Qafqaz günləri. Banin (Ümmülbanu)
Читать онлайн книгу.üçün oruc tuturdum. Ürəyimdə bir arzu tutur və güman edirdim ki, dinə xidmətimə görə Allah arzumu yerinə yetirəcək.
Bütün günü sudan və yeməkdən məhrum olmalıydıq, ağzımıza su keçməsin deyə heç diş yumağa da icazə yox idi. Papiros çəkənlər həmin gün papirosu tərgidirdilər. Kişilər arvadlarına toxunmazdılar (təkcə iftar saatlarından başqa). Amma elə ki, göydə ilk ulduz göründü, camaat süfrəyə daraşardı. Bütün gün ac qalmış dindarlar xirtdəyəcən yeyirdilər. Sonra bir də yeyib yenidən həzm edirdilər. Səhər açılana qədər beləcə davam edirdi. Hətta yatanları da oyadırdılar ki, hərə qarnı tutan qədər özünü doyuzdursun.
Orucluq ayı başa çatanda qoyun kəsir, həyətdə ocaq qurub, əvvəlcə içalatı qovururdular. Beləliklə, bizim kef məclisimiz başlayırdı. Uşaqlıq illərində ən dadlı yeməkləri bayram günlərində yeyirdik. (Alman qızları ilə keçirdiyimiz məclislər də əla keçirdi). Adam barmaqlarını yalayır, dadlı, ətirli xörəklərdəki yağın bir damlasını da yerə düşməyə qoymurdu. Hər yandan ədviyyat iyi gəlirdi… "Ah! Necə kef əyyamı idi!.."
Başqa bir dini mərasimdən də xoşum gəlirdi. Bu da 680-ci ilin Kərbala faciəsi, Həzrət Əlinin oğlu Həzrət Hüseynin və ailə üzvlərinin öldürülməsi ilə bağlı Məhərrəmlik mərasimi idi. Sünnülüyə düşmən kəsilmiş şiəliyin əsasını bu hadisə ilə bağlayırdılar. Nənəm o günü hər il qeyd edirdi. Yerli adətə görə otağa xalça və döşəkçələr divar boyu, qonaqların sayına görə yuxarı başdan yönü aşağı bir neçə cərgə düzülürdü. Qonaq çox olanda isə bütün döşəmə döşəkçə ilə örtülürdü. Yalnız ortada divara söykənmiş bir kürsü qoyurdular, bu da "Molla xanımın" taxtı sayılırdı.
Çadraya (Avropada "çador" deyirlər) bürünmş qonaqlar axışıb gəlirdilər, onlar yeridikcə başmaqları taqqıldayır, ipək tumanları xışıldayır, özləri isə ucadan danışa-danışa söhbətə başlayırdılar.
Bayram günlərinin milli geyimi adətən bahalı parçalardan tkilir, dəbdəbəli paltarlar adama əsl şərqli görkəmi verirdi. Ağ köynək üstündən geyinilən yaraşıqlı donun yaxası yarıya qədər açıq idi. Açıq yaxadan görünən köynəyin üstü mirvari və "imperial" boyunbağıları, asma qızıl zəncir, cürbəcür yaxa sancaqları ilə örtülürdü. Bu zərgərlik məmulatları keyfiyyətcə çox vaxt yüksək olmasa da, parıldayır, cingildəyir, cilvələnir, göz oxşayırdı. Sahiblərinin xoşbəxtliyi üçün elə bu da bəs idi. Geyimin əsasını tuman, daha doğrusu üst-üstdən geyinilmiş tumanlar təşkil edirdi. Qadının var-dövləti tumanların sayına, dəyərinə görə təyin olunurdu: "tumanını mənə göstər, sənin kim olduğunu deyim".
İmam Hüseynin qətli günü isə matəm sayılırdı! Elə buna görə də qadınlar qara paltar geyinir, matəm münasibəti ilə bər-bəzək taxmırdılar. Otaq adamla dolur, döşəkçələr qırçınlı tumanların altında yoxa çıxırdı. Molla xanım taxta əyləşib Quran, ya da mərsiyə oxumağa başlayanda səs-küy kəsilirdi. Çox keçməmiş molla Quranı kənara qoyub, Azərbaycan dilində İmam Hüseyn faciəsinin təfsilatını danışırdı. Əvvəlcə, arvadlar dinməzcə oturub qulaq asırdılar. Sonra kimsə ağlamağa başlayır, yanındakılar da bir-bir ona qoşulur və beləliklə də bütün arvadlar göz yaşı tökürdülər. Onlar hıçqırır, hönkürür, inildəyir, "Ay Allah" deyə qışqırırdılar. Elə bil ki, bu ağlaşma qurtaran deyil. Amma elə ki, mollanın səsi qəfildən kəsildi, həmin andaca arvadlar ağlaşmanı kəsib söhbətə qurşanırdılar. Biz uşaqlar da xırda gülab qablarını əlimizə alıb döşəkçələr arasıyla dolaşır, arvadların irəli uzanmış əllərinə gül suyu damızdırırdıq. Onlar gülabı üzlərinə, gözlərinə sürtür, beləliklə də fasilə edilirdi. Sonra Quran oxunması ilə moizə yenidən başlananda ağlaşma da təzələnir, fasilədə yığılmış göz yaşları təzədən axırdı. Bu arvadlar göstərişlə ağlamağı necə bacarırdılar? Bilmirəm. Amma belə məclislərə də hüzr yerlərində dil-dil ötən, adam ağlatmağı peşəkarcasına bacaran qadınlar da dəvət olunurdular. Ağlamağı birinci onlar başlayır, mollanın sözlərinə qarışan hönkürtü sədalarının təsiri başqa arvadlara da sirayət edirdi. Bir sözlə qəribə sənəti olan bu arvadların sayəsində məhərrəmlik təziyyəsi lazımi səviyyədə keçirdi. Ancaq göz yaşı tökən arvadların əhvalından duyulurdu ki, onlar ürəkdən kədərlənib ağlamırlar.
