Yağış adam. Леонора Флейшер

Читать онлайн книгу.

Yağış adam - Леонора Флейшер


Скачать книгу
qanuni yolla oğurladığı milyonları istədiyi kimi xərcləməyə hər cür imkan yaradırdı. Çarli öz milyonlarının hara, necə xərclənəcəyini bilmək istəyirdi. Kifayət qədər gördü, kifayət qədər bildi.

      Çarli Susannanın əlindən tutub qəbul otağına qayıtdı. Qız «ekskursiya»nın bitdiyinə çox sevinirdi.

      Nəhayət, Çarlini işini bitirmiş doktor Brunerin yanına dəvət etdilər. O, qəddini dikəltdi, qara eynəyini taxdı. İşgüzar söhbətlər zamanı Çarli həmişə gözlərini qara eynəyinin arxasında gizlədirdi ki, fikrini üzündən oxuya bilməsinlər.

      «Sakit. Çox sakit, Çarli, – o, içəri girməzdən əvvəl özünü təlimatlandırdı. – Kəskin hərəkətlər etmirsən, hər sözə diqqət yetirirsən. Unudursan ki, qarşındakı müttəfiq deyil».

      Psixiatrın kabineti göz oxşayırdı. Nəhəng, döşəmədən tavana qədər uzanan pəncərələr yaşıl çəmənliyə açılırdı. Divarboyu rəflər tibb elminə aid qalın kitablarla dolu idi. Doktor dəridən üzlük çəkilmiş hündür stulda, viktorian üslubunda palıd ağacından yonulmuş iri masanın arxasında oturmuşdu. O ayağa qalxıb Çarlinin əlini sıxdı və ona oturmağa yer göstərdi.

      Çarli göz altından rəqibini başdan-ayağa süzdü. Doktor Bruner təxminən əlli yaşında ciddi görünüşlü kişi idi, uzun saçlarına dən düşmüşdü. Onun mülayim, düzgün cizgilərə malik sifəti adama xoş gəlirdi. Ağıllı gözləri, tısbağa sümüyündən olan eynəyinin üstündən mənalı baxışları qarşısındakı şəxsin kim olduğunu və bura nə üçün gəldiyini bildiyini deyirdi. Amma doktor Bruner bunu Çarlinin öz dilindən eşitmək istəyirdi.

      Çarli Bebbittə isə anonim varisin konkret adı lazım idi. Və o bu adamın kim olduğunu nəzakətlə soruşdu. Doktor Bruner lap vəkil Muni kimi cavab verdi:

      – Çox təəssüf, amma onun adını açıqlamağa ixtiyarım yoxdur.

      «Axı o lənətə gəlmiş adam kimdir?» – deyə Çarli qəzəblə qışqırmaq istəyirdi. Bununla belə, özünü saxladı. Hələ təmkinini pozmamalı, həmsöhbətinə hörmətlə yanaşmalı idi.

      – Axı bundan sirr yaratmağa nə ehtiyac, ser? – Çarli stuldan qalxıb pəncərəyə yaxınlaşdı. – Əgər bu, atamın köhnə rəfiqələrindən biridirsə…

      Pəncərədən Çarlinin «byüik»i görünürdü. Susanna arxa oturacaqda oturub onu gözləyə-gözləyə günəşli havadan və gözəl mənzərədən həzz alırdı. Xəstələrdən biri əcaib şəkildə ayaqlarını sürüyə-sürüyə maşına tərəf gedirdi. Belində məktəbli çantası olan həmin adamın ağıldankəm olduğu şübhə doğurmurdu. Çarli buna əhəmiyyət vermədi: dəlilər burada ümumi mənzərənin ayrılmaz tərkib hissəsini təşkil edirdilər.

      – Mister Bebbitt, mən atanızla tanış olanda sizin iki yaşınız var idi, – doktor Bruner eyni nəzakətlə cavab verdi.

      Çarli ona tərəf döndü:

      – Mənim anam ölən ili deyirsiniz?

      Bruner başı ilə təsdiq etdi:

      – İndi mən atanızın malını-mülkünü idarə edirəm. Amma nə özüm, nə rəhbərdik etdiyim xəstəxana bundan xeyir götürmürük.

      «Əlbəttə, götürməzsiniz», – Çarli fikirləşdi, ancaq ürəyindən keçəni dilinə gətirmədi, başqa söz dedi:

      – Məncə, ədalətli deyil. Bəlkə… biz bu məsələni ayrıca müzakirə edək?! – Çarli açıq-aşkar sövdələşmə təklif edirdi.

      Doktor Bruner qarmağa düşmədi.

      – Atanıza sədaqətli olmağa söz vermişəm, – o, qətiyyətlə dedi. – Və heç vaxt vədimə xilaf çıxmaram.

