Ac həriflər. Абдурагим-бек Ахвердов
Читать онлайн книгу.tutub. Xudanəkərdə, eşidər, qəzəbi bir az da şiddət elər.
Ağa Məhəmməd şah Qacar. (qeyzli). Kimdir qapının dalında səs eləyənlər? İçəri gəlin! (Səfərəli və Abbas bəy daxil olur.) Səfərəli, sənsən övrəttək ağlayan? Gör mənim sənə nə qədər iltifatım var ki, sənin başını bədənində qoymuşam! Abbas bəy, sən də küy eləyib mənim istirahətimi pozursan?! Gedin, sabah hər ikinizin gərək başı kəsilə. Sizdən savayı bir neçə də naçizlər87 var, onların da başı kəsiləcək. Sabah gərək kəllədən bir minarə qurduram ki, Şəmkir minarəsindən uca ola. O minarənin başında sizin ikinizin başını qoyduracağam, gedin! (Səfərəli və Abbas bəy çıxırlar.) Çoxdandır, divan eləməmişəm. Amma sabah gərək davadan qaçanlara özümü göstərəm. Gərək sabah Qarqar çayında su əvəzinə qan axa! Gərək sabah bir elə divan eləyim ki, Arazla Kürün arası zəlzələyə gələ! Gərək bir divan eləyəm ki, həzrəti-Musa minlərcə balaca uşaqlar başı kəsdirmiş fironun günahının əfvini Allah dərgahından istixasə eləyə! Gərək bir divan eləyəm ki, Əmir Teymurun sümükləri Səmərqənddə cünbüşə88 gələ! (Nəfəsini ağır-ağır çəkir.) Gərək Bağrıqan dağının sinəsindən ələman sədası kəhkəşani-fələkə dürəklənə! Gərək bir divan eləyəm ki, Hüccac ibni Yusif başını qəbirdən qovzayıb “afərin” desin! Of!.. Nə çətin əmrdir padşahlıq! (Piysuzu götürüb gedir pərdənin dalına.)
Səfərəli və Abbas öz otaqlarında.
Səfərəli. Şahın sözü sözdür. Sabah ikimizin də başımız kəsiləcək.
Abbas bəy. Qəzanın təqdirinə çarə yoxdur. Ağa Məhəmməd şah taxta əyləşəndən indiyədək minlərcə bizdən artıq canları yox eləyib, indi növbət bizə düşüb.
Səfərəli. Bəli, əlac yoxdur, sən get, bu gecəni öz övrət-uşağınla keçir. Mən də tək adamam, əyləşim, razü niyaz eləyim. Bəlkə, Allah keçmiş günahları bağışlaya. Bir də, Abbas bəy, doğrusu, Qarabağı bu halda görməkdənsə, ölmək yaxşıdır. Ölkə viran, evlərdə çörək yox, anaların döşünün südü quruyub. Ac qalmış südəmər balaların mələşməsindən yer, göy titrəyir. Xan başını götürüb diyarbədiyar düşüb. Bir diqqətlə baxırsanmı, Abbas bəy, bu böyüklükdə şəhərdə necə sakitlikdir. Küçələrdə bir zinəfəs tapılmır. Ancaq bir havada nəş arzusunda gəzən kərgəslərdən savayı bir canlı görünmür. Günorta və axşam müəzzin səsindən savayı bir səs eşidilmir?! Heç diqqətlə bir əzan səsinə qulaq veribsənmi? O, əzan səsi deyil, ciyərlər naləsidir. Bu nədəndir? Ondandır ki, xalq qorxusundan çəkilib evinə, qapıları bağlayıb, külfətini yığıb başına, qara gününə ağlayır… Abbas bəy, axır, biz qarabağlıyıq, bunu gərək bizim namusumuz götürməsin.
Abbas bəy. Bilirsən, Səfərəli, nə var? Niyə biz ölürük? Qoy şah ölsün. İranda yetimlərin, dul övrətlərin fəryadı ki, çıxıb göyə! Qoy bir nəfs ölsün, bəlkə, neçə min nəfs dirilə.
Səfərəli. Abbas bəy! And olsun Allaha, sən mənim ürəyimdən xəbər verdin. Şah gərək ölsün! Özü də bu xəncərlə öləcək. Qoy onun öz başı, təmiri fikrində olduğu minarənin bünövrəsinə qoyulsun və minarəni də xudavəndi-aləmin yədi89-qüdrəti tiksin.
