Sonuncu mogikan. Джеймс Фенимор Купер
Читать онлайн книгу.irəli əyilib yavaşdan:
‒ Etiraf edim ki, bir qədər əvvəl məndə də onun sadiqliyinə şübhə yaranmışdı. Lakin özümü o yerə qoymadım.
Heyvord atını saymazyana dəstənin arxasına sürdü. Dostcasına sözə başladı:
‒ Maqua, gecə düşür, amma Uilyam-Henri fortuna hələ çox var. Sən yolu azmısan. Xoşbəxtlikdən biz bax o ovçuya rast gəldik. O bizi səhər açılanadək sağ-salamat ora aparacaqdır.
Hindu parıldayan gözlərini Heyvorda zilləmişdi:
‒ İndi ki belə oldu, Bic Tülkü çıxıb gedir, ‒ deyə o cavab verdi. – Qoy ağbəniz adama öz qəbiləsindən olanlar bələdçilik etsin.
‒ Sən Bic Tülkü kimə deyirsən, Maqua?
‒ Bu adı Maquaya onun qəbiləsi vermişdir, ‒ deyə bələdçi cavab verdi. Üzündən aydın görünürdü ki, özünün bu ləqəbi ilə fəxr edir.
‒ Uilyam-Henri fortunun rəisi öz qızlarını Bic Tülküdən soruşsa, onda Tülkü bu qocaya nə cavab verər?
‒ Meşənin dərinliyində Bic Tülkü onun çığır-bağırını eşitməz.
Heyvord onun ürəyini ələ almağa çalışdı:
‒ Bəsdir, Maqua, bəsdir. Gəl höcətləşməyək. Qızlar dincələndən sonra yolumuza davam edərik.
Hindu bir qədər donquldandıqdan sonra “Yaxşı” dedi və ehtiyatla yerə oturdu. Heybəsini açıb azuqəsini çıxardı.
Mayor:
‒ Bax belə, afərin, ‒ dedi. ‒ Yemək Bic Tülküyə qüvvət verər.
Mayor bir qıçını aşırıb yəhərdən yerə sıçradı. Maquaya yaxınlaşıb qəflətən onun biləyindən yapışdı. Maqua hər şeyi başa düşdü. Mayorun əllərini itələyib zil səslə qışqırdı və cəngəlliyə doğru qaçdı. Onun ardınca kəşfiyyatçının tüfəngi gurladı.
V fəsil
Şahingöz əmin idi ki, onun atdığı güllə hinduya dəymişdir. Lakin bələdçi hindunu tutmaq üçün meşəliyə cumanlar əliboş geri döndülər və yerdə qan izi olduğunu dedilər. Görünür, yüngül yaralanmışdı. Kəşfiyyatçı qaçanın dalınca düşməyi düzgün saymadı:
‒ Olan olub, keçən keçib. Onun dalınca düşsək, bizi quronların, ya da makuasların tomahavkına tuş edəcək. Ancaq burada qalmaq da olmaz.
Dunkan Şahingözü və mogikanları dilə tutmağa çalışdı:
‒ İndi bəs nə etməli? ‒ deyə soruşdu. ‒ Məni qoyub getməyin, dostlar. Mən bu qızları müdafiə etməliyəm. Heç olmasa, bunun xatirinə mənim yanımda qalın. Özü də çəkinməyin, istədiyiniz mükafatı məndən tələb edin.
Kəşfiyyatçı və iki hindu öz aralarında delavar dilində astadan nəsə danışırdılar. Görünür, onlar yolçuların təhlükəsizliyi üçün müəyyən tədbir düşünürdülər.
Sonra Şahingöz öz-özünə danışırmış kimi ingiliscə dedi:
‒ Unkas haqlıdır. İşə qarışmağımız bizi etibarlı sığınacaqdan məhrum edə bilər. Amma bu zərif qızları başlı-başına qoyub getmək bizə yaraşmaz.
Mayor yenə də mükafatdan söz saldı.
‒ Mənə pul təklif etməyin! ‒ deyə Şahingöz ərklə onun sözünü kəsdi. ‒ Ola bilsin, bizlərdən kimsə sağ qalmadı. Lakin qızları xilas etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Lakin əvvəlcə siz mənə iki şeyi vəd etməlisiniz. Yoxsa sizə kömək edə bilmərik.
‒ Deyin görüm, nə tələb edirsiniz?
