On zənci balası. Агата Кристи
Читать онлайн книгу.Bellhevndə dincəldiyi vaxt qarşılaşdığı adamları xatırlamağa çalışdı. – Yox, heç cür yadıma sala bilmirəm. Yenə adını açıq-aydın yazsaydı, bəlkə, xatırlayardım. Amma, hər halda, belə məktub yerinə düşdü. Yoxsa bu yay düz-əməlli istirahət eləyə bilməyəcəkdim, əlim yaman aşağıdır.
General Makartur başqa bir vaqonun pəncərəsindən çölə tamaşa eləyirdi. Qatar artıq Ekseterə[10] yaxınlaşırdı, orada düşüb başqa qatara keçməli idi. General da bu günlərdə Onim adlı şəxsdən məktub almışdı. Məktubdakı bir cümlə daha çox diqqətini cəlb eləmişdi:
«Amerikadan dostlarım gələcək, oturub köhnə əyyamları yad eləyərik…»
– Nə deyirəm, eləyək də… – general öz-özünə mızıldandı. – Onsuz da axır vaxtlar dərdləşməyə adam tapılmır. Dostlarımın çoxu məndən üz döndərib. Hamısı da o mənfur şayiələrin ucbatından! Yaxşı, bəs bu Onim kimdir axı?! Nə isə, yadıma sala bilmədim. Bircə Zənci adasına tez çatsaydım…
2
Həkim Armstronqun avtomobili Solsberi düzənliyi ilə şütüyürdü. O, Londonun ən məşhur həkimlərindən biri idi, şəhərdə əməlli-başlı şöhrət qazanmışdı. Ən nüfuzlu adamlar müalicə almaq üçün məhz onun klinikasına üz tuturdular. Pasiyentlərin biri gedib o biri gəlirdi, bir dəqiqə boş vaxtı olmurdu.
– Axı adama arada istirahət də lazımdır! – Armstronq öz-özünə mızıldanırdı.
Budur, artıq Londonun daş səkiləri arxada qalıb, birazdan Zənci adasına çatacaq və canındakı yorğunluğu çıxaracaq. Düzdür, onu adaya dəvət eləyən adamın məktubundan ağlı bir şey kəsməmişdi, lakin zərfə əlavə olunmuş bank qəbzindəki məbləğ xeyli yüksək idi və bu, Armstronqun şübhələrini aradan qaldırmışdı.
«Yəqin, bu Onimlərin pulunu balta kəsməz. Ər arvadının səhhətinə görə narahatdır, arvad da ki tərsə düşüb, həkimə getmək istəmir. Əlacı kəsilən ər həkimi onun ayağına çağırır. Çox güman, ciddi bir xəstəliyi yoxdur, qadın özünü naza qoyub. Ax, bu qadınlar! Lakin olsun, bu mənim işimə yarayır. Guya qəbuluma yazılan qadınların hamısı xəstə olur?! Çoxunun evdə ürəyi darıxır, gəlirlər ki, bir az mırt vursunlar, vəssalam!» – həkim maşın sürə-sürə fikirləşirdi.
Qəflətən eşidilən siqnal səsinə diksindi, son model bir avtomobil yanından sürətlə ötüb-keçdi. Həkim az qala maşını hasara çırpacaqdı.
– Bu uşaq-muşağın əlindən yolda maşın sürmək də olmur! – o, əsəbi halda deyinməyə başladı. – Özlərinə yazıqları gəlmir, bizi də işə salacaqlar!
O biri maşındakı cavan oğlan – Entoni Marston da bərk əsəbiləşmişdi:
– Yolun ortasında lap tısbağa kimi sürünür, siqnal verəndə qırağa çəkil də! İngiltərədə maşın sürmək olmur ki… Heyif deyil Fransa!
Marston avtomobilini yolun kənarına verib saxladı.
– İstidən boğazım quruyub, bu havada bir parç soyuq pivə pis olmazdı. Hara tələsirəm ki?! Onsuz da Zənci adasına çatmağıma az qalıb, – o öz-özünə mızıldandı.
Sonra fikrə getdi:
«Görəsən, bu Onimlər kimdir belə? Yəqin, varlı adamlardır. Görəsən, adada içki boldur? Yəqin, qəşəng qızlar da çoxdur».
