Kor çalğıçı. Владимир Короленко
Читать онлайн книгу.uşaq yavaşca bir ah çəkib dalı üstə otların üstünə sərildi. Anası cəld ona tərəf çevrildi və çığırdı: uşaq otların üstündə bət-bənizi ağarmış, özündən getmiş bir halda uzanmışdı.
Maksim dayı bu hadisədən çox narahat oldu. Həmin gündən sonra o, fiziologiya5 və pedaqogika6 haqqında kitablar gətizdirir, uşaqların sirlərlə dolu inkişafı haqqında elmin indiyədək gəlib çıxdığı bütün nəticələri öyrənirdi.
O, getdikcə daha çox inanırdı ki, uşağı gözdən məhrum etmiş təbiət onu başqa qabiliyyətlərlə mükafatlandırıb. Maksim dayı bu qabiliyyətləri inkişaf etdirməyi öz vəzifəsi saymağa başlamışdı.
«Kim bilir, bəlkə də, elə zaman gələcək ki, bu uşaq mənim sayəmdə güclü bir insana çevriləcək. Əgər bunu bacarsaydım, o zaman deyərdim ki, qoca və şikəst ömrüm hədər getməyib…» – Maksim dayı elə hey öz-özünə deyirdi.
6
İlk bahar gəzintisindən sonra uşaq bir neçə gün sərsəm halda yatdı. O gah öz yatağında hərəkətsiz, səssiz yatır, gah da öz-özünə nələr isə danışır, diqqətlə nəyə isə qulaq asırdı. Belə hallarda onun üzündən heyrət ifadəsi çəkilmirdi.
Gənc ana:
– Doğrudan da, o elə baxır ki, elə bil nəyi isə başa düşmək istəyir, lakin bacarmır, – deyirdi.
Maksim dayı fikrə gedib başını tərpədirdi. O başa düşürdü ki, uşağın əcaib həyəcanının və qəflətən bayılmasının bircə səbəbi var: ətrafdan aldığı təəssüratın çoxluğu! Çünki uşağın şüuru bu qədər təəssüratı birdən-birə qavramağa kifayət edə bilməzdi.
Ona görə də qoca belə bir qərara gəldi: uşaq sağalıb yataqdan qalxdıqda elə etmək lazımdır ki, bütün təəssürat və duyğuları ona az-az, tədricən, yəni hissə-hissə çatdırsın.
Uşağın xəstə yatdığı otağın pəncərələri möhkəm örtülmüşdü. O, sağaldıqca Maksim dayı pəncərələri az müddət üçün açır, sonra onu yavaş-yavaş otaqlarda gəzdirir, qapı ağzına, həyətə, bağçaya çıxarırdılar. Hər dəfə uşağın üzündə həyəcan əlamətləri göründükdə anası onu heyrətləndirən bu səslərin nə olduğunu başa salıb deyirdi:
– Bu, meşənin dalında çobanın çaldığı tütəyin səsidir; sərçə cikkiltiləri arasından eşidilən bu səs də çayırquşunun səsidir… Hacıleylək də sınmış araba çarxının üstündə səslənir. O bu günlərdə uzaq ölkələrdən uçub gəlib. İndi də köhnə yerində özünə yuva tikir.
Belə hallarda uşaq sevinc və minnətdarlıq hissi ilə parlayan üzünü anasına çevirir, onun əlindən tutaraq başını tərpədir, sonra yenə düşüncəli, mənalı bir tərzdə qulaq asmağa davam edirdi.
Nəhayət, elə bir vaxt gəlib çatdı ki, uşaq diqqətini cəlb edən hər bir şey haqqında soruşmağa başladı. Hərdən anası, daha çox isə Maksim dayı cürbəcür səslər çıxaran müxtəlif şeylər, canlılar barədə ona danışıb məlumat verirdilər. Anasının söhbəti daha canlı, daha aydın olduğu üçün bunlar uşağa böyük təsir bağışlayırdı, lakin bəzən bu təsir həddindən çox qüvvətli olur və uşağı kədərləndirirdi.
Uşağın qəm və iztirablı üzünə, hərəkətsiz gözlərinə baxdıqca əzab çəkən gənc ana öz balasına əşyaların şəkilləri və rəngləri haqqında məlumat verməyə çalışırdı. Uşaq var qüvvəsini toplayır, qaşlarını çataraq diqqətlə qulaq asırdı, belə hallarda hətta onun alnında nazik qırışlar da əmələ gəlirdi. Görünürdü ki, uşaq aldığı məlumatlar üzərində baş sındırır, nəticələr çıxarmağa çalışır, bəzən buna gücü çatmadıqda isə qəmə batırdı.