‒ Birincisi, nə baş versə, siz dinməyəcək, bizim tapşırıqlarımıza əməl edəcəksiniz. İkincisi, ‒ Şahingöz bir qədər susub hindu dostlarına baxdı. ‒ İndi sizi bir sığınacağa aparacağıq, siz onun yerini heç zaman heç kəsə deməyəcəksiniz.
‒ Qoyduğunuz şərtlərə əməl edərəm.
‒ Onda dalımızca gəlin. Vaxt bizim üçün qiymətlidir.
Heyvord öz səfər yoldaşlarının yanına gəldi. Yeni bələdçinin kimliyini onlara izah etdi. Şahingöz səsini çıxarmadan əl işarəsi ilə onları kiçik meşə çayına doğru çağırdı. Onun təklifi ilə hamı atdan düşdü. İzi itirmək üçün atları suya saldılar və çayyuxarı sürdülər. Şahingöz kolluqdan köhnə bir qayıq çıxardı. Qızlar qaranlıqda qayığa oturdular.
Qaranlıqda güclə irəliləyirdilər. Suların uğultusundan ətrafda heç nə eşidilmirdi.
Nəhayət, onlar mənzilbaşına çatdılar. Sahil daşlarına ayaq basdıqda bələdçilərin üçü də qaranlıqda yoxa çıxdı.
VI fəsil
Heyvord və qızlar bələdçilərin yox olmasından təlaşa düşdülər. Bu anda yuxarıdan gur işıq düşdü. Şahingöz sahildən yuxarıda, dar mağaranın ağzında dayanmışdı. Onun əlində alovlanan şam budağı vardı. Kəşfiyyatçı yolçulara mağaraya girməyi təklif etdi.
Dunkan, David və qızlar birinci dəfə idi Unkası yaxından görürdülər. Alisa mogikanın mərd simasına və vüqarlı boy-buxununa diqqətlə tamaşa edirdi. Sanki qarşısında qədim yunanların yaratdığı çox qiymətli bir heykəl dayanmışdı. Qız pıçıldayaraq Dunkana dedi:
‒ Dunkan, mən arxayın yata bilərəm. Əminəm ki, Unkas kimi adamlar qəddar hərəkətə yol verməzlər.
‒ Sizin bu fikrinizə şərikəm, Alisa, ‒ deyə Heyvord cavab verdi. ‒ Ağ adamların da, hinduların da arasında çox yaxşı və ləyaqətli insanlara rast gəlmək olur.
Yolçular mağarada yerbəyer oldular.
‒ Buyurun, yeyin! ‒ Şahingöz yolçulara ocaqda qızardılmış maral ətinin dadına baxmağı təklif etdi.
‒ Bu mağarada qalmaq təhlükəli deyilmi? ‒ deyə Heyvord soruşdu. ‒ Burada qəflətən bizə hücum etməzlərmi?
Şahingöz gülə-gülə dedi:
‒ Narahat olmayın, bizim bu mağara çox etibarlı yerdir. Sağımız da, solumuz da şəlalədir. Bizdən aşağıda çay axır. Bu mağaranı sular ovub düzəltmiş, sonra şəlalə məcrasını dəyişmişdir.
Qızlar və Heyvord ovçunun şəlalə barədə izahlarına maraqla qulaq asırdılar.
Unkas Koraya və Alisaya əlindən gələn qədər qulluq edirdi. Bu, Heyvordun diqqətindən yayınmadı. Lakin gənc hindunun canfəşanlığı mayora xoş gəlirdi. Kənardan baxan hiss edərdi ki, Unkas Alisaya qabda su və ya taxta nimçədə ət tikələri gətirəndə gözlərini bu qızın cazibəli üzündən çəkə bilmirdi.
Zəbur müğənnisi Şahingözün aşpazlığını bəyənirdi. Şahingöz şax-şəvəlin arasından şərabla dolu balaca bir çəllək çıxarıb müğənniyə müraciət etdi:
‒ Dostum, bu üzüm şirəsinin dadına baxın, dərd-kədəriniz yaddan çıxsın. Adınız nədir?
‒ David.
‒ Bu, çox gözəl addır. Ancaq ad qoymaqda xristianlar hindulara çata bilməzlər. Hindu, adətən, özünə yaraşan bir ad seçir; məsələn, mənim dostumun adı Çinqaçkukdur. Çinqaçkuk «böyük ilan» deməkdir.