Hekayələr. Герберт Уэллс
Читать онлайн книгу.bu dəfə uğursuzluğa düçar olub, buna görə də qəlbində hər cür möcüzəyə nifrət duydu. İndi o, tamamilə qaranlıqda qalmışdı, çünki buludlar toplaşıb ayın qabağını tutmuşdu. Yağan dolunun sürətli zolaqları işgəncə verirmiş kimi havada səyirir və sovrulurdu. Küləyin qulaqbatırıcı uğultusu və sel dünyanı bürümüşdü. Foderingey gözlərini ovucları ilə örtüb küləyin əsdiyi səmtə boylanaraq ildırımın işığında ona yaxınlaşan nəhəng su dalğasını gördü.
– Meydiq! – Foderingeyin zəif səsi azğın tufanın gurultusunda əridi. – Ey, Meydiq!.. Dayan! – üzünü yaxınlaşan dalğaya tutub qışqırdı. – Dayan! Allah xatirinə yaxınlaşma!
Sonra ildırım və tufandan xahiş elədi:
– Bir dəqiqə dayanın! İmkan verin fikrimi cəmləyim. İndi nə edim?! Axı nə edim? İlahi! Heç olmasa, Meydiq burda olsaydı… Bildim! – birdən Foderingey bağırdı. – Bircə, Allah xatirinə bu dəfə qarışıqlıq olmadan keçinək.
Hələ də üzü küləyə doğru dördayaqlı vəziyyətdə dayanıb gərgin halda düşünürdü ki, ən xırda yanlışa yol vermədən vəziyyəti necə düzəltsin.
– Budur, – nəhayət, dedi, – indi əmr edəcəyim hər nə varsa yalnız sonda “Haydı” deməklə həyata keçsin! İlahi! Axı niyə daha əvvəl bu barədə düşünməmişəm?
O, tufanın uğultusundan daha bərkdən çığırmağa cəhd etdi; öz səsini yaxşı eşitməkdən ötrü daha yüksək səslə bağırdı:
– Beləliklə… başlayıram. İndicə dediklərimi unutma! Əvvəla, istədiklərimin hamısı yerinə yetəndən sonra qoy möcüzə yaratmaq qabiliyyətimi itirim, qoy mənim iradə qüvvəm adi insanlardakı kimi olsun. Qoy bütün bu təhlükəli möcüzələrə son qoyulsun. Bütün bunlar heç xoşuma gəlmir. Kaş ki onları yaratmayaydım! İkincisi – qoy mən bu möcüzələrin hələ baş vermədiyi o zamana qayıdım, hər şey o lənətə gəlmiş lampanın çevrilməsindən əvvəlki vəziyyətə düşsün. Bu çox çətin tapşırıqdır, ancaq əvəzində sonuncudur. Aydındır? Daha heç bir möcüzə olmasın, hər şey əvvəlki kimi olmalıdır və mən “Uzun əjdaha” barında öz içkimi içəndən sonrakı vaxta düşmək istəyirəm. Vəssalam! – deyə o, barmaqlarını bir az da yerə batırıb gözlərini qıyaraq qışqırdı: – Haydı!
Hər şey tamamilə sükuta qərq oldu. Foderingey hiss etdi ki, ayaq üstə dayanıb.
– Bu sizə elə gəlir, – deyə kimsə dedi.
Foderingey gözlərini açdı. O, “Uzun əjdaha” barında idi və Toddi Bimişlə möcüzə barəsində mübahisə edirdi. Onun hafizəsində nəsə çox vacib bir şeylə bağlı xatirə parladı, amma dərhal da sönüb yoxa çıxdı.
Görürsünüzmü, əgər Foderingeyin möcüzə yaratmaq qabiliyyətinin itirilməsini nəzərə almasaq, qalan hər şey əvvəlki vəziyyətinə döndü. Nəticə etibarilə onun hafizəsi və ağlı da bu əhvalat baş verməmişdən öncəki halına qayıtdı. Beləliklə, burda danışılan hər şey indiyədək də ona naməlum olaraq qalır. Sözsüz ki, elə əvvəlki kimi də möcüzəyə inanmır.
– Mən iddia edirəm ki, müasir zamanda möcüzə-filan olmur, siz nə deyirsiniz deyin, bunu sizə qəti şəkildə sübut etməyə hazıram.
– Sizə elə gəlir, – Toddi Bimiş etiraz etdi. – Bacarırsınız, sübut edin!
