Tanıdıqlarım və sevdiklərim xatirələrimdə. Cəfərzadə Əzizə
Читать онлайн книгу.Öz qızlarını də həmin məktəbə oxumağa qoyduğundan qaragüruhun məzəmmətlərinə məruz qalıb. Elə tərəqqipərvər fəaliyyətinə görə də, bəlkə, o vaxtı “allahsızlar” ona toxunmayıblar.
Ərəb dili və Qurani-Kərim müəllimim, sən demə, ədəbiyyatımızı, təkcə öz ədəbiyyatımızı öyrənməklə qalmayıb. Onun rus ədəbiyyatına bələdiyyəti və Lev Tolstoyla yazışması məlumdur. O, Lev Tolstoyun iki məktubuna cavab yazıb. Bu, o zaman idi ki, Lev Tolstoy “Hacı Murad” əsəri üzərində çalışır və İslam dini qanunlarıyla maraqlanırdı. Tolstoy, Şeyx Fərəcullahdan İslam dininə aid xeyli şey öyrənib və bu dinə müsbət münasibətində Şeyximin böyük rolu olub. Həmin məktublar Tbilisinin Tarix muzeyindədir. Əliaçıqlığımız, qonaqpərvərliyimizlə bağlı Qərbin məşhur şəhərlərinə aparılan, səpələnən qədim əlyazmalarımız kimi bu məktubların da taleyi beləcə olub, hələ lazımınca əldə edilib tədqiq olunmayıb.
Amma Şeyximin o zamanın ən məşhur şəxsiyyətlərindən olan “Molla Nəsrəddin” məcmuəsinin baş redaktoru Cəlil Məmmədquluzadə ilə yazışması geniş oxucu kütləsinə Mirzə Cəlilin 1985-ci ildə çap olunmuş “Seçilmiş əsərləri”nin 6-cı cildindən məlumdur. Bu məktublardan aydın olur ki, Şeyx Fərəcullah cənablarıyla Mirzə Cəlil arasında dərin, səmimi dostluq, get-gəl olub. Bir-birinin ailə, oğul-uşaq qayğılarından xəbərdar olublar. Hətta Mirzə Cəlil ailəsi ilə birlikdə Şəkidə Şeyxin evində qonaq da olub. Görünür, ədib Bayram Bayramov “Karvan yolu” romanındakı bir bütöv fəsli həmin hadisələrə həsr edərkən məhz dediyimiz məktublardan istifadə edib. 21 noyabr 1922-ci ildə Mirzə Cəlilin Şeyxə yazdığı məktubdan aydın olur ki, axund dostuyçün meyvə göndəribmiş. Mirzə Cəlil zarafat duyulan ailəvi hal-əhvaldan sonra onu “Fəzilətli Fərəcullah Pişnamazzadəyə” müraciətilə başladığı məktubda yazır: “… Nuxu (Nuxa, Şəki) dünyasını mən həmişə sizdən ibarət bilmişəm və bilirəm. Sizi mən böyük bir yadigar hesab edirəm və hər bir şey öz qaydasınca – əgər qız tərbiyəsi bizim gələcəyimiz üçün əsaslı bir məsələdir, bu məsələ dairəsində Sizin məqamınız birinci, yəni ən yuxarı mərtəbədə tutulmalıdır. İndi bilmirəm, nə vəziyyətdəsiniz, nə məşğələdəsiniz! Bəlkə, Siz də mənim kimi bir qədər yorğunsunuz və bəlkə, mənim kimi Siz də az-maz məyussunuz? Ancaq Nuxu ətrafında gurultulu qız tərbiyəsi söhbətinin birinci dəfə kimlərdən qulaqlara gəlib çatması heç yaddan çıxılası deyil. Uşaqlara atalıq salamı, sizə qardaşlıq xeyir-duam. Sağlıqla yaşayın, qardaşım. Cəlil”.
Məktubdan Şeyxin açdığı qız məktəbi ətrafındakı hay-küy, təqiblərdən başqa əgər cümlələrin altını oxusaq, görərik ki, Mirzə Cəlil və eləcə də Şeyx cənabları ictimai quruluşdan nələr çəkib, necə “yorğun”durlar, nədən “məyus”durlar. O illərdə cərəyan edən ictimai hadisələri yada salsaq, dövrün hər iki şəxsiyyətinin nə kimi təqiblərə məruz qaldıqları anlaşılacaq.
İkinci məktub 12 aprel 1923-cü ildə Şəkiyə göndərilib. Ömrü uzunu mollaları, xurafat əsiri rövzəxanları, ümumiyyətlə, yalançı din xadimlərini qamçılayan, “Molla Nəsrəddin”in hər sayında dövrün tanınmış irticaçı mollalarını tənqid atəşinə tutan Cəlil Məmmədquluzadə Şeyximə belə müraciət edir:
“Misli-bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə” (Görün mənim müəllimim – şeyxim necə bir şəxsiyyət olub). Məktubdan aydın olur ki, Şeyx Fərəcullah cənabları Mirzə Cəlilin yaradıcılığına, “Molla Nəsrəddin” nəşrinə yüksək qiymət verirmiş.
