurtarmağı münasibətilə təbrik etdik.
– Çox sağ olun, arzu edirəm ki, siz də bütün diləklərinizə qovuşasınız, – dedi.
Sonra mənə məlum oldu ki, Müşfiq əmim İdris Axundzadənin dostu imiş.
Mən əmimin də dilindən tez-tez Müşfiqin adını eşidirdim. O, ədəbiyyat müəllimi idi, yazıçı və şairləri çox sevər, onlarla dostluq edərdi. Onun vasitəsilə bir çox qocaman və cavan ədiblərlə tanış olmuşdum. O zaman ən çox tanınan və sevilən şairlərdən H.Cavid, Ə.Cavad, A.Şaiq və başqaları bizə tez-tez gələrdilər. Onlar bizdə ədəbiyyat barədə maraqlı söhbətlər edər, təzə dərc olunan əsərlər və publisist məqalələrdən söz salardılar. Mən onların bir çox şeirlərini də öz dillərindən bu məclislərdə eşitmişdim. Onlar şeiri elə