      Çarlini hirs boğurdu. «Sakit ol!» – o özünə əmr etdi və daxilindəki təlatümü hiss etdirməmək üçün yenidən üzünü pəncərəyə çevirdi. Belində məktəbli çantası olan ağıldankəm «byüik»in yanında dayanıb gözünü maşına zilləmişdi.

      – Sizin fikrinizcə,.. mən də indi ona eyni sədaqət hissi keçirirəm? – Çarli çətinliklə də olsa dedi.

      – Mənim fikrimcə, – Bruner yumşaq tərzdə cavab verdi, – siz özünüzü oğluna olan məhəbbətini heç vaxt üzdə göstərə bilməyən bir adam tərəfindən qarət olunmuş kimi hiss edirsiniz.

      Doktor «onluğa» düşmüşdü. Çarli bir anlığa yerində donub-qaldı. Yenə həmin qızılgül kollarının iynələrini bədənində hiss etdi. Bu həkim sadə adam deyil!

      Bayırda isə xəstə belindəki çantasından bloknot çıxarıb tez-tez maşına baxa-baxa nəsə yazırdı. Sanki qeydlər götürürdü.

      – Sizin yerinizdə olsaydım, – doktor Bruner davam etdi, – yəqin, mən də eyni hisslər keçirərdim.

      Çarlinin qəlbində ümid baş qaldırdı. Kəskin hərəkətlə üzünü həkimə döndərib eynəyini çıxardı, onun gözlərinin içinə baxdı. Tam səmimiyyət anı!

      – Mən ümid edirdim ki, biz bir-birimizi başa düşəcəyik. Atamın… nə üçün belə hərəkət etdiyini mənə anladacaqsınız… Anlamaqda kömək edəcəksiniz. Bilirsiniz, əgər mən bunu başa düşməsəm, özümün gəldiyim qənaətə uyğun cavab tədbirləri görməli olacağam. Sizi əmin edirəm ki, qarşımı heç kim ala bilməyəcək.

      Doktor Bruner əyləşib əllərini qarşısında cütlədi və barmaqlarının uclarını bir-birinə yapışdırdı. Onun sifətində gülüşəbənzər bir ifadə yarandı və tez də ötüb-keçdi. Budur, axır ki, rəqib silahını çıxardı. Hədə? Məhkəməyə çəkilmək qorxusu? Doktor gənc Bebbittdən belə təhlükə gözləyirdi. Çarli qəzəbini qara eynəklərinin arxasında gizlətsə, özünü nə qədər nəzakətli aparmağa çalışsa da, onun əvvəl-axır tərs üzünü göstərəcəyini bilirdi. Amma gəncin nəyisə Brunerin xoşuna gəlirdi. İti ağlımı? İnadı, bu qəddar dünyada ayaq üstə qalmaq üçün son dərəcə vacib olan güclü özünümüdafiə hissimi? Sözsüz ki, Çarli doktora ciddi problemlər yarada bilərdi, amma Brunerdə ona qarşı müsbət duyğular yaranmışdı. Belə rəqib hörmətə layiq idi.

      – Şübhə etmirəm ki, mister Bebbitt, siz yaxşı döyüşçüsünüz, – doktor Bruner təmkinini zərrə qədər pozmadı. – Bu müəssisənin direktoru kimi mənə dəfələrlə hədə-qorxu gəliblər. Başım çox bəlalar çəkib. – Həkim ağır nəzərlərlə uzun-uzadı Çarliyə baxdı: – Amma, istənilən halda, mən hələ də buradayam. Hələ də direktoram.

      Söhbət sona yetmişdi. Çarli əliboş qayıdırdı. Bruner qalib gəlmişdi: «anonim varis» anonim olaraq qalırdı. Amma Çarli geri çəkilməyə tələsmirdi. Bu, döyüşün yalnız birinci raundu idi. Hələlik rəqiblər bir-birini öyrənirdilər, qabaqda daha qızğın döyüşlər dururdu. Əlbəttə, məsələ uzana, Çarli Bebbittin düşündüyündən də çox vaxt apara bilərdi. Amma eybi yoxdur, Çarli şəraitə uyğunlaşmağı və ehtiyac yarananda hətta dözüm nümayiş etdirməyi bacarır.

      Doktor Bruner onu binanın qarşısındakı artırmaya qədər ötürdü. Bayırda hava gözəl idi, quşların cəh-cəhi hələ də kəsilməmişdi, ancaq yay günəşi yavaş-yavaş adamı yandırmağa başlayırdı.

      Çantalı xəstə «byüik»in böyrünü kəsdirib durmuşdu və


Скачать книгу