Hekayələr. О. Генри
Читать онлайн книгу.gedəcəyik. Bəli, bəli!
Onlar yuxarı qalxanda Consi mürgüləyirdi. Syu pəncərənin pərdəsini axıra kimi buraxıb Bermana işarə etdi ki, o biri otağa keçsin. Orada pəncərəyə yaxınlaşıb qorxu içində qoca sarmaşığa baxmağa başladılar. Sonra heç bir söz demədən bir-birinə nəzər saldılar. Buz kimi soyuq, leysan yağış yağırdı. Berman əynində göy rəngli köynək, qızılaxtaran zahid kimi, qayanı əvəz edən çevrilmiş çaydanın üstündə oturdu.
Növbəti gün səhər qısasürən yuxudan sonra Syu, Consinin qüssəli və geniş açılmış gözlərini pərdəsi aşağı endirilmiş pəncərədən çəkmədiyinin şahidi oldu.
– Onu qaldır, baxmaq istəyirəm, – Consi qətiyyətlə pıçıldadı. Syu yorğun halda rəfiqəsinin dediyinə əməl etməli oldu.
Çox şiddətli yağışdan və bütün gecəni sakitləşməyən güclü küləkdən sonra kərpic divarda sarmaşığın yeganə – sonuncu yarpağı görünürdü! Saplağına sarı ləkələrin və çürümənin yavaş-yavaş iz saldığı tünd-yaşıl rəngli yarpaq yerdən iyirmi fut yuxarıda yerləşən budağın üstündən əzəmətlə boylanırdı.
– Bu, soununcu yarpaqdı, – Consi dedi. – Düşünürdüm ki, o bu gecə mütləq düşəcək. Gecə güclü küləyin səsini eşidirdim, amma hələ düşməyib. Yəqin, bu gün düşər və onda mən öləcəyəm.
– Allah sənə ağıl versin! – Syu yorğun başını yastığa doğru əyərək dedi. – Özünü düşünmürsənsə, heç olmasa, məni düşün! Bəs sənsiz mənim halım necə olacaq?
Consi cavab vermədi. Sirli, uzaq səfərə hazır qəlb həyatdakı hər şeyə qarşı biganə olur. Xəstə fantaziyası Consiyə daha güclü təsir göstərərək onu həyat və insanlara bağlayan bütün telləri bir-birinin ardınca məhv edirdi.
Bir gün keçdi. Onlar hətta alaqaranlıqda belə yeganə yarpağın kərpic divara toxunan saplağının üstündə olduğunu görürdülər. Axşam düşdükdən sonra şimal küləyi qalxdı və yağışın holland dam örtüklərindən üzüaşağı yumalanan damcıları fasiləsiz olaraq pəncərələri döyəcləməyə başladı.
Hava işıqlanan kimi rəhmsiz Consi yenidən pərdənin qaldırılmasını tələb etdi. Sarmaşıq yarpağı hələ də öz yerində idi. Consi uzanmış halda uzun müddət yarpağı seyr etdi. Sonra Syunu çağırdı və qaz pilətəsində onun üçün toyuq bulyonu qızdırmasını xahiş etdi.
– Mən pis qız olmuşam, Syu, – Consi dedi. – Bəlkə də, bu sonuncu yarpaq mənim nə dərəcədə yaramaz olduğumu sübut etmək üçün dayanıb. Öz ölümünü arzulamaq günahdı. İndi sən mənə azca bulyon, ardınca isə portveynli32 süd verə bilərsən… Amma yox… əvvəlcə güzgünü gətir, sonra isə balışları ətrafıma düz, oturub sənin necə yemək hazırladığına baxacağam.
Bir saatdan sonra Consi dedi:
– Syu, ümid edirəm ki, nə vaxtsa boya ilə Neapolitan körfəzinin rəsmini çəkə biləcəyəm.
Günorta həkim gəldi, Syu bəhanə ilə onun arxasınca dəhlizə çıxdı.
– Şanslar bərabərləşib, – həkim Syunun titrəyən balaca əlini sıxaraq dedi. – Yaxşı qulluq edə bilsəniz, qələbə çalarsınız. İndi isə aşağı mərtəbədəki bir xəstəyə baş çəkməliyəm. Soyadı Bermandır. Deyəsən, rəssamdır. Sətəlcəm olub. Artıq yaşlaşıb, çox zəifdir, xəstəlik isə ağır forma alıb. Sağalmasına ümid yoxdur, amma bu gün xəstəxanaya göndərəcəklər, onun üçün ora rahat olar.
