Hekayələr. Роальд Даль

Читать онлайн книгу.

Hekayələr - Роальд Даль


Скачать книгу
də Medok, – hazırlandığını ümumilikdə deyə bilər. Amma axı hər bir rayonda icmalar, kiçik qraflıqlar, hər qraflıqda isə çoxlu balaca üzümlüklər var. Onları təkcə şərabın dadı və ətrinə görə bir-birindən fərqləndirmək mümkün deyil. Bircə onu deyə bilərəm ki, bu şərab digər üzümlüklərlə əhatələnmiş balaca bir üzümlükdən hazırlanıb və Riçard Pratt bunu heç vaxt tapan deyil. Bu, mümkün deyil.

      – Bundan necə əmin ola bilirsən ki? – qızı ondan soruşdu.

      – İnan ki, əminəm. Öyünmək istəmirəm, amma şərablardan başım çıxır. Bir də ki, qızım, mən sənin atanam və Allah şahiddir ki, ömrümdə səni istəmədiyin bir şeyə məcbur etmərəm. Sadəcə, elə etmək istəyirəm ki, sənin pulun bir az da çox olsun.

      – Mayk! – arvadı söhbətə müdaxilə etdi. – Lütfən, bu söhbətə son qoy!

      O yenə arvadına məhəl qoymadı.

      – Əgər mərcin şərti ilə razılaşsan, – Mayk qızına dedi, – onda on dəqiqədən sonra iki böyük evin sahibəsi olacaqsan.

      – Amma, ata, mənə iki böyük ev lazım deyil.

      – Onda onları satarsan. Elə onun özünə satarsan. Mən bunu təşkil edərəm. Əzizim, bir düşün, necə də varlı olacaqsan! Ömrün boyu müstəqil yaşayacaqsan!

      – Ata, bütün bunlar mənim heç xoşuma gəlmir. Zənnimcə, bu, axmaqlıqdır.

      – Mən də eyni fikirdəyəm, – anası dedi. Qadın başını qəfil geriyə dartıb toyuq kimi qabardı. – Mayk, bunu ağlından keçirmək belə ayıbdır! Axı o sənin qızındır!

      Mayk heç ona tərəf baxmadı da.

      – Razılaş! – qızının düz gözünün içinə baxıb coşqunluqla dedi. – Tez ol, razılaş! Uduzmayacağına zəmanət verirəm.

      – Amma, ata, bu mənim xoşuma gəlmir.

      – Qızım, uzatma. Razılaş!

      Mayk Luizanın lap yaxınlığına gəldi. O, sərt baxışlarını qızına zillədi və Luiza atasına etiraz etməkdə çətinlik çəkdi.

      – Uduzsam necə?

      – Bir daha deyirəm, uduzmayacaqsan. Sənə zəmanət verirəm.

      Ata, bəlkə, lazım deyil.

      – Bu mərc sənə var-dövlət bəxş edəcək. Luiza, razılaş. Hə?

      Qız sonuncu dəfə tərəddüd etdi. Sonra ümidsiz halda çiyinlərini çəkib dedi:

      – Yaxşı. Bircə and iç ki, uduzmayacağıq.

      – Əla! – Mayk çığırdı. – Əla! Deməli, mərc gəlirik!

      Mayk butulkanı qamarlayıb əvvəlcə öz qədəhinə bir az şərab süzdü, sonra həyəcanla masa ətrafında gəzib digər qədəhləri doldurdu. İndi hər kəsin baxışları Riçard Pratta dikilmişdi. Bu, əlli yaşlarında, o qədər xoşagəlimli siması olmayan birisi idi. Diqqəti hər şeydən çox onun ağzı çəkirdi; Prattın qurmanlara xas dolu nəm dodaqları vardı; aşağı dodağı sallanmış və istənilən an qədəhin küncünə toxunmağa, ya da yemək tikəsi qamarlamağa hazır idi. «Elə bil açar yeridir, – ağzına baxaraq düşündüm, – əsl iri açar yeri».

      O, qədəhi asta-asta burnuna yaxınlaşdırdı. Burnunun ucu qədəhə girdi və nəzakətlə fısıldaya-fısıldaya şərabın səthində hərəkət etdi. O, son dərəcə diqqətli idi. Gözləri yumulu idi və vücudunun yuxarı hissəsi – başı, boynu və sinəsi sanki nəhəng iybilmə maşınına çevrilmişdi. Bu iybilmə maşını fısıldayan burnun göndərdiyi məlumatları qəbul edir, yoxlayır və təhlil edirdi.

