Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi. Fərəh Pəhləvi
Читать онлайн книгу.müqəddəs Qum şəhərinə getdiyimi də xatırlayıram. Bir neçə il sonra, yeddi-səkkiz yaşındaykən, Xəzər sahilindəki müqəddəs bir yerdəydik, orda uşağın yaddaşında unudulmaz iz buraxan, ilk baxışda əhəmiyyətsiz və mənasız görürən hadisəylə rastlaşdım: başım açığıydı, bir molla mənə sərt şəkildə: “Saçlarını ört, yoxsa cəhənnəmə gedərsən!” – deyə qışqırdı. Görkəmdən yoxsul bu adamın məndə oyatdığı qorxunu heç unuda bilmədim. Otuz dörd il sonra Ayətüllah Xomeyni bu qorxunu yenidən oyandırdı.
Atamı əsasən birinci mərtəbədəki iş otağında oxuyub-yazan görürdüm. Farsca və ya əcnəbi dildə veriliş yayan radioları daim dinləyirdi. Onu heç uniformada görmədim: həmişə çox zövqlə geyinirdi, hətta ən sevdiyi idman olan tennis oynayanda belə, tərtəmiz pantalonunun üstündə bəyaz lələk olurdu. Orduda hüquq məsləhətçisiydi, müharibə vaxtı Yuqoslaviya səfirliyində çalışırdı. O hər dəfə evdən çıxanda, nə qədər sarsıldığımı çox aydın xatırlayıram. Uzaqlaşdığını görəndə, sanki bir daha heç geri dönməyəcəyini fikirləşirdim, qəlbim parçalanırdı. Bu sonradan başımıza gələn fəlakətlə bağlı öncəgörməydimi görən? Hər nəydisə, elə ağlayırdım ki, anam atamın evdən çıxdığını məndən gizlədirdi. Atam axşam dönəndə, tapşırıqlarıma kömək eləmək üçün yanımda oturanda, hər şeyi unudardım. Nadir hallarda da olsa, axşam yeməyini başqa yerdə yeməsi lazım gəlirdisə, səhər yastığımın altından tapdığım kiçik bir hədiyyəylə könlümü alırdı.
İkinci Dünya Müharibəsinin axırında Azərbaycan böhranı baş verdi. (Bu mövzuyla bağlı Fərəh Pəhləvinin fikirlərinin İran dövlətçiliyi mövqeyindən söyləndiyini oxucularımızın nəzərə almasını istərdik. – N.Ə.) Kiçik olmağıma baxmayaraq, hadisələrdən çox təsirlənməyimin səbəbi atamın azərbaycanlı olmasıydı. Orada yaşayan əmilərim və bibilərim dərhal ölkədən çıxarılmışdılar. Güneydə ingilis, quzeydə sovet qoşunlarının işğalı altında olan İran, ancaq sülhdən sonra azadlığına qovuşa bildi. İngiltərə və SSRİ 1942-ci ildə imzaladıqları müqaviləylə, döyüşlər sona çatdıqdan sonra qoşunlarını torpaqlarımızdan geri çəkməyi qəbul eləmişdilər. Hər iki ölkə bu müqaviləyə sadiq qaldılar, amma Moskva qoşunlarını Azərbaycanda saxlamaqda davam elədi. 1942-ci ildə qurulan Kommunist Tudə Partiyası sovetlərin mövcudluğundan istifadə eləyib, xüsusilə Azərbaycanda çox böyümüşdü. Azərbaycan Demokratik Partiyasının lideri kommunist Cəfər Pişəvəri artıq Azərbaycanın müstəqilliyi tələbini irəli sürürdü. Sovet İttifaqı da bölgənin öz ağuşuna düşməsini gözləyirdi.
Bu zərurət gerçəkləşdi. Qohumlarımızın həmin faciəni necə yaşadıqlarını çatdıracaq sözləri tapa bilmirəm. Anamın ailəsində dayılarım və xalalarım bir zamanlar “Sovet Sosialist Gilan Cümhuriyyəti” kimi elan edilən Gilan şəhərindən, 1920-ci ildə kommunistlər tərəfindən zor işlədilib, sürgün edilmələrinin acı izlərini yaddaşlarından silə bilməmişdilər. O kommunistlərin üzündən anamgil lap uşaq olanda Tehrana gəlmişdilər. Və budur, eyni zorakılıq bu dəfə atamın yaxınlarına qarşı işlədilirdi.
Mənim çox uzun müddət kommunistlərə qarşı duyduğum qorxunun səbəbi elə bu 1945-1946-cı illərdə qohumlarımın yaşadıqlarına şahid olduğum fəlakət və ata-anamın sarsıntısıydı. Kommunistləri sevmirdim, Şaha qarşı olduqları üçün onlardan qorxurdum. Başqa bir siyasi görüşüm yoxuydu. Çox qatı Şah tərəfdarı və yenilikçi olan ata-anamın nəzərində Tudə Partiyası İrana xəyanət eləyirdi, bu da pisliyin lap özüydü, çünki belə hərəkətiylə torpaqlarımızın bir hissəsini yabançı qüvvələrə verirdi.
