Görünməz adam. Герберт Уэллс

Читать онлайн книгу.

Görünməz adam - Герберт Уэллс


Скачать книгу
günü idi. Hava yenicə işıqlaşmağa başlayırdı. Mister və missis Holl – ikisi də tezdən durub yavaşca zirzəmiyə düşdülər.

      Yenicə zirzəmiyə girmişdilər ki, missis Hollun yadına düşdü ki, yataq otağındakı lampanı götürməyi unudub. O, ərini lampanın dalınca göndərdi. Dəhlizə çıxarkən Holl naməlum adamın otağının qapısını aralı görüb təəccüb etdi. Lakin ayaq saxlamadan yataq otağına keçdi və arvadının dediyi yerdə lampanı tapdı.

      Geri qayıdarkən mister Holl bayır qapısının cəftəsinin açıq olduğunu gördü. O yaxşı xatırlayırdı ki, gecə missis Holl qapını bağlamışdı, arvadı qapının cəftəsini vuranda o özü lampa ilə işıq salırdı. Holl heyrət içində dayandı, sonra əlində lampa yuxarı qayıtdı, kirayəçinin qapısını döydü, amma cavab verən olmadı. Daha sonra qapını taybatay açıb otağa girdi. Otaqda heç kim yox idi. Naməlum adamın bütün pal-paltarı və tənzifləri kreslodan və çarpayının başından asılmışdı. Holl tam şaşqınlıq içində otağın ortasında dayanmışdı ki, birdən aşağıdan, zirzəmidən arvadının səsini eşitdi:

      – Nə oldu, Corc, harada qaldın?!

      Holl geri dönüb arvadının yanına tələsdi. O, pilləkəndən zirzəmiyə tərəf əyilib arvadını səslədi:

      – Cenni! Kirayəçi otaqda yoxdur, küçə qapısı da açıqdır.

      Missis Holl əvvəlcə onun nə barədə danışdığını başa düşmədi. Lakin işin nə yerdə olduğunu dərk edəndə özü boş otağa baxmağı qərara aldı.

      Mister Holl:

      – Onun özü burada yoxdur, amma paltarı buradadır, – dedi. – Paltarsız o hara gedə bilər? Qəribə işdir…

      Onlar zirzəmidən pilləkənlə yuxarı çıxarkən ikisinə də elə gəldi ki, kim isə bayır qapısını açıb örtdü. Lakin onlar qapını bağlı gördükləri üçün bu barədə bir-birinə heç bir söz demədilər. Dəhlizdə missis Holl ərindən qabağa keçib yuxarıya qalxdı. Bu zaman pilləkəndə kim isə asqırdı. Holl arvadının asqırdığını düşündü; bir az irəlidə gedən arvadı isə asqıranın əri olduğuna əmin idi. O, yuxarı çıxaraq qapını taybatay açdı və naməlum adamın otağını gözdən keçirməyə başladı.

      – Ömrümdə belə şey görməmişəm! – missis Holl dedi.

      Bu zaman arxada, lap qulağının dibində kimsə fısıldadı. Qadın geri dönərək ərinin ondan on-on iki addım uzaqda durduğunu görüb lap mat qaldı. Əyilib yastığı və döşəkağını əli ilə yoxladı.

      – Soyuqdur… – dedi. – O, bir saatdan artıqdır ki, yoxdur.

      Missis Holl bu sözləri deyib qurtarmışdı ki, olduqca qəribə bir hadisə baş verdi. Döşəkağı burulub bükələndi və dərhal çarpayının başından atlandı. Elə bil kiminsə əli onu bürmələyib atdı. Bunun dalınca naməlum adamın şlyapası asıldığı yerdən sıçrayıb havada qövs cızaraq düz missis Hollun sifətinə çırpıldı. Sonra kreslo naməlum adamın pencək və şalvarını saymazyana öz üstündən atdı və havaya qalxaraq ayaqlarının dördünü də missis Holla tərəf çevirdi. Kreslo qadını nişan alaraq onun üzərinə hücum etdi. Qadın qışqırdı və qapıya tərəf döndü, bu zaman kreslonun ayaqları ehmalca, lakin qətiyyətlə onun kürəyinə dirənərək itələyib otaqdan çıxartdı. Qapı tarappıltı ilə örtüldü, açarın səsi eşidildi. Kreslo ilə çarpayı, öz qələbələrini bayram edirlərmiş kimi, bir qədər rəqs etdilər. Sonra birdən-birə hər şey sakitləşdi.

