Qoca və dəniz. Эрнест Миллер Хемингуэй
Читать онлайн книгу.buraxır, qarmağı elə düz yönəldirdi ki, birbaşa gedib yem axtaran balıqlar olan yerə düşürdü. O bu işin ustad sənətkarı sayılırdı. Balıqçılardan heç kəs qarmağı, tilovu, kəndirləri qoca kimi hədəfə tuşlaya bilmirdi. Elə bil qoca tünd qaranlıq suların ayrı-ayrı dərinliklərində üzən balıq növlərini ora öz əliylə qoymuşdu. Balığın harada olduğunu gözüyumulu bilirdi. Başqa balıqçılar qarmaqlarını axının ixtiyarına verib elə bilirdilər ki, yüz sajın dərinlikdə şikar onları gözləyir; əslində isə qarmaq altmış dəniz sajınından dərinə getmirdi.
“Mən tilovu həmişə düz atıram, – qoca düşündü, – amma nədənsə bəxtim gətirmir. Kim bilir, bəlkə, bu gün tale üzümə güləcək, həmişə bir olmur ki… İşimdə diqqətli olmaq mənim adətimdir. Amma bəxtin gətirməsi də böyük şeydir. Nə olaydı, tale üzümə güləydi, işlərim düzələydi”.
İki saat idi günəş doğmuşdu. İndi qoca gündoğana baxanda günəşin tellərini güzgüləndirən dəniz gözlərini o qədər də qamaşdırmırdı. Göz işləyən yerdə yalnız üç qayıq vardı, onlar da zorla seçilirdi, elə bil sahildən qopmamışdılar.
Qoca fikirləşdi: “Lap uşaqlıqdan gün gözümü qamaşdırır. Amma gözlərim hələ də yaxşı görür, xarab olmayıb. Gün batanda düz ortasına baxıram, gözlərimə qaranlıq çökmür, hərçənd günəş qürubçağı da bərk şölələnir, telləri adamın gözünə batır”.
Qoca birdən başının üstündə yırtıcı bir quşun dövrə vurduğunu gördü. Quş uzun qara qanadlarını geniş açıb qəfildən üzüaşağı şığıdı, qanadlarını gərib suya baş vurdu, sonra göyə qalxıb dövrə vurmağa başladı.
Qoca ucadan dedi:
– Yəqin, buralarda yem görüb, yoxsa boş-boşuna belə hərlənməz.
Astadan avar çəkə-çəkə yırtıcı quşun dövrə vurduğu yerə getdi. Qoca tələsmirdi. O, tilovları sərrast yönəltmək üçün kəndirləri azca qaldırıb təzədən suya saldı, suyun axınını qabaqlamaq üçün qayığın sürətini artırdı, sonra vaxtaşırı tilovları tarazlamağa başladı. Yırtıcı quş göydə görünəndən sonra o, əvvəlkinə nisbətən bir az cəld hərəkət edirdi.
Quş qanadlarını geniş açıb daha da yüksəyə qalxmışdı, yenə dövrə vurmaqdaydı. Birdən sürətlə aşağıya cumdu. Qoca bunu sezib dənizə baxdı. Qanadlı balıqlar sudan sıçrayıb uçur, hoppana-hoppana yerini dəyişirdi.
– Durnabalığı, – qoca bərkdən qışqırdı, – gör necə də iridir!
Kürəkləri sudan çıxartdı, oturacağın altından xırda bir tilov götürdü, kəndirə balaca bir qarmaq bağlamışdı. Qoca sardinalardan birini bu qarmağa taxıb tilovu suya atdı, kəndirin o biri ucunu qarmaqdakı halqaya bağladı. Başqa bir qarmağa da sardina sancıb kəndirlə bir yerdə oturacağın altındakı sərin yerə qoydu. Təzədən yerinə oturdu, avar çəkə-çəkə göyə baxdı. Yırtıcı quş lap alçaqdan uçurdu. Quş birdən suya enib orda gördüyü qanadlı balığı tutmağa can atdı; quş qanadlarını vəhşicəsinə həm bir-birinə, həm də böyürlərinə vurdu. Qoca suyun köpüklənə-köpüklənə aşıb-daşdığını gördü. Bir durnabalığı dənizdən qalxdı, ildırım sürəti ilə yırtıcı quşdan uzaqlaşdı. O elə istiqamət götürmüşdü ki, üst tərəfdən uçan qanadlı balıq birbaşa qabağına düşsün, durnabalığı şikarını yolüstü, asanlıqla qamarlamaq istəyirdi. Qoca düşündü: “Görünür, bu aralarda durnabalığı çoxdur. Onlar həmişə bir-birindən aralı üzürlər ki, biri şikarı tuta bilməyəndə o biri tuta bilsin. Buna görə də can qurtarmağa heç bir imkan qalmır. Yırtıcı quşun da şikarını tutmağa ümidi azdır, qanadlı balıq həm iridir, həm də cəld uçur; onun sürəti quşunkundan artıqdır”.