– Qulaq asın, cənab Bimiş, – Foderingey dedi. – Gəlin əvvəlcə aydınlaşdıraq görək möcüzə nədir. Bu, təbiət qanunları, iradənin gücü ilə uyğun gəlməyən bir şeydir…
DİVARDAKI QAPI
Üç ay bundan qabaq, bir axşam vaxtı səmimi şərait yarandığından dostum Lionel Uolles mənə “divardakı qapı” haqqında əhvalat danışmışdı. Ona qulaq asdıqca hekayətinin həqiqiliyinə qətiyyən şübhə etmirdim. O elə səmimi, sadə, adamı ələ alan əminliklə danışırdı ki, ona inanmamaq mümkün deyildi. Amma səhər öz evimdə tamamilə başqa əhvali-ruhiyyədə ayılmışdım. Yatağımda uzanıb onun əhvalatını bir-bir yaddaşımda saf-çürük edərkən artıq dünənki kimi onun həzin səsinin, tələsmədən, ürəkdən deyilən sözlərinin təsirinin altında deyildim. Bəlkə də, yemək süfrəsi arxasında göz-gözə oturanda, abajurla kölgələnmiş lampanın yumşaq işığı altında, otağın bizi əhatə edən xəyali yarıqaranlığında, qarşımızdakı qar kimi ağappaq süfrəyə qoyulmuş desert nimçəsində, rəngarəng şərablar dolu büllur qədəhlərin, gümüş qabların parıltısında, gündəlik həyatdan uzaq olan parlaq, rahat aləmdə bu hekayə daha təsirli alınmışdı. Amma indi adi ev şəraitində bu əhvalat mənə tamamilə inanılmaz görünürdü.
– O məni ovsunlamışdı! – ucadan dilləndim. – Özü də bunu olduqca məharətlə eləmişdi! Bir başqasından deyil, məhz ondan belə bir şey gözləməzdim.
Sonra elə yatağımdaca oturub çayımı içəndə bu həqiqətəuyğun olmayan əhvalatın məndə niyə belə dərin iz buraxdığını, həyəcanverici təəssürat yaratdığını aydınlaşdırmaq istəyirdim. Ağlıma belə bir fikir gəldi ki, bəlkə, dostum yaşadıqlarını başqa cür nəql edə bilmədiyi üçün öz bədii, ifadəli hekayəsində keçirdiyi iztirabları mənə ötürmək, canlandırmaq, bu duyğuları təzələmək (lazımi sözləri tapa bilmirəm) istəyib.
Nə isə… indi belə bir izahata ehtiyac görmürəm. Bütün şübhələrimə artıq son qoymuşam. İndi, Uollesin hekayətinə qulaq asdığım həmin axşam olduğu kimi, onun bütün qüvvəsi ilə mənə hansısa sirr açmaq istədiyinə inanıram. Amma o, həqiqətən də, dediklərini görmüşdümü, ya ona elə gəlmişdi, hər hansı bir nadir, qiymətli bacarığa malik idimi, bəlkə də, təxəyyül oyununun əsarətinə düşmüşdü, bax bunu mühakimə etmək fikrində deyiləm. Hətta onun ölümü belə sonralar bu məsələyə aydınlıq gətirmədi. Qoy oxucunun özü bu barədə qərarını versin!
İndi xatırlamıram ki, bu qaradinməz adamın belə açıq danışmasına nə rəvac vermişdi – mənim təsadüfi iradımmı, yoxsa onu qınamağımmı? Ola bilər ki, mən onu ciddi bir ictimai hərəkatın dəstəklənməsində zəiflik, hətta soyuqluq göstərməkdə və mənim ümidlərimi puça çıxarmaqda ittiham etdim. Birdən o özünü saxlaya bilməyib dilləndi:
– Mənim fikirlərim tamamilə başqa şeydədir… Etiraf etməliyəm, – deyə bir az susub davam elədi. – Mən o halda deyildim… Məsələ burasındadır ki… Bilirsən burda nə ruhların, nə də cin-şeytanın barmağı var… Amma qəribədir ki, Redmond, elə bil tilsimlənmişəm. Məni nə isə izləyir, həyatımı qaraldır, anlaşılmaz qüssə, üzgünlük verir.
Bir anlıq dayandı, utancaqlığa qapıldı, adətən, biz ingilislər hansısa təsirli, kədərli, eyni zamanda gözəl hislər haqqında danışanda belə oluruq.
– Sən axı Sent-Atelsten kollecində kursu tam başa vurmusan?! – qəfil verdiyi sual mənə o anda yersiz göründü. – Belə… – o, yenə də susdu. Az keçmiş əvvəlcə qətiyyətsizliklə, dəqiqəbaşı dili dolaşa-dolaşa, sonra daha səlis və sərbəst şəkildə həyatının sirri barədə danışmağa başladı. Bu, qəlbində tükənməz həsrət və kədər oyadan qeyri-adi, ilahi gözəllik haqqında onu rahat buraxmayan xatirələr idi. Bunların ucbatından bütün dünyəvi işlər, gündəlik qayğılar, kübar