Hekayələr. Азиз Несин

Читать онлайн книгу.

Hekayələr - Азиз Несин


Скачать книгу
heç də azaltmadı. Görmədiyim adamlardan müsahibə ala bilmək bacarığıma paxıllıq etdikləri üçün məni işdən qovdular. Axşam qəzetlərindən birinin sahibi bu əhvalatı eşidəndə: “Görmədiyi adamlardan müsahibə alan belə bacarıqlı müxbirin işsiz qalması yaxşı deyil, – demişdi. – Gəlsin bizim qəzetdə işləsin…”

      (Mən bu gün də təyyarələri qəzaya uğrayıb şəhərimizə gələ bilməyən qonaqlardan müsahibə alan gənc müxbirlərin müvəffəqiyyətlərini gördükdə bu cığırı açan ilk adam kimi fəxr edirəm.)

      Beləliklə, mən axşam qəzetində işləməyə başladım. Bu qəzetin redaksiyasında dörd əməkdaşı vardı. Şəhərdə bizim qəzetin rəqibi olan bir axşam qəzeti də vardı. Bir gün qəzetin sahibi bizi toplayıb:

      – Qəzetimizin vəziyyəti yaxşı deyil, – dedi (qəzet az satılanda o, “qəzetimiz”, çox satılanda isə “qəzetim” deyərdi). – Bir çarə düşünməliyik.

      Belə bir çarəni tapmaq bacarığı mənə Allah vergisi kimi verilmişdi. Mən dərhal:

      – O biri qəzet saat beşdə çıxır, – dedim. – Bizimki altıda çıxarsa, ondan daha çox satarıq.

      Mənim bu təklifimin nə demək olduğunu başa düşməyən yoldaşlarım “Tez çıxan qəzet xəbərləri daha tez verəcəyi üçün o daha çox satılar” deyə etiraz etdilərsə də, qəzet sahibi: “Sənin dediyini təcrübədən keçirək”, – dedi.

      Beləliklə, rəqib qəzetdəki bütün xəbərləri götürür və bir az da ora-burasını dəyişdirib öz qəzetimizdə verirdik. Beləliklə, onların on beş əməkdaşının gördüyü işi biz dörd nəfər daha yaxşı bacarırdıq.

      Bir gün həmin rəqib qəzetdə belə bir xəbər dərc edilmişdi:

      “Artin Yaşabasmazyan adlı bir vətəndaşımız evin üstündə asılmış bayrağın dirəyin ucuna ilişdiyini görüb onu açmaq və dalğalanmasına imkan yaratmaq üçün oraya dırmaşarkən şalvarının arxası şiş dəmirə ilişmişdir. Dirək zavallı adamın ağırlığına davam gətirməyib sınmış, bədbəxt vətəndaşımız da evin beşinci mərtəbəsindən səkinin daşları üstünə düşərək ölmüşdür. Artin Yaşabasmazyanın cəsədi isə onunla birlikdə yerə düşən bayrağımızla örtülmüşdür”.

      Bu xəbərdə qəzanın baş verdiyi evin ünvanı da göstərilirdi. Mən xəbəri dərhal kəsdim, ora-burasını da dəyişib “Zavallı Artin bayrağın dalğalanması uğrunda şəhid oldu” kimi böyük bir başlıqla qəzetimizdə verdim.

      “Müsəlman olmayan adamların ölümünə şəhid demək olmaz” deyə mübahisə başlayarkən dedi-qoduların qabağını almaq üçün qəzetimizdə Artinin sünnət edilmiş olması haqda bir xəbər də dərc etdik. Bütün bu xidmətlərimin müqabilində bilirsiniz nə oldu? Məni qəzetdən qovdular. Çünki ertəsi gün çıxan rəqib qəzetdə yazılmışdı: “Qəzetimizlə rəqabət iddiasında olan … adlı üzdəniraq qəzet verdiyimiz bütün xəbərləri kəsib öz səhifələrinə köçürməklə məşğul idi. Dünənki nömrəmizdə bu oğrulara gözəl bir dərs verdik. Artin Yaşabasmazyan adlı bir şəxsin yıxılıb ölməsini yazdıq. Bizimlə rəqabət aparmaq iddiasında olan o həyasız kağız parçası bu uydurma xəbərimizi oğurlayıb eynən dərc etdi. Halbuki nə belə bir adda adam vardı, nə də belə bir hadisə baş vermişdi…”

      Bu hadisə qəzetçilik işindəki şöhrətimi daha da artırdığı üçün az sonra böyük qəzetlərdən birində işə qəbul edildim. Mən orada da özümü göstərmək üçün fürsət axtarırdım.

      Aradan illər keçdiyi üçün bu qəzetdə baş vermiş bir hadisəni böyük günah işləmiş kimi sizə danışmaq istəyirəm. Çünki bu qəzetin mənim bir yazıma görə bağlandığını bu günə qədər hələ heç kəs bilmir.

