Mobi-Dik. Герман Мелвилл
Читать онлайн книгу.sərərdi. Odur ki gözlərimdən yuxu tökülsə də, harpunçunun gəlişini gözləməkdən başqa çarəm qalmadı.
Artıq gecəyarıdan keçmişdi. Lakin hələ də harpunçudan xəbər-ətər yox idi.
– Ağa, – mən yenə mehmanxana sahibinə səsləndim, – o, həmişə belə gec gəlir?
– Yox, əslində, heç vaxt bu qədər gecikməyib, – deyə kişi cavab verdi. – Bilmirəm niyə belə yubandı. Yəqin, kəlləsini satmağa adam tapmayıb.
Bu sözləri eşidəndə lap çaşıb-qaldım.
– Necə yəni, kəlləsini satmağa adam tapmayıb? Siz mənimlə zarafat eləyirsiniz?
– Yox, – Tabut Piter tövrünü pozmadan dilləndi. – Mən ona demişdim də, sata bilməyəcək. Onsuz da bazar doludur.
– Nəylə doludur? – mən eşitdiyim bu sözlərdən dəhşətə gələrək qışqırdım.
– Nəylə olacaq?! Kəllələrlə! Bu dünyada başı bədəninə ağırlıq eləyən o qədər adam var ki!
– Bura baxın, yaxşısı budur, ələ salmağa özünüzə başqa adam tapasınız, – hirslə dedim. – Sizin o harpunçudan da qorxub eləmirəm. Çox oyan-buyan eləsə, vurub kəlləsini əzərəm.
– Onun kəlləsi elə əzilib də, buna görə heç kim almaq istəmir, – kişi belə deyib hiyləgərcəsinə güldü.
Mən mehmanxana sahibinin söylədiklərindən heç nə başa düşməmişdim. Odur ki əsəbi halda dilləndim:
– Elə bu dəqiqə o lənətə gəlmiş harpunçunun kim olduğunu mənə düz-əməlli başa salmalısınız! Gecəni kiminlə bir otaqda qalacağımı bilməliyəm, ya yox?!
– Sakit olun, cavan oğlan! – kişi yenə gülüb dedi. – Məsələ burasındadır ki, bizim harpunçu cənub dənizlərindən yenicə qayıdıb. Özü ilə də bir yığın yenizelandiyalı kəlləsi gətirib. Artıq hamısını bazarda xirid eləyib, bircəciyindən başqa… Səhər axırıncı kəlləni satmağa getdi. Sabah bazar günüdür axı, adamlar kilsəyə gedən vaxt əlində kəllə tutub satmaq yaxşı düşməz.
Nəhayət, söhbətin nədən getdiyini anlamışdım. Lakin yenə də gecə vaxtı küçələrdə ölü kəlləsi satan adamdan yaxşı heç nə gözləmək olmazdı.
– Sizin bu harpunçu çox təhlükəli adamdır, – mən dedim.
– Əsas odur, otağın pulunu vaxtlı-vaxtında verir. Mənə bax, bu fikirləri başından at getsin, rahatca yerinə uzan yat. Al, bu da şam, – Tabut Piter bunu deyib otaqdakı şamlardan birini mənə uzatdı.
Mən hələ də tərəddüd içində idim, yerimdən tərpənmək istəmirdim. Bunu görən mehmanxana sahibi divar saatına baxıb dedi:
– Saat 12 olub, harpunçu indi, Allah bilir, haralarda veyillənir, bu gecə çətin qayıtsın. Hə, nə deyirsən, gəlirsən, ya yox?
Mən əlacsız halda onun arxasınca yollandım.
4
Biz pilləkənləri çıxıb balaca bir otağa girdik. Bura məzar kimi soyuq idi. Otağın ortasındakı iri çarpayıya dörd harpunçu birdən sığardı.
Kişi əlindəki şamı küncdəki sandığın üstünə qoydu. Bu sandıqdan həm masa, həm də əlüzyuyan altlığı kimi istifadə olunurdu.
– Gir yerinə, rahatca yat, – Tabut Piter bunu deyib otaqdan çıxdı.
Çarpayının üstündəki adyalı kənara çəkib yatağa tərəf əyildim. Yorğan-döşək çox da təmiz deyildi, lakin birtəhər yatmaq olardı. Sonra otağa göz gəzdirdim. Burada çarpayı və sandıqdan başqa, rəf və buxarı da vardı. Bir küncdə isə dənizçi kisəsi gözümə sataşdı, yəqin, harpunçunun çamadanını bu kisə əvəz eləyirdi. Rəfdə bir neçə balıqçı qarmağı vardı, çarpayının baş tərəfində isə divara bir harpun söykəmişdilər.
