Hekayələr. Исмаил Шихлы
Читать онлайн книгу.bu əsəri çoxdan yazmışdı, lap çoxdan. Az qala müəllifliyini belə unutmuşdu.
Yağış yenə çisələyirdi. Təkərlər şırıldayırdı.
Qapı tərəfdəki iri kəfkirli böyük saat danqıldadı. Dalğa-dalğa otağa yayılan bu səs qocanı diksindirdi. O nə isə xatırlayıb cəld kreslodan durdu. Pəncərəyə yaxınlaşıb ön taxtaya dirsəkləndi. Boynunu irəli uzadıb bağçaya boylandı. Düz bir həftə idi ki, bir cüt gənc, qaranlıq qarışan kimi, qocanın pəncərəsi önündəki bağçaya gələr, divar tərəfə çəkilib ağacların kölgəsindəki balaca skamyada oturar, baş-başa verib gecədən xeyli keçənə qədər astadan pıçıldaşardılar. Qocanın gecə vaxtı alaqaranlıq kölgəliklərə çəkilib qucaqlaşan gənclərdən xoşu gəlməzdi. Onların gah xısıltılı gülüşləri, gah da həyasız səslərini eşidəndə pəncərəni örtüb otağın dərinliklərinə çəkilərdi. Ancaq bu uşaqlardan xoşu gəlirdi. Onlar sakitcə gələr, sakitcə oturar, gecədən xeyli keçəndən sonra sakitcə də durub gedərdilər. Onların ayaqlarının altındakı yarpaqların xışıltısı eşidilməz olduqdan sonra qoca rahatca yerinə uzanardı. Ancaq bu gün narahat idi. Yağışdan, çisəkdən qorxurdu. Aradan altmış il keçməsinə baxmayaraq yağış, çiskin onu yaman qorxudurdu…
O, Kazan Universitetində oxuyurdu. Fəlsəfə ilə maraqlanırdı, hərdənbir şeir də yazırdı. Eşitmişdi ki, qədim yunan yazıçılarından biri öz əsərlərini yazanda ucqar bir mağaraya çəkilərmiş. Roma natiqləri çıxış etməzdən əvvəl dəniz kənarına gələr, bütün gecə səhərə qədər üzünü sulara tutub öz-özünə danışar, sonsuz dənizi insan dəryası, hirsli ləpələri isə natiqin sehri ilə çalxalanan izdiham sanarmış. Onlara oxşamağa çalışırdı. Dərsdən sonra, ya da imtahanqabağı yoldaşlarından ayrılır, təkliyə, xəlvətə çəkilirdi. Volqanın sahilinə qaçıb gözdən uzaq bir yer tapırdı. Oxuyurdu, danışırdı, uca bir yerə çıxıb sinəsini qabardır, üzünü axar sulara tutub şeir oxuyur, qədim natiqlərin nitqlərindən latınca parçalar söyləyirdi. O, hamını sehrləmək, boğuq-boğuq fit verən gəmilərin səsini batırmaq, çarxlarını dayandırmaq, göyərtədəki adamların diqqətini cəlb etmək, onlara öz nitqini söyləmək istəyirdi. O istəyirdi ki, hamı – sa- hildəki izdiham da, çay kənarına görüşə gələnlər də, uzaq səfərə hazırlaşanlar da, sahilə yan alan gəmiləri körpüdə qarşılayanlar da onu dinləsinlər, ona qulaq assınlar. Bəzən göyərtədən sahilə əl edirdilər, şlyapalar havada yellənirdi. Ona elə gəlirdi ki, səsi gəmidəkilərə çatıb, dinləyicilər onu alqışlayırlar. Daha da coşurdu, əl-qol atırdı. Ancaq bir dəfə…
Qız boynunu büküb altdan-yuxarı ona baxırdı. Sarı saçını ortadan ayırıb iri hörük hörmüşdü. Əynində uzun boynunu və qollarını örtən, yaxası işləməli gimnaziya paltarı vardı. Müşəmbəli ağ önlüyünün qatı sınmamışdı. Uzunboğaz, dikdaban çəkmələrinin qaytanı çarpazlarda səliqə ilə çarpazlanmışdı. Qız kitablarını sinəsinə sıxmışdı. Oğlan özünü itirdi. Əli havada qaldı, gözü qızda. Bilmədi sözünü bitirsin, yoxsa yarıda kəssin. Qız gülümsündü. Əlindəki çiçəyi qayanın üstündə heykəl kimi dayanan oğlana atdı. Qaça-qaça uzaqlaşdı. Haradasa, qayanın o tərəfində qızlar gülüşdü…
Bir həftə görünmədi. Utandığından o tərəflərdə hərlənmədi. Ancaq yarı canı Volqanın sahilində qaldı. Gecələr gözünə yuxu getmədi. Yataqxana yoldaşları sakitləşəndən sonra yerində çöyrükdü, gözünü tavana zillədi, pəncərədən boylandı. Hara baxdısa, sarışın qız gözünün önündə dayandı, boynunu əyib altdan-yuxarı ona baxdı, gülümsündü, əlindəki çiçəyi yuxarı, qayanın üstünə atdı. Görəsən, doğrudanmı, qızın onun şeir oxumasından xoşu gəlmişdi? Yoxsa öz gözəl nitqi ilə dünyanı əsir etmək istəyən gənci elə ilk addımdan adi bir qız ələ salırdı? Bəlkə, bu bir həqiqət idi? Bəlkə, qız, doğrudan da, onun nitqinə aşiq olmuşdu? Bəlkə, bunların hamısı boş xəyal, qəlbində yeni hislər yaranan bir gəncin təxəyyülündə baş qaldıran arzular, istəklər uydurması idi? Bəlkə, bəlkə…
O dözmədi. Cəsarətini topladı, ürkə-ürkə, ehtiyatla, ətrafına boylana-boylana sahilə getdi. Dikdirə çıxanda gözlərinə inanmadı. Qız dizlərini qucaqlayıb oturmuşdu. Baxışlarını axar sulara zilləmişdi.