Növbəti gün həkim Syuya dedi:
– Qız artıq təhlükəli vəziyyətdən çıxıb. Siz qalib gəldiniz. İndi yalnız yaxşı qida və qulluq – başqa heç nə lazım deyil.
Həmin gün axşam Syu tamamilə gərəksiz olan açıq-göy rəngli şərfi toxuyub qurtardıqdan sonra Consinin çarpayısına yaxınlaşdı və bir əliylə qızı yastıqqarışıq qucaqladı.
– Sənə bir söz deməliyəm, ağ siçan, – o dedi. – Mister Berman bu gün xəstəxanada sətəlcəmdən ölüb. Onun xəstəliyi cəmisi iki gün çəkdi. Bir gün əvvəl qapıçı bədbəxt qocanı öz otağında döşəmənin üstündə uzanmış vəziyyətdə tapıb. Huşunu itiribmiş. Başmaqları və paltarları tamamilə islanmış, buz kimi soyuq imiş. Heç kim onun belə dəhşətli bir gecədə hara çıxdığını anlaya bilməyib. Sonra yana-yana qalan fənər, yerindən tərpədilmiş nərdivan, kənara atılmış bir neçə fırça, bir də sarı və yaşıl boyaları olan palitra tapıblar… Pəncərəyə bax, sarmaşığın sonuncu yarpağına nəzər sal, əzizim. Güclü küləyin onu yerindən tərpədib qopara bilməməsi səni təəccübləndirmir? Hə, əzizim, Bermanın şedevri budur – onu sonuncu yarpağın düşdüyü həmin gecə yaradıb!
QƏRİBƏ BİR HEKAYƏ
Austinin şimalında bir vaxtlar namuslu bir Smoders ailəsi yaşayırdı. Con Smodersin ailəsi arvadından, valideynlərindən və beş yaşında balaca qızından ibarət idi.
Bir axşam şam yeməyindən sonra balaca qız şiddətli mədə sancısıyla qıvranmağa başladı. Con Smoders vaxt itirmədən tez evdən çıxıb kəndə dərman almağa getdi. Amma o, bir də heç vaxt geri qayıtmadı.
Balaca qız bir müddət keçəndən sonra sağaldı, sonra da böyüyüb gözəl, gənc bir qadın oldu.
Ana illərlə yoxa çıxan əri üçün çoxlu göz yaşı tökdü. Amma üç ay bundan əvvəl ərə gedib San-Antonio kəndində yerləşdi. Bir müddət sonra qızı da ailə qurdu və aradan illər keçdikdən sonra onun da qızı gəlib beş yaşına çatdı. Gənc qadın isə hələ də atasının onları tərk edib və bir də heç vaxt geri qayıtmadığı evdə yaşayırdı.
Bir gecə qəribə bir hadisə baş verdi. Neçə illər bundan əvvəl Con Smodersin yoxa çıxdığı gecədəki kimi gənc qadının balaca qızı mədə sancılarıyla qıvranmağa başladı.
Con Smit (gənc qadının əri) arvadına: “Mütləq kəndə gedib balaca qızıma dərman almalıyam”, – dedi. Arvadı: “Yox, yox, Con, getmə. Bəlkə, sən də evə qayıtmağı unudub əbədi yoxa çıxarsan”, – deyə ərinin getməyinə etiraz elədi.
Beləcə, Con Smit balaca qızı üçün dərman almağa getmədi. O, arvadıyla birlikdə gəlib balaca Penzinin (balaca qızın adı Penziydi) başı üstündə dayandı.
Bir müddət sonra Penzinin halı lap pisləşdi. Con Smit təkrar balaca qızı üçün dərman almağa getmək istədi, amma arvadı yenə də ona mane oldu.
Elə bu vaxt birdən-birə evin qapısı açıldı və haradansa gəlmiş ağ saç-saqqallı, donqar bir qoca kişi beli bükülmüş vəziyyətdə içəriyə girdi. Penzi qoca kişini “Xoş gördük, baba” deyə salamladı. Balaca qız yaşlı adamı o birilərindən əvvəl tanımışdı. Qoca kişi cibindən tez dərman şüşəsini çıxardaraq Penziyə bir qaşıq sirop içirtdi. Balaca qızın halı həmin dəqiqə yaxşılaşdı və o sağaldı.
Sonra Con Smoders qızına: “Tramvayı gözlədiyim üçün bir az gecikdim”, – dedi.
İYİRMİ İL SONRA
Gecə növbəsində olan zəhmli görünüşə malik polis küçə boyunca yuxarı addımlayırdı.
32