Mirzə Cəlil yazır:
“Hər iki məktubunuz yetişdi. Nəhayət şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siztək nadirül-vücudlar cızma-qaralarımızı təqdir edirsiniz”. Cəlil Məmmədquluzadə Şeyx Fərəcullahın qız məktəbləri və öz qızlarını oxutması kimi o zamanlar çox çətin, ağır təqiblərə məruz qalan fəaliyyətinə, həm də onun ədəbi əsərlərə, yazıçının ədəbi-ictimai fəaliyyətinə verdiyi diqqəti yüksək qiymətləndirirdi. Bir də Mirzə Cəlilin “nadir şəxsiyyət”, “fəzilət sahibi” və s. kimi ifadələri əbəs deyildi, adi nəzakət qanunları deyildi. Şeyxim zəmanəsinin bir sıra qaragüruhçu mollalarına əsla bənzəmirdi. Maarifpərvər, xalqını sevən, millətinin inkişafına candan yardım etməyə çalışan, eyni zamanda hərtərəfli biliyə malikdi. O fiqhi bildiyi kimi, tibbi, astronomiyanı və başqa elmləri dərindən öyrənir və həyatda gənc nəslin inkişafına, tərbiyə verdiyi, hamısını ali təhsilli gördüyü balaları kimi, millətin gələcəyi olan gənc nəslin də beləcə inkişafına çalışırdı.
İndi deyə bilərəm ki, bax, ilk dini təhsil müəllimim belə şəxsiyyət idi və anam məni onun yanında dərsə qoymaqda əsla səhv etməmişdi. Ancaq təəssüflər olsun ki, Şeyx Fərəcullah Pişnamazzadənin – o vaxtlar Qafqaz müsəlmanlarının şeyxülislamının müavini olan müəllimimin yanında çox oxuya, dərs ala bilmədim.
İrəlidə dediyim kimi, heç yenicə, böyük həvəslə daxil olduğum universitetin filologiya fakültəsində də oxuya bilmədim. Əlimdə o zaman “xalq düşməni” hesab olunan ərəb əlifbası ilə kitab tutdular. Kitab Türkiyədə çap olunan siyasətdən uzaq adi roman idi. Onu mənə gözəl şair və mənim texnikumdaykən ədəbiyyat müəllimim olmuş Osman Sarıvəlli vermişdi. “Hardandır bu kitab səndə?” – deyə 2-ci şöbə soruşanda Osman müəllimin adını vermədim, “Atamın kitablarındandır” – dedim. Atam isə 1939-cu ildə artıq vəfat etmişdi və KQB onu məzarından qaldırıb kitab məsələsini “həll edə” bilməyəcəkdi. Osman müəllimin adını versəydim, “gənc nəslin, komsomolçunun tərbiyəsinə xələl gətirir” deyə çək-çevirə salacaq, bəlkə, tutacaqdılar da. Qərəz ki, həmin kitaba görə məni universitetdən qovdular. Doğrudur, sonra, o vaxtlar maarif naziri olan Xalq yazıçısı Mirzə İbrahimovun müdaxiləsi, rektorumuz gözəl insan və alim, professor Qarayevin və dekanımız şair Məhəmməd Hadinin bacısı oğlu, şübhəli şəkildə həlak olmuş Həbibulla Səmədzadənin yardımıyla məni universitetə ekstern yolu ilə qaytardılar. Amma artıq parta, mühazirələr görə bilmədim. Universiteti ekstern yolu ilə bitirdim. Deyə bilərsiniz ki, bunun Şeyx Fərəcullah həzrətlərinə nə dəxli var? Bilavasitə dəxli var. Anam bu hadisədə KQB müdaxiləsi və çək-çevirə salındığımı görüncə Şeyxi qorudu. Məni ondan ayırmalı oldu. Çünki Allah eləməmiş, onun mənə gizli dərs verdiyi bilinsəydi, çək-çevir daha da uzanacaq, qəlizləşəcək və şübhəsiz ki, Şeyxə ziyanı dəyəcəkdi. Dərsim yarımçıq qaldı. Amma bu gün də o ilk müəllimimin dərsarası söhbətləri, izahatları gözümün önündə canlanmaqda, sırğa olub qulaqlarımdan asılmaqdadır. O elə mehriban, elə həlim, elə bağışlamağı, günahı əfv etməyi bacaran adam idi ki!.. Mənim kimi nadinc, intizamsız şagirdə necə dözdüyünə indi də heyranam. O mənə təkcə çərəkə, Quran oxumaqla qalmırdı. Həyatda rast gələcəyim və gəldiyim hadisələri elmin anlaya biləcəyim başqa sahələri haqqında ağ bığları arasından incə təbəssümlə tərpənən dodaqlarıyla elə izahatlar, məlumatlar verirdi ki, indi də yadımdadır. Şeyximin dərsə hazır gəlmədiyim, verdiyi yazıları yazmadığım günlərdə bu bığaltı təbəssümlə, həlim səslə “neynək, sabah yazıb gətirərsən. Yükün ikiqat artıq olacaq amma. Dünənki, bugünkü tapşırıq. Az deyil