Uzaq planetin sirri. Reyhan Yusifqızı

Читать онлайн книгу.

Uzaq planetin sirri - Reyhan Yusifqızı


Скачать книгу
onun ağlına dahiyanə bir fikir gəldi:

      – Lemi, deyirsən, onlar məni və mənim əşyalarımı görmürlər?

      – Hə, elədir.

      – Sən mənim paltarlarımı geyinsən necə? Səni görməyəcəklər?

      – Dayan, bir dəqiqə, – Lemi götür-qoy etdi. – Doğru deyirsən! Sənin paltarlarında olsam, məni görməzlər!

      Hər ikisi sevincdən atılıb-düşdü, deyəsən, çıxış yolu tapılmışdı. Ümid insanlara güc, qüvvət verir. İndi artıq detalları danışmaq olardı.

      Kənan çantasını açıb rəngi qaralmış kimononu çıxardı. Eninə-uzununa göz yetirib Lemiyə məlumat verdi:

      – Qolları uzundur, əllərini örtəcək. Şalvar da topuqlarını tutar.

      – Əla! Bədənim örtülür. Qalır başım və pəncələrim.

      – Çantanı başına keçirərsən və mənim ayaqqabılarımı geyərsən! O zaman səni heç bir kiborq görməz! – Kənan başının belə sürətlə işlədiyinə özü də təəccüb etdi.

      O, çantanı boşaldıb içini çırpdı:

      – Hazır! Əməliyyata başlayırıq! Bir, iki, üç!

      Xoşbəxtlikdən hər şey onların istədiyi kimi oldu.

      Kənan kartı götürüb qapını açdı.

      Həyəcan siqnalı ilə ətrafdakı bütün işıqlar yanıb-sönməyə başladı.

      Lemi bir göz qırpımında kimononu və Kənanın idman ayaqqabılarını geyindi.

      O, çantanı başına keçirən an lift açıldı və kiborqlar göründülər. Onlar otağı, sonra bütün binanı və həyəti axtardılar. Tapdıqları yalnız Leminin ayaqqabıları oldu.

      Evdə tək

      Qapı yana sürüşüb açıldı. Qısa tərəddüddən sonra Rüstəm içəri girdi və bir baxışla olduğu yeri qiymətləndirdi.

      Bu, futuristik dizayna malik geniş bir salon idi. Rüstəmin ilk fikir verdiyi o oldu ki, salonun küncü yox idi, döşəmə, divarlar və tavan tədricən bir-birinə keçirdi. Ağ-mavi rənglərin üstünlük təşkil etdiyi salonun arxa divarı şəffaf olduğundan arxa bağçaya gözəl bir mənzərə açılırdı.

      Rüstəm nəyin necə olduğunu aydınlaşdırmağa macal tapmamış giriş qapısı sürüşüb bağlandı. Gözə görünməyən lampaların soyuq, ağ işığı bir an içində söndü, jalüzlər örtüldü və evdəki bütün hənirtilər kəsildi.

      Rüstəm qaranlıqda tək qaldı və qorxdu. Nə baş verdiyini anlamadığından qışqırıb özünü ora-bura vurdu. Əvvəl əlini divarlara sürtərək işığı yandırmaq üçün düymə axtardı. Sonra bayırdan işıq düşsün deyə jalüzləri dartıb açmağa çalışdı. Gözü qaranlığa alışandan sonra da çırpındı, amma onun bütün səyləri əbəs idi.

      Rüstəm əli ilə jalüzləri kənara çəkib bərkidəndən sonra içəri zəif işıq düşdü. O, salonu nəzərdən keçirdi.

      Salon geniş və demək olar ki, boş idi. O biri başda mətbəx stoluna oxşayan stol görüb ora cumdu. Yaman ac idi: “İşə bir bax, axırıncı dəfə Daş dövründə yemişəm”. Amma yeməyə bir şey tapmadı. Divara vurulmuş rəflərdəki qəribə əşyaları nəzərdən keçirdi. “Əcəb rəngbərəng daşlardır. Yemək əvəzinə rəfləri nə qədər mənasız şeylərlə doldurublar!” – o deyindi. Sonra burada yaşayanların Lemi və onun yaxınları olduğunu nəzərə alıb susdu. Yan tərəfdə vanna otağı aşkar edib ora girdi. Qaranlıqda diş fırçaları və maye sabun tapdı. Sevindi. Əlini-üzünü sabunlamaq istədi, amma su yox idi.

