Hekayələr. Роальд Даль
Читать онлайн книгу.o qədər istəyirdi ki!
– Uoker, saat neçədir?
– Ona iyirmi iki dəqiqə işləyib, mem.
Eşikağası cavab verər-verməz qapı açıldı və mister Foster holla çıxdı. O, bir dəqiqə qapının ağzında dayanıb arvadını diqqətlə süzdü, qadın da öz növbəsində taqətsiz, amma hələ də hərəkətli ərinə baxdı. Bu saqqallı qoca köhnə şəkillərdəki Endryu Karnegiyə9 çox oxşayırdı.
– Belə-belə işlər, – o dedi, – təyyarəyə yetişmək istəyirsənsə, yəqin ki, tələsməliyik.
– Hə, əzizim, hə! Hər şey hazırdır. Maşın gözləyir.
– Lap yaxşı, – mister Foster dedi.
O, başını yana əyib diqqətlə arvadını süzdü. Mister Fosterin boynunu irəli uzadıb, sonra başını cəld və sezdirmədən dartmaq kimi bir vərdişi vardı. Bu səbəbdən, üstəlik, əllərini sinəsi bərabərində qaldıraraq barmaqlarını bir-birinə sıxması onu parkda rastlaşa biləcəyimiz zirək və ağıllı dələyə bənzədirdi.
– Əzizim, Uoker paltonu hazır tutub. Geyinə bilərsən.
– Bir dəqiqədən sonra qayıdacam, – əri dedi. – Gedim əllərimi yuyum.
Qadın gözləməyə başladı. Hündürboy eşikağası əlində palto və şlyapa onun yanında dayanmışdı.
– Uoker, mən gecikəcəm?
– Xeyr, mem, – eşikağası cavab verdi. – Məncə, düz vaxtında çatacaqsınız.
Sonra mister Foster yenidən peyda oldu və eşikağası ona geyinməyə kömək etdi. Missis Foster cəld evdən çıxdı və kirələdikləri «cadillac»a mindi. Əri onun ardınca çıxsa da, pilləkənləri yavaş endi. Bu da azmış kimi, yarı yolda ayaq saxlayıb göy üzünə baxdı və səhərin soyuq havasını ciyərlərinə çəkdi.
– Deyəsən, bir az duman var, – arvadının yanında əyləşən mister Foster dedi. – Hava limanında isə belə hava şəraitində işlər lap pis gedir. Reysi təxirə salsalar, təəccüblənmərəm.
– Əzizim, rica edirəm, belə demə.
Maşın Lonq-Aylendə çatanacan mister Foster daha heç nə demədi.
– Qulluqçularla hər şeyi danışmışam, – kişi dedi. – Bu gündən hamısı azaddır. Altı həftəyə görə maaşlarının yarısını ödədim və Uokeri xəbərdar etdim ki, onlar yenidən lazım olanda teleqram vuracam.
– Hə-hə, – qadın dedi. – O mənə demişdi.
– Elə bu axşam kluba köçəcəm. Bəzən şəraiti dəyişmək adama xoş gəlir.
– Hə, əzizim. Mən sənə yazacam.
– Vaxtaşırı evə baş çəkəcəm və poçta gələnləri götürəcəm.
– Sənə elə gəlmir ki, Uoker evdə qalsa və ondan göz-qulaq olsa yaxşıdır? – qadın ürkək səslə soruşdu.
– Artıq söhbətdir. Buna qətiyyən lüzum yoxdur. Üstəlik, buna görə ona tam maaşını verməliyəm.
– Hə, – qadın söylədi. – Əlbəttə, haqlısan.
– Bir də ki onların evdə tək qaldıqları zaman nə ilə məşğul olduğunu bilmirsən, – mister Foster bunu deyib siqar çıxartdı. Siqarın ucunu gümüş qayçı ilə kəsib qızılı alışqanla yandırdı.
Şalının altında əllərini möhkəm sıxan missis Foster hərəkətsiz oturmuşdu.
– Mənə yazacaqsan? – o soruşdu.