Qoca tamaşa eləyirdi. Qanadlı balıq bir neçə dəfə sudan sıçrayıb yerini dəyişdi. Quş ondan çox-çox ləng tərpənirdi. “Durnabalıqları əlimdən çıxdı, – qoca təəssüfləndi, – yaman cəld üzürlər, onlara çatmaq olmaz. Görək də, bəlkə, bir-ikisi sürüdən dala qalıb mənə qismət oldu. Kim bilir, bəlkə də, mənim iri balığım elə bunların arasındadır. O, buralarda olmalıdır”.
Sahil tərəfdə buludlar dağ kimi ucalırdı. Onların arxasındakı təpələr göyümtül-boz rəngdə idi. Limanboyu elə bil yaşıl bir xətt uzanırdı. Su tünd-mavi rəngə çalırdı; dəniz bənövşəyi görünürdü. Qoca balıqçı dənizin dərinliklərinə göz yetirəndə qaranlıqda üzən al-əlvan planktonları gördü. Onlar gün işığında rəngdən-rəngə çalırdı. Qoca balıqçı tilovların ipini yoxlayıb yan-yörəsinə göz gəzdirdi, dənizdə saysız-hesabsız plankton olduğunu görüncə bərk sevindi. Plankton varsa, mütləq balıq da olmalıdır. Gün bir xeyli qalxmışdı. Sahildə buludların silsilətək ucalması havanın xoş olacağından xəbər verirdi. Yırtıcı quş uçub getmişdi. Gün altında sarıyaçalan Sarqas yosunlarından başqa suyun üzündə heç nə görünmürdü. Qırmızı portuqal fiziliyası – həlməşiklər də az-çox gözə dəyirdi. Qayıq bu an həlməşiklərin arasıyla üzürdü. Fiziliya birdən böyrü üstə çevrildi, sonra əvvəlki vəziyyətini alıb cəld üzməyə başladı; o, bir yard məsafəyə öldürücü zəhər saçan bənövşəyi qol-budağını dalınca sürüyüb apardı.
– Ay qancıq, – qoca onun qarasınca deyindi; astadan avar çəkə-çəkə diqqətlə dənizə baxdı. Sabun köpüyünə oxşayan əlvan fiziliyanın qovuğu altında, qol-budağı arasında xırda balıqlar üzürdü; fiziliyanın buraxdığı zəhər xırda balıqlara xətər yetirə bilmir, amma adama çox tez, çox da pis təsir edir: zəhər ifraz eləyən bənövşəyi rəngli sürüşkən qol-budaqlar tilovun kəndirlərinə dolanıb qalırdı. Qoca qarmağa keçmiş balığı çıxarmaq üçün əllərini suya salanda kəndirə sarınmış fiziliyanın zəhər saçan qol-budağı biləklərinə yapışırdı. Zəhər qana keçəndə bədən elə göynəyirdi, elə bil onu qamçı ilə döyürdülər. Dözülməz, dəhşətli ağrılar başlayırdı.
Al-əlvan qovuqcuqlar çox cəlbedici idi. Ancaq bu bərli-bəzəkli məxluqlar dənizin ən hiyləgər, ən amansız sakinləriydi.
Qoca balıqçı onlara yaxşı bələd idi; onu da bilirdi ki, iri dəniz tısbağaları bu qovuqcuqları iştahla, ləzzət ala-ala yeyir. Hər dəfə bu mənzərəni görəndə dayanıb həvəslə tamaşa edərdi. Bağalar gözlərini yumub – gözlərinə ziyan dəyə bilərdi – yemə girişərdi. Onlar qovuqcuqları qol-budağı qarışıq içəri ötürürdülər. Qoca balıqçı bu tamaşadan xoşlanırdı. Fırtına vaxtı ləpələr sahilə çoxlu fiziliya tullayırdı. Tufan yatandan sonra qoca onları tapdalaya-tapdalaya gəzirdi. Yeridikcə qovuqlar onun qabarlı ayaqları altında qalıb partlayırdı, bu da ona ləzzət edirdi.
Qoca yaşıl tısbağaları yaman sevirdi, çünki onlar çox baha qiymətə satılırdı. Həm də çox incə, cəld idilər.
Tısbağaların portuqal fiziliyalarını hərisliklə yeməsi qocanın onlara məhəbbətini daha da artırırdı. Tısbağalar cinsi əlaqə məsələsində çox qəribə, şıltaq idilər. Bu canlıların yekə başı, yöndəmsiz sarı zirehi balıqçının o qədər də xoşuna gəlmirdi.
Çanaqlı bağa haqqında olan qorxulu əfsanələrə qoca inanmırdı; uzun illər xüsusi gəmilərdə bağa tutmağa getmişdi. Onun bağalara yazığı gəlmirdi, istər xırda, istər iri, istərsə lap bir ton