Danabaş kəndinin əhvalatları. Cəlil Məmmədquluzadə
Читать онлайн книгу.belədi.
Qazı dübarə üzünü tutdu Xudayar bəyə:
– Pəs hanı sənin vəkilin və şahıdların?
– Hələ ki nə vəkil var, nə şahıd. Görək necə olacaq.
Qazı çox təəccüb elədi:
– Bə sənin nə vəkilin var, nə şahıdın var, haradan mən siğə oxuyacağam?
– Bəli, belədi, qazı ağa, belədi.
– Vallah, mən sənin sözlərindən baş açammıram. Əgər siğə oxutmaq istəyirsən, gərək övrət tərəfindən vəkil gələ, mən də siğəni oxuyam. Əgər vəkillər və şahıdlar burda deyil, qalsın sonraya. Onlar da gəlsin, o vaxt siğəni oxuyum. Ya xeyr, burda özgə bir maneçilik var, ta orasını da özün bilərsən.
Xudayar bəy qazının sözlərindən sonra bir qədər də xamuş olub və sonra dikəlib və qapıya səmt baxıb alçaq səs ilə dedi:
– Doğrusu, qazı ağa, mənim bir mətləbim var. Allahdan gizlin deyil, dəxi səndən niyə gizlin olsun.
– De, de görək. Əlbəttə, məndən dəxi niyə gizlədəsən?!
Qapı açıldı, cavan oğlan padnos içində iki stəkan çay gətirib birini qoydu qazının və birini də Xudayar bəyin qabağına. Qazı oğlana işarə elədi durmasın otaqda. Oğlan çıxıb gedəndən sonra Xudayar bəy alçaq səs ilə başladı:
– Qazı ağa, sözün əsli budur ki, bizim Danabaş kəndində bir dul övrət var. Mənim çoxdandı fikrimdədi onu siğə eləyim, amma övrət gəlmir. Bilmirəm ürküdürlər, ya nədi. Deyir getmərəm ki, getmərəm. İndi qalmışam belə. Sizin qulluğunuza gəlməkdə qəsdim bu idi ki, bu ərzimi sizə yetirim, görüm siz nə buyurursunuz. Bu əmrə, bəlkə, bir çarə tapasınız.
Bu heyndə haman qız uşağı başını qapıdan soxdu içəri və dedi:
– Dədə, anam burdadı?
Qazı qızın üstünə çığıran kimi qız rədd oldu. Sonra cavan oğlan qəlyanı gətirib qoydu qazının qabağına. Oğlan istədi dursun, qazı getməyi işarə elədi. Qazı qəlyanı damağına salıb üzünü tutdu qonağa.
– İndi pəs nə tövr deyirsən eləyək?
– Başına dönüm, qazı ağa, hər necə olmuş-olsa, gərək düzəldəsən bu işi.
Qazı qəlyana bir bərk qüllab vurub başını bulaya-bulaya deyir:
– Bəli, gətdiyin iki girvənkə qənddir, zornan övrəti gətirib qatarıq sənin qoynuna. Get, ay həpənd!
Xudayar bəy qazının sözünün cavabına bir qədər dikəlib və sağ əlinin şəhadət barmağını yuxarı qalxızıb dedi:
– Bax, ey qazı ağa, and olsun o bizi yaradan Allaha, sən əgər mənim bu işimi aşırsan, mən məlun adamam, əgər başımı da sənin yolunda əsirgəyəm.
– Bəradərim, mənə sənin başın lazım deyil, Allah sənin başını səlamət eləsin. Mənə bu lazımdır, bax bu.
Qazı bu sözləri deyəndə sağ əlini də yerdən böyük kəllə qəndin boyuca qaldırmışdı yuxarı. Sözünü deyib qurtardı, amma əlini çəkmədi. Bu halətdə saxlayıb diqqət ilə baxırdı Xudayar bəyin üzünə. Əlini o vaxt yendirdi ki, Xudayar bəy razılıq cavabı verdi. Xudayar bəyin cavabı bu oldu:
– Qazı ağa, fikrini hara dağıdırsan? Mən bir para adamlardan deyiləm ki, söz deyim, vədə verim, dalısında durmuyum. Kişi börkü başına nədən ötrü qoyur? Ondan ötrü qoyur ki, ona kişi desinlər. Pəs şəxs ki üzdə bir söz dedi, çıxdı eşikdə özgə söz danışdı, dəxi onda kişilik sifəti qalmadı ki! Sən bir kəllə rus qəndi deyirsən, mən on bir kəllə gətirim. Ürəyini niyə sıxırsan. Pulum yoxdu mənim? Xeyr, dövlətindən o qədər varımdır, heç sənin təki ağaların yanında xəcalət qalmaram. Heç fikrini özgə yana dağıtma.