– Baxarıq, – əri cavab verdi. – Amma çətin ki. Sən ki bilirsən, deməyə sözüm olmayanda yazmaqla aram yoxdur.
– Hə, əzizim, bilirəm. Söylədiklərimi unut.
Onlar Kral bulvarı boyunca gedirdilər və maşın Aydluayldın tikildiyi bataqlıq yerə çatanda duman sıxlaşdığından sürətini azaltmalı oldu.
– Aman Allah! – missis Foster çığırdı. – İndi dəqiq gecikəcəm! Saat neçədir?
– Ah-vay etmə, – qoca dedi. – İndi bunun heç bir xeyri yoxdur. Reysi, şübhəsiz ki, ləğv ediblər. Təyyarə bu cür havada uçmayacaq. Heç bilmirəm, ümumiyyətlə, evdən çıxmağa nə lüzum vardı.
Qadına elə gəldi ki, ərinin səsində qəfil yeni intonasiya peyda oldu və o, başını kişiyə tərəf çevirdi. Bu saqqallı üzün ifadəsində hər hansı bir dəyişikliyi görmək çox çətin idi. Ən əsası ağızdır. Qadın ərinin saqqalsız vaxtında olduğu kimi ağzını görmək istədi. Onun gözləri bircə qəzəbləndiyi zaman müstəsna olmaqla heç vaxt heç nə ifadə etmirdi.
– Əlbəttə, – mister Foster sözünə davam etdi, – əgər o, hava şəraitinə rəğmən uçmağa qərar verərsə, onda səninlə razıyam – dəqiq gecikmisən. Bəlkə, bu reallıqla razılaşasan?
Qadın başını çevirib pəncərədən dumana baxmağa başladı. Onlar irəlilədikcə duman daha da sıxlaşırdı, qadın indi yolkənarını və yolboyu uzanan otluğu görürdü. Missis Foster ərinin onu əvvəlki tək izlədiyini hiss edirdi. Qadın ərinə nəzər salanda kişinin onun sol gözünün küncünə baxdığını gördü. Missis Foster həmin yerdə dərisinin dartıldığını hiss edirdi. O, dəhşətə gəldi.
– Hə, nə deyirsən?
– Nə deməliyəm?
– Bəlkə, təyyarəyə qeyd-şərtsiz gecikəcəyini qəbul edəsən? Bu zülmətdə yol getməyin nə mənası var?
Mister Foster bunu deyib susdu. Maşın hələ də irəli gedirdi. Sarı fənərlər yolu işıqlandırırdı və sürücü dördgözlə qarşısına baxırdı. İrəlidə dumanın içindən gah ağ, gah da sarı işıq görünürdü, onların ardınca isə daha parlaq işıq gəlirdi.
Sürücü maşını qəfil saxladı.
– Elə belə də bilirdim! – mister Foster qışqırdı. – Batıb qaldıq.
– Yox, cənab, – sürücü geri çevrilib dedi. – Gəlib çatdıq. Bura hava limanıdır.
Missis Foster heç nə deməyib cəld maşından düşdü və tez əsas girişlə hava limanının binasına tərəf getdi. İçəri basırıq idi. Zavallı sərnişinlər biletlərin yoxlandığı piştaxtanın ətrafında toplaşmışdılar. Missis Foster izdihamı yarıb hava limanının işçisinə müraciət etdi.
– Hə, – o dedi. – Sizin reysiniz müvəqqəti ləğv olunub. Amma, lütfən, getməyin. Biz havanın hər dəqiqə düzələcəyini gözləyirik.
Missis Foster maşında oturan ərinin yanına qayıdıb xəbəri ona çatdırdı.
– Əzizim, sən gözləmə, – o dedi. – Bunun heç bir mənası yoxdur.
– Heç gözləməyəcəm də, – əri cavab verdi. – Əsas odur ki sürücü məni geri qaytarsın. Sürücü, məni geri apara biləcəksiniz?
– Zənnimcə, hə, – sürücü cavab verdi.
– Baqajı çıxarmısınız?
– Bəli, cənab.
– Əzizim,
9