Entoni maşından düşüb yolun qırağındakı pivəxanaya girdi. İçkisini içib bayıra çıxanda qapının ağzında dayanmış qadınlar onu heyranlıqla başdan-ayağa süzdülər. Qəşəng oğlan idi: hündürboy, enlikürək… Uzun saçlarını külək vurub yellədirdi, parlaq mavi gözləri günəşdən yanıb-qaralmış sifətinə xüsusi cazibə verirdi. Maşına oturub ayağını qaza basdı, avtomobil qəfil yerindən elə sürətlə sıçradı ki, yolda oynayan uşaqlar çığırışıb kənara atıldılar.
3
Cənab Blor Plimutdan[11] yola düşən qatarla gəlirdi. Kupedə bir özü idi, bir də, içkidən gözləri dumanlanmış qoca dənizçi. Qoca mürgü döyürdü. Blor cib dəftərçəsini çıxarıb yazmağa başladı. Yaza-yaza da öz-özünə mızıldanırdı:
– Hə, deməli, hamısı gəlir. Emili Brent, Vera Kleytorn, həkim Armstronq, Entoni Marston, qoca hakim Uorqreyv, Filip Lombard, general Makartur, bir də, Rocerslər – ər-arvad qulluqçular…
O, dəftərçəsini cibinə qoydu. Ayağa durub divara vurulmuş balaca güzgüdə özünə baxdı.
– Üst-başım qaydasındadır, yəqin, bir problem çıxmaz, – öz-özünə mızıldandı. – Özümü mayor kimi qələmə verə bilərəm. Lakin yox! General o dəqiqə hərbçi olmadığımı anlayar, paxırım üzə çıxar. Bildim! Cənubi Afrikadan gəlmiş iş adamı! Hə, əlbəttə, onların heç biri orada olmayıb.
Cənubi Afrika haqqında səyahət kitabını yenicə oxuyub qurtarmışdı. Bu haqda bütün gün durmadan danışa bilərdi.
Birdən yadına nəsə düşdü, qaşlarını çatdı.
– Deməli, Zənci adası… Uşaq vaxtı orada olmuşam. Sahildən haradasa iki kilometr aralıdadır. Adaya qıraqdan baxanda iridodaqlı zənci sifətini andırır. Elə ona görə də adına Zənci adası deyirlər. Görəsən, orada ev tikmək kimin ağlına gəlib? Axı qış aylarında adada yaşamaq mümkün deyil! Niyə təəccüblənirəm ki?! Bu milyonçulardan nə desən, gözləmək olar!
Bayaqdan bir küncdə büzüşüb mürgü döyən sərxoş dənizçi qəfildən oyandı. Yan-yörəsinə boylanıb yarıyuxulu halda dilləndi:
– Dənizdə heç nəyi qabaqcadan bilmək olmaz! Deyirəm ki, ol-maz! Vəssalam!
– Düz deyirsiniz! – Blor başını tərpətdi.
– Qasırğa olacaq! – qoca bir-iki dəfə hıçqırandan sonra yenidən dilləndi.
– Nə danışırsınız! Hava çox gözəldir!
– Deyirəm ki, birazdan tufan qopacaq!
– Bəlkə də, siz haqlısınız… – Blor fikirli-fikirli dedi.
Elə bu vaxt qatar dayandı.
– Hə, gəlib çatdım! – qoca bunu deyib ləngər vura-vura qapıya tərəf getdi, birdən ayaq saxlayıb başını geri çevirdi:
– Dua elə, Allaha yalvar! Qiyamət günü yaxınlaşır!
Sonra o bu sözləri bir də deyib vaqondan çıxdı.
4
Bir dəstə adam Oukbric qatar stansiyasının qarşısında dayanmışdı. Onların çamadanlarını daşıyıb gətirən hamballar da bir kənarda çömbəlmişdilər.
– Ey, Cim! Bura gəl, – hamballardan biri taksi sürücüsünə səsləndi.
Sürücü maşından düşüb gəldi.
– Zənci adasına gedirsiniz? – deyə toplaşanlardan soruşdu.
Adamların hamısı bir anda başını ona tərəf çevirdi.
Taksi sürücüsü üzünü hakim Uorqreyvə tutub (deyəsən, onu bu kiçik qrupun başçısı zənn etmişdi) dedi:
– Bizim
10
11