Yağış adam. Леонора Флейшер

Читать онлайн книгу.

Yağış adam - Леонора Флейшер


Скачать книгу
ser, amma… m-m-məncə, buna ehtiyac qalmayacaq, – dili topuq vuran Lenni hələ də Çarlidən kömək umurdu, əli ilə onu telefona çağırırdı.

      Çarlinin başı öz dərdinə qarışmışdı.

      – Hə, odur ki mən ona iki yüz min borcluyam. Anladın? İki yüz dənə minlik! Hərəsinin arxasında üç sıfır! – O, siqaretin kötüyünü aşıb-daşan külqabıya basdı və dərhal yenisini yandırdı.

      Susanna «çao, qrasie»4 deyib dəstəyi asdı. Saatına baxdı, zərif biləyini yuxarı tutub vaxtı Çarliyə göstərdi və qaşlarını çatdı. Demək istəyirdi ki, artıq saat on ikidir. Özü də bu gün həftənin beşinci günüdür. Bir az da yubansalar, elə tıxaca düşəcəkdilər ki, gecəyə kimi yollarda qalacaqdılar.

      Palm-Sprinqsə xeyli yol vardı, Susanna isə gecə səhrada maşınla getməkdən qorxurdu. Çarli ona həftəsonu üç günlük bayram təşkil edəcəyinə söz vermişdi. Amma bunu ötən həftə vəd etmişdi və o zaman hələ «bayramlıq» pulu qalmışdı.

      Çarli siqaret tüstüsünün içindən Susannaya nəzər saldı və başını tərpətdi. Yəni: «Görürsən ki, zibilə düşmüşəm. Bir az da döz». Sonra onu tamamilə özündən çıxarmış telefon söhbətinə qayıtdı.

      – O, maşınları on bir gün əvvəl mənim əlimdən ala bilərdi. Avtomobillər girovdur, borcun qaytarılacağına zəmanətdirlər. Onları güclə saxlayıram.

      Susanna Çarlinin gözlərində təşviş gördü. Bu vaxt «katibənin masası»nın üstündəki telefon da zəng çaldı. Salon müdiri baxışları ilə Susannaya «götür» işarəsi verdi. Qız əlini qulağında fırladığı qızıl sırğasından çəkib dəstəyi qaldırdı.

      – «Bebbittin avtosalonu».

      Kimsə salamsız-kalamsız dərhal söyüşə keçdi. Susanna diksindi.

      – Bəli, ser, – Lenni hələ də gümüşü «lamborcini»nin alıcısına telefonda quyruq bulayırdı. – Bilirəm, biz cəmi dörd həftəyə danışmışdıq. – O, əl-qol atmaqda davam edir, Çarlinin diqqətini çəkmək ümidini itirmirdi.

      Çarli yoldaşına əhəmiyyət vermirdi, onun öz «səngərində» döyüşün qızğın çağı idi.

      – Qulaq as, bəs ciblərinə bir şey qoymağa cəhd etmisən? – O, inadından dönmürdü. – Bu əbləhlər EPA-da nə qazanırlar ki, başlarına…

      Çarlinin sözü yarımçıq qaldı. Susanna öz dəstəyini masanın üstünə qoyub onun qarşısında atılıb-düşür, nəsə olduqca təcili bir şey demək istəyirdi.

      – Bu, Vayyatdır, – nəhayət, Çarlinin diqqətini çəkdiyini görən Susanna dedi, – sənin durmadan artan borcun barədə danışmaq istəyir.

      Çarli cavab vermədi, amma birdən-birə sifəti sərtləşdi, gözlərinin parıltısı söndü.

      – Saat 17:30-a qədər pullarını geri almasa, maşınları müsadirə edəcək, – Susanna qəmli-qəmli gülümsədi. – Elə belə də dedi: bütün maşınları…

      – Bir azdan mənə zəng elə, – Çarli qızın sözünü axıra çatdırmasını gözləmədən telefonda mexanikinə göstəriş verib tələsik dəstəyi atdı.

      – …müsadirə edəcəyəm…– Susanna cümləsini bitirdi.

      Çarli Bebbitt gülümsədi və qəşəng sifətinə işıq yayıldı. Bu gülüşdə uşaq dəcəlliyi, eyni zamanda qiymətini bilən, qarşısındakı adamın üzərində hökmünə arxayın olan yetkin bir kişinin özünə inamı duyulurdu.

