Yasaq edilmiş oyun. Sabir Əhmədli
Читать онлайн книгу.ağaran gözləri padşah heyətinə dikildi;
– “And olsun, məni bu çalışqanlığa bağlayan xoş güzarana! Oxuyan mən deyildim, qızıl arılardı. Şirə çəkirlər”.
Bu sorğu-sual, əlbəttə, lal dildə getdi. Mir Kazım səsini büsbütün udub, cıqqırını çıxarmadı. Gülçünün su çiləyəni, qayçısı da eləcə əlində sallanıb dondu.
Gər Xəlil duruxdu, dönüb Mürşüdə baxdı, Cəmşidə baxdı. Bunu da burada matı-qutu qurumuş qoyub, oradan da ötdülər aşağı. Bağçanın hör-höyüş basmış bərəsindən o üzdə məktəbdi, ŞKM.
Buradan o yana Gər Xəlil vəzir-vəkiliylə iki yerə baş çəkə bilərdi. Qalın böyürtkən-kandalaşlığın arasından axan yarpız-cincilimli arx boyunca gedib, Nəcəfqullar bağının talasından keçib, Hətəmxan dəyirmanına çıxardılar. Bir də yaxına, bağların başındakı məktəbə. Məktəb bir güşad, abad bina idi. İşıq saçan geniş, parlaq pəncərələri bağçaya açılırdı. İnsafı olan müəllim yazın kükrək çağında pəncərələri qapamır, deyirdi, qoy uşaq çölün, bağ-bağatın havasını dərsin, səhər-səhər dərsini həvəslə oxuyub, başını biliklə doldursun.
Gər Xəlil, eləcə də Mürşüd və Cəmşid o yana, Hətəmxan dəyirmanına yönəlmək meylində idilər.
Məktəbin açıq pəncərələrindən uşaqların, qız-oğlan qarışıq, cəh-cəhi eşidildi. Bu, aşağı sinif, birincilərdi, yarımıncılardı. Hələ təkbaşına danışıb oxumağa alışmadıqlarından səs-səsə vermişdilər.
Arada müəllimənin də sədası gəldi;
– ‘’Hökumət bizimdi, biz də qurmuşuq!’’
Gər Xəlil yavaşıdı, Mürşüdlə Cəmşid də onu tövrüylə ayaq saxladı.
Arx üstən, qəsəbədən Yarəhmədli səmtə uzanan hündürdəki yolla adamlar gedirdi. Kimi uçurum cığırda, belinə bir tay dən atılmış uzunqulağı bizləyə-bizləyə, toş-toşla dəyirmana tələsir, kimi bu yana, bazar-dükana cəhləyirdi. Yoxuşdakı həyətlərdən, qarğı-qamış çitəmələrin ardından pıçıltı gəlirdi. Çitəmə arxasından Gər Xəlili görüb, məktəb pəncərələrindən qopan səs-sədanı eşidirdilər.
əgər ‘’Laldinməz’’disə, hökm yiyələri göz qabağında, üçü də birlikdə ortaya çıxdığı yerdə bəs bu nə cəh-cəhdi! Dərs? Deməli burası da varmış. Gər Xəlil olmasın, lap əsil padşah başına qızıl tac qoyub çıxsın meydana. Bütün cah-calalıyla dayansın şaqraq pəncərələrin önündə. Görək körpəcə balaları susdurmağa onun gücü çatacaqdırmı? Şagirdlər tutaq ki, balaca idilər, qanmırdılar, cəzaya da yaşları düşmürdü. Bəs onlara mahnı öyrədən, arada ayrılıb, özücə tək oxuyan müəllimə, daha doğrusu, müəlliməyə nə söz?
Nazlı müəllimə məktəbə bu il ayaq açmış balalara mahnı öyrədir, nəğmə dərsi keçirdi. Tərs təki balacaların dərslərinin çoxu nəğmə idi.
Bunların burada duruxduğu anda, orada, sinifdə uşaqlar da susdu. Yalnız Nazlı müəllimənin yarpızlı bulaq təki çağlayan qumrov sədası gəldi;
– ‘’Al bayrağa beşguşəli ulduz vurmuşuq!…’’
İndi hamı bir yerdə. Bir; iki, üç! Başla;
‘’Hökumət bizimdir, biz də qurmuşuq,
Al bayrağa beşguşəli ulduz vurmuşuq!’’.
Qaçaqlığa qarşı vuruşmalarda ad-san çıxarmış, Kor Abdıllanın tutulmağında igidlik qoçaqlıq göstərmiş, milisbaşı Gər Xəlildən ötrü bu nəğmə olduqca xoş, ürəyə yatandı. Bilik, tərbiyə ocağına ayaq açmış bapbalaca nəslə bir yeniyetmə müəllimənin nəğmə öyrətməyi daha fərəhli idi, incə, zərif telləri oynadırdı.