Xudayar bəy sakit oldu. Qazı başladı:
– Allah səni xəcalət eləməsin öz birliyi xatirinə. Rəfiqim, mən şəxsin simasından bilirəm ki, bu nə tövr adamdır. Mən indi müsinn adamam. Mənim olar həştad və bəlkə, dəxi də artıq yaşım. Özümə görə də təcrübə hasil eləmişəm. Mən şəxsin üzünə baxan kimi bilirəm ki, nə tövr adamdır. Və bir də zahir batinin aynasıdır. Mən sənin üzünə baxan kimi yəqin elədim ki, sən necə adamsan. Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışığa durmaz idim sənnən… Amma xeyr, maşallah, artıq ləyaqətli adamsan. Mən də səninlə elə rəftar eləmərəm ki, axırda sənin yanında xəcalət olum. Mənə nə lazımdır on bir kəllə qənd. Sən mənə iki kəllə qənd gətirsən, birini doğrayıb paylaram füqərayə, ancaq ağız şirinliyindən ötrü, – necə ki, özün də buyurdun, – bir kəllə rus qəndi səndən alacağam. Vəssalam. Mənim yoxsa artıq təməim yoxdur. Söz yox, əgər qəndin yanınca bir girvənkə çay gətirsən, nə sözüm var?
– Bax bu gözüm üstə, bax bu gözüm, bax gözüm üstə, üstə, bax bu gözüm üstə…
Bu sözləri deyirdi və sol əlini qoyurdu gah sağ gözünün, gah sol gözünün üstə. Axır sözünü bu cür tamam elədi:
– Dəxi sözün nədi, qazı ağa? Bunlar hamısı baş üstə. İndi bəs sən mənim işimi nə tövr sazlayacaqsan?
Qazı başını saldı aşağı, bir qədər təsbeh çevirib "ya Allah" dedi və durdu ayağa, getdi kitabları eşib, bir qara cildli kitab gətirib açdı. Gözlüyü taxdı gözünə və başladı alçaqdan oxumağı. Qazının səsi çıxmırdı, ancaq dodaqları tərpəşirdi. On dəqiqə çəkdi qazının oxumağı. Sol əlinin şəhadət barmağını kitabın bir yerində saxlayıb üzünü tutdu Xudayar bəyə:
– Bilirsən, bəy, bu məsələ çətin məsələdir. Belə işlər az-az ittifaq düşər. Kitaba ondan ötrü baxıram ki, görək şəriət bu xüsusda nə buyurur.
Qazı bu sözü deyib genə cumdu kitaba, bir qədər oxuyub sevincək kitabı bükdü, qoydu qabağına.
– İnşallah, kəşf edəcəyəm bu məsələni, kəşf edəcəyəm, lap asan vəchlə kəşf edəcəyəm. Bəy, buyur görək, qənd və çay nə vaxt gələcək?
– Qazı ağa, elə bu saat, elə deyirsən, durum bu saat gedim alım gətirim. Mənim əlimdə çətindir?
– Əzizim, qəndi və çayı gətirərsən qoyarsan buraya, sonra gedib üç-dörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma. Amma gərək o şəxslər hamısı sənin rəfiqlərindən ola. Onların birisi gəlib mənə deyər ki, həmin övrət mənim anamdır. Bu şəx-sə, yəni sənə gəlmək istəyir və məni bu xüsusda vəkil eləyibdi. Qeyriləri də şəhadət verərlər. Vəssalam. Mən də siğəni oxuram, qurtarıb gedər.
– Qazı ağa, əgər iş bu cür qurtaracaq, bu lap asan işdi. Üç-dörd nədi, yüz adam kəndimizdən tökərəm bura. Hər nə soruşursan soruş, mən dediyimi onlar da desinlər. Kimin ağzıdı mənim sözümdən çıxsın?
Bu sözləri deyib Xudayar bəy durdu ayağa.
– Gedim görüm kəndimizin adamlarından şəhərdə kimi tapa biləcəyəm.
Xudayar bəy qapıdan çıxmaq istəyirdi, qazı çağırıb dedi:
– Bəy, içəri