      Nəhayət, Rüstəm yoruldu. Salonun ortasındakı geniş, yumşaq söykənəcəyi olan ağır divanda oturdu. Divanın bədən quruluşuna uyğun və çox rahat olduğuna fikir verdi. Düşünməyə başladı: “Nə qəribə evdir? Sanki hər şey var, amma əslində heç nə yoxdur. İşıq yandırmaq üçün düymə yoxdur, hətta gecə lampaları da yanmır. İstilik boruları buz kimidir. Kranı açırsan, su gəlmir. Jalüz çəkilmir… Bu evin nəyi ağıllı oldu? – O əsəbiləşdi: – Ağıllı yox, dəli evdir bu!” Öz-özünə deyinib bir az sakitləşəndən sonra Rüstəm ev haqqında Leminin dediklərini yadına salmağa başladı: “Ev, doğrudan da, ağıllıdır, intellektual sistemlərlə quraşdırılıb. Qərarlar verir, özünü və sakinlərini qoruyur…” Rüstəm: “Deyəsən, mən bu evin dilini bilmirəm, intellektual sistemləri işə salmaq üçün nəsə olmalıdır”, – qənaətinə gəldi. Amma nə? Yox, Lemi bu barədə heç nə deməmişdi.

      Birdən Rüstəmin gözü salonun küncünə sataşdı. Dəhşət onu bürüdü…

      Küncdə elə Rüstəmin özü yaşda bir oğlan dayanmışdı. Aralı qoyduğu jalüzün işığında Rüstəm onu aydın görürdü. Səliqəli geyinmişdi. Qəhvəyi saçları, mavi gözləri vardı. Gözləri şüşə kimi parıldayırdı. Azacıq gülümsəyən oğlan tərpənmir, sakitcə dayanıb Rüstəmə baxırdı…

      Dəqiqələr keçdi. Oğlan hərəkətsiz idi. Onun üzünün gülümsər ifadəsi Rüstəmi bir qədər sakitləşdirdi. “Sən kimsən?” – o, boğuq səslə soruşdu. Rüstəm sualını bir neçə dəfə təkrar edəndən sonra cəsarətlənib yaxına getdi. “Kaan, bu sənsən?” – birdən onun ağlına gəldi. Əlbəttə, Lemigilin evində onun qardaşı Kaandan başqa daha kim ola bilərdi ki? Amma oğlanın cavab vermək fikri yox idi. Elə sakitcə baxır və gülümsəyirdi.

      Hava qaralır, jalüzlərin arasından düşən işıq getdikcə zəifləyirdi.

      Rüstəm oğlanla üzbəüz dayanmışdı. Onun mavi gözlərinə baxırdı. Artıq qorxmur, onu diqqətlə nəzərdən keçirirdi. Birdən-birə yadına düşmüşdü ki, bu planetdə insanların gözü mavi deyil, yaşıl olur. Bu oğlanın insana həddən artıq çox bənzəyən bir oyuncaq olduğunu anlamışdı.

      Rüstəm ah çəkib ayaqlarını sürüyə-sürüyə divana tərəf getdi. Uzanmağı ilə bərk yuxuya getməyi bir oldu.

      Başının altına kiminsə yastıq qoymağından, üstünü örtməyindən Rüstəmin heç xəbəri də olmadı…

      Yuxu, yoxsa gerçək?

      Rüstəm yumşaq divanda daş kimi yatmışdı. Zaman maşınında fizika laboratoriyasını tərk edəndən bəri ilk dəfə idi ki, belə rahat yerdə yatırdı. Amma narahatlığı şüuraltı təsir edir, o, qarışıq yuxular görürdü. Budur, Daş dövründəki dostları Axo və Nako ilə tonqalın ətrafında oturmuşlar. Dizində, biləklərində bəzək əşyaları asılmış, uzun saçlarına rəngbərəng çöl çiçəkləri düzmüş Meyra rəqs edir. Onun qızılı dərisi günəş şəfəqlərini əks etdirən su kimi işıq saçır. Birdən şimşək çaxır, göy üzü alışıb-yanır. Haradansa qəbilə başçısı peyda olur. Onun əlində daş ucluqlu nizə var. Sonra Qunn gəlir, onlara hücum edir. Yenə dəhşətli uğultu, partlayış səsi, sonra ucsuz-bucaqsız burulğan… Ulduzlar, planetlər, günəşlər burulğanı… Bir-birini əvəz edən qaranlıq, işıq, gecə, gündüz…

      Rüstəm hövlnak yuxudan ayıldı. Arxası üstə çevrilib gözlərini açdı.

      Əvvəl harada olduğunu başa düşmədi. Sonra bütün başına gələnlər yadına


Скачать книгу