Yerin mərkəzinə səyahət. Жюль Верн

Читать онлайн книгу.

Yerin mərkəzinə səyahət - Жюль Верн


Скачать книгу
o! – qeydlər etdiyim kağız parçasını ona uzatdım. – Oxuyun.

      – Axı bunun mənası yoxdur! – o, kağızı büküb etiraz elədi.

      – Əgər əvvəldən oxusaq, mənası yoxdur, ancaq axırdan başlasaq…

      Mən sözümü bitirməyə macal tapmamış professor bağırdı.

      – Ay səni, kələkbaz Saknussem! – dedi. – Deməli, sən cümləni əvvəldən tərsinə yazmısan?

      Kağızı qapıb titrək səslə oxumağa başladı. Tərcümə etdikdə mətn bu cür alınırdı:

      “Ey cəsur səyyah, iyulun ilk günlərində Skartarisin kölgəsi Snayfelds kraterinə düşür. O zaman bu kraterlə Yerin mərkəzinə enə bilərsən. Mən orada olmuşam, – Arne Saknussem”.

      Dayım bu sətirləri oxuyanda ilan vurmuş kimi dik atıldı. Otaqda var-gəl etməyə başladı. Kitabların birini götürüb o birini qoyurdu.

      – Saat neçədir? – birdən soruşdu.

      – Saat üçdür, – cavab verdim.

      – Acından ölürəm. Tez süfrə başına. Sonra mənim çamadanımı yığışdırarsan. Özününkünü də.

      – Yaxşı, – dedim.

      İnsafsız professor yemək otağına getdi. Bu sözləri eşitcək kürəyimdən gizilti keçdi. Amma özümü ələ aldım. Professor Lidenbroku yalnız elmi dəlillər saxlaya bilərdi. Yerin mərkəzinə səyahət! Ağılsızlığa bax! Bunun əleyhinə çoxlu dəlillər gətirmək olardı. Nahardan sonra bu sübutları professorun qarşısına qoymağı qərara aldım.

      Yeməkdən sonra dayımın kabinetinə qayıtdıq. Onun kefi kök idi.

      – Aksel, – o, mülayimliklə dedi, – sən ağıllı gəncsən. Mən artıq axtarışlara son qoymaq istəyirdim ki, mənim köməyimə çatdın. Hər şeydən əvvəl səndən dönə-dönə xahiş edirəm ki, bu sirri heç kimə açmayasan. Elm aləmində paxıllar çoxdur, onlar da bizə qoşulub bu səyahətə çıxmaq istəyəcəklər. Halbuki bu səyahətdən yalnız biz geri qayıdandan sonra xəbər tuta bilərlər. Əgər sənədin sirrini bilsələr, Arne Saknussemin ardınca bütöv bir geoloq dəstəsi axışacaq.

      – Mən buna əmin deyiləm, dayı, çünki sənədin etibarlılığı sübut edilməyib.

      – Bəs tapdığımız kitaba nə deyirsən?

      – Tutaq ki, doğrudur. Bəs necə bilmək olar ki, Saknussem bu səyahəti edib? Məgər sənəd saxta ola bilməzmi?

      Dayım əvvəlcə qaşlarını çatdı. Sonra gülümsəyib dedi:

      – Bunu yoxlayarıq.

      – Mənə izah edə bilərsinizmi ki, Snayfelds və Skartaris nədir?

      – Qalx, alim dostumun mənə hədiyyə etdiyi xəritəni gətir.

      O, xəritəni məndən aldı, stolun üstünə sərib dedi:

      – Bu, İslandiyanın xəritəsidir. Onun şərq sahillərinə bax. Bu sahillərin fyord adlı dar körfəzləriylə yuxarı qalxsaq, sümüyə bənzəyən bir yarımada görmək olar. Burada dənizdən yüksələn dağı görürsən? Snayfelds odur. Adanın ən məşhur dağıdır, hündürlüyü beş min futdur2. Onun kraterindən Yerin mərkəzinə yol gedir.

      – Axı bu, mümkün deyil, – deyə etiraz etdim. – Bu krater, yəqin ki, lava ilə doludur, qayaları istidir və…

      – Bəs əgər o, sönmüş vulkandırsa? Hazırda Yer kürəsində sönmüş vulkanların sayı fəaliyyətdə olanların sayından xeyli çoxdur. Snayfelds tarixboyu cəmisi bir dəfə püskürüb, sonra yavaş-yavaş sönüb.