On üç il sonra həyatımı birləşdirdiyim gənc Şahla bağlı ilk xatirəm bu 1946-cı ilə aiddi. Məhəmməd Rza Pəhləvi 16 iyul 1946-cı ildən bəri hökmdarıydı. Böyük Rza şahdan sonra işğal qüvvələri tərəfindən diz çökdürülən bir millətə rəhbərliyi o ələ almışdı, Azərbaycanın qurtuluşu, heç şübhəsiz, ona bütün iranlıların minnət duymasını sübut eləyən ilk tarixi gerçəyiydi.
Dahi bir diplomat olan Baş nazirimiz Qəvam-üs-Səltənənin (Cənubi Azərbaycanın müstəqilliyinin boğulmasında başlıca şəxs olub- N.Ə.) rəhbərlik elədiyi Tehran hökuməti xarici ölkələrin də dəstəyilə Stalini öz imzasına hörmət eləmək zorunda qoydu və nəhayət, 1946-cı il mayın 10-da sovet qoşunlarına İrandan çıxmaq əmri verildi. Amma müstəqilliyini elan eləmiş Azərbaycanda hələ Tudə Partiyasına mənsub olan üsyançıların işğalı sürürdü. Qayda-qanunu bərpa eləmək üçün İran Ordusu Azərbaycana girdi və axırda, 1946-cı il dekabrın 12-də paytaxt Təbriz azad olundu.
Ailəm bayram sevinci yaşayırdı, bu çox böyük bir günüydü. Azərbaycandan dönən şahın Tehrana girdiyi məlum olanda, bütün şəhər onu alqışlamaq üçün küçələrə töküldü. Şah bizim küçənin yaxınlığındakı məhəllədən də keçəcəkdi. Hamımız ordakı qarajın damına çıxdıq. Şahı görmək üçün adamlar bir-birini itələyir, qışqırır, alqışlayırdılar. Nəhayət, Şah göründü. Mənim kimi, hələ səkkiz yaşında olan uşaq üçün bu, gözqamaşdırıcı mənzərəydi; ona heyran olmuşdum.
O axşam, ya da ertəsi gün bu hadisəni ailəmizdə də bayram elədik. Mən Azərbaycanı tanımırdım. Atam bir gün birlikdə gedəcəyimizə söz verdi, amma ailəsinin yaşadığı yerləri mənə göstərmək ona qismət olmadı; sonrakı il atamı itirdik.
II
Bütün dünyada olduğu kimi, İranda da üfüqün aydınlaşdığı, artıq gələcəklə bağlı xəyallar qura biləcəyimiz bir vaxtda ortaya çıxan atamın ani rahatsızlığı bizi dərindən yaraladı. Sağlam və düzgün həyat sürən atamda qəfildən yorğunluq əlamətləri göründü. Dübbədüz eyni vaxtda gözləri və dərisi saralmağa başlayanda, həkimlər sarılığa tutulduğunu güman elədilər. Xəstəliyin ilk həftələrindən, xüsusilə yadımda qalan atamın daim qaşınmasıydı. Qollarının, qıçlarının qaşınması onu əsəbiləşdirir, heç bir şey uzun müddət rahatlanmasına kömək eləmirdi.
Sarılığa qarşı ən yeni dərmanlarla müalicə aparır, bundan başqa ənənəvi olaraq, evlərdə düzəldilən dərmanların hamısını da içirdi. Ailəmizdə İranda çox geniş istifadə edilən, bitkilərdən düzəldilmiş xüsusi dərmanların köməyinə hamımız inanırdıq. Bu gün belə, mən hələ bu ənənəvi dərmanları laboratoriyada düzəldilmiş dərmanlardan üstün tuturam. Atam da qara bitki suyu içir, dadlı su balıqları yeyirdi, amma heç birinin xeyri dəymirdi; nə qaşınmaları keçib-gedir, nə də dərisində düzəlmə olurdu.
Hamımıza çox ağır təsir göstərən, amma hər şeyə baxmayaraq, nəzarət altına almağa çalışdığımız bu xəstəlik qəfildən bizə başqa hər şeyi unutdurdu, gündəlik həyatımızı alt-üst elədi: atam xəstəxanaya yerləşdirildi. Həkimlərin bundan sonrakı müayinəsi həyəcan təbilinin çalındığını göstərirdi. Neçə həftədən bəri sarılıq müalicəsi apardıqları atamın, əslində mədəaltı vəzinin xərçənginə tutulduğu və əməliyyatın vacibliyi ortaya çıxmışdı. Bu həqiqəti mənə çox sonra söylədilər, amma onun xəstəxanaya aparıldığı gün sözlə başa salınmaz dərin qayğı duymuşdum. Atama nə olmuşdu? Məni baş çəkməyə aparanda, onu tanıya bilməmişdim: zəifləmişdi, üzünün kül rəngli dərisi qırış-qırışıydı, mənə bir-iki söz