      Susanna dərhal ehtiyatlandı, geri çəkilib kəskin etiraz əlaməti olaraq başını buladı. Çarlinin ağlına nə gəlir-gəlsin, o bu oyunda iştirak etməyəcək! Çarli Bebbittə qoşulmağın özü bir qəbahətdir, indi onun əlləm-qəlləm işlərinə də qatılmaqla ölməz ruhunu tamam günaha batırmayacaq!

      Çarli Susannanın belindən tutub qızı nəvazişlə özünə tərəf çəkdi. Onun səsi olduqca sakit və inamlı idi, sanki Susannadan ən adi, çoxdan alışdığı bir işi görməyi xahiş edirdi:

      – Ona de ki… nə istədiyini başa düşmürsən… De ki, mən çekləri çərşənbə axşamı, üç gün bundan qabaq imzalamışam. Başqa kağızlarla bir yerdə onları da imzaladığımı öz gözlərinlə görmüsən. Sonra isə çekləri şəxsən poçta aparmısan.

      Susanna başını bir az da bərk yelləməyə başladı. Bütün bunların nəyə lazım olduğunu bilmirdi, amma bilirdi ki, ondan həyasızcasına yalan danışmağı tələb edirlər. Üç həftə idi ki, qız Çarli Bebbittin işgüzar söhbətlərinin şahidi olurdu, telefonda dediklərini eşidirdi. Necə eşitməyəydi: masaların üçü də böyür-böyürə qoyulmuşdu, Çarli isə bütün günü əlində telefonun dəstəyi bağırırdı. Amma Susanna nəinki bu oyunlarda iştirak etmək, heç danışılanlara qulaq asmaq da istəmirdi. Onu işə götürəndə nə demişdilər? Demişdilər ki, İtaliya ilə danışıqları sən aparacaqsan, çünki əslən İtaliyadansan və dili gözəl bilirsən. Vəssalam. Qalan məsələlərin Susanna Palmieriyə aidiyyəti yox idi. Hərçənd Çarli Bebbittlə arası açılandan sonra yavaş-yavaş dərk edirdi ki, hər şey bu dərəcədə sadə deyilmiş.

      Çarli Susannanın gur saçlarını sığalladı, səsini bir az da yumşaltdı.

      – Xahiş edirəm. Mənə çox lazımdır, – o, qızın qulağına pıçıldadı.

      Susanna hiss edirdi ki, Çarlinin nəvazişləri qarşısında duruş gətirə bilmir. Buna görə özünə acıqlanırdı, hətta nifrət edirdi, amma yenə də bir söz demədən geri döndü və dəstəyi götürdü.

      – Ser, mən sizin nə istədiyinizi başa düşmürəm. Mister Bebbitt çekləri çərşənbə axşamı, üç gün bundan qabaq imzalayıb. Başqa kağızlarla bir yerdə onları imzaladığını gözlərimlə görmüşəm. Çekləri şəxsən poçta aparmışam. – Susanna Çarlinin rahatlıqla dərindən nəfəs aldığını eşitdi. – Bircə dəqiqə, başqa zəng gəlir, ona da cavab verim.

      Qız dəstəyi kənara qoyub Çarliyə yaxınlaşdı və Vayyatın cavabını ona çatdırdı:

      – Sözündən dönmür. Deyir, 17:30-a qədər gözləyirəm və mənə nağıl-zad danışmayın.

      Çarli otaqda var-gəl etməyə başladı. Ağlında yüz fikir sürətlə bir-birini əvəz edirdi, buna uyğun bədəni də yerində oynayırdı, sanki beynindən geri qalmamağa çalışırdı.

      – Olmazmı, mühasibinə tapşırsın ki, bank sənədlərini bir daha diqqətlə yoxlasın. Bu sənin şəxsi xahişindir. Çünki bir problem yaransa, cavabdeh sən olacaqsan, de ki, işini itirə bilərsən.

      Susanna qaşqabağını sallayıb üçüncü dəfə dəstəyi qaldırdı:

      – Xahiş edirəm, mühasibinizə tapşırın, bank sənədlərini bir daha diqqətlə yoxlasın. Mənim xətrimə. Qorxuram ki, problem yaransa…

      Otaqda gurultu qopdu və Susannanın sözü ağzında qaldı. Qız diksinib Lenniyə tərəf döndü. Bayaqdan bəri Çarlinin bir dəfə də üzünə baxmadığı Lenni, nəhayət, hövsələdən çıxıb əlini metal masanın kənarına döyəcləyirdi, gözlərində yalvarış vardı, tər başından yanaqlarına


Скачать книгу

<p>4</p>

Xudahafiz, sağ olun – ital.