      Missis Holl huşunu itirərək ərinin qolları üstünə düşdü. Mister Holl bu hay-küydən oyanmış xidmətçi Millinin köməyi ilə missis Hollu aşağıya aparıb sakitləşdirici damcı dərmanı verdi.

      Missis Holl, nəhayət, özünə gələrək:

      – Bunlar cinlərdir, – dedi. – Mən onlar barədə qəzetlərdə oxumuşam. Stol və stullar tullanıb oynamağa başlayır…

      Holl onun sözünü kəsərək:

      – Bir az da iç, Cenni, – dedi. – Bu səni sakitləşdirər.

      – Qapını bağla. Onu daha içəri buraxma. Mən çoxdan şübhələnirdim… Necə də başa düşməmişəm?

      – Bir az da damcıdan iç, Cenni, – deyə Holl təkid edirdi. – Əsəblərin lap pozulub.

      Artıq saat beş idi. Onlar üzbəüzdə yaşayan dəmirçi mister Sendi Uocersi oyatmaq üçün Millini ora göndərdilər.

      Milli gedib dəmirçini oyatdı. Onlar mehmanxanaya çatana kimi xidmətçi qız sahiblərindən eşitdiklərini qonşuya danışdı. Mister Uocers Millinin dediklərinə o qədər də təəccüblənmədi.

      – And içməyə hazıram ki, bu, cadu kələyidir, – dedi. – Belə kirayəçinin bircə buynuzu əskikdir.

      Sendi Uocers baş verənləri ətraflı öyrəndikdən sonra mister Holla müraciətlə dedi:

      – Mən sizin yerinizə olsaydım, içəri girib bunların hamısının səbəbini ondan xəbər alardım, izahat tələb edərdim, – dedi.

      Onlar bir yerdə yuxarı qalxdılar. Mister Holl qapını döydü, sonra yavaşca aralayıb:

      – Bağışlayın… – deyə sözə başladı.

      İçəridən naməlum adamın qəzəbli səsi gəldi:

      – Rədd olun cəhənnəmə! Qapını örtün!

      NAMƏLUM ADAMIN İFŞA OLUNMASI

      N aməlum adam günortaya qədər “Arabaçı və atlar” mehmanxanasındakı otağından bayıra çıxmadı. Bu müddət ərzində o heç nə yeməmişdi. Yəqin ki, bərk ac idi. O, üç dəfə zəng çaldı, lakin heç kəs cavab vermədi.

      Missis Holl:

      – Eybi yoxdur, “rədd olun cəhənnəmə” deməyi mən ona göstərərəm, – deyə donquldanırdı.

      Mister Holl Uocerslə birlikdə məsləhət üçün şəhər hakiminin yanına getdi.

      Təlaşa düşmüş, lakin maraqdan içini yeyən adamların dəstəsi getdikcə böyüyürdü. Qonşu missis Haksters gəldi. Ruhlar günü münasibətilə bəzənərək qara pencək geyib ağ qalstuk taxmış bir neçə zirək oğlan da gəlib yetişdi. Onlar mənasız suallar verməyə başladılar.

      Günortaya yaxın naməlum adam birdən qapını açıb kandarda dayandı və piştaxtanın yanında oturmuş üç-dörd adama diqqətlə baxdı:

      – Missis Holl, – deyə çığırdı.

      Bufetə yığışmış adamlardan biri sahibəni çağırmaq üçün onun otağına yönəldi.

      Missis Holl tövşüyə-tövşüyə, lakin qətiyyətlə içəri girdi. Mister Holl hələ qayıtmamışdı. Qadın artıq hər şeyi ölçüb-biçmiş və əlində balaca bir sini ilə gəlmişdi. Sinidə pulu ödənilməmiş hesab kağızı var idi.

      – Siz borcunuzu ödəmək istəyirsinizmi? – deyə qadın xəbər aldı.

      – Nə üçün siz mənə səhər yeməyi vermədiniz? Yoxsa elə düşünürsünüz ki, mən yeməksiz də keçinə bilərəm?

      – Nə üçün siz hesabı ödəmirsiniz? – deyə missis Holl xəbər aldı. – Mən bunu bilmək istərdim.

      – Üç


Скачать книгу