      Bu hadisə belə oldu. Gözlədiyim fürsət bir gün gəlib çıxdı. Qəzetin sahibi məni çağırıb:

      – Daxili işlər naziri qatarla İstanbula gəlir, – dedi. – Başqa qəzetlərin bundan xəbəri yoxdur. Dərhal Heydərpaşaya10 get və nazirdən xüsusi bir müsahibə al!

      O biri qəzetlərin müxbirlərindən qabağa düşə bilmək həyəcanı ilə Heydərpaşa vağzalına gəldiyim zaman başqa qəzetçiləri də orada naziri gözləyən gördüm. Qatar saat yarım sonra gələcəkdi. Tez bir taksiyə atılıb öncəki stansiyaya getdim. Mən naziri orada qarşılayacaq və Heydərpaşaya qədər onunla söhbət edəcəkdim. Qatar gəldi, nazir qatardan düşdü və onu qarşılayanlarla birlikdə maşına mindi. Mən onun yanına soxulub qəzet sahibinin ehtiramını ona yetirdim. Mənim bu hərəkətimi görən nazir:

      – Buyurun, siz də bizimlə gəlin! – dedi.

      Keçib sürücünün yanında oturdum və nazirdən qəzetimiz üçün məxsusi bir müsahibə verməsini xahiş etdim. Qoy o biri müxbirlər onu Heydərpaşada gözləməklə vaxt itirsinlər. Mən hamısını qabaqlayacaqdım. Nazir bütün daxili işlər nazirlərinin dediklərini eynən təkrar etdi: “Ölkə əhalisinin sayına görə polislərin sayı azdır. Vətəndaşlar polisə kömək etməlidirlər. Bunu vətəndaşlardan şəxsən xahiş edirəm. Polis sıraları genişləndiriləcək. Xüsusi polis dəstələri yaradılacaq. Polis idarələrində vətəndaşlar daha döyülmür və bundan sonra da döyülməyəcək… Ölkənin heç bir yerində asayiş pozulmur. Polislər üçün daha yaxşı maddi imkanlar yaradılacaq. Polislərə təzə, modern geyim veriləcək”.

      Sözün qısası, indiyə qədər bütün daxili işlər nazirlərindən eşidə-eşidə əzbər bildiyimiz sözləri indi də ondan eşitməli oldum.

      Ertəsi gün onun müsahibə təkcə bizim qəzetdə çıxmışdı. Beləliklə, bütün rəqiblərimiz əliboş qalmışdı. Amma bununla birlikdə, elə o günü bizim qəzet bağlandı. Onun nədən, nə üçün bağlandığını bu günə qədər hələ heç kəs bilmir. Bu gün onu gələcəkdə mətbuat tarixi üçün xeyri olar deyə açıb deyirəm.

      Daxili işlər nazirinin müsahibəsi dərc edilən günü qəzetimizdə bir cinayət xəbəri də buraxılmışdı. Bundan başqa, qəzetimiz yaxşı satılsın deyə o günü bir pornoqrafik xarici romandan hissə də verilmişdi. Qəzetdə bu üç yazı, yəni nazirin müsahibəsi, cinayət haqqında xəbər, bir də o pornoqrafik romanın hissəsi bir məqalə içində bir-birinə qarışmışdı. Sanki birisi bunları bilə-bilə belə etmişdi. Mən o gündən bəri saxladığım həmin qəzetdəki yazını aşağıda eynən verirəm:

“Möhtərəm daxili işlər nazirinin qəzetimiz üçün xüsusi müsahibəsi!

      Şakir adı ilə tanınmış, qatı cinayətkarlardan olan möhtərəm daxili işlər naziri təhqiqat aparmaq üçün dünən qatarla şəhərimizə təşrif gətirmişdir. Dünən baş verən bu dəhşətli cinayətdən sonra daxili işlər naziri qəzetimiz üçün məxsusi bir müsahibə verərək demişdir:

      “Məşuqəm kök Məlahətin başqaları ilə də cinsi əlaqədə olduğunu mənə söylədilər. Çoxdan bəri idi ki, onu izləyirdim”.

      Ölkəmizin hər yerində asayişin hökm sürdüyünü deyən möhtərəm daxili işlər nazirimizin bu qorxunc cinayəti keçirdiyi bir böhran nəticəsində işlədiyi məlum olmuşdur. Öldürdüyü qadınla altı aydan bəri əlaqədə olub, hadisə gecəsi qəfildən evə gələrkən qapının arxasından Janetin iniltisini duymuşdur. Açar deşiyindən


Скачать книгу

<p>10</p>

Heydərpaşa – İstanbulun Asiya hissəsində dəmir yolu vağzalı