Abbas bəy. Onda şah yatmışkən girək içəri, fürsət əldən getməsin.
Hər ikisi qəmələrini çəkib girirlər şah yatan otağa. Abbas bəy qabaqca yeriyib pərdəni yığışdırır əlinə. Qıçları tutulub, pərdə əlində qalır. Şah qədim xırda şüşəli pəncərənin yanında yatıb. Pəncərəyə ayın işığı düşüb. Taxtın ayağının altında piysuz yanır. Abbas bəy və Səfərəli bir qədər vaxt bir-birinin üzünə baxırlar. Axır Səfərəli cəld şahın üstünə gedib, qəməni sancır onun ürəyinə. Abbas bəy və Səfərəli qaçırlar. Ağa Məhəmməd şah Qacar hövlnak yerindən qalxıb, onların dalınca, əli ürəyində, qapıyadək yüyürür, sonra qayıdıb otağın ortasında yıxılır.
Ağa Məhəmməd şah Qacar. Ey xanəxərab, İranra virankərdi!90 (Ölür.)
YEYƏRSƏN QAZ ƏTİNİ, GÖRƏRSƏN LƏZZƏTİNİ
Hacı Mehdi – Osmanlı davasında bir qədər qazanıb, 50 yaşında
Ələsgər – onun qardaşı, 45 yaşında
Sənəm – Hacı Mehdinin əvvəlinci arvadı, 30 yaşında
Güllü – Hacı Mehdinin ikinci arvadı, 25 yaşında
Nəbi – qəssab, Güllünün atası, 50 yaşında
Mirzə Heydər – cadugər, 40 yaşında
Məşədi İman – sövdəgər, 40 yaşında
Gülpəri – qoca arvad, elçi, 50 yaşında
Qiyas – Hacı Mehdinin ev nökəri, 18 yaşında
Əhvalat vaqe olur Qarabağ vilayətində. İkinci məclis ilə üçüncü məclisin arasından 4 il keçir.
Əvvəlinci məclis
Hacı Mehdinin otağı nümayan91 olur. Yaxşı döşənmiş otağın iki tərəfində qabaq-qabağa iki döşək püşti92 ilə salınmış. Otağın bir qapısı sağ tərəfdə, bir qapısı sol tərəfdə və iki qapı müqabildə.
Hacı Mehdi əyləşib döşəklərin birinin üstə, Şiraz qəlyanı damağında. Bir azdan sonra başını qalxızıb üzünü tutur qapıya, nökəri çağırır.
Hacı Mehdi. Ay gədə, Qiyas!
Nökər (daxil olur). Nə buyurursan, ağa?
Hacı Mehdi. Mirzə Heydəri gedib gördünmü? Necə cavab gətirdin?
Nökər. Ağa, Mirzə Heydər neçə vaxtdır gəlib, buradadır. Əgər istəyirsən, bu saat çağırım, gəlsin.
Hacı Mehdi. Ay namərbud, neçə vaxtdır, gəlib, niyə mənə xəbər verməyibsən? Nə qayırırdın? Hansı cəhənnəmə getmişdin?
Nökər. Ağa, dəxi niyə acığın tutur, aşpaz övrət göndərmişdi bazara, dolmadan ötrü kələm almağa.
Hacı Mehdi. Yaxşı, bazara getməmişdən gəlib mənə deyə bilməzdin, heyvan? Kişi iki saatdır, gəlib müntəzirdir. İtil gözümün qabağından!
Nökər (öz-özünə söylənir). Erməniyə “koxa” dedilər, çuxasını özgəyə götürtdü. İndi buna da “ağa” dedilər, qudurdu.
Hacı Mehdi. Dodağının altında danışma. Çağır, gəlsin! (Nökər gedir.) Bu nökər bilmərrə məni təngə gətirdi. Həqiqət “buğda çörəyi qarın deşən olur” deyirlər, doğru imiş.
Mirzə Heydər (daxil olur). Səlaməleyküm.
Hacı Mehdi. Ələykəssalam, Mirzə! Buyur, buyur, əyləş.
87
Naçiz – çox əhəmiyyətsiz
88
Cünbüş – hərəkət, tərpəniş
89
Yəd – burada: qüdrət, güc
90
Ey evi dağılmış, İranı viran qoydun!
91
Nümayan – görünən, göz qabağında olan
92
Püşti – oturub söykənmək üçün divara dayadılan döşək