Keçən günlərin dastanı. Nizami Cəfərov
Читать онлайн книгу.bu sahənin Azərbaycanda yaradıcısı, ilk dərsliyin müəllifi idi… Yuxarı kursda isə müasir dilçiliyin banisi Ferdinand de Sössürdən ixtisas kursu apardı. Onun bir sözü indiyə qədər yadımdadır; dedi ki, mən F.de Sössürü neçə illərdi öyrənirəm, ancaq nə dediyini keçən il başa düşmüşəm… “Ümumi dilçilik kursu”nu rus dilindən azərbaycancaya çevirəndə başa düşdüm ki, təvazökar (və möhtərəm) müəllimim nə üçün belə deyirmiş. F.de Sössürü az-çox başa düşmək üçün dilçi doğulmaq, illərlə oxumaq (və düşünmək) tələb olunur… Bizdə elə dilçilər var ki, böyük alimin nəzəriyyəsinin ruhunu anlamaq əvəzinə ayrı-ayrı mülahizələrinə, çox zaman da mexaniki, istinad etməklə özlərini F.de Sössürü bilən kimi göstərirlər…
* * *
Mən xoşbəxtəm ki, həm orta məktəbdə, həm də xüsusilə Universitetdə çox böyük dilçi müəllimlərdən dərs almışam; onların yalnız məşhur (və mənim üçün doğma!) adlarını çəkmək kifayətdir ki, şair demiş, “qəziyyə məlum” olsun: Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Nəsir Məmmədov, Ağamusa Axundov, Yusif Seyidov, Fərhad Zeynalov, Tofiq Hacıyev, Abdulla Vəliyev, Musa Adilov, Samət Əlizadə, Zinyət Əlizadə, Aydın Məmmədov, Kamil Vəliyev, Firidun Cəlilov…
Və bir də ona görə xoşbəxtəm ki, bu böyük dilçi- müəllimlər nə yazdılarsa, demək olar, hamısını oxudum; nə dedilərsə, hamısını anlamağa çalışdım. Həm Universitetdə təhsil aldığım illərdə, həm də sonralar onların hər birindən qayğı, kömək, hörmət (və müdafiə!) gördüm…
Onlar müxtəlif nəsilləri təmsil etdiklərinə görə, elmi- nəzəri səviyyələri, əsaslandıqları tədqiqat metodları bir- birindən fərqlənirdi, ancaq hamısını, istisnasız olaraq, bir qayə birləşdirirdi ki, bu da Ana dilinə sonsuz məhəbbətdən ibarət idi.
Universitet dilçilərinin önündə isə, yalnız tarixi xidmətlərinə görə deyil, intellektinə, müəllimliyinə, milliliyinə… (və şəxsiyyətinə!) görə Muxtar Hüseynzadə gedirdi… O Muxtar Hüseynzadə ki, bizim, demək olar, bütün dilçi müəllimlərimizin müəllimi olmuşdu… “Müasir Azərbaycan dili” deyəndə onun adı elə qətiyyət (və ehtiramla!) çəkilirdi ki, sanki o, ana dilimizin qrammatikasını yazmaqla kifayətlənməmiş, onu (müasir Azərbaycan dilini) yaratmışdı. Hətta şairlərdən birinin Muxtar müəllimə həsr etdiyi şeirində təxminən belə bir ifadə vardı: Mənim Azərbaycan dilim – Muxtar dilim!
Şair ana dilimizin (və xalqımızın!) öz müstəqilliyi uğrunda mübarizə əzmini (həm Şimalda, həm də Cənubda!) əks etdirmək üçün böyük dilçinin xidmətləri ilə yanaşı, adının mənasından da (muxtar!) obraz kimi faydalanmışdı… Həmin şeirin (və obrazın!) müəllifi – sonralar Azərbaycanın azadlıq mücahidlərindən biri kimi şöhrətlənən Xəlil Rza Ulutürk idi. Və o da yadımdadır ki, Muxtar müəllim Xəlil Rzanı Azərbaycan dilinin qanun- qaydalarını ən yaxşı bilən şairlərdən sayırdı.
Professor Muxtar Hüseynzadə bizə dərs deyəndə səksəni haqlamışdı… Azərbaycan, xüsusilə Universitet dilçilərinin müəllimi olan bu mötəbər şəxs, başqalarını bilmirəm, mənim dilçilik həvəsimə nə isə mistik bir enerji gətirdi. Azərbaycan dilçiliyinin banilərindən olan böyük alimin əsərləri ilə hələ orta məktəbdən tanış idim.
Muxtar müəllim artıq çox yaşlaşdığından morfologiyanın quru müddəaları, hökmləri ilə auditoriyanı ələ ala bilmirdi. Ancaq qəribəydi ki, dərsə qulaq asmayan tələbələrin arxada bir-birilərilə danışması da onu əsəbləşdirmirdi. Qabaqda əyləşib onu dinləyənlər üçün danışır, hərdən də deyirdi ki, mən bilirəm, dərsə qulaq asmayanlar qızlardır, Həvvanın nəvələridir; Adəmi cənnətdən onlar qovdurdular.
Muxtar müəllimi dinləmək, nitq hissələri barədə bildiklərimin (əslində, bunu da orta məktəbdə məhz onun dərsliyindən öyrənmişdik) nə qədər zənginləşdiyini hiss etmək mənə zövq verirdi. Akademik Məmmədağa Şirəliyev, müxbir üzv Əbdüləzəl Dəmirçizadə ilə birlikdə öz böyük müəllimləri professor Bəkir Çobanzadədən sonra Azərbaycan dilçiliyini formalaşdırmış professor Muxtar Hüseynzadə canlı tarix idi. Mərd, prinsipial, yalnız dostları ilə deyil, ideya düşmənləri, opponentləri ilə də zarafat etməkdən çəkinməyən bu qürurlu insan Azərbaycan dilinin (və dilçiliyinin) mücəssəməsinə çevrilmişdi. Mənə elə gəlirdi ki, onun bir söz belə demədən yalnız auditoriyaya girib çıxması kifayətdi ki, ana dilimin incəliklərini öyrənmək həvəsim birə beş artsın.
Muxtar müəllim çox gənc yaşlarında Cənubi Azərbaycandan – Mərəndin Zünuz kəndindən Şimala gəlmiş, müxtəlif işlərdə çalışmış, fitri istedadı, zəhməti ilə mənsub olduğu xalqın ən böyük ziyalılarından birinə çevrilmişdi. Ağır keçmiş həyatını özünəməxsus şəkildə anladırdı; deyirdi, o qədər həsrətində olmuşam ki, övladlarıma oyuncaq alanda əvvəlcə özüm oynadıb sonra onlara verirəm… İranda baş verən inqilabın gedişini diqqətlə izləyirdi. Sevinirdi ki, Cənubi Azərbaycanda da gənclər ana dilinin qrammatikasını məhz onun dərsliyindən öyrənəcəklər. Və bu barədə danışanda kövrəldiyini biz tələbələri dəfələrlə görmüşdük.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.