Bacılarımla məni belə matəm mərasimlərində hər şeydən çox yalançı ağlaşma maraqlandırırdı. Doğrusu, bu məclislərdə əylənirdik, hamıdan çox da əsl artist kimi göz yaşı tökən qoca xalalardan birinə gülürdük. Onun hərəkətləri, yalançı ah-vayı, haldan-hala düşməsi, ikiüzlülüyü bizə ləzzət verirdi. Qarı nalə çəkib nərildəyəndə, yaxud yaxasını cırmaq istəyirmiş kimi köynəyini dartışdıranda, xırdaca gözlərini oynadıb canfəşanlığını ətrafdakılara necə təsir bağışladığını öyrənmək istəyəndə biz çarşabın altında gülməkdən boğulurduq. Belə məclislərdə çarşab örtürdük və başımız örtülü olduğundan gülməyimizi gizlədə bilirdik. Çiyinlərimizin əsdiyini görənlərsə elə bilirdilər ki, hıçqıra-hıçqıra ürəkdən ağlayırıq. Belə dindarlığımıza görə nənəmizin hörmət və rəğbətini qazanmaq imkanımız daha da artırdı və biz bundan məharətlə istifadə edirdik. Fröyleyn Anna gəlib bizi öz otaqlarımıza yatmağa çağıranda bütün ailə üzvləri, xüsusilə də nənəm dayəmizi acıqla süzürdü. Belə hallarda o, tək qayıtmalı olur, bizsə çarşablarımızın altında hırıldaşaraq həmin gecəni lap gec yatırdıq.
Uşaq vaxtı nənəmi çox istəyirdim və bizi ayıran cəhətləri o vaxt yaxşı duymurdum. Elə ki, həmin fərqləri duydum, nənəmin tamam başqa dünyanın adamı olduğunu anladım, onda ilk məhəbbətim də tamam soyudu. Bəs, qan qohumluğu? Boynuma almalıyam ki, özümdə heç kimə qohumluq duymamışam. Bilmirəm. Bu yeni bir bəşəri hissdi, yoxsa ki, mən təbiətən pis adamam? Adi şübhələrimdən belə bir təxmini nəticə çıxır ki, ailə üzvlərinin fərdi maraqları fərqlənəndə qohumlar arasında kin və ədavət düşür; fərdi maraqlar haçalanmayanda ailədə bəzən mehribanlıq hökm sürür. Amma hərdən bir qayğıkeşliyə, qohumluq borcuna oxşar bir hiss də olur ki, adam bunu məhəbbətə də bənzədə bilər. Sözün düzü, mənim zənnimcə ailə üzvləri arasındakı laqeydlik təbii bir haldır. Adam özünə dostu neçə-neçə tanış arasında seçməli olur; ona görə də kiçik bir dəstədən, ailədən yaxşı adam seçmək çox çətin məsələdir.
Bizimlə nənəmiz arasındakı uçurum getdikcə dərinləşirdi. Onun ömrü müsəlmanların hicrəti ilə başlayan tarixin davamı idi, deməli, aramızdakı yaş fərqi də bir neçə onillik yox, On dörd əsrdən ibarətdi. Nənəm "Mədəniyyət ocağından" – yəni rus mədəniyyətindən heç nə götürmək istəmirdi. Heç rus dilini də bilmirdi, çünki gəncliyində bu dili öyrənmək məcburi deyildi. Onun gözündə rus müstəmləkəçi, qədim adət-ənənələri vurub dağıdan, başqa irsli, yad dinli bir kafirdi və onlardan zəndeyi zəhləsi gedirdi. Bu kinin tərzi yavaş-yavaş korlanırdı; əri ayrılaraq bir rus qadını ilə evlənmişdi. Özü kimi tərbiyələndirib böyütdüyü qızlar isə ərə gedəntək çadralarını atmışdılar, avropasayağı geyinməyə, qarışıq bir dildə – yarı azərbaycanca – yarı rusca danışmağa başlamışdılar. Qızların mədəni həyata atdıqları bu sadə addımların nənəmin əhvalını pozması azmış kimi, hələ oğlanları da işləri tamam korlamışdılar: onlar