Maksim dayı belə vaxtlarda uşağın köməyinə çatar, ona hər bir məlumatı dərindən dərk etməkdə yardımçı olardı. O, bacısının oğlana anlamaqda çətinlik çəkdiyi məlumatlar verməsindən, hekayələr danışmasından narazı idi.
Maksim dayı uşağa mümkün qədər elə şeylər haqqında danışmağa başlardı ki, onun ağlına tez batsın. Dayısının belə söhbətlərindən sonra uşağın üzü get-gedə sakitləşərdi. O, dirəyin başında tənbəl-tənbəl çöpləri tıqqıldadan hacıleyləklərin səsini eşidib soruşardı:
– Yaxşı, o nə boyda olar? Çox böyükdür?
Bu zaman oğlan əllərini açardı; ümumiyyətlə, o bu cür suallar verəndə həmişə belə edirdi. Uşaq əllərini açdıqca Maksim dayı da harada dayanmaq lazım gəldiyini ona göstərərdi. Bu dəfə o öz kiçik əllərini tamamilə açdı, lakin Maksim dayı dedi:
– Yox, o bundan da böyükdür. Əgər onu otağa gətirib döşəmənin üstünə qoysaq, onun başı stulun söykənəcəyindən də hündür olar.
– Böyükdür… – deyə uşaq fikirli-fikirli cavab verdi. – Amma çayırquşu isə bu boydadır! – ovuc-ovuca birləşdirdiyi əllərini bir-birindən azca araladı.
– Hə, çayırquşu o boydadır… Amma orası da var ki, böyük quşlar heç vaxt bu balaca quşlar kimi yaxşı oxuya bilmirlər. Çayırquşu çalışır ki, onun oxuması hamıya xoş gəlsin. Hacıleylək isə ciddi quşdur, yuvasında bir qıçı üstündə durur, öz işçilərinə acıqlanmış mülkədar kimi hirsli-hirsli ətrafa baxıb bərkdən deyinir. Yəqin, heç fikirləşmir ki, səsi xırıldayır və qıraqdakı adamların xoşuna gəlmir.
Uşaq bu təsvirlərə qulaq asaraq güldü. Anasının hekayələrini başa düşmək üçün çalışdığı o ağır dəqiqələri unutdu. Bununla belə, anasının hekayələri onu daha çox maraqlandırırdı. Odur ki oğlan çox vaxt sorğu-sual üçün Maksim dayıya yox, anasına müraciət edərdi.
7
Uşağın dumanlı beyni yeni təsəvvürlərlə zənginləşirdi. O, son dərəcə həssas eşitmə qabiliyyəti vasitəsilə onu əhatə edən təbiəti getdikcə daha yaxşı dərk edirdi. Onun başı üzərində və ətrafında yenə əvvəlki kimi dərin və keçilməz bir qaranlıq hökm sürürdü. Bu qaranlıq bulud kimi onun başının üstünü almışdı, həm də doğulduğu gündən!
Belə görünür, oğlan öz bədbəxtliyinə alışmalı, adət etməli idi. Lakin onun uşaq təbiəti daim bu qaranlıq dünyadan azad olmağa çalışırdı. Qaranlıq dünyadan işıqlı dünyaya çıxmaq arzusu onu bir dəqiqə belə tərk etmirdi. Bu arzusuna qovuşmadıqca üzündəki iztirab ifadəsi də daha çox nəzərə çarpırdı.
Lakin o bütün uşaqlara məxsus xoş və həyəcanlı dəqiqələr də keçirirdi. Həmin xoş və həyəcanlı dəqiqələr daha çox aldığı yeni təəssüratlarla, məlumatlarla bağlı olurdu.
Beləcə, oğlan beş yaşına çatdı. O, arıq və zəif idi, ancaq təkbaşına otaqlarda gəzir, hətta sərbəstcəsinə yüyürürdü də. Əgər yad bir adam otaqlarda onun nə cür arxayın gəzdiyinə, lazım olan tərəfə necə döndüyünə və istədiyi əşyaları necə asanlıqla tapdığına baxsaydı, düşünə bilərdi ki, qarşısındakı kor deyil.
Həyətdə isə uşaq əlağacını yerə vura-vura çox çətinliklə
5
6