Mən ayaqqabımı və paltarımı çıxardım, şamı söndürüb adyalın altına girdim. Döşək elə bərk idi, deyərdin, içinə qarğıdalı cecəsi doldurublar. Bir xeyli oyan-buyana çevrildim. Elə gözümə yenicə yuxu getmişdi ki, dəhlizdən gələn səsə oyandım. Kimsə ağır addımlarla yeriyirdi, qapının arasından otağa nazik işıq zolağı düşürdü.
– Allah, özün kömək ol! – öz-özümə pıçıldadım. – Bu, yəqin, lənətə gəlmiş kəllə taciridir!
O, içəri girəndə cınqırımı çıxarmadan yerimdə uzanmışdım. Harpunçu bir əlində şam, o birində də adam kəlləsi tutmuşdu. Şamı döşəməyə qoyub yerdəki kisənin ipini açmağa başladı. Harpunçunun üzünü görmək arzusu ilə alışıb-yansam da, bu, mümkün deyildi, arxasını mənə tərəf çevirmişdi. Nəhayət, kisənin ipini açıb üzünü döndərdi. Ay Allah! Necə qorxunc sifəti vardı! Üzü qıpqırmızı idi, bəzi yerlərdə sarımtıl ləkələr görünürdü. Üstəlik, sifətinə iri qara kvadratlar çəkilmişdi.
«Gəl indi bu qorxulu məxluqla bir çarpayıda yat!» – ürəyimdə dedim.
Qəfildən bir balina ovçusu haqqında eşitdiklərim yadıma düşdü. Vəhşilərə əsir düşən həmin adamın üzünə müxtəlif naxışlar döymüşdülər. Fikirləşdim ki, yəqin, bu harpunçunun başına da belə bir iş gəlib.
Harpunçu hələ də məni görməmişdi. O, kisədən baltaya bənzər bir alət çıxarıb rəfə qoydu, gətirdiyi yenizelandiyalı kəlləsini isə kisəyə basdı. Sonra papağını çıxardı. Başında tük yox idi, lakin düz təpəsində quş pipiyinə oxşayan bir topa saç vardı. Başı günün altında qurudulmuş kəlləyə bənzəyirdi. Əgər bu «qurumuş kəllə» qapı ilə mənim aramda durmasaydı, güllə kimi qaçıb otaqdan çıxardım.
Harpunçu paltarlarını soyunmağa başladı. Bədəninin bəzi yerlərində də üzündəki kvadratşəkilli döymələrdən vardı. Çox güman, qarşımda dayanan adam balina ovçularının cənub dənizlərindən tutub gətirdiyi vəhşi insan idi. Yəqin, adamyeyənlərdəndir. Yoxsa niyə kəllə satsın ki?!
Sonra o, buşlatının cibindən körpə uşaq fiquruna bənzər bir şey çıxarıb buxarıya yaxınlaşdı. Həmin fiquru buxarının üstünə qoydu. Digər cibindən isə bir ovuc yonqar çıxarıb fiqurun ətrafına səpələdi. Şamı döşəmədən götürüb onun alovu ilə yonqarlara od vurdu. Əlini alova tərəf uzadıb dərhal geri çəkdi. Sonra bu hərəkətini bir neçə dəfə təkrarladı. Üz-gözünü əyərək dodağının altında nəsə mızıldandı. Görünür, yatmazdan əvvəl dua eləyirdi. Nəhayət, odu söndürüb fiquru buxarıdan götürdü və yenə buşlatının cibinə qoydu. Sonra rəfdən baltasını əlinə alıb bir ucunu yonqarın közərən qalıqlarına yaxınlaşdırdı.
Gecə duasını başa vuran harpunçu elə indicə yatağa girəcək və məni görəcəkdi. Nəsə fikirləşməli idim. Lakin necə oldusa, həmin an harpunçu rəfdən baltasını götürüb mənə tərəf cumdu. Var səsimlə çığırmağa başladım:
– Ağa! Tabut Piter! Allah xatirinə, kömək eləyin!
Harpunçu közərən baltasını başımın üstündə yellədirdi. Elə bu vaxt qapı açıldı və mehmanxana sahibi əlində şamla içəri girdi. Mən dərhal çarpayıdan sıçrayıb özümü