İfşa edilmiş fırıldaqçı. Франц Кафка

Читать онлайн книгу.

İfşa edilmiş fırıldaqçı - Франц Кафка


Скачать книгу
kimi köhnə müəllim vərdişi vardı. – Əlbəttə, mən bunu belə qoymayacağam, – barmağını əsəbi halda jurnalın üstünə vura-vura sözünə davam etdi; sanki başqa fikirdəymişəm kimi diqqətlə mənə baxırdı, yəqin, nə demək istədiyimi hiss etmişdi; dediyim sözlərdən çox, başqa əlamətlərə görə niyyətimi doğru təxmin etdiyini, amma bu təxminə inanmayıb diqqətini başqa istiqamətə yönəltmək istədiyini başqa vaxtlar da hiss etmişdim. O vaxt müəllimə nə dediyimi sözbəsöz təkrarlaya bilərəm, çünki o getdikdən sonra söhbətimizi kağıza köçürmüşdüm.

      – İstədiyinizi edin, – dedim, – bu gündən yollarımız ayrılır. Məncə sözlərim sizin üçün nə gözlənilməz, nə də yersiz görünər. Bu qərarı jurnaldakı qeydlər üzündən verməmişəm; qeydlər qərarımın üstündə sadəcə möhkəm dayanmağıma səbəb olub. İlk vaxtlar işə qarışmağımla sizə kömək edəcəyimi düşünürdüm, amma indi görürəm ki, sizə hər cəhətdən zərərim toxunub. Bax, əslinə qalsa, qərarımın səbəbi budur. Niyə belə oldu, bilmirəm; uğur və uğursuzluğun səbəblərini hər cür yozmaq olar, siz də bunların arasından sadəcə mənim əleyhimə olanları ortaya çıxarmağa çalışmayın. Elə özünüzdən götürün, siz də yaxşı niyyətlərlə işə başlamışdınız, amma ümumilikdə baxsaq, uğur qazana bilmədiniz. Zarafat etmirəm; axı, mənimlə münasibətinizin də, təəssüf ki, sizin uğursuzluqlarınızdan biri olduğunu dedikdə öz əleyhimə danışmış oluram. İndi bu işdən uzaqlaşmaq istəsəm, bu nə qorxaqlıq, nə də xəyanət olar. Əksinə, bu addımı atmağa özümü məcbur edirəm; sizə necə böyük hörmətlə yanaşdığımı məqaləmdən görə bilərsiniz. Mənim bir növ müəllimim oldunuz; hətta köstəbəyi də sevməyə başlamışdım. Bunula belə, kənara çəkilirəm, köstəbəyi kəşf etmək şöhrəti sizə məxsus olmalıdır; nə qədər çalışsam da, bu şöhrətə çatmaqda sizə yalnız mane oluram, uğursuzluqlara yol açıb, onları sizin üstünüzə yıxıram. Hər halda siz belə düşünürsünüz. Nə isə, qurtaraq məsələni. Çəkməyə hazır olduğum yeganə cəza – sizdən məni bağışlamağınızı xahiş etmək və əgər istəsəniz, indi burada etdiyim etirafı hər kəsin qarşısında, məsələn, elə bu jurnalın səhifələrində təkrarlamaqdır.

      Bax, o vaxt söylədiyim sözlər belə idi; tam səmimiyyətlə deyilməsə də, səmimi yerlərini asanlıqla görmək olardı. Sözlərim təxmin etdiyim təsiri göstərmişdi. Yaşlı adamların çoxunun gənclərə qarşı münasibətində nə isə saxta, yalan bir şey var; qocalarla bir yerdə sakitcə yaşayır, münasibətlərinizin möhkəm olduğuna inanır, onların mühüm fikirlərini bilir, sülhü, dincliyi dəstəkləyən sözlərini daim eşidir və bütün bunların təbii olduğunu düşünürsən; amma qəflətən mühüm bir hadisə baş verdikdə və çoxdan bəri qoruyub saxladığınız dinclik öz təsirini göstərməli olduqda, bu qocalar tamamilə yad adamlara çevrilir, daha dərin və daha səbatlı düşüncələrə sahib olur və ancaq bu zaman bayraqlarını açıb yuxarı qaldırırlar, sənsə qorxu içində bu bayraqların üstünə yazılmış yeni şüarı oxuyursan. Bu qorxunun əsas səbəbi – qocaların indi dediklərinin daha ədalətli, daha ağıllı və daha təbii olmasıdır. Misilsiz yalançılq və saxtalıq isə budur ki, onlar indi dediklərini əslində həmişə deyiblər. Məncə bu kənd müəlliminin psixologiyasına elə dərindən bələd olmuşdum ki, daha məni təəccübləndirə bilmirdi.