      – Bəs Skartaris nədir? – soruşdum. – İyulun ilk günləri nəyə lazımdır?

      – Məsələ burasındadır ki, Snayfelds dağında bir neçə krater var. İsland alimi görüb ki, iyulun ilk günlərində Skartaris adlı dağ zirvələrindən biri yuxarıda dediyim kraterin üstünə kölgə salır, bu faktı o, sənəddə qeyd edib.

      Dayım məğlubedilməz idi. Ancaq mən yenə etiraz etməyə, onu fikrindən daşındırmağa çalışdım:

      – Yaxşı, tutaq ki, əlimizdə olan materialların hamısı doğrudur. Saknussem, həqiqətən də, həmin kraterlə Yerin mərkəzinə enib. Ancaq mən onun oradan sağ qayıtmasına inana bilmirəm.

      – Hansı əsasla? – dayım istehzayla xəbər aldı.

      – Sübut edilmişdir ki, Yerin daxilində istilik hər yetmiş futdan bir bir dərəcəyə yaxın artır. Bu hesabla Yerin mərkəzi sahələrində istilik iki min dərəcədən yuxarıdır. Bu da o deməkdir ki, Yerin təkindəki bütün maddələr odlu-maye və qaz halındadır. Hətta ən möhkəm metallar da bu istiliyə dözə bilməz.

      – Səni istilikmi qorxudur? Bunlar müxtəlif nəzəriyyələrdir. Əvvəllər belə güman edirdilər ki, planetlərarası fəzanın temperaturu get-gedə aşağı düşür, ancaq indi bunun düz olmadığı sübut olunub. Ona görə də istiliyin müəyyən bir dərinlikdə təzədən azalması tamamilə mümkündür. Bir dəfə mən məşhur ingilis kimyaçısı Hemfri Deviylə görüşərkən Yerin nüvəsi haqqında nəzəriyyələri müzakirə etdik. O, nüvənin odlu-maye halında olmasını inkar etdi. Bildirdi ki, belə olsaydı, okeana bənzəyən ərgin kütlə Ayın cazibə qüvvəsinin təsirinə məruz qalar və Yerin dərinliklərində qabarma və çəkilmələr baş verərdi. Güclü təzyiq nəticəsində Yer qabığı çatlayar, tez-tez zəlzələlər ola bilərdi. Bu səbəbdən də bu nəzəriyyə sübut edilməyib.

      – Bəs biz Yerin daxilinə ensək, orada bir şey görə biləcəyikmi?

      – Əlbəttə, elektrik hadisələri bizimçün işıqlanma rolunu oynayacaq. Hətta oradakı atmosfer də yüksək təzyiq nəticəsində işıqlana bilər.

      Daha sözüm qalmadı. Təslim oldum.

      – Ancaq heç kəsə heç nə demə ha, – dayım təntənəylə dedi. – Yerin mərkəzinə birinci biz enməliyik.

      4

      Dayımın gətirdiyi dəlillər məni inandırmışdımı, yoxsa təsir altınamı salmışdı? Doğrudanmı professor Lidenbrokun fikirlərinə ciddi yanaşmaq lazımdı? Bunlar bir sərsəmin fantaziyalarıydımı, ya bir dahinin gəldiyi elmi nəticələr idimi?

      Çox keçmədi ki, mənim sevimli Qretxenim Hamburqa qayıtdı. Mən ona bir neçə kəlməylə hər şeyi danışdım.

      – Bu çox gözəl səyahət olacaq, Aksel, – o dedi. – Bu, alimin bacısı oğluna layiq bir səyahətdir.

      – Deməli, sən mənim Yerin mərkəzinə getməyimə etiraz eləmirsən?

      – Yox, Aksel, əgər zərif cinsin nümayəndəsi olmasaydım, mən də sizinlə birlikdə gedərdim.

      – Ciddi deyirsən?

      – Ciddi deyirəm.

      Mən nələr eşidirdim? Zərif bir qız mənə təhlükəli səyahətdə iştirak etməyi məsləhət görür. Belə romantik macəralar onu zərrə qədər də qorxutmur. O məni sevsə də, dayımla getməyimi istəyir. Açığını desəm, xəcalət çəkdim.

      – Sən sabah fikrini dəyişməyəcəksən ki, Qretxen? – soruşdum.

      – Mənim


Скачать книгу

<p>2</p>

Fut – 30,479 sm-ə bərabər ingilis uzunluq ölçüsü