Özgə ağrısı. Sədaqət Kərimova
Читать онлайн книгу.yollanardı. Qohum-qonşu, dost-tanış tənəsi olmasaydı, belə yerlərə yerli-dibli getməzdi. Amma neyləmək olar, kənd yeridir, ayıbdır, getməsə, «paxıllıq edir», – deyərlər. «Paxıllıq edirəm?» Bu fikrindən tutuldu, sonra isə utana-utana öz-özünə etiraf etdi: «Əlbəttə, paxıllıq edirəm. Ailə qurmaq mənim də haqqım deyilmi?» Daha qəhərini uda bilmədi. Gözlərindən yaş sel kimi axmağa başladı. Lakin bununla da sakitləşmədi. Əksinə, ağladıqca ürəyindəki tufan bir az da gücləndi. Otların üstünə yıxılıb hönkürdü. O, hirsindən yan-yörəsindəki otları yoluşdurur, əlləri ilə yeri döyəcləyirdi. Uşaq kimi içini çəkə-çəkə, yanıqlı-yanıqlı ağlayırdı. Uşaqdan onun bircə fərqi var idi: təsəlli diləmirdi, ovunmaq arzusunda deyildi. Heç kəsin onu bu vəziyyətdə görməsini arzu etmirdi.
Beləcə, xeyli ağlayandan sonra elə bil yüngülləşdi. Evə bu halda gedə bilməzdi. «Bir az gözlərimin qızartısı keçsin, sonra gedim», – deyə əlləri ilə dizlərini qucaqlayıb gözlərini qaranlığa dikdi.
– Ayişə, ay Ayişə!
Anası eyvandan onu hayladı.
Könülsüz halda, tələsmədən yerindən qalxıb asta addımlarla evə sarı getdi.
– Nədi? – deyə etinasız halda soruşdu.
– Bayaqdan hardasan? – anası xəbər aldı. Son vaxtlar qızının bu halları tez-tez təkrarlanırdı. Onu bir qadın kimi duysa da, qızına nə təsəlli verə bilirdi, nə də halına acıdığını bildirirdi, bu sualı da elə-belə verdi. Ayişənin bağda, fındıq kollarının dibində oturduğunu görmüşdü…
Ayişə anasının sualına cavab verməyib evə keçdi. Atası divanda, həmişəki yerində uzanıb televizora baxırdı. Ayişəni görəndə:
– Qızım, mənə bir çay, – dedi.
Ayişə armudu stəkana çay süzüb onun qabağına qoydu. Sonra atasının yatağını qaydaya saldı. Bu vaxt içəri girən anası onun pəjmürdə halını, ağlamaqdan qızarmış gözlərini görüb narahat oldu:
– Sənə nə olub, Ayişə?
– Mənə nə ola bilər ki, ana? – Ayişənin cavabında həm istehza, həm inciklik, həm də narazılıq vardı. Bunu anası o saat hiss elədi. Daha heç nə deməyib günahkarcasına susdu, evin aşağı küncünə çəkilib yarımçıq qoyduğu yorğanı sırımağa başladı. Ayişə bunu görüb ürəyində bərk hirsləndi. «Evdə yorğan-döşək əlindən tərpənmək olmur. Başa düşmürəm, bunları neynir? Cehiz yığmaqdan bezmədi? Kimə hazırlayır bunları? Niyə anlamaq istəmir ki, qızı qarıyıb? Yazıq anam… Qızının ağ atlı oğlanını gözləməkdən yorulmadınmı?» Ürəyində acı-acı güldü.
Bir azdan anası astadan, qızının xətrinə dəyməkdən qorxa-qorxa soruşdu:
– Toya getmirsən?
– Həvəsim yoxdur, ana.
– Camaatdan ayıbdır.
– İstəmirəm, məni məcbur eləmə.
– Heç olmasa yarımca saatlığa get. Zeynəbi təbrik edib gələrsən.
– Orda mənim tay-tuşum yoxdur axı… – Ayişənin səsi titrədi. O, qonşu otağa keçib qapını arxasınca bağladı. Ərlə arvad bir-birinin üzünə baxıb köks ötürdülər. Amma beş-on dəqiqə keçmiş Ayişənin geyimli-kecimli halda otaqdan çıxdığını görəndə hər ikisi rahat nəfəs aldı.