      – Bala, – dedi və əlini əlimin üstünə qoyub dostca sığallamağa başladı, – bala, bu işlə məşğul olmaq hardan ağlına girdi? Bunu eşidən kimi oturub arvadımla danışdım, – birdən masadan kənara çəkilib əllərini yellədi və yerə baxmağa başladı; sanki arvadı kiçilmiş formada döşəmənin üstündə durmuşdu və onunla söhbət edirdi. – Necə illərdir, – ona dedim, – təkbaşına mübarizə aparırdıq, amma indi, deyəsən, şəhərdə böyük bir himayədarımız peyda olub, tacirdir, adı da belədir-elədir. Əməlli-başlı sevinə bilərdik, düzdür? Şəhərdə tacir olmaq balaca iş deyil! Səfil bir kəndli bizə inansa və bunu hər kəsə bildirsə, bizə heç bir köməyi dəyməz, çünki kəndlinin əlindən yaxşı iş gəlməz; istər qoca kənd müəllimi haqlıdır desin, istər ən ədəbsiz şəkildə həqarətlə tüpürsün, nəticə eyni olacaq. Bir kəndlinin əvəzinə on min kəndli bizi müdafiəyə qalxsa, bunun nəticəsi bəlkə daha da pis olar. Amma şəhərli tacir tamamilə başqa məsələdir, dost-tanışı çoxdur onun, sözgəlişi dediyi bircə kəlmə yayıla-yayıla ən yuxarı dairələrə qədər gedib çıxar, yeni himayədarlar bu işlə maraqlanar, onlardan biri, məsələn, deyər ki: “Görürsüzmü, kənd müəllimlərindən də nəsə öyrənmək mümkündür”, – və artıq ertəsi gün, görkəmlərinə baxsaq, belə bir şey gözləməyəcəyimiz neçə-neçə insan bu barədə bir-birinə pıçıldamağa başlayar. Və dərhal iş üçün maddi vəsait tapılar, biri pul toplayar, digərləri pulu onun ovcuna sayar; hamı deyər ki, kənd müəllimini kənddən çıxarmaq lazımdır; onun yanına gəlib, xarici görkəminə fikir vermədən öz aralarına alar, arvad-uşağı ondan ayrılmaq istəmədiyi üçün onları da apararlar. Şəhərlilərə indiyə qədər fikir vermisənmi heç? Hey civildəşirlər. Bir yerə toplaşdıqda isə, civildəşmə sağdan-sola, soldan-sağa yayılar, sonra geri qayıdıb, beləcə davam edər. Bax, bu cür civildəşə-civildəşə bizi arabaya mindirər, hamıyla vidalaşmağa hətta vaxt da verməzlər. Arabaçının yerində oturmuş cənab eynəyini düzəldib, qırmancı şaqqıldadar və araba yerindən tərpənər. Bizi aparmaq üçün gələn şəhərlilər kəndə tərəf baxıb əl edərlər, sanki biz onlarla getməyib kənddə qalmışıq. Şəhərdə hövsələsiz adamların mindiyi bir neçə araba bizi qarşılamaq üçün yola çıxar. Yaxınlaşdıqda yerlərindən qalxıb, bizi görə bilmək üçün boyunlarını uzadarlar. Daha əvvəl pul toplayan adam hər şeyi yoluna qoyar və kütləni sakitləşməyə çağırar. Şəhərə girdiyimiz zaman ardımızca gələn arabalar artıq uzun bir sıra ilə düzülər. Qarşılamaların, salamlamaların bitdiyini düşünərik, amma otelin qarşısında bunların hələ indi başladığını görərik. Şəhərdə belədir, səsləndiyin zaman dərhal ətrafına çoxlu adam toplaşar. Birini maraqlandıran məsələ dərhal digərini də maraqlandırmağa başlayar. Nəfəs alarkən bir-birinin düşüncələrini də içlərinə çəkib mənimsəyərlər. Arabada getməyə imkanı olmayanlar otelin qarşısında gözləyər, imkanlılar isə hörmətsizlik olmasın deyə, arabaya minməzlər; onlar da gözləyərlər. Pul toplayan adamın hər şeyi bu qədər dəqiqliklə yoluna qoymasına əməlli-başlı mat qalırsan”.

      Müəllimi sakitcə dinləyirdim, hətta o danışdıqca daha da sakitləşirdim. Məqaləmin məndə olan bütün nüsxələrini masanın üstünə qoydum. Cəmi bir neçə nüsxə çatışmırdı, çünki hər yana göndərdiyim nüsxələrin son vaxtlar məktub yazıb geri qaytarılmasını tələb etmiş və çox hissəsini almışdım. Düzdür, bir çoxları onlara ümumiyyətlə belə bir yazı gəlib-gəlmədiyini xatırlamadıqlarını, gəlibsə də, təəssüf ki, itib-batmış olacağını nəzakətlə bildirən cavablar göndərmişdilər. Bu da məni qane edirdi, çünki əslində başqa bir şey istəmirdim. Yalnız bir nəfər məqaləmi maraq xatirinə özündə saxlamaq üçün məndən icazə istəmiş, məktubda yazdığım şərtlərə uyğun olaraq, yaxın iyirmi il ərzində onu heç kəsə göstərməyəcəyinə söz vermişdi. Müəllim məktubumu hələ görməmişdi. Mənə dediyi sözlərdən sonra məktubu ona göndərməkdə çətinlik çəkməyəcəyimə sevinirdim. Amma onunla danışmasaydım da, bunu


Скачать книгу