      Stula yayxanıb oturmuş Maykın üzündən etinasızlıq yağırdı, hərçənd o, Prattın hər hərəkətini izləyirdi. Missis Skofild masanın digər başında qımıldanmadan oturmuş və düz qarşısına baxırdı. Qadının üzündə narazılıq ifadəsi donub-qalmışdı. Dequstatora rahat baxa bilməsi üçün stulunu azacıq kənara çəkmiş Luiza atası kimi gözlərini ona zilləmişdi.

      İyləmək prosesi hardasa bir dəqiqə çəkdi; sonra Pratt gözlərini açmadan və başını çevirmədən qədəhindəki şərabın az qala yarısını içdi. O, şərabı ağzında azacıq saxlayıb ilk təəssüratını almağa çalışdı, sonra mən onun hülqumunun necə tərpəndiyini və udumu içəri ötürdüyünü gördüm. Amma o, şərabın böyük hissəsini ağzında saxladı. İndi o yerdə qalan şərabı udmadan dodaqları ilə bir az hava sordu. Bu hava ağzındakı şərabın ətri ilə qarışıb ağciyərlərinə getdi. O, nəfəsini saxlayıb, sonra burnu ilə buraxdı və nəhayət, dilinin altındakı şərabı ora-bura ötürüb çeynəməyə başladı, sözün həqiqi mənasında, sanki çörəkmiş kimi çeynədi.

      Bu, möhtəşəm, təsirli səhnə idi və haqqına demək lazımdır ki, o bu səhnənin öhdəsindən lazımınca gəldi.

      – Hm, – qədəhi masanın üzərinə qoyan və çəhrayı dili ilə dodaqlarını yalayan Pratt dedi. – Hm… hə. Çox maraqlı şərabdır – yumşaq və nəcib, deyərdim hətta qadın kimi zərifdir.

      Ağzı tüpürcəklə dolu idi və o danışanda bu tüpürcək damcıları düz masanın üzərinə sıçrayırdı.

      – İndi isə istisna metodu ilə gedək, – o dedi. – Cavaba doğru yavaş gedəcəyim üçün üzr istəyirəm, amma mərcin arxasında qiymətli şeylər durur. Mən, adətən, ortaya bir ehtimal atıram, sonra tez önə atılıram və düz adını çəkdiyim üzümlüyün ortasına düşürəm. Amma bu dəfə yavaş getməliyəm, elə deyilmi?

      O, Mayka baxıb, qalın nəm dodaqlarını aralayaraq gülümsündü.

      Mayk qonağa qarşılıq vermədi.

      – Beləliklə, birincisi, bu şərab Bordonun hansı rayonundandır? Bunu tapmaq çətin deyil. Sent-Emiyon və ya Qravadan olması üçün o çox yüngüldür. Bu, açıq-aşkar Medokdur. Buna zərrə qədər də şübhə etmirəm.

      Hə, indi növbə çatdı onun Medokda hansı icmadan olmasına? Bunu da istisna metodu ilə müəyyənləşdirmək çətin deyil. Marqo? Bu çətin ki Marqodur. Onda güclü Marqo dəstəsinin dadı hiss olunmur. Poyak? Çətin ki Poyak olsun. O, Poyak üçün həddən artıq zərif, son dərəcə nəcib və özünəməxsusdur. Poyakdan olan şərabın, demək olar ki, zəhlətökən dadı var. Bir də ki mənə görə, Poyak məhz bu rayonun torpağından götürdüyü hansısa enerjiyə, quru enerjili dada malik üzümdən hazırlanır. Yox, yox. Bu… bu şərab çox zərifdir, ilk dəfə dadanda təmkinli və təvazökardır, əvvəl-əvvəl adama hətta utancaq təsiri bağışlayır, amma sonra kifayət qədər cazibəli olduğu meydana çıxır. Bəlkə də, üstəlik, bir az işvəli və şıltaqdır, tərkibindəki tanin adama xəfif sataşır. Ağızda nəsə heyranedici – qadın incəliyi kimi təsəlliedici, nəsə ilahi səxavətli bir dad qalır və onu təkcə Sen-Jülyen icmasının şərabları ilə əlaqələndirmək olar. Bu şərabın Sen-Jülyendən olmasına zərrə qədər də şübhə etmirəm.

      O, stula söykənib əllərini masadan çəkdi və əl barmaqlarını bir-birinə yapışdırdı. Bir sözlə, elə təşəxxüslü görünüş aldı ki, mən Prattın bunu ev sahibini ələ salmaq üçün qəsdən etdiyini düşündüm və səbirsizliklə daha sonra nə baş verəcəyini gözlədim. Luiza həmin arada siqaret çəkməyə hazırlaşdı. Pratt kibrit çöpünün çırtıltısını eşitdi


Скачать книгу