Heç nə soruşmadılar. Qız onun qızarmış qulaqlarına baxdı, o da qızın bədənini kip tutan donunun titrəyən sinəsinə. Gülümsədilər. Köhnə tanışlar kimi əl verdilər. Adlarını dedilər:
– Ləbibə.
– Daniyal.
Əl-ələ tutub üzüaşağı, sahilə qədər qaçdılar. Oğlana elə gəldi ki, bu saat hər yeri ayaqyalın keçə bilər, qızı qolları üstünə alıb geniş Volqanın ləpələri ilə addımlayar, istəsə, lap səmada qapaqlanmış ağ bulud laylarının qoynuna qalxıb sonsuzluqlara qədər baş alıb gedər. O istəyirdi ki, çayyuxarı üzən gəmilər dayansın, lap sahilə yan alıb onların önündə dursun, onları göyərtəyə, sonra da bərli-bəzəkli kayuta dəvət etsinlər. Birlikdə aylarla Volqaboyu yol getsinlər, gecələr göyərtənin arxa tərəfində məhəccərə söykənib qoşa dayansınlar, pərlərin köpükləndirdiyi sulara, ləpələrin qoynunda yırğalanan aya, suların sinəsində uzanan işıq zolaqlarının gümüşü pullarına tamaşa etsinlər. Sahildə mürgüləyən meşələrə, kəndlərə, yaşıl çəmənlərə baxmaqdan doymasınlar. Deyəsən, qız da eyni halı keçirirdi. Balaca, zərif əllərini oğlanın əlindən çəkmirdi…
Qoca pəncərədən bir az geri çəkildi, görünməsindən ehtiyat etdi. Qız gəlmişdi. Ağacın kölgəsində dayanaraq narahatlıqla ətrafa boylanırdı. Tez-tez qolundakı saatına baxırdı. Həyəcanlanmışdı. Narın damlalar yenə də yeknəsəqliklə şırıldayırdı. Oğlan gecikirdi. Qız gah ağacların kölgəsində daldalanır, gah da aşkara çıxıb yollara boylanırdı. Bəlkə, getmək istəyirdi? Qoca az qala pəncərədən əyilib qızın qolundan yapışmaq, onu oğlan gələnə qədər saxlamaq: "Getmə, gözlə, bəlkə, səbəbi var? Sevən adam görüşə səbəbsiz gecikməz, bunu bilirsinizmi, ay qızlar?" – deyə pıçıldamaq istədi. Axı o da altmış il bundan qabaq belə bir çiskinli havada görüşə gecikmişdi!..
Onun pulu yox idi. Sevdiyi qızı bir yana aparmaq, ona bir hədiyyə almaq, nəyəsə qonaq etmək bir yana dursun, görüş yerinə getmək üçün konkaya minməyə belə pulu yox idi, beş-on qəpiyin əlində əsir qalmışdı. Çox vurnuxmuş, ümidi gələn yoldaşlarından borc istəmiş, verən olmamışdı. Bəlkə, onların da pulu yox idi? Tələbələrin cibinin boş anları azmı olur?! O, piyada getmək, qaça-qaça özünü qıza yetirmək, küçələri kəsəsinə addımlayıb konkalardan, faytonlardan sürətlə gedib Ləbibənin yanında olmağı arzulasa da, başa düşmüşdü ki, gecikib.
Yağış çisələyirdi. Daş döşəməli küçələr islanmışdı. Novçalardan axan sular şırıldayırdı. Daniyal darıxdı, ağzı üstə çarpayıya yıxılıb yastığı didişdirdi…
Birdən otaqda ayaq səsləri eşidildi. Addımlar yaxınlaşdı və onun çiyninə toxundular. Çevrilib başı üstündə dayanan tələbə yoldaşına baxdı. Bu onların sinfində oxuyan ən sakit, ən kasıb və ən qaradinməz tələbə idi. O, eynəyinin altından sakitcə baxırdı. Bu baxışlar o qədər qayğıkeş, ürəkaçıqlığı və canıyananlıqla dolu idi ki, Daniyal susa bilmədi. Ondan kömək almaq üçün yox, yüngülləşmək, ürəyini boşaltmaq üçün dərdini