Gecə mehi üzündə, saçlarında gəzəndə Ayişənin bədənini xəfif bir gizilti bürüdü. Onda da elə bu vaxtlar idi. Abbasla son görüşü günü. Səhəri Rusiyaya gedəcəkdi. Əllərini Ayişənin saçlarında gəzdirdi: «Sənsiz necə olacaq, bu saçları qoxlamadan necə yaşayacam, Ayişə? Oxumasam dünyanın bir yanı uçmaz ki…» Abbas poliqrafçı olmaq istəyirdi. Yaxşı təhsil almaq, savadlı mütəxəssis kimi dönmək fikri ilə getmişdi vətəndən. Bu gediş son gediş olmuşdu… Ayişə uzaq xatirələrin müşayiəti ilə Zeynəbgilə tərəf yollandı.
Zeynəb Abbasın kiçik bacısı idi. Neçə il idi ki, Əhmədə nişanlanmışdı. «Abbas gəlməsə gəlinlik geymərəm», – deyib illəri yola verirdi. Oğlan evi «üsyan» edib deyə, Zeynəb toya razılıq vermişdi. Adaxlıların evlərinin arasında bircə ev vardı. «Nə yaxşı ki, Əhmədin atası qız evini məcbur elədi. Yoxsa onlar da yazıq olacaqdılar. Nə qədər həsrətlə bir-birinə baxsınlar? Qonşudan qız sevmək asandı bəyəm? Hər gün neçə dəfə həsrət dolu baxışlarla baxmaq olar? Yaxşı ki, Abbası gözləmədilər…»
«Bəylə gəlinə bir bax!» Ayişənin dodağı qaçdı. Hər ikisi gözləri önündə böyümüşdü. «Bunlar haçan böyüdülər?» Özünün bu fikrindən yenidən kədərləndi. Yadına düşdü ki, o, yuxarı sinifdə oxuyanda Zeynəb hələ məktəbə getmirdi. Amma Abbasın yazdığı məktubları gizlin gətirib ona verirdi və hər dəfə də deyirdi: «Qağam göndərib, bacı». «On-on iki yaş onlardan böyüyəm», – deyə qəhərlə düşündü. – «Hə, düz on iki yaş…»
Zeynəbgildə bir vurnuxma var idi ki, gəl görəsən. Hərə bir işlə məşğuldu: kabab çəkən kim, iri toy samovarından çay süzən kim, qab yuyan kim.
– Ağrın alım, səninçün olsun! – Zeynəbin anası Zivər xala onu marçıltı ilə öpüb hal-əhval tutdu. Arvadlar bir anda Ayişəni dövrəyə aldılar. Elə bil ki, gündə neçə dəfə rastlaşdıqları adam deyildi.
– Toyunu görək, ay Ayişə!
– Zeynəbin sağ əli sənin başına!
– Allah səni xoşbəxt eləsin!
Bu xeyir-duaları eşidəndə əhvalı bir az da korlandı. Ayişənin fikrincə, bu dualarda təhqiredici, tənəedici işarələr var idi. Arvadların əslində ürəkdən gələn səmimi xeyir-dualarını o, özü başa düşdüyü kimi yozdu. «Hansı xoşbəxtlikdən danışırsız? Abbassız necə xoşbəxt olaram? Elçiləri evdən azmı qovdum? Gözüm kimsəni görmədi… Daha nə xoşbəxtlik? Nə özü gəldi, nə sözü. Yol gözləyə-gözləyə qarıdım. Dünənki uşaqlar da evləndilər, mən isə hələ də gözləyirəm…»
Zivər xalanın təkidlərinə baxmayaraq, əlini süfrəyə uzatmadan Zeynəbin yanına qalxdı. Al-əlvan geyinib-kecinən qızlar xına məclisini başa vurub bəy evinə, toya tamaşa etməyə getmək üçün hazırlaşırdılar.
Zeynəb Ayişəni görəndə sevinclə boynuna sarılıb o üzündən bu üzündən öpdü.
– Bacı, elə bildim gəlməyəcəksən, – dedi.
Ayişə heyrətlə Zeynəbə baxdı. O, çoxdan Ayişəni belə adlandırmırdı. Lap çoxdan. Bu gün «bacı» onun yadına haradan düşmüşdü?
Zeynəb ağzını onun qulağına yapışdırıb qəribə tərzdə:
– Qağam gəlib ey, bacı, – dedi.
Ayişənin dizləri əsdi, bədəni uçundu, dodaqları səyridi. Eşitdiyi xəbərdən özünü elə itirdi ki, müvazinətini saxlaya bilməyib taqətsiz halda stula çökdü. «Ola bilməz, bəs deyirdilər əlaqəmiz yoxdu? Toyun vaxtını nə yaxşı bilib? Deməli, nəsə varmış ki, mənə demirlər. Zeynəb də bilmirmiş Abbas niyə gəlmir?» Suallarına cavab almaq istəyirdi ki, elə bu vaxt on-on bir yaşlarında sarışın, qıvrımsaç bir qız qaça-qaça içəri girib Zeynəbin yanında