Qaya daşlarından hörülmüş divar boyu sıralanan geniş, açıq pəncərələrin birindən müəllimənin özü də göründü. Elə bil Mir Kazımın bağçasından, bax, bu səhər, obaşdanca açılmış, hələ şehi qurumamış bir cüt ağ-qırmızı gülü zoğlu-pöhrəli qoparıb qoymuşdular oraya, pəncərənin ağzına. Gər Xəlil inandı; şehli gül ətri indicə ötdükləri Mir Kazımın bağçasından deyil, məktəbdən, sinifdən, ağzının sarfası getməmiş yavrulara nəğmə öyrədən gözəldən gəlir.
Sinif otaqlarının qənşərində çox dayanmaq yaramazdı. Mürşüd, Cəmşid hənir çıxarmadan, himlə söyləyirdilər;
– ‘’Xəlil padşah, tərpənməyəkmi?
– Bəs bu cəh-cəh?
– Ona sonra baxarıq. Qayıdarıq bu işin üstünə’’.
Məsləhəti padşah, padşahəvəzi Gər Xəlil verməli olduğu halda, bu yerdə o öz əlaltılarını dinlədi. Bəlkə bir də ondan ki, götür-qoy, məsləhət-məşvərət dilsiz-danışıqsız getdi.
Tərpəndilər enişə. Arxadan yenə Nazlı müəllimənin sədası gəldi. Kişilər aralandıqca səsini qaldırır, uşaqlardan artıq bunlara eşitdirirdi. Gər Xəlil addım atıb dayanır, birincilərin cəh-cəhindən, Nazlı müəllimənin oxumağından ayrıla bilmirdi. Laldinməz, için-için çırpınırdı.
Qəssab Məhəmmədin evinin altından keçib, toxmaçarlıqdan ötüb, geniş talaya çıxanda Mürşüdlə Cəmşid elə bildilər, dəyirmana getmədən adladı. Halbuki, padşadlığın ilk günü, başlanğıcda Hətəmxan dəyirmanına baş vurar, oranı sınadılar.
Elə ki, çıxdılar bağ talasına, çəmənliyə, burada üçü də birdən ayaq saxlamalı oldu.
Talada, qoz ağacının altında iyirmi-otuz uşaq bardaş qurub oturmuşdu otluqda. Qənşərdə, çəkilin budağından bir iri dünya xəritəsi asılmışdı. Başıaçıq müəllim əlində şiv çubuq, xəritənin önündə var-kəllə danışır, göstərirdi. Onun nə söylədiyi aydın eşidilməsə də, padşah-aləm coğrafiya müəlliminin səs-sədasını qəşəncə dinlədi. Ondan o yanda dağdağan altında bir ayrı dəstə, bir özgə sinif qonuşub çalışmaqda idi. Buradakı dərsi qocaman müəllim, mahalda ilk saatsaz Mirzə Qafar aparırdı. Gözəl də geyinmişdi.
Əynində yaxası tikmə-naxışlı ağ köynək, ayağında qara qondara, burnunun üstündə zəncir-irtməkli pensne.
Dönüb, dolayı ötmək istəyəndə, gördülər xeyir. Bağın hər ağacının altından bir səda çıxır, hər kol, şax-şəvəl arxasında bir çətən uşaq-müəllim toplanıb. Bütün bu yığnaq, səs-avaz ‘’Laldinməz’’lə bir araya sığan iş deyildi. Qaldılar neyləsin, necə tərpənsinlər. Dönüb, tala yolundan çıxıb özlərini kol-kosa, cəngəlliyə soxa bilməzdilər, üst-başları cırılar, əl-ayaqları didilərdi. Beləliklə isə bütün şərt, yasaq-qadağa büsbütün pozulmuş sanılmalıydı.
Mürşüd kişi dinməzcə qandırdı; ‘’Buradan qalxaq üstə, yola. Baş götürüb gedib çıxaq Hətəmxan səmtə’’.
Bu yerdə bir üzü ‘’Laldinməz’’, bir üzü səs-səda, bir elə iş baş verdi ki, hər üçünü heyrət aldı. Gər Xəlili birinci Mirzə Qafar müəllim görübmüş. Həm müəllim, həm arıçı, həm də saatbaz. O üç kişinin, irəlidə Gər Xəlil, başında daş-qaşla bəzənmiş qızıl tac-qızıl-qumral papaq, Mürşüd Cəmşidlə talanın qırağında ayaq